Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1465/2025 01.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əmək kitabçasında qeyd olunmuş işlədiyi illərin dövlət qulluğuna aid staj kimi nəzərə alaraq əmək pensiyası almaq hüququ yarandığı vaxtdan ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiyanın fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nəzərə alınmasını və hüququnun yarandığı tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, xx.xx.1959-cu il tarixdə doğulmuşdur. X3 Qanuna əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh orqana müraciət edərək əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin ona imtina cavabı verilərək bildirilmişdir ki, onun dövlət qulluğu stajı 15 ildən az təşkil edir. Cavabdeh orqan dövlət qulluğu stajının 15 ildən az olduğunu yazsa da, hansı təşkilatda işlədiyi stajı dövlət qulluğu hesab etdiyini və hansı təşkilatda olan stajın dövlət qulluğu hesab etmədiyini imtina məktubunda qeyd etməmişdir. Əmək kitabçasına və digər sənədlərə əsasən onun dövlət qulluğunda olan stajı 15 ildən çox təşkil edir. 16 dekabr 1981-ci ildə Rayon Kənd Təsərrüfatı idarəsində zootexnik vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildən baş zootexnik vəzifəsinə keçirilmişdir. xx.xx.1987-ci il tarixdən Zaqatala rayon X11 baş zootexnik işinə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixdə həmin vəzifədən azad edilmişdir (12 il 3 ay 12 gün staj təşkil edir). Onun xx.xx.1987-ci il tarixdən Zaqatala rayon X11 baş zootexnik işində xx.xx.1998ci il tarixədək işlədiyi vəzifə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə Dövlət qulluğuna aid edilmişdir. xx.xx.2016-cı ildə Zaqatala rayon Kənd Təsərrüfatı İdarəsinə heyvandarlıq sektoruna məsləhətçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2019-cu ildən həmin vəzifədən azad edilmişdir. xx.xx.2019-cu il tarixdə X14 X1 sektorunun müdiri təyin edilmiş və kiçik Dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2021-ci ildə İİİ dərəcəli, xx.xx.2023-cü il tarixdə İİ dərəcəli Dövlət qulluqçusu ixtisas dərəcələri verilmişdir. xx.xx.2024-cü il tarixdən pensiya yaşına görə işdən çıxmışdır (5 il 2 ay 12 gün staj təşkil edir). Bununla da onun Dövlət qulluğu stajı 17 il 5 ay 24 gün təşkil edir. Cavabdeh orqan, iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - İddiaçı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi xahişi ilə xx.xx.2024 cü il tarixli ərizə ilə inzibati orqana müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-R-252024/2024 nömrəli məktubu ilə iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Həmin imtina məktubuna əsasən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən onun dövlət qulluğu stajı 15 ildən az təşkil etdiyindən İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus MT-İ ******* nömrəli əmək kitabçasının surətində İddiaçı xx.xx.1981-ci il tarixdən Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala rayon kənd təsərrüfatı idarəsinə zootexnik vəzifəsinə təyin edildiyi, 01 04.1986-cı il tarixdən həmin idarədə böyük zootexnik vəzifəsinə keçirildiyi, xx.xx.1987-ci il tarixdən Zaqatala rayon X11 baş zootexnik təyin edildiyi, xx.xx.1998-ci il tarixdən Zaqatala rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Aqrokombinatın fəaliyyəti dayandırıldığından iddiaçının baş zootexnik vəzifəsindən azad edildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Dövlət Arxivinin 06 aprel 2024-cü il tarixli 3-48-47RA/2/16/2024 nömrəli məktubuna əsasən Zaqatala rayon X15 xx.xx.1989-cu il tarixdən Zaqatala Aqrokombinatı, xx.xx.1992-ci il tarixdən X4 və Ərzaq İdarəsi, xx.xx.1994-cü il tarixdən Zaqatala rayon X12 adı altında fəaliyyət göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 04 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X3” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında işləmiş dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi Zaqatala Aqrokombinatı və işlədiyi zootexnik vəzifəsi nəzərdə tutulmamış, uyğunlaşdırılması aparılmamışdır. Belə ki, siyahının 1.18-ci bəndinə əsasən Rayon aqrar-sənaye birliklərinin aparatında birliyin sədri, birliyin sədrinin birinci müavini, müavini şöbə müdiri, rayon dövlət texniki nəzarəti müfəttişliyinin rəisi - baş mühəndisinspektor, baş mütəxəssis, aparıcı mütəxəssis, böyük mütəxəssis, mütəxəssis vəzifələri mövcud olmuşdur. Qeyd olunanlara əsasən iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Zaqatala Aqrokombinatında işlədiyi müddət dövlət qulluğu stajı kimi nəzərə alınmamalıdır. Eyni zamanda iddiaçıya məxsus ИT-l ******* nömrəli əmək kitabçasının surətində qeyd edilənlərə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala rayon Kənd Təsərrüfatı İdarəsində əmək qanunvericiliyinin normalarına əsasən məsləhətçi vəzifəsində işləmişdir. Lakin iddiaçı iddia ərizəsinin əsasları kimi qeyd olunan dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınmadığını qeyd etmişdir. Sözügedən əmək kitabçasında qeyd edilənlərə əsasən iddiaçının xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək işlədiyi dövrlər dövlət qulluğu stajı kimi nəzərə alınması mümkün deyildir. Yuxarıda qeyd olunan işin faktiki halları və qanunverilik normaları nəzərə alınmaqla bildiririk ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı dövlət qulluğu stajı 15 ildən az -14 il 6 ay 22 gün təşkil edir: - xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər; - xx.xx.1992-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər; - xx.xx.2018-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər. Beləliklə, İddiaçı dövlət qulluğu stajı 15 ildən az müddəti əhatə etdiyindən ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh orqan “Dövlət qulluğu haqqında” Qanunun 7.1, 14.1, 23.1, 23.2, “X3” Qanunun 20.1.7, 20.11-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarının (bundan sonra - Qaydalar) 2, 3 və 6-cı bəndlərinə istinad edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı, X14 İnkişaf Mərkəzinin xx.xx.2024-cü il tarixli Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün arayış, X14 İnkişaf Mərkəzinin xx.xx.2018-ci il tarixli 29 nömrəli, xx.xx.2019-cu il tarixli 33 nömrəli əmrləri, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışı, ИT-İ ******* №-li əmək kitabçası, İddiaçı aid Dövlət Qulluqçularının reyestrindən çıxarış, X5 xx.xx.2024-cü il tarixli məktubu, X5 xx.xx.2025-ci il tarixli məktub, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu, Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Tətbiq edilən hüquq: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 1.1.1 dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “X3” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “X3” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “X3” Azərbaycan Respublikasının Qanunuhttps://e-qanun.az/framework/4481 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. İş materialları ilə müəyyən edilir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. Cavabdeh orqan iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Zaqatala Aqrokombinatında işlədiyi müddəti dövlət qulluğu stajı kimi nəzərə almır və dövlət qulluğu stajının 15 ildən az - 14 il 6 ay 22 gün (xx.xx.1981-xx.xx.1989, xx.xx.1992-xx.xx.1994, xx.xx.2018-xx.xx.2024) təşkil etdiyini bildirir. İş materiallarında olan, iddiaçı barəsində “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə dövlət orqanı tərəfindən daxil edilmiş əmək fəaliyyəti barədə məlumatlardan görünür ki, iddiaçının xx.xx.1987-xx.xx.1998-ci illərdə Zaqatala rayon X8 baş zootexnik, xx.xx.2018-xx.xx.2019 və xx.xx.2019-xx.xx.2014-cü illərdə Zaqatala DAİM/Heyvandarlıq sektoru məsləhətçi və sektor müdiri vəzifəsində işlədiyi müddətlər dövlət qulluğunda qulluq stajı olaraq qəbul edilmişdir. Həmin müddətin cəmi 16 il, 11 ay, 13 günə bərabərdir. Cavabdeh orqan etirazın dəlili olaraq X5 xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmiş məlumatlara istinad etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının paratlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) AR dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması AR Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “X3” AR Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1981-1999-cu illərdə Zaqatala rayon X6 zootexnik vəzifəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahıda ancaq rayon aqrar-sənaye birliklərinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Müvafiq uyğunlaşdırılma aparııldığından rayon aqrar-sənaye birliklərində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Adıçəkilən Siyahıda rayon aqrar-sənaye kombinatları və həmin kombinatlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmadığından 1981-1999-cu illərdə Zaqatala rayon X6 zootexnik vəzifəsində iş müddəti dövlət qulluğundan qulluq stajı hesablanarkən nəzərə alınmır. İş materiallarından görünür ki, cavabdeh orqanla X13 arasında iddiaçının dövlət qulluğuna aid iş stajı ilə bağlı fikir ayrılığı mövcuddur. Həmçinin DİM-nin sözügedən məktubunun məzmunu iddiaçı barəsində “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə dövlət orqanı tərəfindən daxil edilmiş məlumatlara uyğun deyil. Belə ki, cavabdeh orqan iddiaçının xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı əmək fəaliyyəti dövrlərini dövlət qulluğu stajı kimi qəbul edir. Halbuki DİM-nin reyestr məlumatlarında xx.xx.1981-xx.xx.1987-ci illərdə iddiaçının Zaqatala rayonu Kənd Təsərrüfatı idarəsində zootexnik və böyük zootexnik kimi işlədiyi müddətlər dövlət qulluğunda staj hesab edilməmişdir. Həmçinin yuxarıda qeyd edildiyi kimi “Dövlət qulluqçularının Reyestri” informasiya sistemində iddiaçının xx.xx.1987-xx.xx.1998-ci illərdə Zaqatala rayon X8 baş zootexnik vəzifəsində işlədiyi müddət dövlət qulluğunda staj olaraq qeyd edilsə də, DİM tərəfindən cavabdehə ünvanlanmış məktubda iddiaçının 1981-1999-cu illərdə Zaqatala rayon X6 zootexnik vəzifəsində işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmadığı bildirilmişdir. Cavabdeh orqan iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Zaqatala Aqrokombinatında işlədiyi müddəti dövlət qulluğu stajı kimi nəzərə almasa da, iş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin 06 aprel 2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, Zaqatala rayon X15 xx.xx.1989-cu il tarixdən Zaqatala Aqrokombinatı, xx.xx.1992-ci il tarixdən X4 və Ərzaq İdarəsi, xx.xx.1994-cü il tarixdən Zaqatala rayon X12 adı altında fəaliyyət göstərmişdir. Göründüyü kimi Zaqatala rayon X15 - Zaqatala Aqrokombinatı, X4 və Ərzaq İdarəsi və Zaqatala rayon X12 adı altında fəaliyyət göstərdiyindən iddiaçının iş yeri və yerinə yetirdiyi vəzifənin funksiyaları dəyişməmiş, əvvəllər Zaqatala rayon X9 işçisi olaraq yerinə yetirdiyi əmək funksiyasını yeni ad altında fəaliyyət göstərən müəssisələrdə həyata keçirməkdə davam etmişdir. Yəni, formaca müəssisənin adı dəyişsə də, funksional struktur və əmək funksiyaları dəyişmədiyindən, iddiaçının iş yeri və yerinə yetirdiyi fəaliyyətin mahiyyəti əvvəlki kimi qalmışdır. Cavabdeh orqanın xx.xx.1992-xx.xx.1994-cü il tarixləri arasındakı dövrləri dövlət qulluğu stajı kimi qəbul etdiyi halda, eyni müəssisənin digər adlar altında fəaliyyət göstərdiyi müddəti qəbul etməməsi anlaşılan deyil. Hər bir halda məhkəmə, iddaçının dövlət qulluğunda iş stajının müəyyən edilməsi ilə bağlı “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin məlumatlarını mötəbər hesab edir. Belə ki, Reyestrdə əks olunan məlumatlar iddiaçının dövlət qulluğu stajının hesablanmasında başlıca hüquqi mənbə olaraq çıxış edir və həmin məlumatların X5 şərhi ilə ziddiyyət təşkil edən hissəsində Reyestr məlumatları üstün hüquqi qüvvəyə malikdir. “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2006-cı il tarixli, 420 №-li Fərmanının preambulasında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında son illərdə müasir tələblərə cavab verən dövlət qulluğu sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 2000-ci ildən başlayaraq dövlət qulluğunun qanunvericilik bazasının yaradılması, dövlət qulluqçularının pensiya və digər sosial hüquqlarının təmin edilməsi işinin yaxşılaşdırılması məqsədilə bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir. Bu sahədə aparılan islahatların sürətləndirilməsi üçün 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında X7 üzrə Komissiya yaradılmışdır. ... Bu sahədə görülən işlərin genişləndirilməsi və sürətləndirilməsi məqsədilə və Azərbaycan Respublikasının dövlət orqanlarının mövcud kadr potensialının beynəlxalq standartlara uyğun idarə olunması və ondan səmərəli istifadə edilməsi üçün qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri yaradılsın.
2. “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur). “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması” Qaydalarının 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən, stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır.
3. Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Sözügedən Reyestrin yaradılmasının əsas məqsədlərindən biri də dövlət qulluqçularının pensiya və digər sosial hüquqlarının təmin olunmasını yaxşılaşdırmaqdan ibarətdir. Bu məqsədin həyata keçirilməsi üçün reyestrdə toplanan baza məlumatlarının dövlət orqanları üçün əlçatanlığı təmin edilmiş və həmin məlumatlardan dövlət qulluqçularının hüquqlarını müəyyənləşdirmək və təmin etmək məqsədilə istifadə olunması nəzərdə tutulmuşdur. Məhkəmə, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin yaradılması məqsədlərini nəzərə alaraq bir daha qeyd edir ki, Reyestr məlumat bazası funksiyasını yerinə yetirir. Cavabdeh orqan reyestrdə olan məlumatlara əsasən iddiaçının dövlət qulluğu stajını müəyyənləşdirmək əvəzinə, bu məlumatları təftiş etmiş, onların hüquqi nəticələrini X5 subyektiv şərhi əsasında qiymətləndirmiş və imtina cavabı vermişdir. Halbuki cavabdeh orqanın funksiyası reyestri yoxlamaq deyil, onu zərurət olduqda məlumat mənbəyi kimi istifadə etməkdir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının dövlət qulluğunda ümumi qulluq stajı tələb olunan 15 il müddətdən artıq olduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanunun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə X16 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı hüququnun yarandığı tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya fərqinin ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.