Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1422/2023 30.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X7 adına hazırlanmış A:389705 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, həmin sənəddə qeyd edilən 899.23 kv.m həyətyanı torpaq sahəsi və 27 may 2019-cü il tarixli alğı-satqı müqaviləsi əsasında X1 alınan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış barədə vahid daşınmaz əmlakı kimi iddiaçının adına DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X7 adına hazırlanmış A:389705 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, həmin sənəddə qeyd edilən 899.23 kv.m həyətyanı torpaq sahəsi və 27 may 2019-cü il tarixli alğı-satqı müqaviləsi əsasında X1 alınan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış barədə vahid daşınmaz əmlakı kimi iddiaçının adına DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o, 27 may 2019-cu il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda rəsmi müqavilə bağlamaqla DƏDRX-nin Qəbələ Rayon Ərazi İdarəsinin verdiyi xx.xx.2019-cu il tarixli, **********66-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyesrtrindən çıxarışa əsasən X5 məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini ondan satın almışdır. Evi satın aldıqdan sonra o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək evin və yerləşdiyi həyətyanı torpaq sahəsinin vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınmasını xahiş etmişdir. Bu zaman ona məlum olmuşdur ki, evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair evin əvvəlki sahibinin, yəni X4 əri olmuş olmuş X12 adlı şəxsin adına xx.xx.2012-ci il tarixdə 9612 nömrə ilə uçota alınmış A №389705 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. O, 27 may 2019-cu il tarixli alqı satqı müqaviləsini cavabdeh orqana təqdim edərək qeyd edilən ev və həyətyanı torpaq sahəsinə dair öz adına DƏDR-dən çıxarış və fərdi yaşayış evinin texniki pasportunun hazırlanmasını xahiş etmişdir. Cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh etiraz məktubunda bildirmişdir ki, X7 adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli, A 389705 qeydiyyat nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və Oğuz şəhəri, Rasim Orucov küçəsi ev 84 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 899.23 kv həyətyanı torpaq sahəsi vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq iddiaçının adına Çıxarışın verilməsi ilə bağlı tələbi Daşınmaz Əmlkaın Dövlət Kadastr, və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Belə ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsi bağlanarkən torpaq sahəsi alqı-satqı predmeti olmamışdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının və iddiaçının vəkilinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqısatqısı müqaviləsindən görünür ki, X9, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 85.5 kv/m olan fərdi yaşayış evini İddiaçı satmışdır.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-2791/2023 nömrəli məktubuna əlavə edilmiş **********66-10301 reyestr nömrəli Texniki pasportun, xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 85.5 kv/m olan fərdi yaşayış evi X4 adına qeydiyyata alınmışdır.
3. 15 aprel 2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 vərəsəsi X9 olmuş, X6 miras qalmış Oğuz şəhəri, K.Marks küçəsi 34 nömrədə, istifadəsində olan 0.07 ha torpaq sahəsində yerləşən, 1972-ci ildə tikilmiş 55.5 kv.m ümumi sahəsi olan, 1 mərtəbəli, 2 otaqlı yaşayış evindən ibarətdir.
4. 29.06.2007-ci il tarixli **********66-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Oğuz şəhəri, K.Marks küçəsində istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.1 kv.m yaşayış, 12.4 kv.m köməkçi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alınmışdır.
5. A seriyalı 389705 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarı ilə X10 899.23 kv.m torpaq sahəsi verilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-3361/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, A389705 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsinin koordinatları düzgün verilmədiyi üçün torpaq sahəsinin xüsusiyyətləri barədə məlumat verilməsi mümkün deyildir. A389705 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 899.23 kv.metr torpaq sahəsi situasiya üzrə faktiki naturada ölçülmüş torpaq sahəsinə aiddir. Lakin A389705 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar düzgün verilmədiyi üçün xüsusiyyətləri barədə məlumat verilməsi mümkün deyildir. İddiaçı faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsinin 0,0917 ha hissəsi Oğuz şəhəri İnzibati ərazi dairəsi sərhəddi daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla uqodiyası çoxillik əkmələr olan Bələdiyyə mülkiyyətinə, 0,0151 ha hissəsi JN-1574A nömrəli şəhadətnaməyə əsasən X11 xüsusi mülkiyyətdə olan torpaq sahəsinə və 0,0132 ha hissəsi isə yol yerinə düşür.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı qyeri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsaslı deyildir.Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) (2.4) zəruri sənədlər olaraq qeyd edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən X3 almışdır.Həmin fərdi yaşayış evinin mülkiyyətçisi X4 mülkiyyət hüququnu təsdiq edən sənəd RX seriyalı ******* saylı Çıxarışdan görünür ki,daşınmaz əmlakın mülkiyyətçisi X9,evin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü bələdiyyə mülkiyyəti,satıcının torpaq sahəsi üzərində hüququ istifadə hüququ olmuşdur. Göründüyü kimi iddiaçının vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi evin yerləşdiyi torpaq sahəsi üzərində satıcının mülkiyyət hüququ mövcud olmamışdır. X9 xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçıya mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evini satmışdır.Yəni,satıcının torpaq üzərində mülkiyyət hüququ mövcud olmadığından müqavilə ilə alıcıya da belə hüquq ötürülməmişdir. Odur ki,iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ olmadığından cavabdehin fərdi yaşayış evi və torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnu qeydə almaqdan imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X7 adına hazırlanmış A:389705 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, həmin sənəddə qeyd edilən 899.23 kv.m həyətyanı torpaq sahəsi və 27 may 2019-cü il tarixli alğı-satqı müqaviləsi əsasında X1 alınan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış barədə vahid daşınmaz əmlakı kimi iddiaçının adına DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə