Məhkəmə qərarları › İş №2-1(116)-145/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-145/2022

03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-145/2022 03.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" kiçik müəssisəsinin nümayəndəsi İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(024)-301 saylı qətnaməsinə əsasən 0.25 ha torpaq sahəsi üzərində "xxxx" kiçik müəssisəsinin mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iş üzrə mütəxəssis xərci olaraq ödədiyi 406 manat pul məbləğinin cavabdehdən tutularaq özünə ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı "xxxx" kiçik müəssisəsinin nümayəndəsi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsindən 0,25 ha (25%) torpaq sahəsinin "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətində olması ilə əlaqədar reyestrdən çıxarışın alınması üçün DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsinin üzərinə məcburetmə haqqında və öhdəliklərin icrası haqqında vəzifə qoyulmaqla həmin vəzifələrin icrasının cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(024)-301 saylı qətnaməsinə əsasən 0.25 ha torpaq sahəsi üzərində "xxxx" kiçik müəssisəsinin mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-145/2022 saylı qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin Qax bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, “Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(024)-301 saylı qətnaməsinə əsasən 0.25 ha torpaq sahəsi üzərində "xxxx" kiçik müəssisəsinin mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iş üzrə mütəxəssis xərci olaraq ödədiyi 406 manat pul məbləğinin cavabdehdən tutularaq özünə ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Qax rayon Nizami adına kolxozun xx.xx.1993-cü il tarixli ümumi iclas protokolundan çıxarışa əsasən 0.25 ha torpaq sahəsinin binalar tikilməsi üçün "xxxx" Kiçik Müəssisəsinə ayrılmasına və bunun əsasında Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsi ilə 0.25 ha torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin mülkiyyətində olması faktı tanınmasına istinad edərək, A415339 №-li və A424261 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd edilmiş, cəmi 0.25 ha torpaq sahəsi üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, "xxxx" X6 rayon Məhkəməsinə müraciəti zamanı Xidmətin 12 saylı Şəki Ərazi İdarəsi cavabdeh və maraqlı tərəf kimi prosesə cəlb edilməmiş və Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi icra edilməsi üçün ərazi idarəsinə göndərilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs, xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanladığı məktubunda qeyd etmişdir ki, iddia olunan ərazi əvvəllər ünvan 1əxsus olub.Azərbaycan Respublikası Prezidentinin "xx.xx.2010-cu il tarixli “Qax şəhərinin İnzibati Ərazi bölgüsünə qismən dəyişikliklər edilməsi” haqqında sərəncamına əsasən həmin ərazi Qax şəhərinin inzibati ərazisinə daxil edilmişdir. Qaxingiloy bələdiyyəsi ləğv edilərək Qaxbaş bələdiyyəsinə birləşdirilmişdir. Bu səbəbdən 0.25 ha torpaq sahəsinin hansı əsasla "xxxx" Kiçik Müəssisəsinə verilməsi haqqında Qax bələdiyyəsində heç bir məlumat yoxdur. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsindən görünür ki, ərizəçi "xxxx" kiçik müəssisəsinin ərizəsi təmin edilmiş, Qax rayon “Nizami” adına kolxozun 24 sentyabr 1993-cü il tarixli 05 saylı ümumi iclas qərarı ilə "xxxx" Kiçik Müəssisəsinə sahibkarlıq məqsədi ilə inzibati və digər binalar tikmək üçün verilmiş 0.25 ha torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin mülkiyyətində olması faktı tanınmışdır. - Qax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(024)-301/2012 nömrəli məktubunda qeyd edilmişdir ki, qətnamə üzrə icra vərəqəsi aşkar edilməmişdir. - Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(024)-301/2012 nömrəli məktubundan görünür ki, Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. - cavabdehin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsi ilə "xxxx" kiçik müəssisəsinə verilmiş 1000 kv.m torpaq sahəsi və 1500 kv.m torpaq sahəsi elektron məlumat bazasında sahibkarlıq məqsədilə Qax şəhərinin inzibati ərazi hüdudları daxilində Qax şəhərinin baş planına əsasən yaşayış ehtiyyat ərazilərə aiddir. Torpaq sahələrinin istifadəçisi İddiaçıdur və onun istifadə etdiyi torpaq sahələrinin ölçüləri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. A415339 №-li və A424261 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş torpaq sahələrinin (1000 kv.m və 1500 kv.m) koordinatları iddiaçının faktiki olaraq iddia etdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan 0.25 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən Şəhərin Perspektiv İnkişaf fond torpaqlarına aid Qax şəhər bələdiyyəsinin mülkiyyətindədir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, mütəxəssis xərci olaraq iddiaçı tərəfindən 406 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına ödənilmişdir. - A415339 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, müvafiq sənəd Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(024)-301 nömrəli qətnaməsi əsasında tərtib edilmiş, hüquqi şəxsin adı – "xxxx" Kiçik Müəssisəsi, təyinat - sahibkarlıq məqsədi üçün, sahə 1000 kv.m qeyd edilmişdir. - A424261 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, müvafiq sənəd Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(024)-301 nömrəli qətnaməsi əsasında tərtib edilmiş, hüquqi şəxsin adı – "xxxx" Kiçik Müəssisəsi, təyinat - sahibkarlıq məqsədi üçün, sahə 1500 kv.m qeyd edilmişdir. - "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsindən görünür ki, müəssisənin hüquqi şəxs olaraq nizamnaməsi təsisçilərin ümumi iclasında xx.xx.1992-ci il tarixli 01 saylı protokolla təsdiq edilmiş, Qax rayon İH-də xx.xx.1992-ci ildə qeydiyyatdan keçmişdir. - "xxxx" Kiçik Müəssisəsinin uçota alınması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsinin arayışdan və kommersiya təşkilatlarının Dövlət reyestrindən çıxarışdan görünür ki, müəssisənin əsas fəaliyyət növü - heyvandarlığın inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, dövlət qeydiyyatına alınma tarixi – xx.xx.2002-ci il, qeydiyyat nömrəsi - U-9/100, yerləşdiyi ərazi - Qax rayonu Koroğlu küçəsi №4, eyniləşdirmə kodu - ******* qeyd edilmişdir. - Qax rayon İH-nin xx.xx.1992-ci il tarixli 179 №-li sərəncamından görünür ki, təsisçiləri İddiaçı, X4 və X5 olan geniş profilli "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsi təsdiq olunmaqla qeydə alınması qərara alınmışdır. - Kommersiya qurumların dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin məlumatlarından görünür ki, "xxxx" Kiçik Müəssisəsi (VÖEN: **********) xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi - İddiaçıdur. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” haqqında Qanun: Maddə 4. Torpaqların xüsusi mülkiyyətə və istifadəyə verilməsi Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 8. Xüsusi mülkiyyətdə olan torpaqlar. Xüsusi mülkiyyətdə olan torpaqlara dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanması, habelə torpaqların hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ yaranmış torpaq sahələri aiddir. Maddə 11. Sovxoz və kolxozların özəlləşdirilən torpaqları

3. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər:

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: ... 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Maddə 13. Torpaq paylarının müəyyən edilməsi Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. İş materialları ilə müəyyən olunur ki, "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsi təsisçilərin ümumi iclasında xx.xx.1992-ci il tarixli 01 saylı protokolla təsdiq edilmiş və Qax rayon İH-də xx.xx.1992-ci ildə qeydiyyatdan keçmişdir. “Torpaq islahatı haqqında” haqqında Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən kiçik müəssisələr, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər olaraq müəyyən etmişdir. İddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətində olması faktı Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsi ilə tanınmış və müvafiq qətnamə qanuni qüvvəsini almışdır. Qətnamənin məzmunundan görünür ki, məhkəmə sözgedən torpaq sahəsinin iddiaçının mülkiyyətində olması faktını tanıyarkən, Qax rayon Nizami adına kolxozun xx.xx.1993-cü il tarixli ümumi iclas protokolundan çıxarışa əsasən 0.25 ha torpaq sahəsinin binalar tikilməsi üçün "xxxx" Kiçik Müəssisəsinə ayrılmasına istinad etmişdir. Cavabdeh orqan sözügedən qətnamə qəbul edilərkən ərazi idarəsinin iş üzrə cəlb edilmədiyini bildirsə də, qətnamənin məzmunundan görünüdüyü kimi, DT və XK Qax rayon şöbəsi həmin mülki işdə maraqlı şəxs olaraq iştirak etmiş və nümayəndəsi vasitəsilə təmsil olunaraq ərizənin təmin olunmasına etiraz etməmişdir. Hazırkı iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 12 saylı Şəki Ərazi İdarəsi, ləğv olunmuş DT və XK Qax rayon şöbəsinin hüquqi varisi olduğundan, məhkəmə cavabdeh orqanın Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsi qəbul edilərkən iş üzrə tərəf qismində cəlb edilməməsi ilə bağlı dəlilini əsaslı hesab etmir. Beləliklə, iddia olunan 0.25 ha torpaq sahəsinin, "xxxx" X10 rayon Nizami adına kolxozun xx.xx.1993-cü il tarixli ümumi iclas protokolundan çıxarışa əsasən ayrılması Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsi ilə müəyyən edildiyindən, iddiaçı, torpaq islahatının subyekti olaraq, ayrılmış həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. Lakin, iddia tələbinin 406 manat mütəxəssis xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasinin tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 2№-li Qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tarifləri təsdiq edilmişdir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsinə əsasən yerquruluşu işləri işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Qanunun 22-ci maddəsinin 2-ci abzasına əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən maliyyələşdirilir. İstinad olunan normalardan göründüyü kimi aparılan yerquruluşu işlərinin maliyyələşdirilməsi sifarişçilər tərəfindən həyata keçirildiyindən iddiaçının, ödədiyi vəsaitin cavabdehdən tələb edilməsi ilə bağlı tələbi əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə “Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(024)-301 saylı qətnaməsinə əsasən 0.25 ha torpaq sahəsi üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. İddia tələbinin “406 manat mütəxəssis xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi” təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar