Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1421/2024 20.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü ildə müəllimlərin sertifikatlaşdırılması imtahanının test mərhələsində test sualının doğru cavab variantının olmaması səbəbindən imtahan zamanı vaxt itkisi və yaranmış psixoloji gərginliyini nəzərə alaraq topladığı 50 balın üzərinə bal əlavə olunması üçün qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2023-cü ildə müəllimlərin sertifikatlaşdırılması imtahanının test mərhələsində test sualının doğru cavab variantının olmaması səbəbindən imtahan zamanı vaxt itkisi və yaranmış psixoloji gərginliyini nəzərə alaraq topladığı 50 balın üzərinə bal əlavə olunması üçün qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, o, 2017-ci ildən Ucar rayon Boyat kənd tam orta məktəbində ibtidai sinif müəllimi ixtisası üzrə işə başlamışdır. xx.xx.2023-cü ildə müəllimlərin sertifikatlaşdırılması imtahanının test mərhələsində iştirak edərək 50 bal toplamışdır. Lakin imtahan prosesində təqdim olunmuş test sualının cavab variantlarının içərisində doğru cavab variantı olmadığından həmin sualın üzərində daha çox düşünməyə məcbur oldu ki, bu da imtahanda hər sual üçün nəzərdə tutulmuş düşünmə vaxtından dəfələrlə artıq vaxtının itməsinə səbəb olmuşdur. Vaxtının çox hissəsinin bu test sualının doğru cavabının tapılmasına sərf olunduğunu görüb təqribi bir cavab variantı işarələdi. Bununla bağlı apellyasiyaya müraciət etmiş,cavab olaraq bildirilmişdir ki, “texniki səhv olduğu üçün test tapşırığının doğru cavabının olmadığı aşkarlanmışdır. Bu sual üzrə nəticələr yenidən hesablanmışdır. Lakin iddiaçının topladığı 50 balın üzərinə bal əlavə edilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, vətəndaş İddiaçı 23 iyun 2023-cü ildə ibtidai sinif müəllimliyi üzrə təhsilverənlərin sertifikatlaşdırılmasinın test imtahanı mərhələsində iştirak etmişdir. Həmin imtahanda 25-ci sualda texniki səhv nəticəsində bir neçə doğru variant qeyd edilmişdir. Lakin İddiaçı həmin sualın doğru variantını artıq qeyd etdiyi üçün ümumi 60 baldan 50 bal (ixtisas 44, metodika 6) toplamışdır. Qeyd olunanları nəzərə alaraq, imtahan zamanı 25-ci sualın cavabını düzgün qeyd etdiyinə görə apelyasiyaya müraciətində həmin sual üçün əlavə bal artımı olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Ucar rayon M.H.Tehmirov adına Boyat kənd tam orta məktəbi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdən həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir.
2. İddiaçıya məxsus B 230697 seriya nömrəli diplom surətindən görünür ki, iddiaçı Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialını bitirmişdir.
3. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı 2023/2024-cü tədris ili üzrə keçirilmiş təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində iştirak edərək 50 bal (44 ixtisas, 06 metodika), müsahibə mərhələsində isə 32 bal toplamışdır.
Əsaslandırma hissəsi:
İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı imtahan nəticəsinə əsasən onun imtahan nəticəsində əldə etdiyi nəticəyə bir bal əlavə edilməsinə nail olmaqdan ibarətdir. Mövcud qaydalara əsasən test imtahanında azı 30 bal toplamış müəllim müsahibə mərhələsinə keçmək hüququ qazanır.Test mərhələsində 30-50 bal toplayanların maaşına 10 faiz, 51-60 bal toplayan müəllimlərin maaşına isə 35 faiz əlavə edilir.İddiaçının 1 balın əlavə edilməsinə dair iddia tələbi hüquqi nəticə yaratdığı üçün mümkün iddiadır,lakin,iddia mahiyyət etibarı ilə əsassızdır.Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə iddianı əsassız hesab edir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” : 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. 2.1. Sertifikatlaşdırma Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir. 3.1. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. 3.7. Sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir. 3.8. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir. 3.9. Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. 3.10. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir. 3.11. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. 3.12.Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir. 3.22.Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır. İddiaçı hazırkı iddia tələbinə əsəsən test mərhələsində test sualının doğru cavab variantının olmaması səbəbindən imtahan zamanı vaxt itkisi və yaranmış psixoloji gərginliyik səbəbindən topladığı 50 balın üzərinə bal əlavə olunması üçün qərar qəbul edilməsini iddia edir.Həmçinin,iddianın mətnindən də imtahan zamanı səhv tərtib edilmiş sualara görə bir balın onun xeyrinə hesablanmalı olduğunu qeyd edir.Məhkəmə tərəfindən həmin sualla bağlı müvafiq soğu verilmiş, 25-ci sualda bir neçə doğru variantı olan sualın imtahana salındığı müəyyən edilmişdir. Lakin iddiaçı həmin sualın cavabını düzgün qeyd etdiyinə (komputerə doğru hesab edilən variantı daxil etdiyinə) görə həmin sual üçün əlavə bal artımı olmamışdır. Digər tərəfdən iddiaçının səhv suala görə bal artımı iddiası hüquqi baxımdan əsaslandırıla bilməz.Həmin sualın yanlışlığı bütün imtahan verənlərə münasibətdə hüquqi nəticə yaratmaqla hər bir təhsilverənin xeyrinə “doğru” nəticə kimi hesablanmışdır.Yəni bütünlüklə imtahan iştirakçılarına münasibətdə mənfi nəticə yaratmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü ildə müəllimlərin sertifikatlaşdırılması imtahanının test mərhələsində test sualının doğru cavab variantının olmaması səbəbindən imtahan zamanı vaxt itkisi və yaranmış psixoloji gərginliyini nəzərə alaraq topladığı 50 balın üzərinə bal əlavə olunması üçün qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.