Məhkəmə qərarları › İş №2-1(116)-1434/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1434/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1434/2022 28.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx xxxxxx 1978-ci il tarixdə Oğuz rayon rayon Şaldaş kəndində anadan olmuşdur. 10 yanvar 1997-ci il tarixdən tarixdən 13 aprel 1999-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 04 iyun 2000-ci il tarixdən 06 yanvar 2020-ci il tarixədək Azərbaycan Respublikası Azərbaycan Respublikası Milli Ordusunun bir sıra hərbi hissələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət etmişdir. 06 yanvar 2020-ci il tarixdə xidmət müddəti başa çatması əsası ilə Milli Ordudan ehtiyata buraxılmışdır. Ehtiyata buraxılandan sonra Oğuz rayon Çaldaş kəndində yaşayır. Ehtiyata buraxılandan sonra iddiaçıya nə mənzil, nə də fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılıb verilməmişdir. İddiaçıya 2022-ci ilin yanvar, fevral və mart aylarında müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay nağdsız qaydada kompensasiya ödənilmişdir. 2022-ci ilin aprel ayında ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənişi dayandırılmışdır. Bununla bağlı iddiaçı, cavabdehə rəsmi şəkildə müraciət etmişdir. Cavabdehdən daxil olmuş xx.xx.2022-ci il tarixli, 10/A-356 nömrəli məktubda qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsi tərəfindən Cavabdehnə təqdim etdiyiniz arayışa (19 yanvar 2022-ci il tarixli 10 nömrəli) əsasən “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin “156” cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı, bu əsasla ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsindən imtina edildiyi bildirilmişdir. Cavabdeh, xx.xx.2022-ci il tarixli etirazında iddianı qəbul etməmiş və xx.xx.2022-ci il tarixli imtina məktubunun dəlillərinə istinad edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə AR "Hərbi Xidmətkeçmə Haqqında" Əsasnaməsinin 156-cı maddəsinin "a" bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən "yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir". Göründüyü kimi, qeyd edilmiş qanunvericiliyin tələblərində "xidmət müddəti başa çatdığına görə" ehtiyata və ya istefaya buraxılmış hərbçilərə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin xx.xx.2022-ci il tarixli 475 nömrəli məktubuna qoşma əlavə edilmiş iddiaçının xidmət dəftərçəsindən görünür ki, iddiaçı, xx.xx.2019-cu ildə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "a" bəndinə əsasən ehtiyata buraxılmışdır. - SHXÇDX-nin Oğuz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə ehtiyata buraxılmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ünvanladığı izahatında inzibati işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: 146 (-). Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbihəkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə- ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü və dördüncü abzaslarında deyilir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarında da konkret olaraq ehtiyata və ya istefaya buraxılmış hansı hərbi qulluqçuların mənzil kirayə haqlarının ödənilməsi qeyd edilmişdir. Qərarda adları sadalanan hərbi qulluqçuların sırasında xidmət müddəti başa çatan hərbi qulluqçular göstərilməmişdir. Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-56/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da təsbit olunmuşdur. Həmin normalardan göründüyü kimi, müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi ehtiyata və ya istefaya buraxılmış bütün şəxslər üçün deyil, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslər üçün nəzərdə tutulmuşdur. İddiaçı isə yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə yox, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin dördüncü hissəsində nəzərdə tutulan hərbi qulluqçulara aid şərt iddiaçıya münasibətdə mövcud olmamışdır. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh iddiaçıya müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar