Məhkəmə qərarları › İş №2-1(116)-146/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-146/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-146/2023 27.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “İsmayıllı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin Həkim Məsləhət Komissiyasının 19 yanvar 2022-ci il tarixli 0264003AAKU6 nömrəli göndərişinə əsasən ona ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İsmayıllı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin Həkim Məsləhət Komissiyasının 19 yanvar 2022-ci il tarixli 0264003AAKU6 nömrəli göndərişinə əsasən ona ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ağ ciyərin vərəmi xəstəliyi ilə əziyyət çəkdiyi üçün 2-ci qrup əlil olmuşdur. Xəstəliyi ilə əlaqədar hərbi xidmətdən də azad olunmuşdur. Daim müalicə olunur. İsmayıllı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin Həkim Məsləhət Komissiyası (HMK) tərəfindən son dəfə 19 yanvar 2022-ci il tarixdə müayinə olunaraq növbəti əlillik dərəcəsinin müəyyən olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına elektron göndəriş verilmişdir. 21 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) müayinədən keçirilmiş, sənədlər araşdırılmış və ona 22 yanvar 2022-ci il tarixdə əlilliyin təyinindən imtina verilmişdir. İmtinaya səbəb kimi dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulduğu, 2012-2021 ilə qədər ambulator və stasionar müalicələrdən məlumat olmadığı göstərilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab etdiyindən hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5920/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Cavabdeh Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə xx.xx.2023-cü il tarixdə vəsatətlə müraciət etmişdir. Vəsatətdə qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında yenidən baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1; İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.1 - Ağ ciyər vərəmi, yalnız kultural üsulla t...; Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla mühitdə artımla və ya artımsız. Ağ ciyərlərin fibroz-kavernoz vərəmi BK(+) müsbət MDR forma Xroniki respirator çatmamazlıq, Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavemoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9);” səbəbi ilə müddətsiz əlillik təyinatı aparılmışdır. Göründüyü kimi, iddiaçı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında mübahisə predmetinə səbəb olan hal aradan qaldırılmışdır. Cavabdeh vəsatətində qeyd olunanların nəzərə alınmasını və iddiaçının tələbi təmin olunduğundan iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi ərizəni iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi verildikdən sonra mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş və müvafiq tədbirlər görmüşdür. Cavabdehin vəsatətinə əlavə olunmuş Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0010 nömrəli qərarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “İsmayıllı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin Həkim Məsləhət Komissiyasının 19 yanvar 2022-ci il tarixli 0264003AAKU6 nömrəli göndərişinə əsasən ona ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar