Məhkəmə qərarları › İş №2-1(116)-146/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-146/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-146/2025 07.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X3rşı “15xx.xx.2023-cü il tarixli, 100098726YJP nömrəli göndərişə əsasən əlillik təyinatına imtina edilməsi barədə qərarın ləğv edilməsi və “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ xx.xx.2023cü il tarixli, 100098726YJP nömrəli göndərişə əsasən əlillik təyinatına imtina edilməsi barədə qərarın ləğv edilməsi və “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1968-ci il tarixində Zaqatala rayonunda anadan olmuşdur. 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yedən döyüşlərdə iştirak etmişdir. Qeyd edir ki, hərbi xidmətdə aldığını xəstəliklə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır'' xəstəlik qərarı verilmişdir. İddiaçıya xx.xx.2006-cı ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar (15 il) əlillik təyin edilmiş, lakin qanuna müvafiq olaraq fasiləsiz 10 ildən çox əlil olmağına baxmayaraq cavabdeh tərəfindən müddətsiz əlillik təyin edilməmişdir. Əlillik müddəti bitəndən sonra bir neçə dəfə tibb müəssiəsinin göndərişi cavabdehə göndərilib, sonuncu dəfə xx.xx.2023-cü ildə iddiaçı tibb müəssiəsinin göndərişi əsasında növbəti dəfə təkrar səhətində olan ağır xəstəliklərlə bağlı müddətsiz əlillik ləyin edilməsi üçün cavabdehə göndərilmişdir.Lakin cavabdeh müddətsiz əlillik təyin etmək əvəzinə xx.xx.2023-cü ildə əlillik təyinatından imtina etməsi haqqında məlumat olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin iddiaçıya əlillik təyinatından imtina etməsi əsassız və qanunsuz hesab edir, belə ki, iddiaçı 15 ildən çox müharibə əlillidir və müharibədə yaranmış səbəbdən ağır xəstədir, bu səbəbdəndə hesab edir ki, cavabdeh tərəfindən ona xx.xx.2023-cü ildə əlillik təyinatından imtina etməsi ləğv edilməli və İİ qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməlidir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Dekompensasiya halında" Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir.Bundan əlavə, Zaqatala rayon sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0256003AALXV nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixli göndəriş əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********2). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və qərar verilməsi Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli 378 nömrəli Qərar verilmişdir. Həmin Qərarda “Qapalı kəskin kəllə-beyin travması. Xroniki bel-oma radikuliti. Asteno-nevrotik sindrom" diaonozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ünsiyyətə daxil olmamış, suallara cavab verməmişdir. Daha sonra danışmağa başlamış, qıcolma tutmaları olduğunu, tutmalar zamanı boğulduğunu, bayıldığını, oyanandan sonra isə özünə qələ bilmədiyini bildirmişdir. Anamnezində 3 ilə yaxındır şəkərli diabet xəstəsi olduğunu ifadə etmişdir. Müayinə zamanı hər iki aşağı ətrafda baldır nahiyəsində tük ekspertiza üçün əhəmiyyətli olan şəhadətnamədə qeyd olunmuş diaqnozun ağırlaşmalarını təsdiqləyən müayinə və müalicə sənədləri təqdim etməmişdir. Xəstənin müayinə müddətində ümumi vəziyyətini simulyasiya etdiyi inkar olunmamışdır" kimi qeyd olunmuş, diaqnoz əlillik təyin etmir qərarı qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yuxusuzluq, halsızlıq, belində ağrı, eşitmənin zəifləməsindən şikayətlənmiş, uzun illərdir qətiyyən yatmadığını bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamamışdır. Psixi statusunda ünsiyyətə həvəssiz daxil olmuş, suallara cavab olaraq “yoldaşım bilir" demiş, bələdliyi qorunmuş, intellektual mnestik sferası yaşına və təhsilinə uyğunluğu müəyyənləşdirilmiş, yaddaş, qavrama pozuntusu, psixoproduktiv psixosimptomatika, şəxsiyyət dəyişikliyi izlənilməmiş, xəstənin davranışları daha çox simulyasiya xarakteri daşımışdır. Şəki rayon Psixiatriya xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Şəki rayon Psixiatriya xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu dekompensasiya halında” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Şəki rayon Psixiatriya xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10689932 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu dekompensasiya halında” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər.Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir.

2. 082956 seriya nömrəli vəsiqədən görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə vəsiqə verilmişdir.

3. Mərkəzi Hərbi Komissiyasının xx.xx.2005-ci il tarixli 378 nömrəli qərarının surəti.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-868/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 447 nömrəli məktubu.

6. Cavabdehin etirazı və əlilik altsistemindən çıxarışlar.

Əsaslandırma hissəsi:

İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı ona müddətsiz İİ dərəcə əlilliyin təyin olunmasından ibarətdir.İddiaçı 2006-2021-ci illərdə fasiləsiz olaraq ona əlillik təyin edildiyinə istinad edir. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki,iddiaçıya xx.xx.2006-cı il tarixində İİİ dərəcə əlilik təyin edilmişdir.Növbəti qiymətləndirmə tarixindən etibarən iddiaçıya müddətli İİ dərəcə əlillik təyin edilmişdir.Sonuncu dəfə iddiaçıya xx.xx.2016-cı il tarixində İİ dərəcə müddətli əlilik təyin edilmiş,xx.xx.2021-ci il tarixində müddətin başa çatması ilə iddiaçı əlil statusunu itirmişdir.Daha sonrakı tarixlərdə iddiaçı barəsində tibb müəssisəsi tərəfində forma 88 göndərişləri təqdim edilmiş,əliliyin təyin edilməsindən imtina edilmişdir. Qanunverici əlilliyi müddətli və müddətsiz olmaqla 2 qrupa bölür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi üçün :

1. Xəstəliyin özü müddətsiz əlilliyin müəyyən edilməsi üçün əsas olmalı;

2. ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il müddətində müəyyən edilməli;

3. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarla müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçının fasiləsiz 10 il İİ dərəcə əlilliyi mövcud deyildir.Belə ki,iddiaçıya 2007-ci ildə ilk dəfə İİ dərəcə əlilik təyin edilmiş,2016-cı ildə növbəti təyinat aparılarkən 10 illik müddət başa çatmamışdır.Bu baxımdan da iddiaçı barəsində müddətsiz əlillik təyinatı aparılması üçün ilk növbədə onun yenidən sağlamlıq vəziyyətinin araşdırılması qanunauyğun olmuşdur. Məhkəmə hesab edir ki,iddiaçıya yenidən əliliyin,o cümlədən müddətsiz əliliyin təyin edilməsi məsələsi onun orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisini araşdırmaqla yoxlanıla bilərdi.Lakin,iddiaçı iddia ərizəsində barəsində ekspertiza keçirilməsindən imtina etmişdir.Təyin edilmiş məhkəmə tibbi ekspertizasının çağırışına hərəkətsiz göstərdiyindən rəyin təqdim edilməsi mümkün olmamışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-868/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyi”nin ekspertlərinə həvalə edilmiş, ekspertin rəy verə bilməsi üçün 2-1(116)-868/2024 nömrəli iş materialları ekspertizaya təqdim edilmişdir. Sözügedən qərardadın surətləri proses iştirakçılarına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 447 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı müayinəyə getməmişdir. Belə ki, iddiaçıya müayinə tarixi və keçirilmə yeri barədə məlumat verilmiş, lakin İddiaçı müayinə olunması üçün getməmişdir. Məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi barədə qərardadın Məhkəmə- Tibbi Ekspertiza və X1 göndərilməsi barədə məktuba iddiaçının rekvizitləri daxil edilmiş, həmçinin məhkəmə tərəfindən iddiaçıya ekspertizanın keçirilməsi üçün müayinə tarixi və keçirilmə yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı müayinə olunmaq üçün getməkdən imtina etmişdir. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə : Bənd 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin : 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:

İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X3rşı “xx.xx.2023-cü il tarixli, 100098726YJP nömrəli göndərişə əsasən əlillik təyinatına imtina edilməsi barədə qərarın ləğv edilməsi və “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar