Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1450/2025 09.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X7 cəlb olunmaqla) «daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evinə hüququn qeydiyyatının ləğv edilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evinə hüququn qeydiyyatı haqqında reyestrdən çıxarışın (********** nömrəli 18 fevral 2009-cu il tarixli) ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılır ki, İsmayıllı Şəhər XDS İK-nın 25 may 1990-cı il tarixli 6 saylı qərarı ilə İsmayıllı şəhəri, Təbriz küçəsi, dalan 2, ev 10 ünvanında fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 0,06 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsində ümumi sahəsi 166 kv.m olmaqla 4 otaqdan ibarət fərdi yaşayış evi inşa etdirmiş və ailəsi ilə birlikdə orada yaşayır. Onun həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ X1 və Mülkiyyət Hüquqlarının Qediyyatı İdarəsi tərəfindən “1.səh-106.iş 147” qeydə alınaraq ona “qeydiyyat vəsiqəsi” verilmişdir. Eyni zamanda evlə bağlı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilərək 1893 saylı inventar işi qeydə alınmışdır. 2024-cü ildə ünvana İsmayıllı rayon İcra şöbəsindən daxil olmuş məktubdan məlum olmuşdur ki, həmin ev qanunsuz olaraq başqa şəxsin adına qeydiyyata alınaraq ipotekaya qoyulmuş və "xxxx" ASC-dən kredit götürülmüşdür. Borc ödənilmədiyindən fərdi yaşayış evi alınmış və ödənilməmiş pul vəsaitinin əvəzinə hərraca çıxarılaraq Bankın hesabına keçirilmişdir. Reyestr nömrəsi **********24-10301, qeydiyyat nömrəsi ********** olmaqla 18 fevral 2009-cu il tarixli MH seriyalı ******* nömrəli reyestrdən çıxarışla ev heç bir hüquqi əsas olmadan iddiaçının övladı X5 adına qeydiyyatdan keçirilmişdir. İddiaçı çox təkid etsə də, bu qeydiyyatın aparılmasına əsas olmuş İsmayıllı rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 27 dekabr 2008-ci il tarixli alqı-satqı müqaviləsini rəsmi əldə edə bilməmişdir. Həmin notariat ofisi tərəfindən verilmiş 14 sentyabr 2024-cü il tarixli 659 saylı cavab məktubunda qeyd olunur ki, 2008-ci ildə İsmayıllı rayon DNK-da rəsmiləşdirilmiş alqı-satqı müqavilələri Dövlət notariat arxivinə təhvil verilmişdir. Dövlət notariat arxivinin 28 mart 2024-cü il tarixli məktubunda isə bildirilir ki, İsmayıllı rayon Dövlət Notariat Ofisi tərəfindən təhvil verilmiş 2008-ci ildə təsdiqlənmiş müqavilələrin qeydə alındığı reyestr kitabında 672 reyestr nömrəli müqavilənin qeydiyyatının aparıldığı müəyyən edilmiş, həmin müqaviləyə dair notariat işi arxivə təhvil verilməmişdir. Bu səbəbdən müqavilənin surətinin verilməsi imkan xaricindədir. DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin 19 fevral 2023-cü il tarixli cavab məktubunda bildirilir ki, İsmayıllı şəhəri ərazisində yerləşən mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinə aid reyestrdən çıxarışın və plan-ölçünün müvafiq qaydada təsdiqlənmiş surəti təqdim edilir, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi vahid daşınmaz əmlak olaraq qeydiyyata alınmamışdır. Göstərilənlərə əsaslanaraq, X5 adına verilmiş reyestr nömrəsi **********24- 10301, qeydiyyat nömrəsi ********** olmaqla 18 fevral 2009-cu il tarixli MH seriyalı ******* nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, iddiaçı Əhmədov X4 şəhərində yerləşən torpaq sahəsinə dair 16 fevral 2024-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi ilə bağlı 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Həmin reyestrdən çıxarışın ləğv edilməsi 9 saylı Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından, müraciətin icrası İdarə tərəfindən mümkün olmamışdır. X3 adına hazırlanmış 15 mart 2024-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış hüquqmüəyyənedici sənədlər əsasında verilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 66, 67, 111-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11, 12, 23-cü maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmənin 19 iyun 2025-ci il tarixli qərardadı ilə X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə inzibati məhkəmə icraatının iştirakçılarına məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs gəlməmişlər (və nümayəndə ilə təmsil olunmamışlar). Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın onların iştirakı olmadan keçirilməsini mümkün saydı. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O, bildirdi ki, əvvəllər bu mübahisəyə baxılmış, qərardadla iddia mümkün sayılmamış və yuxarı instansiya məhkəmələrinin qərarları ilə həmin qərardad qüvvədə saxlanılmışdır. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. İlk növbədə qaldırılan iddia üzrə mübahisənin ərazi aidiyyəti barədə qeyd olunmalıdır ki, İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən İsmayıllı rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan və müvafiq daşınmaz əmlak İsmayıllı rayonu ərazisində (İsmayıllı şəhərində) yerləşdiyindən, mübahisəyə həmin rayon üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına uyğundur. İddianın mümkünlüyünə gəldikdə isə məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 45.5-ci maddəsinə görə iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: - (45.5.1) iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə vurğulayır ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1 və 33.2-ci maddələri tətbiq oluna bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Nizamnamənin 1.3-cü bəndinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi bu nizamnamədə nəzərdə tutulmuş vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 15.5-ci bəndində qeyd edilir ki, İPM-in 45.5.1 və 78-ci maddələrində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddiasında İsmayıllı şəhəri, B.Mirzəyev küçəsi, ev 10 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvini tələb etsə də, mahiyyətcə adıçəkilən şəxsin həmin evə mülkiyyət hüququnun qeydiyyatını (reyestr nömrəsi **********24-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 18 fevral 2009-cu il) mübahisələndirir. Hazırkı iş üzrə məhkəmə müəyyən etdiyi aşağıdakı xüsusatları diqqətə çəkir: 1) İddiaçı eyni mahiyyətli iddiasına Şəki İnzibati Məhkəməsində əvvəllər baxılmış və məhkəmənin 2-1(116)-2098/2023 saylı iş üzrə 5 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-595/2025 saylı iş üzrə 25 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və 5 sentyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. Eləcə də Ali Məhkəmənin 2-1(102)-614/2024 saylı iş üzrə 5 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış və apellyasiya instansiyası məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bununla da, İPM-in 78-ci maddəsində təsbit olunmuş hal, hazırkı iş üzrə müəyyən olunur. 2) İddiaçının hazırkı iddiasının və inzibati orqana müraciətinin məzmunları fərqlidir. Cavabdehin yazılı etirazına əsasən iddiaçı həmin quruma müraciətində 16 fevral 2024-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğvini arzulamışdır, hazırkı iddiasında isə reyestr nömrəsi **********24-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 18 fevral 2009-cu il olan qeydiyyatı mübahisələndirir. 3) İddiaçının mübahisələndirdiyi qeydiyyat 27 dekabr 2008-ci il tarixli 261984 nömrəli müqavilə, yəni mülki əqd əsasında aparılmışdır. Bütün qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evinə hüququn qeydiyyatının ləğv edilməsi» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2, 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №2-1(116)-1450/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1450/2025
09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver