Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-145/2020 24.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “1980-1985-ci illərdə Ucar rayon Bərgüşad kənd sabiq “Qırmızı Oktyabr” adına kolxozda işlədiyi 1 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və 30 aprel 2019-cu il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1963-cü il tarixdə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur. 1980-1985-ci illərdə Ucar rayonu Bərgüşad kənd sabiq “Qırmızı Oktyabr” adına kolxozda kolxozçu işləmişdir. Lakin onun 20.07.1990-cı il tarixdə anadan olmuş qızı Bəkirova Elnaz Şakir qızı sağlamlıq imkanı məhdud olan uşaq olduğundan, hal-hazırda isə 1-ci qrup əlil olduğundan uşağı anadan olduqdan sonra heç bir yerdə işləyə bilməmiş və ona baxmaq məcburiyyətində qalmışdır. Belə ki, o, heç bir yerdə işləmədən 30.09.1992-ci il tarixdən 30.09.1994-cü il tarixədək, 23.11.1994-cü il tarixdən 01.12.1998-ci il tarixədək, 12.01.1999-cu il tarixdən 20.07.2006-cı il tarixədək 16 yaşınadək sağlamlıq imkanı məhdud, 25.07.2006-cı il tarixdən hal-hazıradək isə müddətsiz ümumi səbəbdən 1-ci qrup əlil uşağı Bəkirova Elnaz Şakir qızına qulluq etmişdir. (Əslində o uşağı doğulan gündən indiyədək həmin uşağa qulluq edir. Sadəcə olaraq o bununla bağlı tərtib olunmuş və iddia ərizəsinə əlavə edilmiş akta əsasən yuxarıda qeyd etdiyi tarixləri göstərir. Həmin tarixlər arasında fasilələrin yaranmasına səbəb isə əlillik dərəcəsinin verilməsinin müddətinin başa çatması və yenidən uşağına əlillik dərəcəsi verilməsi ilə bağlı arada yaranan fasilələrdir). O, aidiyyəti sənədləri də təqdim edərək ona uşaqlıqdan əlil uşağın anası kimi yaşa görə pensiya təyin etməsi üçün cavabdeh dövlət orqanına müraciət etsə də həmin orqanın 12.09.2019-cu il tarixli məktubu ilə bundan imtina olunmuşdur. Həmin imtinada inzibati orqan özü də göstərmişdir ki, “Əmək pensiyaları haqqında “Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyyə etmiş anaların bu qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır və həmin qanunun 21.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan 1-ci qrup əlilə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Burdan da görünür ki, cavabdeh inzibati orqan onun 1-ci qrup əlilə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddətinin sosial sığorta stajına daxil edilməli olmasını qəbul edir. Bununla belə həmin orqan imtinasını onunla əsaslandırmağa çalışır ki, onun 1980- 1985-ci illərdə Ucar rayonu Bərgüşad kənd sabiq “Qırmızı Oktyabr” adına kolxozda işləməyi əmək kitabçasında qeyd edilməmişdir. Halbuki, bununla bağlı arxiv arayışını o inzibati orqana təqdim etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəmənin 23.06.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “iddiaçının 1980-1985-ci illərdə Ucar rayon Bərgüşad kənd sabiq “Qırmızı Oktyabr” adına kolxozda işlədiyi 1 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona 30 aprel 2019-cu il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. İşdə olan Ucar rayon Dövlət Arxivi tərəfindən verilmiş 01.04.2019-cu il tarixli 20 nömrəli arxiv arayışlarından görünür ki, İddiaçı 1980-1985-ci illərdə Ucar rayon Bərgüşad kənd sabiq “Qırmızı Oktyabr” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Ucar rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli 2(063)-365/2019 nömrəli Qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Ucar rayon dövlət arxivi tərəfindən verilmiş 01.04.2019-cu il tarixli, 20 nömrəli arxiv arayışının hüquq-müəyyənedici sənədin ərizəçi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucra rayon şöbəsinin 06.09.2019-cu il tarixli aktından görünür ki, Bəkirova Elnaz Şakir qızı uşaqlıqdan müddətli əlildir və kənar şəxsin köməyinə çox ehtiyacı var. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucra rayon şöbəsinin 11.09.2019-cu il tarixli arayışından görünür ki, iddiaçı övladı Bəkirova Elnaz Şakir qızı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehndən 30.09.1992-ci il tarixdən 30.09.1994-cü il tarixədək, 23.11.1994-cü il tarixdən 01.12.1998-ci il tarixədək, 12.01.1999-cu il tarixdən 20.07.2006-cı il tarixədək 16 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara ödənilən müavinət, 25.07.2006-cı il tarixdən isə müddətsiz ümumi səbəbdən 1(birinci) qrup əlildir. Hazırda 150.0 (bir yüz əlli) manat məbləğində sosial müvainət, 100.0 (bir yüz) manat məbləğində Prezident təqaüdü alır. İşdə olan 22.11.2019-cu il tarixli 030624 nömrəli əlillik vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucra rayon şöbəsi tərəfindən Bəkirova Elnaz Şakir qızına İ qrup əlillik vəsiqəsi verilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 11.12.2020-ci il tarxili məktubundan görünür ki, Ucar rayon Bərgüşad kənd sabiq “Qırmızı Oktyabr” kolxozunda qadınlar üçün minimum adam günü norması 1980-1984-cü illərdə 200, 1985-ci ildə isə 140 adam günü olmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 07.02.2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı 1980-1985-ci illərdə kolxozda işlədiyi müddətin onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs olduğu üçün, sağlamlıq imkanları məhdud İ qrup əlil uşağına xidmət müddəti nəzərə alınmaqla əmək pensiyası almaq hüququ yaranır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 06.09.2019-cu il tarixli 1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə aktdan görünür ki, İddiaçı 30.09.1992-ci il tarixdən 30.09.1994-cü il tarixədək, 23.11.1994-cü il tarixdən 01.12.1998-ci il tarixədək, 12.01.1999-cu il tarixdən 20.07.2006-cı il tarixədək sağlamlıq imkanları məhdud uşağına və 25.07.2006-cı il tarixdən 30.04.2019-cu il tarixədək 1-ci qrup əlil uşağı Bəkirova Elnaz Şakir qızına qulluq etmişdir. Əmək pensiyasının təyinatı zamanı sosial sığorta stajına hesablanacaq müddət 26 il 03 ay 21 gün təşkil edir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara DSMF-nin Ucar rayon Şöbəsinin 12.09.2019-cu il tarixli **********7 nömrəli imtina məktubu, AZE seriyalı ******** nömrəli, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, XV ЖГ seriyalı 289024 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, Cavabdeh 11.12.2020-ci il tarxili məktubu və ona əlavə edilmiş Bəkirova Elnaz Şakir qızının 13 vərəq müavinət işinin təsdiq olunmuş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iddiaçı bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, cavabdeh məktub göndərərək iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, kolxozda işlədiyi müddət sığorta stajına daxil ediləcəyi təqdirdə onun 30.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. İddiaçı xx.xx.1963-cü il tarixində anadan olmuşdur. İşdə olan Cavabdeh 07.02.2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı 1980-1985-ci illərdə kolxozda işlədiyi müddətin onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs olduğu üçün, sağlamlıq imkanları məhdud İ qrup əlil uşağına xidmət müddəti nəzərə alınmaqla əmək pensiyası almaq hüququ yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.2.4-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 26.09.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1980-1985-ci illərdə Ucar rayon Bərgüşad kənd sabiq “Qırmızı Oktyabr” adına kolxozda işlədiyi 1 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və iddiaçıya 30 aprel 2019-cu il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edilsə də, iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə xərci iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 1980-1985-ci illərdə Ucar rayon Bərgüşad kənd sabiq “Qırmızı Oktyabr” adına kolxozda işlədiyi 1 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona 30 aprel 2019-cu il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-145/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-145/2020
24.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver