Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1464/2022 29.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şəki Regional "Asan Xidmət" Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı "xx.xx.2022-ci il təvəllüdlü övladı X4 doğum haqqında akt qeydinə düzəliş edilməsi və bununla bağlı şəhadətnamənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1992-ci ildə X3 ilə nikaha daxil olmuşdur. Onların nikahından xx.xx.2002-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuş və Şəki Şəhər İcra Hakimiyyəti başçısının Şəki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2002-ci ildə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında bununla bağlı 12 nömrəli qeyd aparılmışdır. Bununla yanaşı, X4 adına xx.xx.2002-ci il tarixli AZ-İ seriyalı 219298 nömrəli "Doğum haqqında şəhadətnamə" verilmişdir. Həmin şəhadətnamədə iddiaçının oğlunun soyadı, adı, atasının adı "Kabılova Hacı (Şaxsənəm) Qədimcan oğlu" kimi yazılmış, "Kabılova" sözündə sonuncu "a" hərfinin üstü ağardılmış və "Şaxsənəm" sözü mötərizəyə alınaraq sözün üstündən xətt çəkilmişdir. X6 xx.xx.2014-cü ildə verilmiş AZE seriyalı 10683357 nömrəli "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi"ndə də adı "X9" kimi yazılmışdır. Lakin müəyyən edilmişdir ki, Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2002-ci il tarixli 12 nömrəli "Doğum haqqında akt qeydi"ndə iddiaçının oğlunun soyadı "Kabılova", adı "Şahsənəm", atasının adı "Qədimcan", cinsi isə "qadın" kimi yazılmışdır. Eyni zamanda, "Doğum haqqında akt qeydi"ndə uşağın anasının soyadı "Kabılova", adı isə "Şahsənəm" kimi yazılmışdır. İddiaçı övladı X4 doğum akt qeydində düzəliş edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu özünün xx.xx.2021-ci il tarixli 05/Q-2303/15 nömrəli məktubu ilə bundan imtina etmiş, oğlunun 2002-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatdığını, lakin şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra iddiaçı "xx.xx.2022-ci il təvəllüdlü övladı X4 doğum haqqında akt qeydinə düzəliş edilməsi və bununla bağlı şəhadətnamənin ona verilməsi" barədə iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, X3 ilə xx.xx.1992-ci ildə rəsmi qaydada nikah bağlamaqla ailə qurmuş, onların birgə nikahından xx.xx.2002-ci ildə Hacı adlı uşağları anadan olmuşdur. Lakin hazırda X6 fotoşəkilli şəxsiyyət vəsiqəsi ala bilmirlər. Buna səbəb onun doğum haqqında şəhadətnaməsində yanlışlıqların olmasıdır. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri tərəfindən icra edilir. İddiaçı X1 "Doğum haqqında akt qeydi"ndə səhvin olduğunu iddia edirsə, həmin səhvin düzəldilməsi üçün onun şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyindən vətəndaşlıq vəziyyəti aktının qeydində düzəliş edilməsindən imtina edilərək ona yazılı cavab verilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, xx.xx.2002-ci il tarixli AZ-İ seriyalı 219298 nömrəli "Doğum haqqında şəhadətnamə"dən görünür ki, həmin şəhadətnamədə iddiaçının oğlunun soyadı, adı, atasının adı "Kabılova Hacı (Şaxsənəm) Qədimcan oğlu" kimi yazılmış, "Kabılova" sözündə sonuncu "a" hərfinin üstü ağardılmış və "Şaxsənəm" sözü mötərizəyə alınaraq sözün üstündən xətt çəkilmişdir. - İşdə olan, xx.xx.2014-cü ildə verilmiş AZE seriyalı 10683357 nömrəli "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi"ndən görünür ki, X6 verilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi"ndə adı "X9" kimi yazılmışdır. - İşdə olan, Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2002-ci il tarixli 12 nömrəli "Doğum haqqında akt qeydi"ndən görünür ki, həmin sənəddə iddiaçının oğlunun soyadı "Kabılova", adı "Şahsənəm", atasının adı "Qədimcan", cinsi "qadın", anasının soyadı "Kabılova", anasının adı "Şahsənəm" kimi yazılmışdır. - İşdə olan, cavabdehin xx.xx.2022-ci il tarixli etiraz məktubundan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri tərəfindən icra edilir. İddiaçı X1 "Doğum haqqında akt qeydi"ndə səhvin olduğunu iddia edirsə, həmin səhvin düzəldilməsi üçün onun şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyindən vətəndaşlıq vəziyyəti aktının qeydində düzəliş edilməsindən imtina edilərək ona yazılı cavab verilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar"ın 1-ci bəndində deyilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndində deyilir ki, vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilir. Əsas Müddəaların 4-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilirlər. Sadalanan normalardan göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən sənədlər mövcud olduqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldilməli və ona dəyişikliklər edilməlidir. Müəyyən edildi ki, İddiaçı xx.xx.1992-ci ildə X3 ilə nikaha daxil olmuş və xx.xx.2002-ci ildə onların oğlu doğulmuşdur. Valideynlər uşağın adını X9 qoymuş və xx.xx.2002-ci ildə uşağa Şəki Şəhər VVADQ Şöbəsindən AZ-İ seriyalı 219298 nömrəli "Doğum haqqında şəhadətnamə" almışlar. Həmin sənəddə uşağın soyadı, adı, atasının adı "Kabılova Hacı (Şaxsənəm) Qədimcan oğlu" kimi yazılmış, "Kabılova" sözündə sonuncu "a" hərfinin üstü ağardılmış və "Şaxsənəm" sözü mötərizəyə alınaraq sözün üstündən xətt çəkilmişdir. Yəni düzəlişdən sonra oxunan soyad, ad, ata adı "X9"dur. Həmin şəhadətnamə hal-hazıradək istifadə olunmuş, onun əsasında iddiaçının oğluna Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2014-cü ildə AZE seriyalı 10683357 nömrəli "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi" verilmişdir. Şəxsiyyət vəsiqəsində də uşağın soyadı "Kabılov", adı "Hacı", atası "Kabilov Qədimcan", anası "İddiaçı", doğulduğu tarix xx.xx.2002-ci il göstərilmişdir. Lakin müəyyən edildi ki, X4 adına Şəki Şəhər İcra Hakimiyyəti başçısının Şəki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2002-ci il tarixli 12 nömrəli "Doğum haqqında akt qeydi"ndə X2 "Kabılova", adı "Şahsənəm", ata adı "Qədimcan", cinsi isə "qadın" yazılmışdır. Məhkəmə "Doğum haqqında akt qeydi"ndəki həmin yazıları texniki səhv hesab edərək bildirir ki, elə həmin sənəddə uşağın anasının X7 olması göstərilmişdir. Yəni akt qeydində uşağın adı və soyadı əvəzinə səhvən anasının adı və soyadı yazılmışdır. Digər tərəfdən, məhkəmə qeyd edir ki, şəxs doğulduqda ona ad qeydiyyat orqanı tərəfindən deyil, uşağın valideynləri tərəfindən qoyulur. Həmin ad doğum aktı qeydində yazılsa da, vətəndaş bu doğum aktı qeydini görmür və təbii ki, həmin sənəddə adın necə yazıldığını bilmir. Vətəndaş uşağın adının necə yazıldığını yalnız ona verilən doğum haqqında şəhadətnamədən bilir. İddiaçının oğlunun doğum aktı qeydində adı "Hacı" yazılsa da, doğum haqqında şəhadətnamədə "Şahsənəm" kimi yazılmış, heç kəs həmin şəhadətnamədə olan yazını mübahisələndirməmiş və iddiaçının oğlu "Hacı" adı ilə yaşamışdır. Ona görə də məhkəmə həmin uşağın əsl adının "Hacı" olması qənaətinə gəlir və hesab edir ki, səhv məhz doğum aktı qeydində olan yazıdadır. Eyni zamanda, mübahisələndirilən doğum haqqında akt qeydində onun Şəki Rayonu Şəki kənd həkim ambulatoriyasının xx.xx.2002-ci il tarixli arayışı əsasında tərtib edildiyi göstərildiyinə görə məhkəmə tərəfindən "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə sorğu edilərək İddiaçı 2002-ci ildə Şəki kənd həkim ambulatoriyasında hansı tarixdə, hansı cinsə aid uşaq dünyaya gətirməsi barədə məlumat tələb edildi. "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli cavab məktubundan məlum oldu ki, İddiaçı "Şəki" kənd həkim məntəqəsində xx.xx.2002-ci ildə övladı X4 doğumu haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bu məsələ şifahi məhkəmə baxışı zamanı araşdırılarkən İddiaçı izahatında bildirdi ki, o, uşağı tibb müəssisəsində deyil, ev şəraitində dünyaya gətirmişdir. Beləliklə, sadalanan hallarla təsdiq edilmişdir ki, iddiaçının xx.xx.2022-ci il təvəllüdlü övladı X4 "Doğum haqqında akt qeydin"də bəzi səhvlərə yol verilmişdir və cavabdeh həmin səhvləri düzəltməkdən imtina etməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il təvəllüdlü övladı X4 adına tərtib edilmiş xx.xx.2002-ci il tarixli 12 nömrəli "Doğum haqqında akt qeydi"nə düzəliş edilərək, onun soyadının "Kabılov", adının "Hacı", cinsinin "kişi" yazılması və buna uyğun "Doğum haqqında şəhadətnamə" verilməsi öhdəliyi cavabdeh Şəki Regional "Asan Xidmət" Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1464/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1464/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver