Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1461/2021 19.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Məhəmməd №529 Fin kod 40306018 saylı mülkiyyət hüququna dair şəhadətnamənin onların həyətyanı torpaq sahələri ilə üst-üstə düşən hissədə ləğv olunması və faktiki istifadələrində olan həyətyanı torpaq sahələrinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 12 saylı Şəki ərazi idarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məhəmməd №529 Fin kod 40306018 saylı mülkiyyət hüququna dair şəhadətnamənin onların həyətyanı torpaq sahələri ilə üst-üstə düşən hissədə ləğv olunması və faktiki istifadələrində olan həyətyanı torpaq sahələrinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 12 saylı Şəki ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçılara 27.09.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq nəzərlərinə çatdırılmışdır ki, məhkəməyə təqdim etdikləri iddia ərizəsində adlarını cavabdeh kimi qeyd etdikləri Cavabdeh2 və Cavabdeh3 hazırkı iş üzrə cavabdeh qismində çıxış edə bilməzlər. Belə ki, inzibati işlər üzrə cavabdeh qismində fiziki və ya hüquqi şəxs olmasında asılı olmayaraq inzibati orqanlar çıxış edə bildiyindən, hazırkı iddia tələbi üzrə Cavabdeh2 və Cavabdeh3 üçüncü şəxs qismində qeyd edə bilərlər. İddiaçıların nəzərinə həmçinin çatdırılmışdır ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməsidir, müraciət iddia qaldırılan tarixədək edilməli, imtina cavabı iddia ərizəsinin təqdim edildiyi tarixdən əvvələ aid olmalıdır. İddia ərizəsinə cavabdehlərdən biri kimi qeyd olunan inzibati orqan tərəfindən iddiaçılara verilmiş imtina məktubu əlavə edilmədiyindən iddia qaldırılanadək cavabdehə iddiaçılar tərəfindən inzibati qaydada müraciət edilibedilmədiyi, cavabdehin iddiaçıların müraciətinə münasibəti iş materialları ilə müəyyən edilmir. Yardım məktubunda iddiaçılara qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün 10 (on) gün vaxt verilmiş və bildirilmişdir ki, yardım məktubuna münasibət bildirilmədiyi, yəni çatışmazlıqlar aradan qaldırılmadığı təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəkdir. İPM-in 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadlarının şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilməsi imkanı iddiaçılara izah edilmişdir. İş materiallarında olan xəbərnaməyə əsasən müəyyən edilir ki, İddiaçı1 09.10.2021ci il tarixdə yardım məktubunu xəbərnaməyə imza etməklə qəbul etmiş, lakin tələb edilən müddət ərzində yardım məktubunda qeyd edilən nöqsanlar iddiaçılar tərəfindən aradan qaldırılmamış, ümumiyyətlə yardım məktubunda qeyd olunanlarla bağlı heç bir münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçıların hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçılar tərəfindən iddia qaldırılmamışdan əvvəl cavabdeh inzibati orqana ümumiyyətlə ərizə ilə müraciət olunmamış, cavabdehin onların müraciətindən imtina etməsi və ya müraciəti cavabsız saxlaması müəyyən edilmir. Həmçinin iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddia düzgün cavabdehə qarşı yönəldilməmişdir. Belə ki, iddiaçı fiziki şəxsləri də iş üzrə cavabdeh qismində qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçılar mübahisə predmeti ilə bağlı müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməli olduqları halda, onlar tərəfindən belə bir müraciət edilmədiyindən, işin qeyd olunan halı iddiaçıların ilkin müraciəti və cavabdehin məhz ona müvafiq imtinası ilə öz təsdiqini tapdığından iddiaçıların hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçıların diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Məhəmməd №529 Fin kod 40306018 saylı mülkiyyət hüququna dair şəhadətnamənin onların həyətyanı torpaq sahələri ilə üst-üstə düşən hissədə ləğv olunması və faktiki istifadələrində olan həyətyanı torpaq sahələrinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 12 saylı Şəki ərazi idarəsinin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1461/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1461/2021
19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver