Məhkəmə qərarları › İş №2-1(116)-1427/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1427/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1427/2025 07.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Göründüyü kimi, hazırkı İddiaçı iddiasında cavabdeh inzibati orqanın inzibati aktının ləğvini tələb edir. Onun hazırkı tələbi “mübahisələndirmə haqqında” iddiaya aiddir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisənin ərazi aidiyyəti İPM-in 8.1.2-ci maddəsinin tələbləri ilə tənzimlənməli, İddiaçı hazırkı iddiası üzrə işə İPM-in həmin maddəsinin müddəaları tətbiq edilməklə onun sahibkar kimi fəaliyyət göstərdiyi yer üzrə inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə görə hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan şəxsdir. Qeyd olunmalıdır ki, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər “vergi ödənişləri” sahəsində vergi ödəyicisi kimi yalnız təşkilati hüquqi forma baxımından fərqlənirlər. Belə olan halda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin olduğu yer dedikdə, onun məhz sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yer qəbul edilməlidir, necə ki, hüquqi şəxsin olduğu yer kimi onun daimi fəaliyyət göstərən orqanının olduğu yer götürülür. Fiziki şəxsin qeydiyyat yeri sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan digər hallara münasibətdə tətbiq ediləndir. Hazırkı iş üzrə İddiaçı vergi ödəyicisi kimi Yevlax rayonunda uçotda olsa da, onun Bakı şəhərinin Xətai rayonunda təsərrüfat subyektinin olması o deməkdir ki, həmin şəxs sahibkarlıq fəaliyyətini sözügedən rayon (Xətai rayonu) ərazisində də göstərir. Nəzərə alınmalıdır ki, hazırda mübahisə predmeti olan “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 4 oktyabr 2024-cü il tarixli qərar məhz iddiaçının Bakı şəhərinin Xətai rayonunda yerləşən təsərrüfat subyektində keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə qəbul olunmuşdur. Bundan başqa, İddiaçı Bakı şəhərində qeydiyyatdadır. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı mübahisə üzrə iddiaçının olduğu yer kimi onun vergi ödəyicisi kimi uçotda olduğu deyil, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektinin yerləşdiyi ünvan gütürülməli və mübahisəyə də ərazi yurisdikdiyasına həmin rayon daxil olan inzibati məhkəmədə baxılmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xətai rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Belə olan halda, məhkəmə mübahisəyə baxmaqda özünü səlahiyyətli hesab etmir və Bakı İnzibati Məhkəməsində baxılmasını qanuna uyğun sayır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2 – 8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 2, 8, 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) İnzibati Kollegiyasına şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar