Məhkəmə qərarları › İş №2-1(116)-1424/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1424/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1424/2025 29.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən İddiaçı xx xxxxxx 1963-cü ildə Yevlax rayonunda anadan olmuşdur, hazırda İİİ dərəcə müddətsiz əlilldir. Onun 37 il 20 gün iş stajı, 37759.32 manat pensiya sığorta kapitalı vardır. Lakin, ona əlilliyə görə əmək pensiyası deyil, sosial müavinət təyin edilmişdir. O, bununla bağlı cavabdehə müraciət etsə də imtina məktubu almışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazını belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçı H Rəhimovun 01 09.1980-ci il tarixdən xx.xx.1981 -ci il tarixədək və 01 09.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1981 -ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 29 il 3 ay 11 gün olmaqla qanunla tələb olunan müddətdən (15 il 4 aydan) çox olmasına baxmayaraq, fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 11 il 9 ay 11 gün sığorta stajına uyğun 11870,24 manat, xx.xx.2006-cı il tarixdən 01,07.2024-cü il tarixədək (17 İl 6 ay sığorta stajı əsasında) 16037,33 manat olmaqla, ümumilikdə 27907,57 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 37094,40 manat pensiya kapitalından (61 yaşına uyğun olaraq) azdır və minimum pensiya təminatına (280 manat) imkan vermir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”na əsasən iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.2004- cü il tarixədək dövrün doldurulma qaydası pozulduğu üçün (işə qəbulolma əmri bazar gününə təsadüf edir) həmin dövrlərin mötəbərliyinə şübhələr yaranmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2023-cü il tarixli 146/10 nömrəli məktubuna əsasən "xxxx" ASC-nin arxiv sənədləri X2 təhvil verilməyib. Bu səbəbdən də sözügedən dövrlərin araşdırılaraq iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir.Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı;

2. AA seriyalı 34000729 nömrəli Şəxsiyyət vəsiqəsinin surəti;

3. İT-İ ******* nömrəli əmək kitabçasınnı surəti;

4. "xxxx" ASC-nin Arayışı;

5. Cavabdehin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı ona əlilliyə görə əmək pensiyasının təyin olunmasından ibarətdir.Cavabdehin imtinasının dəlilini tələb olunan pensiya kapitalının mövcud olmaması təşkil edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 12.1-ci maddəsində deyilir ki, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin maddəyə əsasən, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün eyni vaxtda 2 şərtin təmin olunması tələb olunur: 1) iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli; 2) iddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır. İddiaçının əmək kitabçasından və iş materiallarından görünür ki, onun cavabdeh tərəfindən mübahisəsiz qəbul edilən ümumi iş stajı 29 il 3 ay 11 gündür. (01 09.1980-ci il tarixdən xx.xx.1981 -ci il tarixədək və 01 09.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1981 -ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla). İddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2004- cü il tarixədək Yevlax-Ekspress- Nəqliyyat” ASC-də çalışdığı dövr mübahisə doğurmuşdur.Məhkəmə iddiaçının əmək kitabçasında qeydin mötəbərliyini qəbul etməklə həmin dövrün sosial sığorta stajına daxil olmasını əsaslı hesab edir. İddiaçıya əlilliyin təyin olunduğu tarixə onun 61 yaşı olduğuna görə əmək qabiliyyətli yaş dövrü (61-15=46) 46 il təşkil edir. Həmin 46 ilin hər ili üçün 4 ay olmaqla (46 il x 4 ay = 184 ay = 15 il 4 ay 15 il 4 ay sığorta stajının olması tələb olunur.Həmin tarix üçün tələb olunan pensiya kapitalı isə 37094 manat təşkil edir.İddiaçının pensiya kapitalı hesablanarkən mübahisələndirilən dövrün qəbul edilməsi halında belə tələb olunan məbləğdən az olduğu müəyyən edilmişdir. Belə ki,cavabdehin imtina məktubundan görünür ki,mübahisələndirilməyən 17 il 6 ay sosial sığorta stajı müddətinə münasibətdə pensiya kapitalı 27907,57 manat təşkil etmişdir. İddiaçının mübahisələndirilən dövr üzrə xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinə sığorta stajı 10 il 12 gün müddətdir ki,həmin dövrə münasibətdə pensiya kapitalı 3070,2 manatdır.Həmin kapitalı indeksləşdirilmiş məbləği 8158,33 manat olduğundan cəmi məbləğ 36062,9 manat təşkil edir. Göründüyü kimi iddiaçıya əliliyə görə əmək pensiyası hüququnun yaranması üçün 37094 manat pensiya kapitalı və eyni zamanda 15 il 4 ay sığorta stajı olmalıdır ki,iddiaçının sığorta stajı mövcud olsa da tələb olunan minimum pensiya kapitalı mövcud deyildir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınaniş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddələrin tələblərinə görə İİ və İİİ qrup əlillərə pensiya hüququnun yaranmasının şərtlərinə şəxsin müvafiq sığorta stajına malik olması və müəyyən məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanması aiddir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir. Beləliklə, iddiaçının sosial sığorta stajına daxil olan əmək fəaliyyəti, hərbi xidmət, təhsil dövrlərini və işsizlik müavinəti aldığı dövrləri topladıqda müddətin cəmi 29 il 3 ay 11 gün təşkil edir. Həmin müddət iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 15 il 4 ay artıqdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı ilə əlaqədar isə məhkəmə aşağıdakıları qeyd edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-1-ci maddəsinə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı tələb olunan məbləğdən az olduğundan iddia əsassızdır. Göründüyü kimi, iddiaçının kifayət qədər sosial sığorta stajı olsa da, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı tələb olunandan azdır. Belə olan halda isə, ona əlilliyə görə əmək pensiyası təyin edilə bilməz. Ona görə də iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar