Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-144/2021 30.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1974-1983-cü illərdə Zaqatala rayon “Nizami” adına kolxozda kolxozçu, xx.xx.1983-xx.xx.1999-cu illərdə X1 dərzi işlədiyi müddətin əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1958-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. O, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçıya ünvanlanan imtina məktubunda cavabdeh orqan qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi iş stajına dair sənədlərdə xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı və 25 il sığorta stajı olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəqiqləşdirmə aparmış və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd edilir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı yaşa görə əmək pensiyası təyin olunması tələbi ilə Zaqatala rayon filialına xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. İddiaçının qanunda nəzərdə tutulmuş 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində minimum pensiya təminatına imkan verən pensiya kapitalı olmadığı üçün iddiaçıya Zaqatala rayon filialı tərəfindən rəsmi surətdə imtina verilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yasına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının mübahisələndirilən iş illəri müvafiq olaraq 1974-1983-cü illərdə “Nizami” adına kolxozda və xx.xx.1983-cü illərdə və xx.xx.1999-cu illərdə X1 dərzi işlədiyi dövrlərdir. İş materiallarında olan arxiv arayışına əsasən iddiaçının 1974-1983-cü il tarixlərində Zaqatala rayon “Nizami” adına kolxozda işlədiyi görünür. Həmin iş illəri ərzində iddiaçının 1980-ci ildə əmək günü norması tələbini yerinə yetirmədiyi görünür (107 gün). Digər illər ərzində iddiaçı əmək günü normasını qazanmış və sözgüdən 1980-ci il ilə birlikdə iddiaçının “Nizami” adına kolxozda 9 il 3 ay stajı yaranmışdır. İddiaçının digər mübahisələndirilən iş illəri isə X1 dərzi işlədiyi dövrdür. Bununla bağlı olaraq iş materiallarına əlavə edilən iddiaçının həmin iş stajını yoxlamaq üçün Zaqatala rayon fililalı əməkdaşları və Zaqatala rayon Dövlət Arxivinin müdirinin iştirakı ilə tərtib olunmuş müayinə aktında qeyd olunur ki, İddiaçı 1983-cü ildə işə daxil olduğu görünür (xx.xx.1983). Lakin 1999-cu illərin əmr kitablarında İddiaçı işdən çıxma əmri aşkar edilməmişdir. İddiaçı hesablanmış son əmək haqqı 1995-ci ilin fevral ayında olmuşdur. Yoxlama aktı Zaqatala rayon Dövlət Arxivində, Zaqatala rayon Tikiş fabrikinin əmr kitabları və əmək haqqı cədvəlləri əsasında aparılmışdır. Beləliklə iş materiallarına əlavə olunan sənədlərə əsasən iddiaçının mübahisələndirilən 1983-1999-cu illərdə X1 işlədiyi dövrlər (1983-1995-ci illər) 11 il 5 ay 14 gün təşkil edir. İddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü ilədək işsizlik müavinəti aldığı dövr (6 ay) mübahisələndirilmir. İddiaçı mübahisələndirdiyi illərə dair sığorta stajı iş materiallarına əsasən ümumilikdə 21 il 2 ay 14 gün təşkil edir. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz." Yuxarıda qeyd edilən Qanunun müddəalarının məzmunundan göründüyü kimi qanunla müəyyən edilmiş yaş həddinə çatmış şəxsin pensiya hüququnun yaranması üçün tələb olunan əsas şərtlərdən biri sosial sığorta stajıdır. Lakin iddiaçının pensiya işinə əlavə edilmiş sənədlərdən göründüyü kimi onun sosial sığorta stajı ümumilikdə 21 il 2 ay 14 gündür. Belə olan halda müəyyən edilmiş yaş həddinə çatmış qadınlar üçün pensiya hüququ qazanmağın əsas şərti kimi azı 25 il sığorta stajın olması tələb kimi qeyd edilmişdir. İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunsuz hesab edilərək təmin edilməməlidir. Beləliklə İddiaçı iddia tələbində qeyd etdiyi is illərinə müvafiq olaraq sığorta stajı 21 il 2 av 14 gün olduğuna görə, yəni, qanunun 7-ci maddəsində təsbit edilmiş 25 il stajdan az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1958-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. İş materiallarında olan Zaqaratala Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 05 nömrəli arxiv arayışından görünür ki, iddiaçı “Nizami” adına kolxozda 1974-1983-cü illərdə müvafiq olaraq 180, 183, 362, 300, 200, 164, 107, 185, 207, 188 (norma 1974-1975 150 a/g, 1976-1983 160 a/g) adam günü olmaqla işləmişdir. Bu hal iş materiallarında olan xx.xx.2020-ci il tarixli aktın təsdiq edilmiş surətilə müəyyənləşdirilmişdir. İş materiallarında olan ******* nömrəli, xx.xx.1985-ci il tarixdə tərtib edilən əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək X1 dərzi işləmişdir. İş materiallarında olan DSMF publik hüquqi şəxsin Zaqatala rayon filialının xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilir ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu il tarixində yaranmışdır. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X1 dərzi işlədiyi (3 il 11 ay 21 gün) və əmək kitabçasında qeydiyyatı olmadığına görə xx.xx.1974-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Zaqatala rayon keçmiş “Nizami” adına kolxozda kolxozçu işlədiyi (9 il 3 ay) olmaqla cəmi 13 il 2 ay 21 gün təkil edir. İddiaçının mübahisələndirilməyən sığorta stajı əmək kitabçasının surətində qeyd edildiyi xx.xx.1983cü il tarixdən xx.xx.1995-ci il tarixədək X1 (11 il 5 ay 14 gün) və xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işsizlik müavinətinin təyin edildiyi (6 ay) müddət olmaqla cəmi 11 il 11 ay 14 gün təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ikinci aktın təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçının tikiş fabrikində iş stajı arxivlə qarşılıqlı yoxlanılmış və müəyyən edilmişdir ki, iddiaçı 1983-cü il tarixli, 224 nömrəli əmrlə tikiş fabrikinə işə qəbul edilmiş, lakin onun işdən azad olunması barədə müvafiq əmrlər 1999-cu ilin əmr kitablarında qeyd edilməmişdir. Həmçinin iddiaçının son əmək haqqı 1995-ci ilin fevral ayında hesablanmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1958-ci ildə doğulmuş və onun 61 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən də arxiv arayışlarının stajı təsdiq edən sənəd kimi qəbul olunması müəyyən olunduğu halda cavabdeh inzibati orqanın israrla əmək kitabçasının olmamasına əsaslanaraq vətəndaşın pensiya hüququnun reallaşmasına imkan verməməsinin səbəbi məhkəməyə aydın deyil. Cavabdeh inzibati orqan özü həmin arxiv arayışında qeyd olunan məlumatların mötəbərliyini aktlaşdırmaqla təsdiq etmiş, bunula belə yenə də əsassız olaraq iddiaçının “Nizami” adına kolxozda işlədiyi müddətin sığorta stajına daxil edilməsi hissəsində müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdehin imtinasının və etirazının digər dəlili iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixlərində X1 çalışdığı dövrlə bağlıdır. Əsas da o qeyd olunmuşdur ki, 1999-cu illərin əmr kitablarında İddiaçı işdən çıxma əmri aşkar edilməmişdir. İddiaçı hesablanmış son əmək haqqı 1995-ci ilin fevral ayında olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə ilk növbədə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 1995- 1999-cu illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Bununla bağlı yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. İnzibati orqan əmək kitabçasında və arayışda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. Həmçinin qeyd edilməlidir ki, hazırkı işdə bu məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına görə həll edilməlidir. Çünki iddiaçının əmək fəaliyyəti (1995-ci ildən 1999-cu ilədək) məhz həmin qanunun qüvvədə olduğu dövrə aiddir və müvafiq olaraq onların pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi məsələsi də həmin Qanunun tələblərinə görə həll olunmalıdır. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi xx xxxxxx 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. xx xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1995-1999-cu illərdə işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Belə olduqda iddiaçının tələb olunan 25 il stajı tamamlanır. (xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X1 dərzi işlədiyi 3 il 11 ay 21 gün + xx.xx.1974-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Zaqatala rayon keçmiş “Nizami” adına kolxozda kolxozçu işlədiyi 9 il 3 ay, cəmi 13 il 2 ay 21 gün + mübahisələndirilməyən 11 il 11 ay 14 gün = 25 il 02 ay 05 gün) Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xx.xx.1994-cü il tarixində X2 və xx.xx.1996-cı ildə X3 adlı övladları anadan olmuşdur. (XVİİİ-ЖГ seriyalı 395104 nömrəli və XİX- ЖГ seriyalı 385802 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərinə əsasən) "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin e) yarımbəndində qeyd olunmuşdur ki, iş stajına işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq daxil edilir. Göründüyü kimi, iş stajına bunlardan başqa işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət daxil edilir, bir şərtlə ki, həmin müddət hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmasın. Göründüyü kimi hətta iddiaçı 1995-ci ilin fevralından sonra əməkhaqqı almasa belə onun xx.xx.1995-ci ildən xx.xx.1996-ci ilə qədər və xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilə qədər körpə uşaqlara qulluq etdiyi müddət onun stajına daxil edilməlidir ki, bu zaman da iddiaçının tələb olunan 25 il stajı tamamlanacaqdır. (mübahisələndirilməyən 11 il 11 ay 14 gün + xx.xx.1974-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Zaqatala rayon keçmiş “Nizami” adına kolxozda kolxozçu işlədiyi 9 il 3 ay + 4 il 24 gün körpə uşaqlara qulluq etdiyi müddət = 25 il 3 ay 8 gün) “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının 25 ildən artıq sosial sığorta stajının olması təsdiqini tapdığından iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-144/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-144/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver