Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-145/2021 05.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “üzərindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılma əsasının götürülməsi (ləğv edilməsi) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şəki rayonunda yerləşən N saylı hərbi hissəsinə hərbi xidmətə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “üzərindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılma əsasının götürülməsi (ləğv edilməsi) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şəki rayonunda yerləşən N saylı hərbi hissəsinə hərbi xidmətə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N6-cı il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şəki rayonunda yerləşən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində hərbi xidmətə başlamışdır. xx.xx.N6-cı il tarixdən çavuş, xx.xx.N8-ci il tarixdən isə kiçik gizir hərbi rütbəsində hərbi xidməti davam etdirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanlığının xx.xx.N9-cu il tarixli, 100 nömrəli Əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Lakin iddiaçı hesab edir ki, o, bilərəkdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Həmçinin iddiaçı bildirir ki, onun ehtiyata buraxılması “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci, 162-ci, 163-cü, 165-ci və 168-ci maddələrinin tələblərinə riayət edilmədən həyata keçirilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı ərizəsində ehtiyata buraxılması ilə razı olmadığını, qəsdən xidmətə uyğunsuzluğa görə ehtiyata buraxıldığını, xidmətə başladığı vaxtlarda birbaşa komandirinin öz otağına çağıraraq ona dediklərini etmədiyi halda işləməyə imkan verməyəcəyini bildirməsini, komandirə yalnız nizamnamə və qanun çərçivəsində xidməti vəzifələrini icra edəcəyini bildirməsini, bundan sonra komandirin onunla prinsip apararaq əhəmiyyət kəsb etməyən nöqsanları qəsdən qabardaraq töhmət verməsini, öz xahişi ilə ərizə yazaraq işdən çıxmasını istədiklərini, razılaşmadığı üçün onu xidməti uyğunsuzluğa görə ehtiyata buraxdıqlarını bildirsə də, məlum olmuşdur ki, o N saylı hərbi hissədə xidmət etdiyi müddət ərzində dəfələrlə yol verdiyi intizam pozuntularına görə müxtəlif vaxtlarda intizam qaydasında cəzalandırılmışdır. Belə ki, xx.xx.N7-ci il tarixdə hərbi hissə komandiri tərəfindən şəxsi vəsiqəni göstərişlərin tələblərinə uyğun olaraq saxlamadığına və qorunmasına laqeyd münasibətinə görə “Töhmət”, xx.xx.N8-ci il tarixdə N saylı hərbi hissənin ayrı yerləşən patrul taborunun komandirinin müavini-Qərargah rəisi tərəfindən xidmətdə olarkən mobil telefondan istifadə etdiyinə və xidməti düzgün təşkil etmədiyinə görə “Töhmət”, xx.xx.N8-ci il tarixdə bölük komandiri tərəfindən böyük rəisi aldatmağa cəhd göstərdiyinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq mobil telefonu xidmətə gələrkən təhvil vermədiyinə və bölüyün baş çavuşu vəzifəsinin məsuliyyətini dərk etmədiyinə görə “Töhmət” və xx.xx.N9-cu il tarixdə N saylı hərbi hissənin ayrı yerləşən patrul taborunun komandirinin MTT üzrə müavini tərəfindən yeməkxana növbətçisi qismində xidmət apararkən əsgər yeməkxanasında səliqə-sahmanın aparılması və yeməkxana fəhlələrinin xidmətinə zəif nəzarət etdiyinə görə “Töhmət” intizam cəzaları ilə cəzalandırılmışdır. N saylı hərbi hissə komandirinin xx xxxx N9-cu il tarixli N nömrəli əmri ilə hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb olunmuşdur. Yuxarıda göstərilənlərdən məlum olur ki, sabiq hərbi qulluqçu İddiaçı intizam qaydalarına ciddi riayət etməmiş, dəfələrlə intizamsızlığa yol vermiş, hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb edilərək barəsində rəy tərtib olunmuş, həmin məhkəmə tərəfindən onun Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması barəsində Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanının qarşısında vəsatət qaldırılmış və Daxili İşlər nazirinin müavini- Daxili Qoşunların komandanının xx xxxx N9-cu il tarixli 100 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx xxxx N9-cu il tarixli 186 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrə ehtiyata buraxılmışdır. İddiaçı ərizəsində qeyd etdiyi kimi ona qarşı heç bir qərəzli münasibət göstərilməmiş, xidmət zamanı yol verdiyi nöqsanlara görə hərbi nizamnamələrin tələblərinə uyğun olaraq intizam qaydasında cəzalandırılmış, tətbiq olunmuş intizam cəzalarından nəticə çıxartmadığına görə hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsində dinlənilmiş, şərəf məhkəməsinin xx.xx.N9-cu il tarixli qərarına əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrə ehtiyata buraxılması haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddaçı İddiaçı ərizəsində ehtiyata buraxılarkən hüquqi normalara düzgün əməl edilmədiyini, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci və 162-ci maddələrinə əsasən ehtiyata buraxılarkən onunla fərdi söhbət aparılmadığını və xəbərdar edilmədiyini, əsasnamənin 163-cü maddəsinə əsasən səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsinin müəyyənləşdirilməsi üçün hərbi-həkim komissiyasına göndərilmədiyini, əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata buraxılarkən hərbi hissə komandiri tərəfindən ehtiyata və istefaya buraxılma əmrinin elan olunmamasını, əsasnamənin 168-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılma haqqında əmrin verilməsindən əvvəl qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilmişsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilmişsə dəyişikliyə yol verilməsini bildirmişdir. Qeyd edilir ki, iddiaçı ərizəsində qeyd olunan hüquqi normativ sənədlərin tələblərini öz mənafeyinə uyğun şərh etmişdir ki, bu qanunvericiliyin tələblərinə ziddir. Beləki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsi həmin əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrə ehtiyata buraxılan hərbi qulluqçular üçün deyil, xidmət müddətinin bitməsi ilə əlaqədar həqiqi hərbi xidmətdən ehtiyata və yaxud istefaya buraxılan hərbi qulluqçular üçün nəzərdə tutulmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinin tələblərinə əsasən ehtiyata buraxılarkən onunla fərdi söhbət aparılmış, bu barədə İddiaçı Silahlı Qüvvələrə ehtiyata buraxılması barədə xahiş etməsi qeydiyyatı aparılmış və özü tərəfindən hər iki söhbət vərəqinə imza atılmışdır. Söhbət vərəqəsi İddiaçı adına tərtib edilmiş şəxsi işinə əlavə olunmuş və hal-hazırda SHXÇDX-nin Şəki şəhər şöbəsində saxlanılır. Həmçinin İddiaçı ərizəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 163-cü maddəsinə əsasən səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsinin müəyyənləşdirilməsi üçün hərbi-həkim komissiyasına göndərilmədiyini bildirsə də onun tərəfindən yazılmış xx.xx.N9-cu il tarixli 3806 nömrəli raportda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə şərəf məhkəməsinin qərarı ilə razı olduğu, heç bir şikayətinin olmadığı, gələcəkdə Daxili Qoşunlarda işə qəbul olunmağı üçün müraciət etməyəcəyini bildirsə də hərbi-həkim komissiyasına təqdim olunması barədə müraciəti olmamışdır. Raport İddiaçı adına tərtib edilmiş şəxsi işinə əlavə olunmuş və hal-hazırda SHXÇDX-nin Şəki şəhər şöbəsində saxlanılır. Həmçinin, iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx N5-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri İlkin şərt onun zəruri olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırkı halda iddiaçının mübahisələndirdiyi akt barəsində məhkəməyə şikayət verilməmiş inzibati aktdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati akt N9-cu il 25 iyul tarixində qəbul edilmiş və bu barədə iddiaçının ******* nömrəli hərbi biletində 21-ci səhifədə qeyd aparılmışdır. Göründüyü kimi iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması haqda verilən Əmr barədə məlumatsız olması faktiki olaraq mümkün deyil. Lakin iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, inzibati akt qəbul edildikdən 1 (bir) ilə yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixli iddia ərizəsini poçt vasitəsilə məhkəməyə göndərməklə (ərizə dəftərxanaya xx.xx.2020-ci il tarixdə daxil olmuşdur) müddəti ötürmüş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Həmin Əsasnamənin 166-cı maddəsinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20-ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz. Məhkəmə qeyd edir ki, göstərilən normalardan görünür ki, qanunvericilikdə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə onların ehtiyata buraxılması barədə əmrin təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, hərbi qulluqçulara ehtiyata buraxılma barədə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur. Belə olan halda, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi əmrdən həmin əmr ona elan olunduğu tarixdən 30 gün şikayət vermək hüququ olmuşdur. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1712/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında da sərgilənmişdir. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan olunmuş, əmrdən onun xəbəri olmuş, onun hərbi biletində müvafiq qeydlər aparılmışdır. İddiaçı qeyd olunan əmrdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq şikayət instansiyasına şikauyət etmədiyi üçün ona münasibətdə İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin axımı dayanmamışdır. Onun tələbinin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şəki rayonunda yerləşən N saylı hərbi hissəsinə hərbi xidmətə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi də tələbinin birinci hissəsi mümkün sayılmadığı üçün və tələbin birinci hissəsindən asılı olduğu üçün mümlün sayılmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “üzərindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılma əsasının götürülməsi (ləğv edilməsi) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şəki rayonunda yerləşən N saylı hərbi hissəsinə hərbi xidmətə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-145/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-145/2021
05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver