Məhkəmə qərarları › İş №2-1(116)-1431/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1431/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1431/2024 06.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclasının qərarına əsasən fərdi yaşayış evi tikmək məqsədilə iddiaçıya ayrılmış 600 kv.metr torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclasının qərarına əsasən fərdi yaşayış evi tikmək məqsədilə iddiaçıya ayrılmış 600 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1431/2024 nömrəli qərardadı ilə Şəki Bələdiyyəsi üçüncü şəxs qismində adi qaydada məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinə əsasən, Şəki Bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli 10 saylı iclas protokolunun qərarı ilə İddiaçı (X3) fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********64 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma zamanı sənədlər toplusunda “Torpaqların alqı-satqısına dair akt”ın təqdim edilmədiyi məlum olmuşdur. Bu səbəblə müraciətin təmin olunmasından imtina edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddiaya qarşı yazılı münasibətini bildirmişdir. İş üzrə üçüncü şəxs Şəki Bələdiyyəsi xx.xx.2024-cü il tarixli 164 nömrəli məktubunda iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, ünvan 1 ünvanda yaşayan Şəmiyeva (Rəsulova) İlahə Baba qızının ərizəsi, şəhərin baş memarının xx.xx.2007-ci il tarixli 562/185 saylı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəki şöbəsinin xx.xx.2007-ci il tarixli, 202 saylı razılıq məktubları və digər sənədlər nəzərə alınaraq həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Şəki bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli 10 saylı iclasının 65 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün şəhərin 118-ci kvartalından 600 kv.metr torpaq sahəsi onun mülkiyyətinə satılmışdır. Həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin qərarından sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şöbəsi tərəfindən alqı-satqı aktı tərtib edilməli idi. Lakin vətəndaş tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şöbəsinə müraciət olunmadığından alqı-satqı aktı tərtib edilməmişdir. 2015-ci ildən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Şəmiyeva (Rəsulova) İlahə Baba qızı tərəfindən torpaq sahəsinin o vaxt Şəki bələdiyyəsi tərəfindən müəyyən edilmiş dəyəri Şəki bələdiyyəsinin bank hesabına tam ödənilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, iddiaçının nümayəndəsi, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Üçüncü şəxs Şəki bələdiyyəsi xx.xx.2024-cü il tarixli, 164 nömrəli məktubunda işə nümayəndənin iştirakı olmadan baxılmasını və qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Şəki Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı iclas protokolundan görünür ki, protokolun 1.54-cü bəndində fərdi yaşayış evi tikmək məqsədilə bələdiyyənin perspektiv inkişaf fondundan, 118-ci kvartaldan iddiaçıya 600 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır.

3. DTXK-nın Şəki rayon şöbəsinin Şəki bələdiyyəsinə ünvanladığı xx.xx.2007-ci il tarixli 202 nömrəli məktubunun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Şöbə satılmış torpaq sahəsinin təyinatı üzrə istifadə olunmasına etraz etməmişdir.

4. Şəki RİH Memarlıq və tikinti şöbəsinin xx.xx.2007-ci il tarixli, 562/185 nömrəli məktubundan görünür ki, Şöbə fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsinin X1 etiraz etməmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-2491/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, iddia olunan torpaq sahəsi faktiki olaraq 0,06 ha olub İddiaçı tərəfindən istifadə edilir, yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatlar tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi elektron baza məlmatlarında bələdiyyə mülkiyyətinə aid, yaşayış məntəqəsi torpaqları daxilində, həyətyanı torpaqlar kimi göstərilmişdir. Torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçıya ayrılmış sənəd üzrə torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi qismən üst-üstə düşür.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Şəmiyeva (Rəsulova) İlahə Baba qızına Şəki Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı iclasının qərarı ilə 600 kv.metr torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması bələdiyyənin müvafiq qərarı, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpaq sahəsinin dəyərinin Şəki bələdiyyəsinə tam ödənildiyi iş üzrə üçüncü şəxs Şəki Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mübahisəli torpaq sahəsi iddiaçıya Şəki Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı iclasının qərarına əsasən satılmış, həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdehin iddiaya qarşı yeganə dəlili ondan ibarət olmuşdur ki, torpaq sahəsinin alqı-satqısına dair akt müraciətə əlavə olunmamışdır. Verilmiş sorğuya cavab olaraq X4 Filialının xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilən sənədlərdən görünür ki, iddia olunan torpaq sahəsi Şəki Bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 10 saylı iclasının qərarı ilə iddiaçıya ayrılmış, müvafiq inzibati icraat çərçivəsində yerquruluşu planı tətib edilmiş, DTXK-nin Şəki rayon şöbəsinin, eləcə də Şəki RİH Memarlıq və tikinti şöbəsinin rəyləri nəzərə alınmaqla iddia olunan torpaq sahəsi iddiaçıya satılmışdır. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə Şəki Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclasının qərarına əsasən fərdi yaşayış evi tikmək məqsədilə iddiaçıya ayrılmış 600 kv.metr torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində və istifadəsində olan torpaqlarla üst-üstə düşmə halı mütəxəssis tərəfindən aşkar olunmadı. Odur ki, həmin torpaq sahəsinə tərtib ediləcək texniki sənəd hazırkı istifadəyə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclasının qərarına əsasən fərdi yaşayış evi tikmək məqsədilə iddiaçıya ayrılmış 600 kv.metr torpaq sahəsi üzərində Şəmiyeva (Rəsulova) İlahə Baba qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar