Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1430/2020 10.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçının vəkili X2 Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “Şəhid çavuş X3 şəhid olduğu vaxtdan, xx.xx.1994-cü ildən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində şəhid ailələrinə ödənilməli olan təqaüd və ya kompensasiyalara uyğun məbləğin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəhid çavuş X3 şəhid olduğu vaxtdan, xx.xx.1994-cü ildən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində şəhid ailələrinə ödənilməli olan təqaüd və ya kompensasiyalara uyğun məbləğin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının oğlu çavuş X4 “Balakən” X5 Məntəqəsindən müddətli həqiqi hərbi xidmətdə olduğu zaman xx.xx.1994-cü ildə sərhəd pozucularının və quldur dəstələrinin sərhəd naryadına silahlı hücumunun qarşısını alarkən “Həyəcan” qrupunun tərkibində xidməti vəzifəsinin icrası zamanı quldurlar tərəfindən açılan atəş nəticəsində yaralanmış və aldığı güllə yarasından xx.xx.1994-cü il tarixdə hərbi hospitalda vəfat etmişdir. Bu səbəblə iddiaçıya xx.xx.2020-ci il tarixdən Şəhid statusu verilmiş və həmin vaxtdan etibarən cavabdeh orqan tərəfindən iddiaçıya şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. İddiaçı cavabdeh orqana əvvəlki illərin təqaüdünün ödənilməsi üçün müraciət etsə də, cavabdeh orqan sözügedən təqaüdün onu almaq hüququ yarandığı gündən təyin edildiyini və iddiaçının hüququnun da xx.xx.2020-ci il tarixdən yaranmasını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan etiraz məktubunda qeyd edilir ki, Azərbaycan Respublikasının Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin X3 “Balakən” X5 Məntəqəsindən müddətli həqiqi hərbi xidmətdə olduğu zaman xx.xx.1994-cü il tarixdə sərhəd pozucularının və quldur dəstələrinin sərhəd naryadına silahlı hücumunun qarşısını alarkən “Həyəcan” qrupunun tərkibində xidməti vəzifəsinin icrası zamanı quldurlar tərəfindən açılan atəş nəticəsində yaralandığı və aldığı güllə yarasından xx.xx.1994-cü il tarixdə hərbi hospitalda vəfat etdiyidən mərhum X4 itkilərin uçot sənədlərinə şəhid hesab edilən hərbi qulluqçu kimi əlavə olması barədə DSMF-nin Ağsu rayon Filialına xx.xx.2020-ci il tarixli, M\162 saylı məktub ünvanlanmışdır. Qeyd edilən məktuba əsasən xx.xx.2020-ci il tarixdən vətəndaşa şəhid ailəsi statsu verilmiş və həmin vaxtdan etibarən DSMF-nin Ağsu rayon Filialı tərəfindən vətəndaş İddiaçı şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü - 300 (üç yüz) manat təyin edilərək ödənilir. Bununla yanaşı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğranda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən birdəfəlik ödəmə kimi müəyyən edilmiş 11.000 (on bir min) manat məbləğində sığorta ödənişi şəhid çavuş X3 ailəsinə ödənilmişdir. Azərbaycan Respublikasının Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, M\162 saylı məktubuna əsasən İddiaçı xx.xx.2020-ci il tarixli 005308 saylı şəhid vəsiqəsi verilmişdir. İlk olaraq bildirilir ki, hər bir hüquq, status onu təsdiqləyən rəsmi sənədlərlə yaranır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının" təsdiq olunması haqqında” Nazirlər kabinetinin 10 saylı Qərarında şəhid ailələrinin statusunun yaranması anı müəyyən olunmuşdur. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən “şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.” Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti. Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Mərhum çavuş X1 pozucularının və quldur dəstələrinin sərhəd naryadına silahlı hücumunun qarşısını alarkən “Həyəcan" qrupunun tərkibində xidməti vəzifəsinin icrası zamanı quldurlar tərəfindən açılan atəş nəticəsində yaralandığı və aldığı güllə yarasından xx.xx.1994-cü il tarixdə hərbi hospitalda vəfat etməsi faktı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, M\162 saylı arayışına əsasən təsdiqlənmişdir. Belə ki, şəxsin şəhid ailə üzvü kimi statusu ölüm faktı barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayşına əsasən yaranmış və həmin andan şəhid ailə üzvü kimi şəxsə təqaüd ödənilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli M/162 nömrəli sənədi əsasında İddiaçı xx.xx.2020-ci il tarixdən Şəhid ailəsi statusu verilib, həmin tarixdən də ona DSMF pubik hüquqi şəxsin Ağsu rayon filialı tərəfindən 300 manat Şəhid ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək plastik kart hesabına köçürülür. Bundan əlavə əmək pensiyasına həmin tarixdən Şəhid ailəsinin üzvü kimi 93.50 manat məbləğində pul əlavə edilmişdir. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü onu almaq hüququ yarandığı gündən təyin edilir, İddiaçı hüququ xx.xx.2020-ci il tarixdən yarandığı üçün əvvəlki dövrə iddiaçıya təqaüdün ödənilməsi qanunamüvafiq deyil. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 473941 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının oğlu X4 xx.xx.1994-cü il tarixdə hərbi vəzifə borcunu yerinə yetirərkən 20 yaşında həlak olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli M/162 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçının oğlu mərhum X4 qayıtmaz itkilərin uçot sənədlərinə (aidiyyəti jurnal) şəhid hesab edilən hərbi qulluqçu kimi əlavə olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 143 nömrəli arayışında qeyd edilir ki, iddiaçının mərhum oğlu X4 xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli M/162 nömrəli sənədinə əsasən şəhid hesab edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli M/162 nömrəli məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli **********0 nömrəli imtina məktubu, iddiaçının pensiya işinin təsdiq edilmiş surəti, 005308 nömrəli xx.xx.2020-ci il tarixli Vəsiqənin təsdiq edilmiş surəti, 473941 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 143 nömrəli arayışı, cavabdehin etiraz məktubu, DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan etiraz məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin qismən əsaslıdır. İddiaçıya xx.xx.2020-ci il tarixdə Şəhid ailəsi statusu verilmiş və cavabdeh orqan tərəfindən ona təqaüd təyin edilərək həmin tarixdən ayda 300 manat ödənilmişdir. İddiaçı hazırkı təqaüdün xx.xx.1994-cü ildən hesablanaraq ona ödənilməsini cavabdeh orqandan xahiş etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmiş və beləliklə tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Məhkəmə iddia ərizəsi və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır və o, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” 1-ci bəndinə əsasən Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 1-ci bəndinə əsasən bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Həmin qaydaların 2-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Həmin qaydaların 7-ci bəndinə əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir. Həmin qaydaların 8-ci bəndinə əsasən müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarının 2-ci bəndinə əsasən bu qərar 2007-ci il yanvarın 1-dən qüvvəyə minir. Hazırkı iş üzrə qanunvericiliyə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, M/162 nömrəli arayışı verilmiş və həmin arayışda X3 xx.xx.1994-cü il tarixdə vəzifəsini yerinə yetirərkən yaralandığı və aldığı güllə yarasından xx.xx.1994-cü il tarixdə hərbi hospitalda vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarına görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, M/162 nömrəli arayışı şəhidlik statusunu təsdiq edən hüquq müəyyənedici sənəddir. Beləliklə, iddiaçının mərhum övladının şəhid statusu tanındığından “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 493 saylı, xx xxxxxx 2006-cı il tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Qaydalara əsasən iddiaçının şəhid ailəsi üçün verilən təqaüdü almaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabineti isə 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı həmin Qaydaları təsdiq etmişdir. Sözügedən Qaydaların 8-ci bəndində müraciət anından asılı olmayaraq “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün onu almaq hüququnun yarandığı andan təyin edilməli olduğu təsbit edilmişdir. Göründüyü kimi təqaüdün hansı tarixdən ödənilməli olduğuna münasibətdə qanunverici iki meyar müəyyən etmişdir – 1) müraciət anından asılı olmayaraq və 2) onu almaq hüququnun yarandığı andan təyin edilmə. Hazırkı halda, təqaüdü almaq hüququnun yaranma anı müəyyən edilməlidir. Bununla bağlı işin hallarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışında iddiaçının oğlunun xx.xx.1994-cü il tarixdə vəzifəsini yerinə yetirərkən şəhid olmasının müəyyən olunduğunu bildirmişdir. Prezident təqaüdünün verilməsini müəyyən edən Fərman xx xxxxxx 2006-cı il tarixdə, Nazirlər Kabinetinin qərarı isə xx xxxxxx 2007-ci il tarixdə qəbul edilmiş və qərarın xx xxxxxx 2007-ci il tarixdən qüvvəyə mindiyi göstərilmişdir. Odur ki, iddiaçının sonrakı tarixdə müraciət etməsinə baxmayaraq onun oğlunun 1994-cü ildə vəfat etməklə şəhid statusu əldə etdiyi müəyyən edildiyindən xx xxxxxx 2007-ci il tarixdən etibarən həmin təqaüdü almaq hüququ yaranmışdır. Ona görə də, təqaüdün yalnız xx xxxxxx 2020-ci il tarixdən sonrakı dövrlər üzrə ödənilməli olduğuna dair mövqe əsaslı deyildir. Göründüyü kimi, X4 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarının 2-ci bəndinə əsasən bu qərar 2007-ci il yanvarın 1-dən qüvvəyə mindiyi üçün iddiaçının tələbi qismən təmin edilməli, cavabdehin üzərinə xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində şəhid ailələrinə ödənilməli olan təqaüdün hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialının üzərinə xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində şəhid ailələrinə ödənilməli olan təqaüdün hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1430/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1430/2020
10.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver