Məhkəmə qərarları › İş №2-1(116)-1458/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1458/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1458/2022 14.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 50 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 50 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı tərəfindən Cavabdehnə müraciət edilərək, Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən və dövlət mülkiyyətində olan torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılması xahiş edilmişdir. Bundan sonra Cavabdeh xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, iddiaçıya ayrılması nəzərdə tutulan ərazinin yerqurluşu planının hazırlanmasını və müvafiq razılığın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2020-ci il tarixdə rayon icra hakimiyyətinin müraciətini təmin etmiş, ərazinin yerquruluşu planını hazırlayaraq, Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən 665 kv.m torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə razılıq vermişdir. Bundan sonra Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 88 nömrəli sərəncamı ilə ünvan 1 ünvanda yerləşən dövlət mülkiyyətində olan 665 kv.m torpaq sahəsinin sahibkarlığın inkişafı məqsədi ilə şəhərin İ.ünvan 2 ünvanında yaşayan İddiaçı 15 (on beş) il müddətinə icarəyə verilməsi qərara alınmışdır. Həmin sərəncam əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə iddiaçı arasında 665 kv.m torpaq sahəsinin 15 (on beş) il müddətinə icarəyə verilməsi ilə bağlı müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əsasında ünvan 3 ünvanda yerləşən və dövlət mülkiyyətində olan 665 kv.m torpaq sahəsi üzərində iddiaçının istifadə hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. ünvan 4 ünvanda yaşayan X1 rayon prokurorluğuna müraciət edərək, iddiaçının oğlu Nümayəndə tərəfindən Göyçay şəhəri N.Nərimanov küçəsində, Göyçay Notariat Ofisi ilə üzbəüz yerləşən, əvvəllər Göyçay RİHB-nın Göyçay şəhər İƏD nümayəndəliyinin və X2 fəaliyyət göstərdiyi binanın söküldüyünü və həmin binanın yerləşdiyi torpaq sahəsinin özbaşına hasarlanaraq zəbt edildiyini bildirmişdir. Fikrət Kərimovun şikayət ərizəsi əsasında rayon prokurorluğu tərəfindən araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq xx.xx.2022-ci il tarixli, 137Ş-22 nömrəli məktubla Cavabdehnə müraciət edilərək, ünvan 6 ünvanda yerləşən və dövlət mülkiyyətində olan 665 kv.m torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 88 nömrəli sərəncamının ləğv edilməsi məsələsinə baxılmasını və nəticəsi barədə qısa müddət ərzində rayon prokurorluğuna məlumat verilməsini xahiş edilmişdir. xx.xx.2022-ci il tarixli, 137Ş-22 nömrəli məktub əsasında xx.xx.2022-ci il tarixli, 50 nömrəli sərəncamla xx.xx.2020-ci il tarixli, 88 nömrəli sərəncam ləğv edilmiş, eyni zamanda Cavabdeh ilə iddiaçı arasında bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 263 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, rayon icra hakimiyyəti başçısının 16 dekabr 2020-ci il tarixli, 88 nömrəli sərəncamına əsasən Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən və dövlət mülkiyyətinə aid 665,0 kv.m torpaq sahəsi 15 (on beş) il müddətinə İddiaçı icarəsinə verilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Cavabdeh ilə İddiaçı arasında 16 dekabr 2020-ci il tarixli müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən icarə haqqı illik 200 (iki yüz) manat məbləğində müəyyən edilmişdir. ünvan 4 ünvanda yaşayan X7 rayon Prokurorluğuna daxil olmuş şikayət ərizəsinin araşdırılmasının nəticəsi olaraq sözügedən torpaq sahəsinin icarəyə verilməsi barədə rayon icra hakimiyyəti başçısının 16 dekabr 2020-ci il tarixli sərəncamının ləğv edilməsi məsələsinə baxılması barədə rayon prokurorluğu tərəfindən sorğu verilmişdir. Rayon icra hakimiyyəti başçısının 16 dekabr 2020-ci il tarixli sərəncamına əsasən dövlət mülkiyyətinə aid 665,0 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə icarəyə verilsə də, icarəçi İddiaçı həmin dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sənəd təqdim edilməmiş, fərdi sahibkar kimi Dövlət Vergi Xidmətində qeydə alınmamışdır. Bununla yanaşı rayon icra hakimiyyəti başçısının sərəncamında torpaq sahəsinin hansı sahibkarlıq obyektinin və ya tikintinin layihələndirilməsi məqsədilə ayrılması göstərilməmişdir. Torpaq sahəsi sahibkarlıq məqsədilə icarəyə verilsə də, boş və istifadəsiz saxlanılmış, təyinatı üzrə istifadə edilməmiş, torpaq sahəsində hər hansı tikinti obyekti layihələndirilməmişdir. Torpaq sahəsinin icarə haqqı müvafiq illər ərzində ödənilməmiş, yalnız 15 aprel 2022-ci il tarixdə ödəniş həyata keçirilmişdir. Göstərilən səbəblərdən Cavabdeh 12 may 2022-ci il tarixli, 50 nömrəli sərəncamı ilə rayon icra hakimiyyəti başçısının 16 dekabr 2020-ci il tarixli, 88 nömrəli sərəncamı ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası “İnzibati icraat haqqında" Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibatı akt həmin aktı qəbul etmiş inzibatı orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 68.2.2-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda ləğv oluna bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsaslarından biri kimi torpaqdan məqsədli təyinatına görə istifadə edilməməsi göstərilmişdir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Sərəncamın ləğv edilməsi ilə bağlı iddiaçının nümayəndəsinə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə rayon icra hakimiyyətində qəbul olunmuş, ona sərəncamın ləğv olunması səbəbləri bıldirilmiş, sərəncamın surəti nümayəndəyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixində qəbul edilmiş, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsinə təqdim edilmiş, iddiaçı isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə cavabdehin sərəncamını mübahisələndirmişdir ki, belə olduğu halda iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Göyçay RİH-yə ünvanladığı xx.xx.2020-ci il tarixli **********41 nömrəli “torpaq sahəsinin ayrılmasına rəy bildirilməsi barədə” məktubunda qeyd olunur ki, torpaq sahəsinin naturada hüdudları dəqiqləşdirilmiş və dövlət mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğu müəyyənləşdirilərək müvafiq yerquruluşu planı tərtib edilmişdir. Tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən dövlət mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 665,0 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə İddiaçı icarəsinə ayrılmasına Əmlak Məsələləri Dövlət Xidməti etiraz etməmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş Göyçay RİH başçısının xx.xx.2020-ci il tarixli 88 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla ünvan 8 ünvanında yerləşən dövlət mülkiyyətində olan 665,0 kv.m torpaq sahəsi sahibkarlığın inkişafı məqsədilə İddiaçı 15 il müddətinə icarəyə verilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş xx.xx.2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Göyçay RİH başçısının xx.xx.2020-ci il tarixli 88 nömrəli sərəncamı əsasında Göyçay RİH ilə İddiaçı arasında şəhərin N.Nərimanov küçəsi 25 saylı ünvanında yerləşən 665,0 kv.m olan torpaq sahəsinin iddiaçıya 15 il müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 8-ci maddəsinin 8.1-ci bəndində qeyd olunmuşdur ki, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 30 gün müddətinə düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Göyçay RİH başçısının xx.xx.2020-ci il tarixli 88 nömrəli sərəncamı ilə 0,0665 ha torpaq sahəsi sahibkarlıq məqsədilə 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş A seriyalı 556654 nömrəli xx.xx.2021-ci il tarixli plan-ölçü sənədindən görünür ki, Göyçay RİH başçısının xx.xx.2020-ci il tarixli 88 nömrəli sərəncamı ilə dövlət mülkiyyətində olan 0,0665 ha torpaq sahəsi sahibkarlıq məqsədilə İddiaçı icarəyə verilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş, hazırda mübahisələndirilən Göyçay RİH başçısının xx.xx.2022-ci il tarixli 50 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla Göyçay RİH başçısının xx.xx.2020-ci il tarixli 88 nömrəli sərəncamı ləğv edilmiş, Göyçay RİH ilə İddiaçı arasında bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. Məhkəmə işin hallarına aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. “İnzibati icraat haqqında Qanun”un 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Sadalanan normaların tələblərinə əsasən mübahisələndirmə haqqında iddialarda mübahiələndirilən inzibati aktın qanuniliyinə qiymət verilir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında icarə münasibətlərinə xitam verilməsinin sərəncamda aşağıdakı əsasları göstərilmişdir: “torpaq sahəsi sahibkarlıq məqsədilə icarəyə verilsə də, icarəçi İddiaçı həmin dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər-hansı sənəd təqdim etməmiş, fərdi sahibkar kimi qeydə alınmamışdır. Rayon icra hakimiyyəti başçısının sərəncamında torpaq sahəsinin hansı sahibkarlıq obyektinin və ya tikintinin layihələndirilməsi məqsədilə ayrılması göstərilməmişdir. Torpaq sahəsi sahibkarlıq məqsədilə icarəyə verilsə də boş və istifadəsiz saxlanılmış, təyinatı üzrə istifadə edilməmiş, torpaq sahəsində hər-hansı tikinti layihələndirilməmişdir. Torpaq sahəsinin icarə haqqı müvafiq illər ərzində ödənilməmiş, yalnız xx.xx.2022-ci il tarixdə ödəniş həyata keçirilmişdir”. Azərbaycan Respublikasının “Torpaq məcəlləsi”nin 73-cü maddəsinə əsasən:

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə.

2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir.

3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).

4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Məcəllənin 75-ci maddəsinə görə:

1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.

2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.

3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.

4. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların torpaqdan səmərəsiz istifadə etməsi nəticəsində vurduqları zərərin ödənilməsi barədə göstərişlər də verə bilərlər.

5. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar.

6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. Torpaq Məcəlləsinin 73.1-ci maddəsinin 7 və 8-ci abzaslarına əsasən istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi və torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilməməsi torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi əsaslarına aiddir ki, həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən bu hallarda torpaq üzərində icarə hüququna məhkəmə tərəfindən xitam verilir. xx.xx.2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 8ci maddəsinin 8.1-ci bəndində qeyd olunmuşdur ki, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 30 gün müddətinə düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Topraq Məcəlləsində, həm də tərəflər arasında müqavilədə icarə münasibətlərinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməli olması qeyd edilmişdir. Lakin, cavabdeh nə Torpaq Məcəlləsinin, nə də tərəflər arasında müqavilənin şərtlərinə əməl etmədən müqavilənin təktərəfli qaydada ləğv edilməsi barədə qərar qəbul etmişdir. Halbuki cavabdeh iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulduğunu hesab edirdisə bu barədə iddiaçıya məlumat verməli, pozuntuların aradan qaldırılmasını tələb etməli, müqaviləyə uyğun olaraq 30 gün müddət verməli, 30 gün ərzində pozuntular aradan qaldırılmadığı halda müvafiq tələblə məhkəməyə müraciət etməli idi. Beləliklə, cavabdeh mübahisələndirilən xx.xx.2022-ci il tarixli 50 №-li sərəncamı qəbul edərkən maddi hüquq normalarının tələblərini pozaraq iddiaçı barəsində qanunsuz inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 50 nömrəli sərəncamı ləğv edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar