Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-144/2022 28.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun şəxsi hesab vərəqində silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********477800 nömrəli qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq tələbin dəqiqləşdirilməsi üçün hüquqi yardım edilmiş, iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun şəxsi hesab vərəqində silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edilmiş, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə aprel 2017-mart 2020-ci illər üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi olaraq xx.xx.2020-ci il tarixli **********137412 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmiş və xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarla iddiaçı cəmi 658504.26 manat vergi və maliyyə sanksiyası olmaqla vergi məsuliyyətin cəlb edilmişdir. İddiaçı, bütün mühasibatlıq sənədlərini yoxlayıcıya təqdim etdiyini bildirərək hesablamanın düzgün aparılmadığını bildirmiş və yuxarı vergi orqanına şikayət ərizəsi ilə müraciət etmiş, DVX-nin xx.xx.2021-ci il tarixli **********477800 nömrəli qərarı ilə inzibati şikayətin təmin edilməsindən imtina edilmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələbini cavabdeh orqan tərəfindən vergilərin düzgün hesablanmaması, yoxlamanın dayandırıldığı dövrdə bir sıra prossesual hərəkətlərin aparılması ilə əsaslandırmışdır. Cavabdeh orqan iddia tələbinə etirazında xx.xx.2020-ci il tarixli **********137412 nömrəli səyyar vergi yoxlaması aktında qeyd edilmiş məlumatlara istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində 14886273 manat (ƏDV-siz) dəyərində 20 vergi ödəyicisindən mal alındığı, bundan ********.62 manat (ƏDVsiz) malın "xxxx" MMC ilə iddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli “Distribüter” müqaviləsinin 4.2-ci bəndinə əsasən distribüterin malları satıcının müəyyənləşdirdiyi yerdə distribüterə bildirdiyi qiymətə satmalı olduğu halda vergi ödəyicisinin aldığı mallara ticarət əlavəsi tətbiq edilməklə satdığı müəyyən olunmuşdur. Eyni zamanda 2019-cu il üzrə pərakəndə ticarət üzrə 6190.10 manat, topdansatış üzrə 266372.50 manat fərqin olması müəyyən edilmişdir. Sun Food MMC və Qida-AGRO MMC-lərə ərzaq məhsullarının rəflərdə sərgiləndirilməsi xidməti üzrə 585129.10 manat elektron qaimə faktura təqdim edilmiş və nəticədə 329414.05 manat fərq aşkar edilmişdir. Pərakəndə ticarət obyektinə aylar üzrə verilmiş mallara görə uçot qurulmamış, vergi ödəyicisinin narazılıqları ilə bağlı gətirdiyi sübutlar öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərardan görünür ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə aprel 2017-mart 2020-ci illər üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. - KY201455363 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlanılan sahibkarlıq subyektinin adı İddiaçı Mahmud oğlu, (VÖEN**********), yoxlamanın müddəti xx.xx.2020-xx.xx.2020, yoxlanılan dövr xx.xx.2017 - xx.xx.2020, yoxlamanın növü – növbəti səyyar vergi yoxlaması, yoxlamanın tipi – plan üzrə (növbəti) və digər məlumatlar qeyd edilmişdir. - növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında bildirişdən görünür ki, iddiaçıya səyyar vergi yoxlaması başlayanadək təqdim etmədiyi bəyannamələri qeydiyyatda olduğu vergi orqanına təqdim etməsi təklif edilmişdir. Vergi yolamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamədən görünür ki, iddiaçıdan 15 gün müddətində xx.xx.2017-xx.xx.2020ci il tarixədək dövr ərzində baş kitab, dövriyyə cədvəlləri, NKA-nın fiskal hesabatları, ilkin mühasibat sənədləri, malların alış və satış sənədləri və digər sənədlərin təqdim edilməsi tələb edilmişdir. - xx.xx.2020-ci il tarixli tələb olunan sənədlərin təqdim edilməsindən imtina barədə aktdan görünür ki, zəruri olan sənədləri təqdim edilməsi ilə bağlı sənədlərin vergi ödəyicisinə xx.xx.2020-ci il tarixdə verilməsinə baxmayaraq, həmin sənədlərin xx.xx.2020ci il tarixədək yoxlamaya tam təqdim edilməməsi qeyd olunmuşdur. - səyyar vergi yoxlamasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vergi yoxlaması xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılmışdır. - səyyar vergi yoxlamasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vergi yoxlaması xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılmışdır. - dayandırılmış səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixli qərarla dayandırılmış səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdən bərpa edilmişdir. - səyyar vergi yoxlamasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vergi yoxlaması xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılmışdır. - dayandırılmış səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixli qərarla dayandırılmış səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdən bərpa edilmişdir. - səyyar vergi yoxlamasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vergi yoxlaması xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılmışdır. - səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərradan görünür ki, iddiaçının mülkiyyətində və istifadəsində olan daşınan əmlakın, malların, o cümlədən qeyri-maddi aktivlərin və pul vəsaitlərinin inventarizasiyasının aparılması təyin edilmişdir. - sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan və xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, iddiaçıdan xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində baş kitab, dövriyyə cədvəlləri, NKAnın fiskal hesabatları, ilkin mühasibat sənədləri, malların alış və satış sənədləri və digər sənədlərin götürülməsinin həyata keçirilməsi qərara alınmış, tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmişdir. - xx.xx.2020-ci il tarixli **********137412 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama xx.xx.2020-ci il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə başa çatmış, Sözügedən aktda vergi ödəyici tərəfindən nəzarət kitabçasının təqdim edilməməsi, faktiki olaraq ixtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olması qeyd edilmişdir. Aktın nəticə hissəsində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən gəlir vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 429270.91 manat azaldılmasına görə 50 faiz miqdarında yəni, 214635.46 manat maliyyə sanksiyası, büdcəyə çatası ƏDV-nin hesabatında göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 9538.94 manat azaldılmasına görə 50 faiz miqdarında, yəni 4769.47 manat maliyyə sanksiyasının, sadələşdirilmiş verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 488.40 manat azaldılmasına görə 50 faiz miqdarında, yəni 244.20 manat, ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 166.32 manat yayındırılmasına görə 50 faiz miqdarında yəni 83.16 manat maliyyə sanksiyasının, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. - cavabdehin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarından görünür ki, vergi yoxlaması nəticəsində gəlir vergisinin 429270.91 manat, ƏDV-nin 9538.94 manat və ödəmə mənbəyində tutulan verginin 166.32 manat məbləğində azaldılması müəyyən edilərək vergi məsuliyyətinə cəlb edilmiş, cəmi, 439976.17 manat hesablanmış vergilər və 219528.09 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır. - DVX-nin xx.xx.2021-ci il tarixli **********477800 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərarından görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, cavabdehin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - **********537400 nömrəli tələbnamədən görünür ki, büdcəyə ödənilməli olan cəmi 658504.26 manat pul məbləğinin 5 gün müddətində ödənilməsi iddiaçıdan tələb edilmişdir. Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, iddiaçı tərəfindən inzibati qaydada yuxarı orqanda mübahisələndirilmiş, yuxarı orqanın xx.xx.2021-ci il tarixli **********477800 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi müddətlə bağlı xüsusi mümkünlük şərtinə cavab verir. Həmçinin, iddia qismən əsaslıdır. Tətbiq edilən hüquq. Vergi Məcəlləsi Maddə 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən iş günündən çox olmayan müddətə uzadıla bilər:... 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.1-1. Bu Məcəllənin 49.1.4-cü – 49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. ... 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4.-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Mübahisələndirilən qərarla iddiaçıya hesablanmış vergi məbləğinin düzgün hesablanmaması cavabdeh orqan tərəfindən təqdim edilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/210 nömrəli rəyi ilə müəyyən olunur. Belə ki, rəyin nəticə hissəsində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması aktında göstərilən hesablamalar əsaslı hesab olunduğu təqdirdə dövlət büdcəsinə ödənilməli olan vergilərin 438976.17 manat (429270.91 manat gəlir vergisi + 9538.94 manat ƏDV + 166.32 manat ödəmə mənbəyində tutulan vergi), mütəxəssis rəyində göstərilənlər əsaslı hesab olunduğu təqdirdə isə dövlət büdcəsinə ödənilməli olan əlavə verginin məbləği 120419.75 manat (73250.78 manat ƏDV+47002.65 manat gəlir vergisi + 166.32 manat ödəmə mənbəyində tutulan vergi) müəyyən olunur. Sözügedən rəydən görünür ki, ekspert, aktda qeyd edilmiş hesablamalar və mütəxəssis rəyində göstərilənlər əsaslı hesab olunduğu təqdirdə həm səyyar vergi yoxlaması aktı, həm də mütəxəssis rəyi ilə hesablanmış əlavə verginin məbləğinə münasibətdə hesablamanın düzgün aparılması qənaətinə gəlmişdir. Məhkəmə xx.xx.2021-ci il tarixdə fərdi sahibkar İddiaçı vergi məbləğinin dürüstləşdirilməsi məqsədilə “Mütəxəssi cəlb edilməsi haqqında” qərar qəbul edilməsini və mütəxəssis rəyinin vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin istintaq və təhqiqat idarəsinin ekspertiza tədqiqatına 10 cilddən ibarət cinayət işi materiallarının təqdim edilməsini nəzərə alaaraq, iddiaçının vergi borcunun hesablanması ilə bağlı sonuncu hesablamanı, yəni mütəxəssis tərəfindən müəyyən edilmiş vergi borcunun məbəlğinin sübuta yetirilməsi qənaətinə gəlir. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə 2- 1(116)-144/2022 nömrəli qərardadla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspert tərəfindən xx.xx.2022-ci il tarixli vəsatət təqdim edilərək iddiaçının fəaliyyəti üzrə hesablanmış vergilərə dair ilkin mühasibatlıq sənədləri (qaimə fakturalar, VHF-lər, ödəniş sənədləri), gəlirin əldə dilməsi ilə bağlı xərc sənədləri, baş kitab, dövriyyə cədvəlləri, NKA-nın fiskal hesabatları və s. Təqdim edilməsi xahiş edilmişdir. Tələb edilən sənədlər iddiaçıda istənilmiş, iddiaçı özündə olan bütün sənədləri təqdim etdiyini bildirmişdir. İddiaçının təqdim etdiyi bütün sənədlər ekspertiza tədqiqatına verildiyindən əlavə sənədlərin ekspertə təqdim edilməsi mümkün olmamış, təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından xx.xx.2022-ci il tarixdə imtina edilmişdir. İş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçı, mühasibatlıq sənədlərinin olduqca çox olmasını bildirməsinə baxmayaraq, əlavə sənədlərin təqdim edilməsini təmin etməmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edildiyi kimi 10 cilddən ibarət cinayət işi üzrə təqdim edilmiş sənədlər əsasında verilmiş mütəxəssis rəyini iş üzrə obyektiv həqiqətin aşkar edilməsi üçün yetərli hesab edir. Belə olan halda mübahisləndirilən qərar 477874.65 manat vergi borcunun hesablanması hissəsində ləğv edilməli, 180629.61 manat vergi məbləği və maliyyə sanksiyasına münasibətdə isə əsaslı hesab edilməlidir. Yoxlamanın dayandırıldığı dövrdə tələbnamənin verilməsi, götürülmə və inventarizasiyanın aparılması ilə bağlı iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, müvafiq hərəkətlər edilməzdən əvvəl dayandırılmış səyyar vergi yoxlaması bərpa edilmişdir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı hesablanmış 477874.65 manat vergi məbləği və maliyyə sanksiyası hissəsində ləğv edilir və həmin məbləğin iddiaçının şəxsi hesab vərəqindən silinməsi silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulur. Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 180629.61 manat vergi məbləği və maliyyə sanksiyasına münasibətdə ləğv edilməsi hissəsində iddia tələbi təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-144/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-144/2022
28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver