Məhkəmə qərarları › İş №2-1(116)-1423/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1423/2025

29.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1423/2025 29.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “xx.xx.2024-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2024cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il tarixdə Zərdab rayonu Körpükənd kəndində anadan olmuşdur. Zərdab RHK tərəfindən 1993-cii ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994- cü il tarixə kimi Zərdab rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur və xəstəlik - diaqnozu: «Nevrasteniya, isterik qıcolmalarla» və xx.xx.1995-ci ildən xx.xx.1995-ci il tarixə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: «Nevrasteniya, isterik qıcolma» ( Azərbaycan Resppublikası Müdafiə Nazirliyi mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 674nömrəli Qərarı) Aldığı xəsarətlərlə bağlı uzun müayinə və müalicələrdən sonra xəstəliyi ilə bağlı iddiaçıya xx.xx.2015-ci il tarixdə 1 illik ikinci dərəcəli əlillik, xx.xx.2016-cı il tarixdə 5 illik ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti komissiya zamanı isə cavabdeh tərəfindən, yəni xx.xx.2021-ci il tarixdə müddəti başa çatmış əlilliyin yenidən təyin olunmasından imtina edilmişdir. Buna səbəb olaraq isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2- 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” sitat gətirilmişdir. Cavabdehin döyüş əməliyyatlarında xəsarət alaraq sağlamığının 61.80 faiz funksiyaları pozulmuş bir insana qarşı qəbul etmiş olduğu qərar qanunsuz və əsassızdır. Səbəb olaraq isə xəsarət aldığı vaxtdan hazırki müddətə kimi səhhətində ciddi problemlər mövcuddur, bu səbəbdən də iddiaçı öncə ağır və ya yüngül fiziki işlərdə çalışmaq kimi bir funksiyanı itirmiş, bundan başqa ailə üzvlərinin və yaxınlarının yardım və qulluğuna ehtiyaclıydır, onların vasiətçiliyi ilə mütəmadi olaraq həkimlərin müayinə və müalicələrindədir. İddiaçı bildirir ki, cavabdehin nəticə olaraq gəldiyi qərardan narazı qaldığı üçün xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinədə oldu, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr qeyd edilmişdir. Döyüş əməliyyatları nəticəsində keçirilmiş QKBTdan qalıq əlaməti. Ncvrasteniya. - Nevrostaniya nəzərəçarpan ipoxondrik sindromla, postravmatık ensefolopatiya, hipertenzion sindrom. Hipertenziv ensefolopatiya və qıcolma tutmaları ilə. Yuxuya getmənin və davam etməsinin pozğunluğu ['yuxusuzluq]. Ataktik yeriş..Digər ikincili hipertenziya, Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardıya..Sol mədəcik çatmamazhğı. Diffuz urla müşayiət olunan tireotoksikoz." Xəstəliyi nəticəsində tez-tez qıcolmalar baş verir, qıcolma tutması zamanı bədəni yığılır, bəzən insanlarla ünsiyyəti zamanı yaddaşım qısamüddətli itir, anlaqsız olur. Buna sübut olaraq Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Baş beyin kontuziyası nəticəsində şəxsiyyət dəyişikliyi, epileptiform, cənqolma tutmaları ilə ifadə olunmuş astenik sindromla” kimi, yenədə Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi, EGE Hospitalın xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi "Müayinə oyaq vəziyyətdə, hiperventuliyasiya və fbtostimulyasiya testləri zamanı keçirilib. Fon aktivliyində biopotensialların diffuz dəyişiklikləri qeyd olunur. Ritmlərin zonalar üzərində yerləşməsi hamarlaşıb. Funksional sınaqlar zamanı və fon aktivliyində sol hemisferin temporo-parietooksipital bölgələrin, saq hemisferin sentro-parietal bölgələrin üzərində multiregional epileptiform aktivlik qeyd olunur (arabir yayılma Hə)- aktiv epi-fəaliyyət” kimi. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 3464 nömrəli X2 Tibbi rəyində diaqnoz “Baş beyin kontuziyası nəticəsində şəxsiyyət dəyişikliyi, epileptiform cənqolma tutmaları, ifadə olunmuş astenik sindromla” kimi qeyd olunsa da, lakin nədənsə cavabdehlər tərəfindən təşkil olunmuş əyani müayinələr zamanı bunlar təsdiqini tapmamışdır. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Mingəçevir PND xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (İİ Qarabağ müharidəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu psixotik əlamətlər tez tez baş verən dekompensasiyalar intihar cəhdləri ilə. və Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Hərbi əməliyyatlar nəticəsində yaranmış zədələnmələr. Baş beyin kontuziyası nəticəsində şəxsiyyət dəyişikliyi, epileptiform cəngolma tutmaları, ifadə olunmuş astenik sindrom. Postkontuzion sindrom.- Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Zərdab rayon sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0260003AAGRC nömrəli xx.xx.2021ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Sonuncu dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Nümayəndə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 674 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Nevrasteniya, isterik qıcolmalarla” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Zob toksiki forma. NSD, kardial forma” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, - Döyüş əməliyyatları nəticəsində keçirilmiş QKBT-dan qalıq əlaməti. Nevrasteniya, - Nevrostaniya nəzərəçarpan ipoxondrik sindromla, postravmatik ensefolopatiya, hipertenzion sindrom. Hipertenziv ensefolopatiya və qıcolma tutmaları ilə.Yuxuya getmənin və davam etməsinin pozğunluğu [yuxusuzluq]. Ataktik yeriş, .Digər ikincili hipertenziya, Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, .Sol mədəcik çatmamazlığı, Diffuz urla müşayiət olunan tireotoksikoz” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nevroloji statusda əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər müəyyən edilmir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolmalardan şikayətlənmişdir. Psixi statusu həkim mütəxəssis (Günel Soylu) tərəfindən “Psixi sferada psixopatoloji simptomatika aşkarlanmır” kimi dəyərləndirilmişdir. Müayinə zamanı xəstə zahirən səliqəli olmuş, verilən suallara adekvat cavablar vermiş, medikamentoz preparatlardan Amitriptillin, Clonozepam qəbul etdiyini desə də, qəbul qaydasını izah edə bilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolmala tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında qıcolma tutması zamanı ətraflarının yığıldığını, bəzən insanlarla ünsiyyət qurduğu zaman yaddaşının qısamüddətli itdiyini, anlaqsız olduğunu bildirmişdir. Təqdim etdiyi Ege hospitalın instrumental müayinə (EEQ) nəticəsi ilə dalğaları arasında uyğunsuz aşkarlanmış, beləki EEQ müayinəsinin dalğalarında epiaktivlik müşahidə olunmamış, lakin nəticə olaraq epiletiform aktivlik qeyd olunmuş, nəticənin doğruluğuna şübhə yaranmışdır. Habelə digər baş-beynin instrumental müayinəsinin (MRT) nəticəsi epilepsiya xəstəliyinə uyğun nahiyələrinin patologiyasız olduğu müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, qəbul etdiyi medikamentoz preparatlar haqqında məlumat verməmiş, vətəndaşda simulasiya əlamətləri izlənilmişdir. Təqdim olunmuş sənədlərə və klinik əlamətlərə əsaslanaraq, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına daxil olduğu andan sakit dayanmış, suallara cavab verməmişdir. Vətəndaş əli ilə əvvəl qarnını, sonra ürəyini tutaraq sanki ağrıdığını göstərməyə çalışmış, təqdim edilmiş epikrizlərdə qeyd olunmuş diaqnozlarla vətəndaşın sərgilədiyi klinika uyğunsuzluq müəyyənləşdirilmişdir. Nevroloji statusunda xəstə kontakta girməmiş, verilən suallara cavab verməmiş, şikayətlərini qeyd etməmişdir. Xəstəni müayinə etmək mümkün olmamış, qəbul etdiyi dərmanları qeyd etməmişdir. Psixi statunda zahirən geyimi səliqəli, mimikası ifadəli, vətəndaş qətiyyən ünsiyyətə daxil olmamış, otağa daxil olandan bir vəziyyətdə oturaraq heç bir sualı cavablandırmamış, kobud simulyativ davranış nümayiş etdirmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 2704 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, tez-tez təkrarlanan epileptiform cəngolma tutmaları (ayda 5-6 dəfə), koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024xx.xx.2024-cü il tarixli 107538 nömrəli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, tez-tez təkrarlanan epileptiform cəngolma tutmaları (ayda 5-6 dəfə), koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. EGE Hospitalın xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə oyaq vəziyyətdə, hiperventuliyasiya və fotostimulyasiya testləri zamanı keçirilib. Fon aktivliyində biopotensialların diffuz dəyişiklikləri qeyd olunur. Ritmlərin zonalar üzərində yerləşməsi hamarlaşıb. Funksional sınaqlar zamanı və fon aktivliyində sol hemisferin temporo-parietooksipital bölgələrin, sağ hemisferin sentro-parietal bölgələrin üzərində multiregional epileptiform aktivlik qeyd olunur (arabir yayılma ilə)- aktiv epi-fəaliyyət” kimi qeyd olunmuşdur. Bakı Sağlamlığın xx.xx.2024- cü il tarixli Kranial MRT müayinəsinin nəticəsi “Baş beyinin az dərəcəli atrofiyası. Sol gicgah payında hippokarnial nahiyyədə T2, FLAİR hiperintes siqnala malik patoloji zona (ilkin olaraq temporal skleroz olduğu düşünülür) İV, İİİ və yan mədəciklərdə, əsasən gicgah şaxələrində olmaqla genişlənmə aşkar olunur. Hər iki arxa periventrikulyar ağ maddədə çoxsaylı mikroaniopatiya ocaqları qara cisim və soğun şarda atrofik dəyişikliklər. Beyinin sağ yarımkürəsində 4 mm-dən işemik qliotik ocaqlar, sol yarımkürəsində böyük ölçülü işemik qliotik ocaqlar izlənilir” kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli 0266003AANAA saylı göndərişi əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2023-cü ilin iyul ayında, yəni təxminən 17 ay sonra xx.xx.2022-ci il tarixli 0266003AANAA saylı göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixli əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2015ci il tarixdə müayinə olunmuş və ona 1 illik ikinci dərəcəli əlillik təyin edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2016ci il tarixdə müayinə olunmuş və ona 5 illik ikinci dərəcəli əlillik təyin edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021ci il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021ci il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023cü il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2024cü il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir - Şəki İnzibati Məhkəməsinin 2-1(116)-476/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının surəti. - Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3069 nömrəli rəyinin surəti. - Mərkəzi Həkim Komissiyasının 674 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 40002/2023 nömrəli Qərarı; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2022-ci il tarixli Qərarı; - Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1423/2025 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. - Məhkəmə-X3 publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 2098 nömrəli rəyi . Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Məhkəmə iş hallarına qiymət verərək, aşağıdakı normaları işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İşin hallarından müəyyən edilir ki, iddiaçı 1993-cii ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ildə aldığı xəsarətlə bağlı müayinə və müalicə olunmuşdur və ona «Nevrasteniya, isterik qıcolma» diaqnozu təyin edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdə müayinə olunmuş və ona 1 illik ikinci dərəcəli, xx.xx.2016-ci il tarixdə 5 illik ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə əlillik vəziyyəti DTSERAda xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Məhkəmə aşağıdakılara görə cavabdehin mövqeyini əsaslı saymır. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan şəxsə müddətsiz əlilliyin təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan inzibati aktını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş inzibati aktın ləğvinin və ya dəyişdirilməsinin əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman, inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5ci maddələrinə əsasən etimad hüququnun qorunduğunu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Hazırkı mübahisəyə münasibətdə məhkəməsinin araşdırması zamanı iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edildiyi və ya dəyişdirildiyi, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun icraat aparıldığı və icraatın nəticəsinə dair müvafiq qərarın qəbul edildiyi müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmiş, bu imtinanın isə qanuni olması iş materialları və iş üzrə təyin edilmiş Məhkəmə-X3 publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 2098 nömrəli rəyi ilə təsdiq olunmur. Belə ki, həmin rəyin “İ Motivləşdirici hissə”sində qeyd olunmuşdur ki, “Yoxlanılan şəxs İddiaçı hal-hazırda Üzvi (birinci Qarabağ müharibəsi zamanı aldığı barotravma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funskiyalann enməsi və anamnezində qıcolma tutmaları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0.) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal- hazırki müayinənin nəticələri - (anamnestik məlumatlara görə İ Qarabağ döyüşlərdində iştirak etməsi, döyüş zonasında 1994-cü ildə mərmi partlaması nəticəsində huşunu itirməklə dalğa zərbəsi və bədənindən qəlpə yaraları alması, Zərdab Rayon Mərkəzi Xəstəxanasında müalicədə olması, sonradan N nömrəli hərbi hissədə müayinə və müalicədə olması, 1996-cı ildə hərbidən təxris edilməsi, sonralar onda əsəbilik, əl və ayaqlarında qıcolma tutmalarının baş verməsi, ürək nahiyəsində ağrıların olması, yuxu pozuntusu halları meydana gəldiyi üçün müayinələrdə və müalicələrdə olduğunu, xəstəliyi ilə əlaqədar ona 2015-ci ildən İİ qrup əlillik təyin edilməsi, psixi vəziyyəti ilə əlaqədar AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında müayinə və müalicələrdə olması, həmin xəstəxananın xx.xx.2023-cü il tarixli 3464 saylı rəyinə görə xəstəxana nəznində yaradılmış həkim-psixiatr komissiyası tərəfindən müayinə olunaraq onda “Baş beyinin kontuzyası nəticəsində şəxsiyyət dəyişikliyi. Epileptik forma cəngolma tutmaları, ifadə olunmuş astenik sindromla” F07.0. diaqnozu müəyyən edilməsi, BAKİ Sağlamlıq Mərkəzində kranial MRT müayinin nəticə hissəsinə görə Beyin sturuktorlarında üzvi patalogiyanın müəyyən edilməsi, hazırki müayinə zamani^ şikayətləri barəsində məlumat verərək əsəbilik, hövsələsizlik, yaddaşda zəifləmə, r yuxu pozuntusu həmçinin arterial təzyiqdən əziyyət çəkdiyini ^bildirərək ürək nahiyəsində ağrılardan əziyyət çəkməsi, yuxusunun yalnız dərmanlarla olması əsəbi gərginliklər zamanı qıcomalar biruzə verməsini bildirməsi və/s-.) sübut edir.” Rəydə belə nəticəyə gəlinmişdir ki, “Hazırki müayinə zamanı İddiaçı qoyulmuş “Hərbi əməliyyatlar nəticəsində yaranmış zədələnmələr, Baş-beyin kontuziyası nəticəsində şəxsiyyət dəyişikliyi, epileptiform cəngolma tutmaları, ifadə olunmuş astentik sindrom. Postkontuzion sindrom” diaqnozu öz təsdiqini tapır. Belə ki, hazırki müayinə zamanı onda Üzvi (birinci Qarabağ müharibəsi zamanı aldığı barotravma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funskiyaların enməsi və anamnezində qıcolma tutmaları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 674 nömrəli qərarında İddiaçı “Nevrasteniya, isterik qıcolmalarla” diaqnozu göstərilsə də, yoxlanılan şəxsə dair anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki müayinə zamanı aşkar edilən psixi pozuntu əlamətləri onun hazırki psixiatrik müayinə zamanı aşkar edilən və göstərilən diaqnozlu psixi xəstəlikdən əziyyət çəkməsi nəticəsinə gəlməyə əsas verir.”. Qeyd olunmalıdır ki, psixi və davranış pozuntularının beynəlxalq təsnifatı, dünya səhiyyə təşkilatı (ÜST) tərəfindən hazırlanmış və psixi sağlamlıq sahəsində diaqnoz qoymaq və tədqiqat aparmaq üçün istifadə olunan bir sistemdir. Bu təsnifat, müxtəlif ölkələrdəki psixi pozğunluqların diaqnoz və müalicəsinin uyğunlaşdırılmasına kömək edir. Həmin təsnifatda “Baş beyninin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində şəxsiyyət və davaranış pozuntuları (F07)” bölməsində “Şəxsiyyətin üzvi pozuntusu” diaqnozu F07.0 kodu ilə qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “7. Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2-ci bəndində “postkontuzion sindrom” xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatında (XBT-10) F07.2 kodu ilə, “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” F07.8 kodu ilə qeyd edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki, cavabdehin yanvar 2021-ci il tarixli qərarı X1 əliliyinin ləğvi barədə cavabdehin faktiki hərəkətləri əsassız olmuşdur. Belə ki, mübahisələndirilən qərar inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilməmişdir. Odur ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2024-cü il tarixdən əlillyin təyin edilməsi cavabdehə həvalə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı xx.xx.2024-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi Cavabdeh PHŞ-nin üzərinə qoyulur. Qərardan onun rəsmi Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar