Məhkəmə qərarları › İş №2-1(116)-1431/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1431/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1431/2025 23.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “1925-ci il Yeğeqnadzor rayonu Qabaxlı kəndində anadan olmuş iddiaçının anası X5 doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1925-ci il Yeğeqnadzor rayonu Qabaxlı kəndində anadan olmuş iddiaçının anası X5 doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı iyul 1968-ci ildə Ermənistan SSR Cermuq şəhərində kəndində anadan olmuşdur. X1 , anası X7r. 1907-ci il təvəllüdlü Əzizbəyov rayonu Qarmraşen kəndində anadan olmuş X6 15 dekabr 1991-ci ildə vəfat etmiş və onun ölüm qeydi 17 dekabr 1991-ci ildə aparılmışdır. 1925-ci il təvəllüdlü Yeğeqnadzor rayonu Qabaxlı kəndində anadan olmuş X9 01 iyul 1999-cu ildə vəfat etmiş və onun ölüm qeydi 02 iyul 1999-cu ildə X2 aparılmışdır X4 adı ölüm haqqında şəhadətnamədə səhv qeyd olunmuşdur. Belə ki, X4 adı Zleyxa, atasının adı isə Xasi olmuşdur. İddiaçının valideynləri isə 10 sentyabr 1968-ci ildə Cermuk şəhər İcra Komitəsində 25 № ilə qeyd edilməklə nikaha girmişlər. Həmin sənəddə də X4 adı Zleyxa Xasi qızı kimi qeyd olunmuşdur. İddiaçıya, iddiaçının bacısı Aygün İsmayılovaya və qardaşı Mətləb İsmayılova məxsus olan doğum haqqında şəhadətnaməni, valideynlərinin nikahı haqqında şəhadətnaməni cavabdeh orqana təqdim edərək anasının doğumunu bərpa etməklə ölüm haqqında şəhadətnaməsində müvafiq düzəliqin aparılmasına nail olmağa çalışırdı. Çünki özünə məxsus doğum haqqında şəhadətnamənin də bərpa edilməsi üçün anasının ölümü haqqında şəhadətnamədə ad və ata adının yanlışlıqdan düzəldilməsi tələb olunur. Cavabdeh iddiaçının ərizəsinə münasibətində bildirmişdir ki, İddiaçı, X9 barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxslərə dair 19.11 2024-cü ilədək yoxlama aparılmış, barələrində doğum haqqında akt qeydləri aşkar edilməmişdir. Bildiririk ki, İddiaçı 1925-ci il tarixdə Ermənistan, Yeğenadzor (Keşişkənd) rayonu, Qabaxlı kəndində doğulmuş anası X5 doğumu haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Cavabdehnə daxil olmuş ərizənizə baxılmışdır. Müraciətlə bağlı, S.lsmayılovaya bildirilmişdir ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar"ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəanın 14-cü bəndinə əsasən, itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəanın 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Odur ki, doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədi təqdim etmədiyi üçün İddiaçı xahişinin təmin edilməsi imkanımız xaricində olmuş, bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmudur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub göndərərək nümayəndəsinin iştirakı olmadan işə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində iddiaçı məhkəmə baxışı iclasına gəlmədikləri halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2024-ci il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, tələbin icrasından imtina edilmişdir.

2. V-ЖГ 265825 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surəti.

3. V-ЖГ 265825 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surəti.

4. İ-ЗЖ 245034 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surəti.

5. İ-ЗЖ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin surəti.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İstinad edilən 13-cü bənddən göründüyü kimi, iddiaçı vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası üçün ərizə verən şəxs kimi yaşadığı ərazidə yerləşən qeydiyyat şöbəsinə müraciət edir və həmin ərazidə fəaliyyət göstərən qeydiyyat şöbəsi həmin ərizəni icra edir. İddiaçının anasının doğumu Ermənistan SSR-də qeydə alınıb. İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün hazırda məlum səbəblərdən Ermənistana gedə bilmir. Bu səbəbdən də, o, doğum akt qeydinin Azərbaycanda bərpa olunmasını istəyir. Hazırda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hər hansı rəsmidiplomatik münasibətlər olmadığından iddiaçı, yaşadığı yerin qeydiyyat şöbəsinə müraciət etmişdir. Ailə Məcəlləsinin 158.1-ci maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Bu səbəbdən də “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 19-cu bəndində göstərilən inzibati hərəkətin həyata keçirilməsinin (rəy və toplanmış digər materialların icra üçün Ermənistana göndərilməsinin) mümkün olmaması doğum akt qeydinin bərpasından imtina üçün legitim səbəb təşkil edə bilməz. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı dövlət mənafeyi üçün əhəmiyyət kəsb edir və vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir (16-cı bənd). Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir... (18-ci bənd). Doğum haqqında akt qeydinin bərpası dedikdə əvvəllər mövcud olmuş və ya müvafiq məlumatlara əsasən bərpa edilməsi mümkün olan akt qeydinin yenidən tərtibi başa düşülür.İş materiallarına əsasən iddiaçının mərhum anası barəsində təqdim edilən,eləcə də məhkəmə araşdırması nəticəsində əldə edilən sənədlər məhduddur. Yəni, X5 doğum haqqında akt qeydinin bərpa edilməsi o zaman mümkün ola bilərdi ki,ona və valideynlərinə dair mötəbər məlumatlar mövcud olsun. Doğum haqqında bərpa akt qeydində akt qeydi bərpa olunan şəxsə,eləcə də onun valideynlərinə münasibətdə sənədlər mövcud deyildir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “1925-ci il Yeğeqnadzor rayonu Qabaxlı kəndində anadan olmuş iddiaçının anası X5 doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar