Məhkəmə qərarları › İş №2-1(116)-1421/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1421/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1421/2021 23.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Mingəçevir şəhəri Nizami küçəsində "Əşya bazarı"nın yanında inşa etdiyi çayxana binasına və binanın yerləşdiyi 225 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən adına çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28.06.2002-ci il tarixli 173 nömrəli sərəncamına əsasən, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 08.09.1998-ci il tarixli 260 nömrəli "Torpaq sahəsinin istifadəçisinin dəyişdirilməsi haqqında sərəncam"ı ilə "Əşya bazarı"nın yanında çayxana təşkil etmək üçün X4 ayrılmış və faktiki istifadə etdiyi 225 kv.m torpaq sahəsinin geri alınması, həmin məqsədlə İddiaçı 10 il müddətinə icarə əsasında istifadəsinə verilməsi qərara alınmış və Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 08.09.1998-ci il tarixli 260 nömrəli sərəncamının 1.2-ci bəndi qüvvədən düşmüş hesab edilmişdir. Bundan sonra Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 21.11.2003-cü il tarixli 380 nömrəli "Tikintiyə icazə verilməsi haqqında sərəncam"ına əsasən, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28.06.2002-ci il tarixli 173 nömrəli sərəncamı ilə "Əşya bazarı"nın yanında çayxana təşkil etmək üçün İddiaçı icarəsinə verilmiş torpaq sahəsindəki mövcud metal köşkü götürərək yerində Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış layihə əsasında yeni obyektin tikilməsinə icazə verilmişdir. Mingəçevir şəhərinin baş memarının imzası və Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin möhürü ilə 10.12.2010-cu ildə "Obyektin memarlıq həlli barədə tələblər" təsdiq edilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən İddiaçı adına Nizami küçəsində çayxana binası ilə bağlı 08A-17 nömrəli "İnşaat pasportu" tərtib edilmişdir. Sənədin 1-ci vərəqində 2017-ci il yazılmışdır. Mingəçevir şəhəri "xxxx" MMC tərəfindən "Mingəçevir şəhəri "Əşya" bazarının yanında İddiaçı məxsus çayxana binasının eskiz layihəsi" tərtib edilmiş, həmin sənəd Mingəçevir şəhərinin baş memarı ilə razılaşdırılaraq onun imzası və Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilmişdir. Sənədin 1-ci vərəqində "Mingəçevir-2017" yazılmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, çayxana binasının, onun yerləşdiyi torpaq sahəsinin qeydə alınması və adına reyestrdən çıxarış verilməsini xahiş etmiş, lakin cavabdeh 27.07.2021-ci il tarixli **********090 nömrəli məktubla bundan imtina etmişdir. İddiaçı həmin imtina ilə razılaşmayaraq "Mingəçevir şəhəri Nizami küçəsində "Əşya bazarı"nın yanında icarəsinə və istifadəsinə ayrılmış 225 kv.m torpaq sahəsində Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı, Memarlıq və tikinti şöbəsinin və aidiyyəti orqanların müsbət rəyi, həmçinin şəhərin baş memarının təsdiq etdiyi layihə əsasında tikdirdiyi, sahibliyində və istifadəsində olan çayxana binasının və onun yerləşdiyi torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun qeydə alınması və adına reyestrdən çıxarış verilməsinin cavabdehə həvalə edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, təqdim etdiyi sənədlər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmasına əsas verir. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı 11.10.2021-ci il tarixli **********06 nömrəli yazılı etirazında bildirmişdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28.06.2002-ci il tarixli 173 nömrəli sərəncamına əsasən, torpaq sahəsi 10 il müddətinə İddiaçı icarəsinə verilmiş və həmin müddət bitmişdir. Bundan başqa, ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, tikinti obyektinin istismara icazə sənədi təqdim edilməmişdir. Eyni zamanda, iddiaçının ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi, Mingəçevir Bələdiyyəsindən satın aldığı torpaq sahəsinə dair tərtib edilmiş texniki sənədlər "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələblərinə uyğun deyildir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28.06.2002-ci il tarixli 173 nömrəli sərəncamından görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 08.09.1998-ci il tarixli 260 nömrəli "Torpaq sahəsinin istifadəçisinin dəyişdirilməsi haqqında sərəncam"ı ilə "Əşya bazarı"nın yanında çayxana təşkil etmək üçün X4 ayrılmış və faktiki istifadə etdiyi 225 kv.m torpaq sahəsinin geri alınması, həmin məqsədlə İddiaçı 10 il müddətinə icarə əsasında istifadəsinə verilməsi qərara alınmış və Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 08.09.1998-ci il tarixli 260 nömrəli sərəncamının 1.2-ci bəndi qüvvədən düşmüş hesab edilmişdir. - İşdə olan, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 21.11.2003-cü il tarixli 380 nömrəli "Tikintiyə icazə verilməsi haqqında sərəncam"ından görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28.06.2002-ci il tarixli 173 nömrəli sərəncamı ilə "Əşya bazarı"nın yanında çayxana təşkil etmək üçün İddiaçı icarəsinə verilmiş torpaq sahəsindəki mövcud metal köşkü götürərək yerində Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış layihə əsasında yeni obyektin tikilməsinə icazə verilmişdir. - İşdə olan 10.12.2010-cu il tarixli 08A-17 nömrəli "İnşaat pasportu"ndan görünür ki, həmin sənəd Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən İddiaçı adına Nizami küçəsində çayxana binası ilə bağlı tərtib edilmişdir. - İşdə olan "Mingəçevir şəhəri "Əşya" bazarının yanında İddiaçı məxsus çayxana binasının eskiz layihəsi"ndən görünür ki, həmin sənəd Mingəçevir şəhəri "xxxx" MMC tərəfindən tərtib edilmiş, Mingəçevir şəhərinin baş memarı ilə razılaşdırılaraq onun imzası və Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilmişdir. Sənədin 1-ci vərəqində "Mingəçevir-2017" yazıldığına görə onun 2017-ci ildə tərtib edildiyi ehtimal olunur. - İşdə olan, X10 İstismarı İdarəsi Mingəçevir Xidmət Sahəsinin 06.03.2017-ci il tarixli məktubundan görünür ki, İddiaçı çayxana obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsi altında qaz xətti və qaz işlədici qurğu yoxdur. - İşdə olan, "xxxx" MMC-nin X1 09.03.2017-ci il tarixli 7/111 nömrəli məktubundan görünür ki, İddiaçı çayxana obyektinin tikintisi məqsədilə ayrılmış torpaq sahəsinin altından rabitə xətti keçmir. - İşdə olan, Mingəçevir Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin 10.03.2017-ci il tarixli 55 nömrəli məktubdan görünür ki, tikinti üçün ayrılmış sahə bütün göstəricilərinə görə sanitar normalara uyğundur. - İşdə olan, "xxxx" ASC-nin 17.03.2017-ci il tarixli 04/03-3/6/4039 nömrəli məktubundan görünür ki, göstərilən ünvanda yerləşən torpaq sahəsindən "xxxx" ASC-yə məxsus su və kanalizasiya xəttləri keçmir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Müəyyən edildi ki, iddia ərizəsində iddiaçının tələbi tam aydın ifadə edilməmişdir. Belə ki, iddia ərizəsində binanın və torpaq sahəsinin qeydə alınması tələb edilsə də, qeydiyyata alınmalı olan hüququn növü (mülkiyyət, istifadə və s.) dəqiq göstərilməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində əvvəlcədən cavabdehə müraciət etdiyini, cavabdehin isə müraciətə cavab vermədiyini bildirərək, 21.06.2021-ci il tarixli poçt qəbzini məhkəməyə təqdim etsə də, həmin müraciətin cavabdehə çatdırılmasını təsdiq edən sənəd təqdim etməmişdir. Məhkəmənin 22.09.2021-ci il tarixli məktubu ilə bu çatışmazlıqların aradan qaldırılması iddiaçıya təklif olunmuşdur. Şifahi məhkəmə baxışı zamanı iddiaçı izahatında bildirdi ki, tələbi binaya və torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarətdir. Eyni zamanda, o, iddia ərizəsinin nəticəvi hissəsində bunu aydın şəkildə ifadə etməsə də, ərizənin təsviri hissəsində mülkiyyət sənədi istədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi məhz mülkiyyət hüququnun qeydiyyata alınması kimi qəbul edilməlidir. İddiaçının məhkəməyə iddia verməzdən əvvəl cavabdehə müraciət etməsini təsdiq edən sübutun məhkəməyə təqdim edilməməsi məsələsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Cavabdeh iddiaya qarşı 11.10.2021-ci il tarixli **********06 nömrəli etirazında bildirmişdir ki, iddiaçının torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün təqdim etdiyi sənədlər qeydiyyata əsas hesab edilə bilmədiyinə görə iddiaçıya bu barədə 27.07.2021-ci il tarixli **********90 nömrəli imtina bildiriş məktubu ünvanlanmışdır. Göründüyü kimi, iddiaçı hazırkı iddianı qaldırmazdan əvvəl cavabdehə müraciət etməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməsə də, cavabdeh iddiaçının əvvəlcədən ona müraciət etməsini etiraf etmiş və qeyd olunan çatışmazlıq bununla da aradan qalxmışdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Göründüyü kimi, iddiaçı həm 225 kv.m torpaq sahəsinə, həm də inşa etdiyi çayxana binasına mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. Məhkəmə əvvəlcə iddianın torpaq sahəsi ilə bağlı hissəsinə qiymət verməyi zəruri bilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Müəyyən edildi ki, iddiaçının bəhs etdiyi 225 kv.m torpaq sahəsi onun icarəsinə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28.06.2002-ci il tarixli sərəncamı ilə yalnız 10 il müddətinə verilmiş və həmin müddət 28.06.2012-ci ildə başa çatmışdır. Göstərilən müddətin uzadılması, yaxud torpaq sahəsinin iddiaçıya satılması, yenidən icarəyə verilməsi barədə hər hansı sənəd mövcud deyil. Cavabdeh iddiaya qarşı etirazında iddiaçının öz ərizəsinə əlavə etdiyi Mingəçevir Bələdiyyəsindən satın aldığı torpaq sahəsinə dair tərtib edilmiş texniki sənədlərin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin tələblərinə uyğun olmadığını bildirsə də, iddiaçı Quliyev X3 torpaq aldığını nə iddia ərizəsində bildirməmiş, nə də məhkəməyə belə bir sənəd təqdim etməmişdir. Eyni zamanda, şifahi məhkəmə baxışı zamanı iddiaçı Mingəçevir Bələdiyyəsi tərəfindən ona torpaq satılmadığını və qeyd olunan 225 kv.m torpaq sahəsinə aid sənədinin yalnız Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28.06.2002-ci il tarixli sərəncamından ibarət olduğunu bildirdi. Digər tərəfdən, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. Həmin Qanunun 12-ci maddəsinin Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28.06.2002-ci il tarixli sərəncamının verildiyi vaxt qüvvədə olmuş redaksiyasında deyilirdi ki, torpaq icarəsi müqaviləsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Torpağa icarə hüququ həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Dövlət və bələdiyyə torpaqlarının icarəçilərinə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr verilir. Lakin müəyyən edildi ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28.06.2002-ci il tarixli sərəncamı ilə 225 kv.m torpaq sahəsinin iddiaçıya 10 il müddətinə icarəyə verilməsi qərara alınsa da, nə onunla icarə müqaviləsi bağlanmamış, nə də iddiaçının icarə hüququ dövlət qeydiyyatına alınmamış və ona torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilməmişdir. Qeydiyyatdan keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına isə dövlət təminat vermir. Göründüyü kimi, 225 kv.m torpaq sahəsinə iddiaçının nəinki mülkiyyət hüququ, heç icarə hüququ da yoxdur. Ona görə də cavabdeh torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. İddianın çayxana binasına aid hissəsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsindən göründüyü kimi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) və qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair hüquqların qeydiyyatı üçün tələb olunan sənədlər fərqlənir. Ona görə də mübahisənin tikili ilə bağlı hissəsinin həlli üçün ilk növbədə tikilinin 2013-cü il yanvarın 1-dən əvvəl, yoxsa sonra inşa edilmiş olması müəyyən edilməlidir. Torpaq sahəsinin iddiaçıya ayrılması barədə sərəncam 2002-ci ildə, tikintiyə icazə barədə sərəncam 2003-cü ildə, "Obyektin memarlıq həlli barədə tələblər" 2010-cu ildə verilsə də, müəyyən edildi ki, tikili 2017-ci ildən əvvəl olmayaraq inşa edilmişdir. Belə ki, əvvəla, "Mingəçevir şəhəri "Əşya" bazarının yanında İddiaçı məxsus çayxana binasının eskiz layihəsi"ndəki tarix 2017-ci il kimi göstərilmiş, Mingəçevir Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi 10.03.2017-ci il tarixli məktubunda bildirmişdir ki, tikinti üçün ayrılmış sahə bütün göstəricilərinə görə sanitar normalara uyğundur, odur ki, GEM ayrılmış sahədə tikinti işlərinin aparılmasına etiraz etmir. Bundan başqa, "xxxx" ASC 17.03.2017ci il tarixli məktubunda bildirmişdir ki, göstərilən ünvanda yerləşən torpaq sahəsindən "xxxx" ASC-yə məxsus su və kanalizasiya xəttləri keçmir. "xxxx" ASC "Mərkəzi Aran" RETSİ 30.03.2017-ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı Mingəçevir şəhərində çayxana obyektinin tikintisi üçün icarəyə verilmiş torpaq sahəsindən şəbəkəyə məxsus yeraltı və yerüstü elektrik hava və kabel xəttləri keçmir. X10 İstismarı İdarəsi Mingəçevir Xidmət Sahəsinin İddiaçı çayxana obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsinin altında qaz xəttinin və qaz işlədici qurğunin olmaması barədə məktubunun tarixi 06.03.2017-ci ildir. "xxxx" MMC-nin X1 İddiaçı çayxana obyektinin tikintisi məqsədilə ayrılmış torpaq sahəsinin altından rabitə xətti keçməməsi barədə məktubunun tarixi 09.03.2017ci ildir. Bundan əlavə, 8 saylı Ərazi Ekologiya və X8 12.09.2017-ci il tarixli məktubunda bildirmişdir ki, çayxana obyektinin tikintisi üçün ayrılmış 225 kv.m torpaq sahəsinə 11.09.2017-ci ildə baxış keçirilmiş və akt tərtib edilərək tikinti üçün şərtlər müəyyən edilmişdir. Azərbaycan Respublikası FHN X9 Xidmətinin Aran Regional X9 İdarəsi 20.09.2017-ci il tarixli rəy verərək tikintinin aparılması üçün bəzi tələbləri göstərmiş, eləcə də sifarişçiyə tapşırmışdır ki, tikintiquraşdırma işlərinə başlamazdan 1 ay qabaq yazılı surətdə məlumat versin. Göründüyü kimi, sadalanan rəy və məktublar tikintinin başlamasından əvvəl tərtib edilmişdir, hamısının da tarixi 2017-ci ilə aiddir. Ona görə də məhkəmə mübahisənin tikili ilə bağlı hissəsini həll etmək üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinin tətbiq olunmasını zəruri bilir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, - tikintiyə icazə verilməsi barədə qərar, - tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, - tikinti obyektinin istismarına icazə. Müəyyən edildi ki, sadalanan sənədlərdən ikisi, yəni tikintiyə icazə verilməsi barədə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 21.11.2003-cü il tarixli sərəncamı və tikintinin layihəsi mövcud olsa da, yuxarıda qeyd olunduğu kimi, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən heç bir sənəd yoxdur. Tikinti obyektinin istismarına icazə ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. ""Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 04.09.2012ci il tarixli 695 nömrəli Fərmanının ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər; 4.7-1.1. həmin Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli tikinti obyektləri, habelə bir neçə şəhər və (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Nazirlər Kabineti; 4.7-1.2. digər tikinti obyektlərinə münasibətdə (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə verilməklə): 4.7-1.2.1. Bakı şəhərinin inzibati ərazisində və "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; 4.7-1.2.2. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları. Lakin iddiaçının inşa etdiyi tikinti obyektinin istismarına icazə verilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Mingəçevir Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin, "xxxx" ASC-nin, "Mərkəzi Aran" X6 və Satışı İdarəsinin, "xxxx" MMC-nin X1, X10 İstismarı İdarəsi Mingəçevir Xidmət Sahəsinin və yuxarıda sadalanan digər orqanların məktubları və rəyləri ilə əlaqədar məhkəmə qeyd edir ki, bu sənədlər obyektin tikintisinə başlamazdan əvvəl verilmişdir, istismara icazə isə tikintinin başa çatmasından sonra verilən sənəddir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsində deyilir ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur, ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Mingəçevir şəhəri Nizami küçəsində "Əşya bazarı"nın yanında inşa etdiyi çayxana binasına və binanın yerləşdiyi 225 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən adına çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar