Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1442/2025 13.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Velicanova Fidan Telman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı ünvan 1 ünvanında yerləşən A1 fərdi yaşayış evi və həmin evin tikinti altında olan 0,006891 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun ayrıca qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay şəhəri Ə.Səmədli küçəsi ev 20 ünvanında yerləşən 2/12 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən A və A1 fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi, eləcədə vurulmuş ziyana görə 5000 manat vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, Göyçay şəhəri Ə.Səmədli küçəsi ev 20 ünvanında yerləşən A1 fərdi yaşayış evi və həmin evin tikinti altında olan 0,006891 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun ayrıca qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: - Göyçay Rayon Məhkəməsinin 14 10.2023-cü il tarixli, 2(046)-1466/2022 saylı qətnaməsi ilə ünvan 2 ünvanda yerləşən və mərhum atası X3 məxsus fərdi yaşayış evindən ibarət miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi və həmin miras əmlaka dair vərəsəlik hüququnun tanınması qət edilmişdir. Həmin qətnamə əsasında ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən tərəfindən ona çıxarış və texniki pasport verilmişdir. Bundan sonra mülkiyyətində olan fərdi yaşayış evindən, eləcə də paylı mülkiyyətdə olan torpaq sahəsindən naturada istifadə edilməsi ilə bağlı X4 ilə mübahisə yarandığından Göyçay Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, ünvan 2 ünvanda yerləşən ümumilikdə 0,50255 ha paylı mülkiyyətdə olan torpaq sahəsindən 2/12 payın və həmin topaq sahəsinin üzərində yerləşən A və A1 fərdi yaşayış evlərinin naturada ayrılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1466/2023 saylı qətnaməsi ilə iddia tələbim təmin edilmiş, ünvan 2 ünvanda yerləşən və mülkiyyətində olan 2/12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən A və A1 fərdi yaşayış evləri əlavə edilmiş sxemə uyğun naturada ayrılması qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra o, cavabdeh inzibati orqana müraciət edərək, müvafiq rəsmiləşdirilmə aparılması xahiş etmişdir. Müraciəti əsasında idarənin əməkdaşları bölgü planı çəkmiş, mülkiyyətində olan torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evlərinin naturada yerləşmə vəziyyəti ətraflı qeyd edilərək, təsdiq edilmişdir. Bundan sonra o, ünvan 2 ünvanda yerləşən A və A1 fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün inzibati orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı Göyçay şəhəri Ə.Səmədli küçəsi ev 20 ünvanında yerləşən 2/12 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən A və A1 fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi, eləcədə vurulmuş ziyana görə 5000 manat vəsaitin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 16 saylı Ucar ərazi idarəsi üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı ərizədə qeyd olunanlarla bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq 3-21-3- 36/2- 4295/2024 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli məktub ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)- 773/2023 saylı qətnaməsi ilə 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, xx.xx.2023-cü il tarixli, **********68-1031 reyestr nömrəli (********** qeydiyyat nömrəli) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-773/2023 nömrəli qətnaməsi və ona əlavə olunmuş bölgü planı, xx.xx.2023-cü il tarixli, 408-1/7585 inventar nömrəli fərdi yaşayış evinə dair texniki pasport. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********68-1031 reyestr nömrəli (********** qeydiyyat nömrəli) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0,050255 ha torpaq sahəsinin 2/12 hissəsi, həmçinin A və A1 fərdi yaşayış evləri iddiaçının mülkiyyətindədir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-773/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı “payın naturada ayrılması” barədə iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanda yerləşən və mülkiyyətində olan 2/12 ha torpaq sahəsi həmin torpaq sahəsi üzərində yerləşən A və A1 fərdi yaşayış evləri əlavə edilmiş sxemə uyğun naturada ayrılması qət edilmişdir. İddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı sözügedən ünvanda yerləşən A1 fərdi yaşayış evi və həmin evin tikinti altında olan 0,006891 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququnun ayrıca qeydə alınmasına nail olmaqdır. İşdə olan bölgü planı ilə müəyyən edilir ki, A1 fərdi yaşayış evinin tikinti altı sahəsi 0,006891 hektardır. 0,050255 ha torpaq sahəsinin 2/12 hissəsində iddiaçının payı 0,008 ha olduğundan tikilinin və onun yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının tam mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və ayrıca hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetsrindən çıxarışla rəsmiləşdirilməsi mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. İstinad edilən norma qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında inzibati orqanın üzərinə hər hansı öhdəliyin qoyulmasını və ya həmin inzibati orqanın məhkəmə icraatının iştirakçısı olmasını şərt kimi təsbit etmir. Burada diqqət edilməli olan əsas məqam həmin məhkəmə qərarında şəxsin iddia etdiyi daşınmaz əmlak üzərində hüququn məhz həmin şəxsə məxsus olduğunun təsdiq edilib-edilmədiyidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.3-cü maddələrinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktlarıdır. Daşınmaz əmlakın dövlət reyestrində də, məhz Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq əldə edilmiş hüquqlar qeydə alınmalıdır. Qeydiyyat orqanının bu hüququ qeyd almaq öhdəliyi isə bilavasitə qanundan irəli gəlir. Yəni, bu öhdəlik onun üzərinə qanunla qoyulub və o, bu öhdəliyi həmin qanunun tələbinə uyğun icra etməlidir. Göstərilənlərə əsasən sırf icraat iştirakçısı olmadığı və ya məhkəmə qərarının bilavasitə məhkəmə tərəfindən qeydiyyat orqanına təqdim olunmadığı, yaxud da məhkəmə qərarında qeydiyyat orqanının üzərinə konkret əmlak üzərində şəxsin hüququnun reyestrdə qeydə alınması barədə öhdəliyin birbaşa göstərilmədiyinə dair hallardan çıxış etməklə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina yolverilməzdir. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 16 saylı ünvan 3 ünvanında yerləşən A1 fərdi yaşayış evi və həmin evin tikinti altında olan 0,006891 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququnun ayrıca qeydə alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.