Məhkəmə qərarları › İş №2-1(116)-1424/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1424/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1424/2023 03.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, ünvan 1ində yerləşən, məqsədli istifadə növü çoxillik əkmələr olan 0,74 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin texniki və hüquqi sənəd işlənməmiş (Dövlət Aktı, Torpaq sahəsinin planı və ölçüsü və.s) 0,05 ha hissəsi və qanuni istifadədə olan 0,38 ha həyətyanı torpaq sahəsinin islahat xəritələrində 1432BB adı altında qeyd edilmiş 0,20 ha hissəsi üzırində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dovlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışla” rəsmiləşdirilməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, ünvan 1ində yerləşən, məqsədli istifadə növü çoxillik əkmələr olan 0,74 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsinin texniki və hüquqi sənəd işlənməmiş (Dövlət Aktı, Torpaq sahəsinin planı və ölçüsü və.s) 0,05 ha hissəsi və qanuni istifadədə olan 0,38 ha həyətyanı torpaq sahəsinin islahat xəritələrində 1432BB adı altında qeyd edilmiş 0,20 ha hissəsi üzırində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dovlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışla” rəsmiləşdirilməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1424/2023 nömrəli qərardadı ilə Zaqatala rayonu X3 üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Zərdab Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və bütün ailə üzvlərinin ümumi birgə mülkiyyətinə ünvan 1ində 0.38 ha həyətyanı və 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən məktuba əlavə edilmiş torpaq payı alan subyektlər siyahısıbdan da göründüyü kimi, iddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə 0.38 ha həyətyanı torpaq sahəsi və 1.75 ha kənd təsəsrrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.74 ha hissəsi çoxillik əkmələr, 1.01 ha hissəsi əkin yeri olumuşdur. Lakin, keçmiş DTXK tərəfindən tərtib edilmiş sənədlərdə (şəhadətnamə, torpaq sahəsinin planı və ölçüsü) 0.38 ha həyətyanı torpaq sahəsinin 0.18 ha hissəsinə şəhadətnamə tərtib edilmi., yerdə qalan 0.20 ha hissəsi isə islahat xəritələrində 1432BB adı altında qeyd edilmişdir. Bununla yanaşı, Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsaəsn iddiaçı və ailə üvzlərinin ümumi birgə mülkiyyətində məqsədli istifadə növü çoxillik əkmələr olan 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.69 ha hissəsinə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, yerdə qalan 0.05 ha hissəsinə isə sənəd tərtib edilmişdir. Bununla bağlı cavabdehə ünvanlanılan müraciətə cavabdeh özünün 24 yanvar 2023-cü il tarixli, 3-21-3-47/2-K-0004- 8 /2023 saylı imtina məktubunu vermişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, 18 saylı Zaqatala Ərazi İdarəsinin arxiv fondunda , xidməti istifadədə olan elektron xəritələrdə Zaqatala rayonu, Yuxarı Tala kəndində aparılan torpaq islahatınəticəsində torpaq sahəsi verilməsinə dair siyahılarda iddiaçıya qeyd olunan 0.20 ha həyətyanı və 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq shaələrinin verilməsi barədə hərhansı bir məlumat aşkar edilməmişdir.Bu səbəbdən də ərizənin icrası mümkün deyildir. Məhkəmə iclasında cavabdehin nümayənədsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı xx.xx.2023-cü il tarixində teleqram göndərərək məhkəmə prosesində səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Üçüncü şəxsin nümayəndəsi xx.xx.2023-cü il tarixində teleqram göndərərək məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022ci il tarixli məktubu və ona əlavə edilmiş ünvan 1 üzrə pay torpaq sahəsinə dair subyektlər siyahısı ; - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - JN- 608 KOD 40216018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0.18 ha torpaq sahəsi verilmişdir; - İddiaçının adına verilmiş 23 noyabr 2022-ci il tarixli, ********** və 16 dekabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar; - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 1996-2000-cı illər üzrə təsərrüfatbaçına kitabdan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və ailə üzvlərinin adı qeyd olunmuşdur; - 3622005845 qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i unvanında 0.3030 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir; - A seriyalı 379161 nömrəli X4 kitabında 1031 nömrə ilə qeydiyyata alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 3953 kv. metr torpaq sahəsi verilmişdir; - 3622005847 qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında 0.6931 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023cü il tarixli məktubu və ona əlavə edilmiş Zaqatala rayonu X1 xx.xx.2003-cü il tarixli, 110 nömrəli qərarının təsdiq edilmiş surəti, ünvan 1ində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, İddiaçı və onun ailə üzvlərinin adları qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. Həmin Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “X4, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 6-cı maddəsinə əsasən Hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı. Torpaq payı alan subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir. Vətəndaşlar torpaq paylarını dəyişdirmək və ya birləşdirmək istədikdə 10 gün müddətində ərizə ilə yerli aqrar islahatı komissiyasına müraciət etməlidirlər. Həmin Fərmanla təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdirilən torpaqlarının mülkiyyətçilərinə torpağa mülkiyyət hüququna dair dövlət aktı (1 nömrəli əlavə) verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X4, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və ailə üzvlərinin mülkiyyətinə aqrar islahat zamanı 0.18 ha həyətyanı torpaq sahəsi verilmiş, torpaq sahəsi qalan hissədə bələdiyyə mülkiyyətində (JN 1432 BB saylı) saxlanılmışdır.Təqdim olunan JN: 608A saylı, 40216018 kodlu "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən torpaq sahəsinin 0.18 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.Əldə olunan subyektlər siyahısı və təsərrüfatbaşına kitablarda da qanuni istifadədə olan torpaq sahəsinin 0.18 ha olduğu qeyd edilmişdir. İddia olunan 0,05 ha torpaq sahəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə aqrar islahat zamanı A 379161 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 0.69 ha (6931 kv.m) kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsi üzərində təkrar mülkiyyət hüququ qeydə alınaraq Çıxarışlar əldə olunmuşdur.Göründüyü kimi iddia olunan 0,05 ha torpaq sahəsinə dair iddiaçıya hər hansı hüquqmüəyyənedici sənəd verilməmişdir. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Zaqatala rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, ünvan 1ində yerləşən, məqsədli istifadə növü çoxillik əkmələr olan 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin texniki və hüquqi sənəd işlənməmiş (Dövlət Aktı, Torpaq sahəsinin planı və ölçüsü və.s) 0,05 ha hissəsi və qanuni istifadədə olan 0,38 ha həyətyanı torpaq sahəsinin islahat xəritələrində 1432BB adı altında qeyd edilmiş 0,20 ha hissəsi üzırində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dovlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışla” rəsmiləşdirilməsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar