Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1431/2022 20.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavadbehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın ləğv edilməsi və 2 nəfərdən ibarət ailə üzvünün olması nəzərə alınaraq xx.xx.2022-ci il tarixdən ünvanlı sosial yardımın təyin olunması və hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin ünvanlı sosial yardımın təyinatından imtina edilməsi haqqında qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3, 4, 5, 6, 7 və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən hər ay üçün 190 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq 2 nəfərdən ibarət olan aztəminatlı ailəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın ləğv edilməsi və 2 nəfərdən ibarət ailə üzvünün olması nəzərə alınaraq xx.xx.2022-ci il tarixdən ünvanlı sosial yardımın təyin olunması və hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 2 nəfərdən ibarət ailə tərkibinin olmasını bildirərək ünvanlı sosial yardımın təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının ailə tərkibinin düzgün göstərilməməsini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - xx.xx.2022 tarixli, **********94801 nömrəli müraciətə müvafiq olaraq “Ünvanlı dövlət sosial yardımı” haqqında Qanunun 3.7.1 -ci maddəsinə müvafiq olaraq “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar edilməsi, ailə tərkibinin və ailənin gəlirləri barədə məlumatların düzgün göstərilməməsi; xx.xx.2022 tarixli, **********94802 nömrəli müraciətə müvafiq olaraq “Ünvanlı dövlət sosial yardımı” haqqında Qanunun 3.7.1-ci maddəsinə müvafiq olaraq “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar edilməsi, ailə tərkibinin düzgün qöstərilməməsi və ümumi istifadəli sayğacın aşkar edilməsi; xx.xx.2022 tarixli, **********94803 nömrəli müraciətə müvafiq olaraq “Ünvanlı dövlət sosial yardımı” haqqında Qanunun 3.7.1 -ci maddəsinə müvafiq olaraq “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkaredilməsi, ailə tərkibinin düzgün qöstərilməməsi; xx.xx.2022 tarixli, **********94804 nömrəli müraciətə müvafiq olaraq “Ünvanlı dövlət sosial yardımı” haqqında Qanunun 3.7.1-ci maddəsinə müvafiq olaraq “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar edilməsi, ailə tərkibinin düzgün qöstərilməməsi; xx.xx.2022 tarixli, **********95001 nömrəli müraciətə müvafiq olaraq “Ünvanlı dövlət sosial yardımı” haqqında Qanunun 3.7.1-ci maddəsinə müvafiq otaraq “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar edilməsi, əvvəlki müayinə aktında qeyd edilən məlumatlarla uyğunsuzluq aşkarlanması səbəbilə imtina verilmişdir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” AR Prezidentinin xx.xx.2015-ci il tarixli 477 №li Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 №li qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X6 və X9 (VEMTAS) yaradılmışdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” 21,10.2005-ci il tarixli Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 7.1 -ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 №li qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalan”nın 1.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri əmək qabiliyyətli olan ailə üzvünyn birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial vardım almaq hüququna malikdirlər. Qaydaların 3.3-cü maddəsinə əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Qaydaların 3.4.2-ci maddəsinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. İddiaçı ərizə bəyannamə ilə müraciət etmiş, VEMTAS tərəfindən ona ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməmiş, lakin Qanunun tələblərinə müvafiq olaraq maddi - məişət şəraitinin yoxlanılması zərurəti yaranmış və yoxlama zamanı bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, İddiaçı xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.2021-ci il tarixdə isə nikaha xitam verilmiş və birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması müəyyən edilmişdir. İddiaçı ərizə bəyannamədə ailə tərkibi kimi 2 nəfər (özü və qızı) qeyd etdiyi halda, maddi - məişət şəraiti yoxlanılan zaman ailə tərkibinin 4 nəfərdən (özü, qızı, atası və anası) ibarət olması aşkar edilmişdir. Həmçinin ailənin (4 nəfərin) eyni sayğaclardan, mətbəxdən və sanitar qovşaqdan istifadə etdiyi müəyyən edilmişdir. Qeyd edilən bütün məsələlər maddi - məişət şəraitinin yoxlanılması zamanı tərtib edilmiş aktlarla öz təsdiqini tapır. Qaydaların 5-ci maddəsində ailənin orta aylıq gəlirinin mənbələri və hesablanması metodologiyası qeyd edilmişdir. Qaydaların 5.22-ci maddəsinə əsasən, ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (30%+11.7%+6.1%)+R+RM Burada: YM - yaşayış minimumunun ölkə üzrə məbləği; R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği. Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Yuxarıda sadalanan şərtlərin ödənilməməsi İddiaçı ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina üçün əsas olmuşdur. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2021-ci il 03 dekabr tarixli Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat məbləğində təsdiq edilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, ailə tərkibi düzgün göstərilmədiyindən bu ailə ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyildir və iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməməsinixahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - iddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədə özünün ailəsini təmsil edən şəxs kimi qeydə alınmasını xahiş etmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ailəsinə təyin ediləcək ünvanlı dövlət sosial yardımının rəsmiləşdirilməsi məqsədilə ailəsinin 18 yaşına çatmamış üzvü X4 barədə məlumat verərək, Nazirlik tərəfindən hər birinə aid gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların aidiyyəti dövlət orqanlarından və təşkilatlardan əldə edilməsinə və aidiyyəti dövlət orqanlar və təşkilatları tərəfindən onların hər birinə dair sorğu olunan gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. - Mingəçevir İH başçısının 2 nömrəli Sahə Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 520 nömrəli arayışının surətindən müəyyən edilir ki, Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi, ev 24-də yaşayan xx.xx.1992-ci il təvəllüdlü İddiaçı ailə tərkibi – xx.xx.2018-ci il təvəllüdlü X2 ibarətdir. - “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2022-ci il tarixli **********94801 nömrəli bildirişdən görünür ki, ailə tərkibinin, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbi ilə sosial yardımın təyin edilməsindən imtina edilmişdir. - “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2022-ci il tarixli **********94802 nömrəli bildirişdən görünür ki, ailə tərkibinin düzgün göstərilməməsi, ümumi istifadəli sayğacın aşkar edilməsi səbəbi ilə sosial yardımın təyin edilməsindən imtina edilmişdir. - “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2022-ci il tarixli **********94803 nömrəli və xx.xx.2022-ci il tarixli **********94804 nömrəli bildirişlərdən görünür ki, ailə tərkibinin düzgün göstərilməməsi səbəbi ilə sosial yardımın təyin edilməsindən imtina edilmişdir. - “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2022-ci il tarixli **********95001 nömrəli bildirişdən görünür ki, əvvəlki müayinə aktında qeyd edilən məlumatlarla uyğunsuzluğun aşkarlanması səbəbi ilə sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər, həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və onun azyaşlı övladı Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçı, ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi xx.xx.2022-ci il tarixdə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi ailə tərkibinin, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi qeyd edilmişdir. İddiaçı, qeyd edilən əsaslarla imtinanın qanunsuz hesab edilərək onun ailəsinə ünvanlı sosial yardımın verilməsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. ”Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilmişdir (maddə 1.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Həmin Qaydaların 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Həmin Qaydaların 5.14-cü bəndinə əsasən torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. İşin faktiki hallarına əsasən iddiaçının ailəsi 2 nəfərdən ibarətdir, onlardan biri azyaşlıdır. Cavabdeh orqanın iddiaya qarşı əsas dəlili iddiaçının ailə tərkibinin düzgün göstərilməməsi ilə bağlıdır. Belə ki, cavabdeh orqan maddi-məişət şəraitinin yoxlanılması zamanı iddiaçının ailə tərkibinin 4 nəfərdən ibarət olmasının aşkar edilməsini bildirir və qeyd edir ki, ailə tərkibinin düzgün göstərilməməsi iddiaçının gəlirlərinin də düzgün göstərilməməsinə səbəb olmuşdur. Lakin, məhkəmə cavabdeh orqanın həmin dəlilini əsassız hesab edir. Belə ki, işdə olan Mingəçevir İH başçısının 2 nömrəli Sahə Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 520 nömrəli arayışı ilə iddiaçının ailə tərkibinin 2 nəfərdən ibarət olması sübuta yetirilir. Sözügedən arayış Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-80/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı əsasında verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-80/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: - Mingəçevir şəhər MKT İstehsalat Birliyinin 26 avqust 2021-ci il tarixli arayış və 01 mart 2022-ci il tarixli aktla müəyyən edilir ki, həqiqətən də İddiaçı ailə tərkibi 2018-ci il təvəllüdlü qızından ibarətdir, o, ata-anası ilə birgə təsərrüftla məşğul olmur və öz tələbatlarını özü qarşılayır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun ailəyə belə bir anlayış vermişdir qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər (m.1.0.2). Odur ki, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Belə ki, ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmış olmaları müəyyən olunmalıdır. Digər tərəfdən isə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı elektron müraciətin edilməsi zamanı şəxslərdən eyni ünvanda yaşadıqları həm öz ailə üzvləri, həm də digər ailə(lər) barədə məlumat vermələri tələb olunur. Beləliklə, həm mövcud qanunvericilik, həm də ünvanlı dövlət sosial yardım almaq üçün müraciətləri qəbul etmək üçün dövlət tərəfindən yaradılmış sistemin özü prinsip etibarilə bir ünvanda bir neçə ayrı ailə(lər)nin yaşamasının mümkünlüyünü qəbul edir. Məhz buna görə də, müraciəti qəbul edən elektron sistem şəxsdən öz ailəsi ilə bağlı məlumatlarla yanaşı, varsa eyni ünvanda yaşayan digər ailə(lər) barədə məlumat vermələrini də tələb edir. Ailə Məcəlləsinin 56.2-ci maddəsinə əsasən uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Qeyd olunan maddənin tələbindən görünür ki, iddiaçı ilə eyni ünvanda yaşayan valideynləri iddiaçı və onun övladını saxlamağa və maddi cəhətdən təmin etməyə borclu deyillər. Hazırki işin hallarından isə müəyyən olunur ki, cavabdeh müvafiq arayışın verilməsindən imtina edərkən yalnız birgə yaşama halının mövcudluğuna istinad etmiş, 4 nəfər birgə yaşayan şəxsin ümumi birgə təsərrüfat aparıb-aparmamasını ümumiyyətlə araşdırmamış və müəyyən etməmişdir. Belə ki, cavabdeh bu zaman sübut kimi baxış aktına əsaslanmışdır. Lakin, baxış zamanı yalnız iddiaçının atası, anası və azyaşlı övladının həmin ünvanda yaşadıqları müəyyən edilmişdir. Hansı ki, iddiaçı özü də bu halı təsdiq edir. Lakin, bu heç də cavabdeh inzibati orqana iddiaçının və valideynlərinin ümumi ev təsərrüfatına malik olmaları qənaətinə gəlməyə əsas vermir. Yəni, iddiaçının valideynləri ilə bir ünvanda yaşamasının yoxlanılması yetərli deyil, onların ümumi ev təsərrüfatına malik olubolmaması da müəyyən edilməlidir. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır. Ümumi ev təsərrüfatının aparılması dedikdə isə, əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh inzibati orqan iddiaçının valideynləri ilə eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş, ümumi birgə təsərrüfatın aparılması halının mövcudluğunu müəyyən etmədən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İstinad olunan qərardan göründüyü kimi iddiaçının ailə tərkibinin 2 nəfərdən ibarət olmasına artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilmişdir. Cavabdeh orqanın hazırkı iş üzrə etirazının dəlilləri də əvvəlki icraatda Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin irəli sürdüyü dəlillərlə eynidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının ailə tərkibinin və gəlirlərinin düzgün göstərilməməsi ilə bağlı cavabdeh orqanın imtinası əsassız olduğundan iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Eyni zamanda cavabdeh orqan iddiaçının ailəsinin müraciətdə qeyd edilənlərdən başqa gəlirləri olması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmədə işə baxılan zaman da iddiaçının ailəsinin özünün təqdim etdiyi gəlirlərdən başqa əlavə gəlirlərinin olması müəyyən edilməmişdir. Məhkəmə bütün qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçının ailəsinə ünvanlı sosial yardımın təyin edilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli müraciətə imtinası ləğv edilərək İddiaçı ailə üzvü ilə birlikdə ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdehin xx.xx.2022-ci il tarixli müraciətə imtinası ləğv edilərək İddiaçı 2 nəfərdən ibarət ailə üzvünün olması nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən ünvanlı sosial yardımın təyin olunması və hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1431/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1431/2022
20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver