Məhkəmə qərarları › İş №2-1(116)-1437/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1437/2022

09.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1437/2022 09.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvəsini alan Ali Məhkəmənin 2- 1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli qərarlarının məcburi icra edilməsi və bir il ərzində əsassız məhkəmə çəkişmələrinə cəlb edilməsi barədə ona dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirməklə hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvəsini alan Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli qərarlarının məcburi icra edilməsi və bir il ərzində əsassız məhkəmə çəkişmələrinə cəlb edilməsi barədə ona dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirməklə hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra – “İPM”) 13-cü maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarının yoxlanılması zamanı müəyyən edilmişdir ki, o, Laçın rayonu, Qağayı qəsəbə ərazi dairəsi, Qağayı qəsəbəsində qeydiyyatdadır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarının 18.12ci bəndinə əsasən Laçın rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-in 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Göstərilənlərə əsasən iddiaçıya işin ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi məsələsinə 3 gün müddətində yazılı şəkildə münasibət bildirməsi təklif olunmuşdur. Eyni zamanda iddiaçının nəzərinə çatdırılmışdır ki, iddia tələbi məhkəmə qərarının məcburi icra edilməsinin təmin edilməsi ilə bağlı olduğundan həmin tələbə ayrıca icraat qaydasında baxıla bilməz. Belə ki, iddia ərizəsinə və ərizəyə əlavə etdiyi sənədlərə əsasən müəyyən edilir ki, tələbinə üç məhkəmə instansiyası tərəfindən baxılmış və iddiası təmin edilmişdir. Bildirilir ki, birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir. Məhkəmənin yardım məktubu xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, lakin iddiaçı tərəfindən münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini iş materialları və iddiaçının münasibəti ilə birlikdə araşdıraraq hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır. Məhkəmə bildirir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM- 2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İPM-34.1, ikinci cümlə). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.4-ci maddəsinin tələbinə əsasən isə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Normanın tələbindən də göründüyü kimi, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Həmin qanunun 43-cü maddəsinə görə inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddiaya ərazi aidiyyatı üzrə iddiaçının qeydiyyatda olduğu yerin məhkəməsində, yəni qeydiyyat ünvanı Laçın rayonu, Qağayı qəsəbə ərazi dairəsi, Qağayı qəsəbəsi olduğundan, Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarının 18.12-ci bəndinə əsasən Laçın rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 8, 16.3 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvəsini alan Ali Məhkəmənin 2- 1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli qərarlarının məcburi icra edilməsi və bir il ərzində əsassız məhkəmə çəkişmələrinə cəlb edilməsi barədə ona dəymiş maddi və mənəvi zərərin məhkəmə ekspertizası keçirməklə hesablanaraq ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar