Məhkəmə qərarları › İş №2-1(116)-1447/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1447/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1447/2024 21.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “27 iyun 2018ci il tarixli 2-1(84)-501/2018 nömrəli qərarını 29 avqust 2018-ci il tarixdən hal hazırdakı vaxtadək yerinə yetirmədiyi və bunun müqabilində 29 avqust 2018-ci il tarixdən məhkəmə qərarı çıxacaq tarixədək iddiaçıya dəymiş maddi ziyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “27 iyun 2018ci il tarixli 2-1(84)-501/2018 nömrəli qərarını 29 avqust 2018-ci il tarixdən hal hazırdakı vaxtadək yerinə yetirmədiyi və bunun müqabilində 29 avqust 2018-ci il tarixdən məhkəmə qərarı çıxacaq tarixədək iddiaçıya dəymiş maddi ziyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2018-ci il tarixli 2- 1(84)-501/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı 2005-2010-cu illər ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə və əldə etmədiyi əşya əmlakı üzrə kompensasiyanın hesablanıb ödənilməsi öhdəliyi qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmiş və qərardan çıxarış icra edilməsi üçün xx.xx.2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir. Lakin,qərar tam icra olunmadığından hazırda maddi çətinlik çəkir,anasının pensiyası ilə ailəsini dolandırır,odur ki cavabdeh tərəfindən qərarın icrasının təmin edilməməsi səbəbindən ona müvafiq maddi ziyan dəymişdir. Hazırkı mübahisə ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciətinə cavab verilməmişdir. Cavabdeh orqan iddia ərizəsinə münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Əsaslandırma hissəsi: İPM-in 2.2, 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, İddia mümkün iddia olsa da mahiyyət etibarı ilə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2018-ci il tarixli 2-1(84)-501/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı 2005-2010-cu illər ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə və əldə etmədiyi əşya əmlakı üzrə kompensasiyanın hesablanıb ödənilməsi öhdəliyi qoyulmuşdur. Lakin,hazırkı tələbdə iddiaçı tərəfindən ona dəymiş maddi ziyanın məbləği və dəymiş ziyanın nədən ibarət olduğu göstərilməmişdir.Digər bir məsələ ziyan tələbi zamanı cavabdehin hərəkəti ilə dəymiş ziyan arasında səbəbli əlaqə olmalıdır. Ümumiyyətlə, bir hadisənin maddi ziyanı yaratdığını sübut etmək üçün aşağıdakı məsələləri araşdırmaq lazımdır:

1. Ziyanın müəyyənləşdirilməsi: İlk növbədə, yaranmış maddi ziyanı dəqiq bir şəkildə müəyyənləşdirmək lazımdır. Bu, maliyyə itkiləri, əmlak ziyanı, tibbi xərclər və ya başqa bir maddi ziyan ola bilər.

2. Səbəbli əlaqənin sübutu: Səbəbli əlaqə, ziyanın meydana gəlməsi ilə həmin ziyanı yaradan hadisə arasında birbaşa bir əlaqə olduğunu sübut etməyi tələb edir. Yəni, ziyanın yaranmasına səbəb olan hadisənin konkret bir nəticəsi olduğunu sübut etməlisiniz. İndiki halda iddiaçı tərəfindən müvafiq qərarın icrası nəticəsində ona ödənilməli məzuniyyət günlərinə və əldə etmədiyi əşya əmlakı üzrə kompensasiyanın verilməsi barədə qərar qəbul edilmişdir.İddiaçı həmin qərarın icrasını icra icraatı qaydasında tələb edə bilər.Nəticə etibarı ilə cavabdehin hərəkəti nəticəsində iddiaçıya hər hansı maddi zərərin dəymiş olması iddiası əsassızdır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İnzibati icraat” haqqında Qanunun : 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə yuxarıda qeyd olunanlar yekun vuraraq qeyd edir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi ziyan dəyməsi öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “27 iyun 2018ci il tarixli 2-1(84)-501/2018 nömrəli qərarını 29 avqust 2018-ci il tarixdən hal hazırdakı vaxtadək yerinə yetirmədiyi və bunun müqabilində 29 avqust 2018-ci il tarixdən məhkəmə qərarı çıxacaq tarixədək iddiaçıya dəymiş maddi ziyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar