Məhkəmə qərarları › İş №2-1(116)-144/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-144/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-144/2024 31.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Sulut kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı rayonu Sulut kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.1972-cı il təvəllüdlüdür. O,ilkin olaraq Şəki İnzibati-İqtisadi Məhkəməsinə idda ərizəsi ilə müraciət edərək torpaq sahəsinə çıxarışın verilməsi tələbi ilə müraciət etmiş və işə mahiyyəti üzrə baxılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2016-ci il 07 sentyabr tarixli, 2-1(84)-698/2016 qərarı ilə təmin edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkilinə hazırkı iddia ərizəsində göstərilən tələbinə, yəni İsmayıllı rayonu Sulut kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinə dair işə mahiyyəti üzrə baxıldığı, ifadə formasının dəyişdirilməsinə baxmayaraq hüquqi marağının eyni qalması, bu səbəbdən də iddianın mümkünlüyü barədə məhkəmənin hüquqi mövqeyi izah olunmuşdur. İddiaçının vəkili məhkəmənin hüquqi mövqeyi ilə razılaşmayaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən və əlavə edilən sənədlərdən müəyyən edilir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı İsmayıllı rayonu Sulut kəndi ərazisində yerləşən iddiaçının adına sənədləşdirilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə araşdrıması zamanı məlum olmuşdur ki, iddiaçı İsmayıllı rayonu Sulut kəndi üzrə sovxozun xx.xx.1994-cü il tarixli 65 nömrəli əmri ilə verilmiş 0.12 ha və xx.xx.1995-ci il tarixli əmri ilə verilniş 0.08 ha həyətyanı torpaq sahələrinin tərkibinə daxil olan 0,1845 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbini irəli sürür. İddiaçı 2012-ci ildə həmin torpaq sahəsinə planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinə həvalə edilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2013-cü il tarixli 2-2(84)-36/2013 nömrəli qərarından görünür ki, İddiaçı istifadəsində olan İsmayıllı rayon Kələzeyvə kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinə həvalə edilməsi tələbi təmin edilməmişdir. İddiaçının hazırkı cavabdehə qarşı “İsmayıllı rayonu Kələzeyvə kəndində qanuni istifadəsində olan 0.1845 ha həyətyanı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alıb çıxarışın verilməsi” barədə iddia tələbi Şəki İnzibati- İqtisadi Məhkəməsinin 2016-ci il 07 sentyabr tarixli, 2-1(84)-698/2016 nömrəli qərarı ilə mümkün sayılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İddiaçı iddia tələbini və ifadə formasını fərqli təqdim etməsinə baxmayaraq nail olmaq istədiyi hüquqi nəticə eyni qalmaqdadır.Məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirə aparıldığından iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Plenum Qərarında qeyd olunur ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Yuxarıda qeyd olunan halları və iddiaçının hüquqi marağını,nail olmaq istədiyi hüquqi nəticəni nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə müvafiq dəqiqləşdirmə aparılmasına zərurət mövcud olmamış, belə dəqiqləşdirmənin aparılması iddianın mümkünlük şərtlərinə təsir göstərməyəcəyindən hazırkı iddia ərizəsi çərçivəsində iddianın mümkünlüyünə hüquqi qiymət verilməlidir. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Yuxarıda qeyd olunanlardan göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunanlara əsasən, məhkəmə, qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Sulut kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar