Məhkəmə qərarları › İş №2-1(116)-145/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-145/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-145/2024 12.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “cavabdeh tərəfindən həqiqi hərbi xidmətə çağrılmağının qanunsuz hesab edilməsi, nəticədə iddiaçıya dəymiş maddi ziyanın 2700 manat pulun (2023-cü il üzrə minimum əmək haqqı əsas götürməklə) və 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağrılmağının qanunsuz hesab edilməsi, nəticədə iddiaçıya dəymiş maddi ziyanın 2700 manat pulun (2023-cü il üzrə minimum əmək haqqı əsas götürməklə) və 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində həqiqi hərbi xidmətə çağrılmağının qanunsuz hesab edilməsi, onun nəticəsində iddiaçıya dəymiş 2700 manat maddi ziyanın (2023-cü il üzrə minimum əmək haqqı əsas götürməklə) və 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə həmin tarixli məhkəmənin iclas protokolunun qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-145/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmət keçmək üçün Naxçıvan MR-də yerləşən hərbi hissəyə göndərilmişdir. Lakin N gün sonra, yəni xx.xx.2018-ci il tarixdə hərbi hissədə sağlamlıq vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, o hərbi xidmətə yararsızdı,həmin gün hərbi hissədən evə göndərilmişdir. Lakin, Səfərbərlik Xidmətinin Ucar rayon Şöbəsinin vəzifəli şəxsləri 3 aydan sonra-xx.xx.2019-cu il tarixdə yenidən müddətli həqiqi hərbi xidmətə çağırmış və xidmət keçmək üçün N Nə-li hərbi hissəyə göndərmişlər. Bu dəfə də səhhəti xidmət keçməyə imkan verməmiş və nəticədə o xx.xx.2019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının terapiya profilli Hərbi Həkim Komissiyası tərəfindən Şəhadətləndirilərək “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir. İddiaçıya “Dilatasion, kardiomiopatiya, İ (birinci) funksional sinif ürək çatışmazlığı” diaqnozu təyin edilmiş, xəstəliyin səbəb əlaqəsi isə “ ümumi xəstəlikdir” ifadəsi ilə göstərilmişdir. İddiaçı cavabdehin hərəkəti əsasında ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin, müraciətinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayənədsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək iddianın rədd edilməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. iddiaçıya məxsus SX0412854 nömrəli hərbi biletin surəti.

3. 787 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə”.

4. Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.

5. MN-in Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli məktubu və əlavə olunan sənədlər. Əsaslandırma hissəsi :

İPM-in 2.2, 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə tələbi qismən əsaslı hesab edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 6.2. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər. 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamə: 1.6. Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. 3.0.9. hərbi vəzifəlilərin səfərbərlik üzrə Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə, habelə xüsusi birləşmələrə çağırılmasını təmin etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada çağırış komissiyaları yaratmaq; Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115. zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarı : Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və Əsas azadlıqları Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmət keçmək üçün Naxçıvan MR-də yerləşən hərbi hissəyə göndərilmişdir. Lakin,cəmi N gün sonra hərbi hissədə sağlamlıq vəziyyəti təkrar yoxlanılmış və xidmətə qəbul edilmədən geri qaytarılmışdır. İddiaçı növbəti hərbi xidmətə çağırış zamanı yenidən müddətli həqiqi hərbi xidmətə çağırılmış,hərbi xidmətə yararlı hesab edilərək xidmət keçmək üçün müvafiq hərbi hissəyə göndərilmişdir. MN-in Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının xx.xx.2019-cu il tarixli Xəstəlik haqqında Şəhadətnaməsindən görünür ki,iddiaçıya “İ funksional sinif ürək çatışmazlığı” diaqnozu qoyulmuş və “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” olması barədə qərar qəbul edilmişdir. Sonuncu Şəhadətnamədə qeyd olunan xəstəlik hərbi xidmət zamanı deyil,hərbi xidmətdən əvvəldə iddiaçıda mövcud olmuşdur.İddiaçının “Sağlamlıq vəziyyətinin müayinə edilməsi”nə dair Aktda da qeyd olunan xəstəlik aşkar edilmiş,xəstə müayinə və şəhadətləndirilmə üçün geri qaytarılmışdır.Lakin,cavabdeh inzibati orqan tərəfindən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq iddiaçının sağlamlıq vəziyyətini doğru qiymətləndirilməmiş və nəticədə təkrar həqiqi hərbi xidmətə cəlb edilmişdir.İddiaçının sağlamlıq vəziyyəti ilkin və təkrar çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, xidmətə yararsız olduğu halda yararlı hesab edilərək xidmətə göndərilmişdir. Göründüyü kimi cavabdeh orqanın qanunazidd əməlləri ilə iddiaçıya dəymiş maddi və mənəvi ziyan arasında səbəbli əlaqənin mövcuddur. İddiaçının cavabdeh orqana qarşı olan tələbi iki hissədən ibarətdir:

1. cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2070 manat məbləğində maddi zərərin ödənilməsi,

2. cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi. İddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək, cəmi 5 aya yaxındır və maddi ziyan yalnız onun hərbi xidmətdə olduğu dövrü əhatə etməlidir. Maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ iddiaçının iddia tələbində qeyd etdiyi, yəni iddia ərizəsinin verildiyi 2023-cü il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır: 5 ay x 345 manat = 1380 manat. Minimum aylıq əmək haqqının məbləğinin artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. İddiaçı, mənəvi ziyanla bağlı tələbini cavabdehlərin təqsiri üzündən keçirdiyi fiziki və mənəvi iztirablar nəticəsində hərbi xidmətə yararsız olduğu halda həkim komissiyasının səhlənkarlığı, işinə etinasız yanaşması, vəzifə borcunu lazımınca yerinə yetirməməsi nəticəsində qanunsuz olaraq hərbi xidmətə göndərilməsi və bunun nəticəsində beş ay ərzində xidmətə yararsız olduğu halda hərbi xidmət keçməsi və “xidmətə yararsız” hərbi biletlə evə qayıtması nəticəsində emosional psixoloji sarsıntı keçirməsi ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Məhkəmə hesab edir ki,mənəvi zərərlə bağlı üç əsas nüansa diqqət yetirmək lazımdır :

1. Qanunsuz hərəkət və hərəkətsizlik;

2. Zərərin mövcudluğu;

3. Səbəb-nəticə əlaqəsi. İddiaçı, tələbində 10000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, mənəvi ziyan məbləğinin məhz 10000 manat məbləğində ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tələb edilən məbləğ ağlabatan məbləğ deyildir. Eyni zamanda iddiaçı, şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Ona görə də məhkəmə şikayətin bu dəlilini qismən əsaslı hesab edərək bildirir ki, cavabdehdən iddiaçının xeyrinə 1000 manat məbləğində mənəvi zərərin tutulmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya dəymiş 1725 manat maddi və 1000 manat məbləğində mənəvi zərərin,cəmi 2725 manat məbləğində vəsaitin İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar