Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1456/2023 01.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil oğlunun, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin regional idarələrində (Şəki və Qax rayonları üzrə) işlədiyi inzibati vəzifələr üzrə iş stajı nəzərə alınmaqla AR Maliyyə Nazirliyi ilə həmin tarixdən etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi barədə” inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək “xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin regional idarələrində (Şəki və Qax rayonları üzrə) işlədiyi inzibati vəzifələr üzrə iş stajı nəzərə alınmaqla AR Maliyyə Nazirliyi ilə həmin tarixdən etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1456/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçı xx.xx.2009-cu il tarixdən etibarən Maliyyə Nazirliyinin müxtəlif qurumlarında (region üzrə) işləyir. Ümumilikdə 13 il 3 ay dövlət qulluğu üzrə iş stajı var və bu stajı dövlət qulluqçularının anket məlumatlarında və əmək kitabçasında əks olunmuşdur. İddiaçı, 26 oktyabr 2009-cu il tarixdən hazırkı dövrədək dövlət qulluqçusu kimi ixtisas dərəcəsinə və qulluq stajına uyğun əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Lakin o, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin daxili müsahibələrində iştirak etmək üçün müraciət etsə də, X9 tərəfindən imtina verilmişdir. İmtina əsası ondan ibarət olmuşdur ki, dövlət qulluğuna qəbul "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Qeyd edilən Qanunun 33-cü maddəsində dövlət qulluğuna xitam verilməsi əsaslan müəyyən edilmişdir. Həmin maddədə qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Ona görə də iddiaçının dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən qəbul edildiyi əsası ilə müsahibədə iştirak etməyi məqbul hesab edilməmişdir. Ona görə də Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ərizə ilə müraciət edərək 2009-cu ildən hal-hazıradək olan dövr üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsinə, onun dövlət qulluqçularının reyestri siyahısına daxil olunmağına köməklik göstərilməsini xahiş etmişdir. Maliyyə Nazirliyi iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubunda ərizəsində göstərilənləri təsdiq etmiş, onlar tərəfindən bütün zəruri hərəkətlərin olunduğunu bildirmiş, X1 2009-cu ildə dövlət qulluğu vəzifəsinə təyinatının qanunun tələblərinin pozulması ilə aparıldığını əsas gətirməklə ümumi və daxili müsahibələrdə iştirakını qeydə almaqdan imtina etdiyini bildirmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. Üçüncü şəxs iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul qaydaları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən, dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Qeyd edilən Qanunun 33-cü maddəsində dövlət qulluğuna xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin maddədə qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Mərkəzin məlumat bazalarında iddiaçının hər hansı müsabiqədə (test imtahanında və müsahibədə) iştirakı qeydə alınmamışdır. Nəticə etibarilə, iddiaçı xx.xx.2009-cu il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X8 Dövlət Xidmətinin 3 saylı regional sektorunda aparıcı məsləhətçi vəzifəsinə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla, yəni müsabiqədənkənar (test imtahanında və müsahibədə iştirak etmədən) inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilmiş və dövlət qulluqçusu statusunu qanunvericiliyin tələbləri pozulmaqla əldə etmişdir. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış və 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X9 publik hüquqi şəxsin Nizamnaməsi” ilə Mərkəzin üzərinə dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək və bu barədə hesabat hazırlamaq (Nizamnamənin 2.1.28-ci yarımbəndinə uyğun olaraq), dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək (Nizamnamənin 2,1.29- cu yarımbəndinə uyğun olaraq), dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək və yol verilmiş pozuntu halları* barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək (Nizamnamənin 2.1.34-cü yarımbəndinə uyğun olaraq) kimi vəzifələrin icrası qoyulmuşdur. Qeyd edilən vəzifələrin icrası ilə əlaqədar Mərkəz dövlət orqanlarında dövlət qulluğuna qeyri-qanuni qəbul hallarını araşdıraraq yol verilmiş pozuntu halları ilə bağlı 2017-ci ildən etibarən mütəmadi olaraq müxtəlif dövlət orqanlarına məktublar göndərmiş, o cümlədən, eyni məsələ ilə bağlı xx.xx.2018-ci il tarixli 01/xx-xx/1323 nömrəli və xx.xx.2018-ci il tarixli 01/01- 09/3566 nömrəli məktublarla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişdir. Həmin məktublarda dövlət qulluğuna dair qanunvericiliyin tələbi pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin siyahısında iddiaçıya dair məlumatlar da öz əksini tapmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müpyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Qeyd edilən maddədən də göründüyü kimi, dövlət qulluqçusu statusunun əldə edilməsi üçün şəxs “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qulluğu vəzifəsini tutmalıdır. İddiaçı isə dövlət qulluğu vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada tutmadığı üçün dövlət qulluqçusu statusunu da qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etməmişdir. Hansı ki, bu hal “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dövlət qulluğuna xitam verilmə əsaslarından biri kimi müəyyən edilmişdir. İddiaçının inzibati dövlət qulluğu vəzifəsinə birbaşa (müsabiqədənkənar) təyinatı eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.6-cı maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna qəbulun şəffaflığı, 4.1.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi və 4.1.8-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi prinsiplərinin tələblərini də pozmuşdur. İstər dövlət orqanı, istərsə də iddiaçı dövlət qulluğuna qəbul prosedurları və müsabiqədə iştirak etmədən inzibati vəzifə üzrə dövlət qulluğuna qəbulun qanunsuz olmasını bilməli idilər. Belə ki, ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X7 üzrə Komissiyanın xx.xx.2007-ci il tarixli 01/06/15DQ-S nömrəli məktubunda Azərbaycan Respublikasının nazirliklərinə, dövlət komitələrinə və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanlarına, o cümlədən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinin (Maddə 28. Dövlət qulluğuna qəbul) və Azərbaycan Respublikasının Dövlət X5 yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın 2005-ci il 2 may tarixli 3 nömrəli Qərarının 3.1 -ci bəndinin (3.1. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət , Proqramına və dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət orqanları bütün sahələrdə dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təmin etsinlər və görülmüş tədbirlər barədə 3 ay müddətində Komissiyaya məlumat təqdim etsinlər) icrasının təmin edilməsi məqsədilə inzibati vəzifələrin altıncı-doqquzuncu (hazırkı beşinci-yeddinci) təsnifatlarına uyğun olan bütün vakant vəzifələr barədə məlumatların və həmin vəzifələrə dair vəzifə təlimatlarının təqdim edilməsi tapşırılmışdır. Bu isə onu sübut edir ki, müvafiq dövlət orqanı dövlət qulluğuna qəbul prosedurlarından məlumatlı idi və qəbul etdiyi inzibati aktın qanunsuz olduğunu bilirdi. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydası”nın 2-ci hissəsinə görə Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Adıçəkilən Qaydaların 12-ci hissəsinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. X9 Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış və dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında X7 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 9.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Dövlət Reyestrinə dövlət qulluqçusu barədə məlumatlar onun qulluq keçdiyi dövlət orqanı tərəfindən daxil edilir və Dövlət Reyestrində dövlət qulluqçusu haqqında məlumatların həmin Reyestrə ilk dəfə daxil edildiyi tarix deyil, məlumatlarda edilmiş son dəyişiklik tarixi göstərilir. İddiaçı barədə məlumatlar hazırda qulluq keçdiyi dövlət orqanı tərəfindən Dövlət Qulluqçularının Reyestrinə daxil edilmişdir. Yuxarıda adıçəkilən Komissiya ləğv edildiyi və X4 hüquqi varisi olmadığı üçün iddiaçı haqqında məlumatların Dövlət Qulluqçularının Reyestrinə daxil edilməsi ilə bağlı sənədlərin ləğv edilmiş Komissiyaya təqdim edilib-edilməməsi, edildiyi halda nə zaman təqdim edilməsi barədə Mərkəzdə hər hansı məlumat mövcud deyil. Bundan əlavə, yuxarıda qeyd edilən Qaydaların müddəalarından da göründüyü kimi, Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Yəni, şəxs dövlət qulluğuna qəbul edildikdən sonra onun haqqında məlumatlar qulluq keçdiyi dövlət orqanı tərəfindən Dövlət Reyestrinə daxil edilir. Beləliklə, iddiaçının inzibati dövlət qulluğu vəzifəsinə təyin edilməsi barədə məlumat Dövlət Reyestrinə daxil edilənədək artıq onun dövlət qulluğuna qeyri-qanuni təyin edilməsi faktı baş vermişdir. Nəzərə alsaq ki, Mərkəz iddiaçının inzibati dövlət qulluğu vəzifəsinə təyin edilməsindən sonra - 2016cı ildə yaranmış və həmin ilin sonlarında fəaliyyətə başlamışdır, təbii ki, bu hal iddiaçının inzibati vəzifəyə qanunvericiliyin tələbləri pozulmaqla təyin edildiyi 2009-cu ildə məsələnin Mərkəz tərəfindən mübahisələndirilməsini istina edir. Digər bir tərəfdən, dövlət qulluğuna qəbul edilmə ilə bağlı müvafiq akt Mərkəz tərəfindən deyil, dövlət orqanı tərəfindən qəbul edilir və dövlət qulluğuna xitam verilmə də məhz dövlət orqanı tərəfindən həyata keçirilir. Bu baxımdan, iddiaçının inzibati vəzifəyə qanunvericiliyin tələbləri pozulmaqla təyin edilməsi barədə Mərkəzdə nə vaxt məlumatın olması əslində inzibati iş üçün heç bir əhəmiyyət kəsb etmir. Yuxarıda qeyd edilənləri, iddiaçının dövlət qulluğuna dair qanunvericiliyin tələbləri » pozulmaqla dövlət qulluğuna qəbul edildiyini və dövlət qulluqçusu statusunu qanunvericiliyin tələbləri pozularaq əldə etdiyini nəzərə alaraq onun “etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi’’ barədə iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi (vəkili), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanladığı məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə daxil olmuş 31 yanvar 2023-cü il tarixli, 2009-cu ildən hal-hazıradək olan dövr üzrə Maliyyə Nazirliyi ilə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi və dövlət qulluqçularının reyestrinə daxil olunmağı barədə müraciətinə baxılmışdır. iddiaçı həqiqətən 26 oktyabr 2009-cu il tarixdə Maliyyə Nazirliyinin keçmiş Qiymətli Metallara və X8 Dövlət Xidməti tərəfindən Xidmətin 3 saylı Regional sektorunda inzibati vəzifəyə təyin olunmuş, sonradan Maliyyə Nazirliyinin Qax rayonu və Şəki Şəhəri üzrə maliyyə orqanlarında fəaliyyətinizi davam etdirmişdir. İşlədiyi dövrdə iddiaçı inzibati vəzifələrin müvafiq təsnifatlarına uyğun olaraq ixtisas dərəcələri verilmiş və qulluq stajına görə əlavə haqq ödənilmişdir. O cümlədən, Maliyyə Nazirliyindəki fəaliyyəti barədə məlumatlar Azərbaycan Respublikası Dövlət Qulluqçularının Reyestrinə daxil edilmiş və mütəmadi olaraq müvafiq təsdiqedici sənədlər əsasında dəyişikliklər, əlavələr aparılmışdır. Lakin, cari müraciətində göstərildiyi kimi Azərbaycan Respublikasının X9 iddiaçının 2009-cu ildə dövlət qulluğu vəzifəsinə təyinatı dövlət qulluğu haqqında qanunvericiliyinin tələblərinin pozulması ilə aparıldığını əsas göstərməklə dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi və daxili müsahibələrdə iştirakı qeydə almaqdan imtina etmişdir. Bu barədə, müraciətə əlavə edilmiş Azərbaycan Respublikası X6 iddiaçıya ünvanladığı 29 dekabr 2022-ci il tarixli PHŞB-2-2022-3694 nömrəli məktubda da qeyd olunmuşdur. - X6 xx.xx.2022-ci il tarixli PHŞ/3-2-2022-3694 nömrəli məktubunda qeyd edilmişdir ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət Qulluqçularının Reyestrinə daxil edilən məlumatlara əsasən iddiaçı xx.xx.2009-cu il tarixində dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla - müsabiqədən keçmədən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X8 Dövlət Xidmətinin 3 saylı regional sektorunda inzibati vəzifələrin yeddinci təsnifatına aid olan məsləhətçi vəzifəsinə dövlət qulluğuna qəbul edilməmişdir. Azərbaycan Respublikasının X9 tərəfindən aparılan məlumat bazalarında iddiaçının dövlət qulluğuna qəbulla bağlı hər hansı müsabiqədə iştirakı qeydə alınmamışdır. İddiaçı qeyd edilən vəzifəyə müsabiqədən keçməklə təyin edilməli olduğu halda qanunvericilikdə nəzərdə tutulan müsabiqədən keçmədən - birbaşa dövlət qulluğuna qəbul edilmişdir. Həmçinin, iddiaçı “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla xx.xx.2017-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Şəki Şəhəri üzrə Maliyyə idarəsinin Dövlət gəlirləri sektorunda inzibati vəzifələrin yeddinci təsnifatına aid olan aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin ikinci hissəsinə əsasən 1-5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü - yeddinci (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibatı vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının, habelə bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan daxili müsahibə keçirilə bilər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 31 may 2021 -ci il tarixli 340-VİQD nömrəli Qanununun 2.1-ci maddəsinə uyğun olaraq 2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutulurlar. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-1-cı maddəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş dövlət qulluqçularına (bu Qanunun 2.1-ci maddəsi nəzərə alınmaqla) onlar daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda tətbiq edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun qeyd edilən müddəalarından da müəyyən edilir ki. dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən ümumi və daxili müsahibələrdə iştirak etmək istəyən dövlət qulluqçuları dövlət qulluğuna həmin qanunun tələblərinə uyğun olaraq qəbul edilməlidir. Bildirilir ki, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 33 1 4-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, iddiaçı müvafiq dövlət qulluğu vəzifəsinin dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla tutduğu üçün dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən ümumi və daxili müsahibələrdə iştirakı qanunvericiliyə əsasən mümkün olmamışdır. - ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli detallara və X8 Dövlət Xidmətinin 3 saylı regional sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixdə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2014-cü il tarixdə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2014-cü il tarixli Qiymətli detallara və X8 Dövlət Xidmətinin 3 saylı regional sektorunun ləğv edilməsi ilə əlaqədar “Dövlət Qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmiş, xx.xx.2014-cü il tarixdən Qax rayonu üzrə Maliyyə İdarsində BPS-nun aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2017-ci il tarixdən başqa işə keçirilməsi ilə əlaqədar Qax Rayonu üzrə Maliyyə İdarəsində tutduğu BPS-nun məsləhətçi vəzifəsindən azad edilmiş, xx.xx.2017-ci il tarixdə Şəki şəhəri üzrə Maliyyə İdarəsinin Dövlət gəlirləri və vergilərin praqnozlaşdırılması sektorunda aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə M.N 2020-ci il 17 iyun tarixli İ-97 nömrəli əmri ilə Şəki şəhəri üzrə Maliyyə İdarəsi xx.xx.2020-ci il tarixdən Şəki şəhəri üzrə Maliyyə Şöbəsi adlandırılmış və həmin tarixdən Şəki şəhəri üzrə Maliyyə İdarəsinin DGVP-sektoru aparıcı məsləhətçisi M.Bağırov Şəki şəhəri üzrə X3 və xərclərin praqnozlaşdırılması sektorunda aparıcı-məsləhətçi gəlirlər üzrə vəzifəsinə təyin edilmişdir. - Şəki şəhəri üzrə Maliyyə Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-23-57/2-62/2023 nömrəli məktubuna əlavə olunmuş əmrlərdən görünür ki, Şəki rayonu (şəhəri) üzrə Maliyyə İdarəsinin xx.xx.2017-ci il tarixli K-12 nömrəli əmrlə Şəki şəhəri üzrə Maliyyə İdarəsinin dövlət gəlirləri və vergilərin praqnozlaşdırılması sektorunda aparıcı məsləhətçi vəzifəsinə, xx.xx.2020-ci il tarixli K-05 nömrəli əmrlə Maliyyə Nazirliyinin Şəki şəhəri üzrə Maliyyə İdarəsinin Dövlət gəlirləri və vergilərin praqnozlaşdırılması sektorunun aparıcı məsləhətçisi İddiaçı xx.xx.2020-ci il tarixdən Şəki şəhəri üzrə X3 və xərclərin proqnozlaşdırılması sektorunda aparıcı məsləhətçi-gəlirlər üzrə vəzifəsinə, Qax rayonu (şəhəri) üzrə Maliyyə İdarəsinin xx.xx.2014-cü il tarixli K-49 nömrəli əmrlə üçüncü dərəcəli dövlət qulluqçusu xx.xx.2014-cü tarixdən dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq Qax rayonu üzrə Maliyyə İdarəsində büdcə proqnozu sektorunda məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixli İ-06 əmrlə Qax rayonu üzrə Maliyyə İdarəsinin məsləhətçisi, 3-cü dərəcəli dövlət qulluqçusuna xx.xx.2017-ci il tarixdən 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2017-ci il tarixli K-12 nömrəli əmrlə Qax rayonu üzrə Maliyyə İdarəsinin büdcə proqnozu sektorunun məsləhətçisi İddiaçı başqa işə keçməsi ilə əlaqədar öz arzusu ilə xx.xx.2017-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onun həmin vəzifədə dövlət qulluğuna xitam verilmiş, Qiymətli Metallara və X8 Dövlət Xidmətinin xx.xx.2009-cu il tarixli K-32 nömrəli əmri ilə İddiaçı vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq, xx.xx.2009-cu il tarixdən Xidmətin 3 saylı regional sektorunun aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixli İ-23 nömrəli əmrlə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2014-cü il tarixli İ-1 nömrəli əmrlə İddiaçı 3 saylı regional sektorun aparıcı məsləhətçisi, kiçik dövlət qulluqçusuna 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında da vurğulanmışdır. Həmin qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı müvafiq hüquqi marağının mövcudluğu onun subyektiv hüquqa mallik olmasını əsaslandırmış, dövlət qulluğu münasibətlərində olduğunu iddia etdiyi qurumu cavabdeh qismində seçmişdir, eləcə də hazırkı iddianın mümkünlüyünü istisna edən hallar mövcud deyil. Belə olan halda, məhkəmə iddianı mümkün sayır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «Dövlət qulluğu haqqında» Qanunun 16.1-ci maddəsinə görə dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 17.1-ci maddəsinin birinci hssəsinə görə ixtisas dərəcələri bu Qanunun 16- cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin maddənin üçüncü hissəsinə görə ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda (67.6.1), səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda (67.6.2), inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda(67.6.3). Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikasaı Prezidentinin 21 iyun 2006-cı il tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları»nın 2-ci bəndinə görə dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 12-ci bəndinə görə Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Məhkəmə yuxarıda qeyd edilmiş normaları hazırkı işə tətbiq edərək qeyd edir ki, iddiaçının Şəki rayonu (şəhəri) üzrə Maliyyə İdarəsinin xx.xx.2017-ci il tarixli K-12 nömrəli əmrlə Şəki şəhəri üzrə Maliyyə İdarəsinin dövlət gəlirləri və vergilərin praqnozlaşdırılması sektorunda aparıcı məsləhətçi vəzifəsinə, xx.xx.2020-ci il tarixdən Şəki şəhəri üzrə X3 və xərclərin proqnozlaşdırılması sektorunda aparıcı məsləhətçi-gəlirlər üzrə vəzifəsinə, xx.xx.2014-cü tarixdən dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq Qax rayonu üzrə Maliyyə İdarəsində büdcə proqnozu sektorunda məsləhətçi vəzifəsinə təyin edilməsi, xx.xx.2017-ci il tarixdən 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilməsi, Qiymətli Metallara və X8 Dövlət Xidmətinin xx.xx.2009-cu il tarixli K-32 nömrəli əmri ilə xx.xx.2009cu il tarixdən Xidmətin 3 saylı regional sektorunun aparıcı məsləhətçi vəzifəsinə təyin edilməsi, xx.xx.2011-ci il tarixli İ-23 nömrəli əmrlə kiçik dövlət qulluqçusu və xx.xx.2014-cü il tarixli İ-1 nömrəli əmrlə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcələrinin verilməsi barədə əmrlər iddiaçıya müvafiq hüquq verdiyindən, ona münasibətdə əlverişli inzibati aktlar sayılır. Həmin əmrlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Digər tərəfdən sözügedən əmrlər qanunsuz hesab edilsə belə, əlverişli inzibati akt kimi onların mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Bundan başqa, etimad hüququnun qorunması həmin əmrlərin hətta qanunsuz sayıldığı halda ləğvini istisna edir. İddiaçı, Maliyyə Nazirliyinin Qiymətli Metallara və X8 Dövlət Xidmətində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2009-cu ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş müvafiq vəzifələri yerinə yetirmiş və hüquqlardan, təminatlardan istifadə etmiş, eləcə də ona dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan istifadə etdiyi 14 il müddətində ixtisas dərəcələri verilmiş, ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr ödənilmişdir. Sadalananlar, həmçinin iddiaçının ixtisas səviyyəsinin, peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının əlaməti kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddia təmin edilərək İddiaçı xx.xx.2009-cu il tarixdən hal-hazıradək dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajı nəzərə alınmaqla Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğu müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 58.7, 68, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. İddiaçı xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin regional idarələrində (Şəki və Qax rayonları üzrə) işlədiyi inzibati vəzifələr üzrə iş stajı nəzərə alınmaqla AR Maliyyə Nazirliyi ilə həmin tarixdən etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğu müəyyən edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1456/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1456/2023
01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver