Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1467/2021 22.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məftunə Nur İlham qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Şəki rayonu, Baş Göynük Bələdiyyəsinin nümayəndəsi X1, Şəki rayonu Baş Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəliyinin nümayəndəsi X4, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki rayonu Baş Göynük bələdiyyəsi və Cavabdeh2nə qarşı “Baş Göynük bələdiyyəsi ilə bağlanmış müqavilə üzrə icarələrində olan torpaq sahəsinin müqaviləsinin qanuni olması, həmin ərazi özgəyə məxsus olduğu halda onların uzun illər ödədikləri rüsumların qaytarılması və dəymiş ziyanın ödənilməsi, Baş Göynük kənd İcra nümayəndəliyinin geri tarixə qeydiyyata salaraq saxta sənədlərlə onların yetişdirib istifadələrində olan fındıq bağının özgəsinə pay torpağı adında rəsmiləşdirilməsi faktının araşdırılması, verilmiş islahat aktının və arxiv sənədlərinin saxta olub-olmamasının ekspertizasının keçirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, məhkəmə hazırlıq iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki rayonu Baş Göynük bələdiyyəsi və Cavabdeh2nə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Baş Göynük bələdiyyəsi ilə bağlanmış müqavilə üzrə icarələrində olan torpaq sahəsinin müqaviləsinin qanuni olması, həmin ərazi özgəyə məxsus olduğu halda onların uzun illər ödədikləri rüsumların qaytarılması və dəymiş ziyanın ödənilməsi, Baş Göynük kənd İcra nümayəndəliyinin geri tarixə qeydiyyata salaraq saxta sənədlərlə onların yetişdirib istifadələrində olan fındıq bağının özgəsinə pay torpağı adında rəsmiləşdirilməsi faktının araşdırılması, verilmiş islahat aktının və arxiv sənədlərinin saxta olub-olmamasının ekspertizasının keçirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Şəki rayon AİK-nın 23.07.2002-ci il tarixli 05 nömrəli qərarı əsasında Şəki rayonu Baş Göynük kəndində yerləşən 1.48 ha torpaq sahəsi X9 və onun ailə üzvlərinin adına ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmış və müvafiq DƏDR-dən çıxarışla rəsmiləşdirilmişdir. İddiaçılar həmin torpaq sahəsinin X9 və onun ailə üzvlərinə qanunsuz verildiyini və məhz hazırki iş üzrə cavabdeh Şəki rayonu Baş Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəliyinin verdiyi sənədlər əsasında sənədləşdirildiyini iddia edirlər. İddiaçılar X9 və onun ailə üzvlərinin adına ümumi birgə mülkiyyət hüququ əsasında verilmiş 1.48 ha torpaq sahəsinin bələdiyyə tərəfindən icarə müqaviləsi əsasında özlərinin istifadəsinə verildiyini bildirir və faktiki olaraq həmin torpaq sahəsinin üçüncü şəxslərdən geri alınmasına nail olmaq istəyirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya 06.10.2021-ci il tarixdə hüquqi yardım məktubu göndərilərək iddia tələbi aydın olmaması və iddianın mümkünsüzlüyü izah edilmiş, tələbin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçılar tərəfindən eyni məzmunlu iddia ərizəsi yenidən məhkəməyə göndərilmiş, təqdim edilmiş yeni iddia ərizəsi İddiaçı2 tərəfindən də imzalanmışdır. Buna baxmayaraq iddia tələbi dəqiqləşdirilməmiş, cavabdeh inzibati orqanlar və onlara qarşı yönəlmiş tələblər iddiaçının hüquqi marağına uyğun qeyd edilməmiş, zəruri olan sənədlər əlavə edilməmişdir. Buna görə də yalnız imza ilə bağlı nöqsanın aradan qaldırıldığı yeni iddia ərizəsini məhkəmə dəqiqləşdirilmiş iddia ərizəsi kimi qəbul etməmiş, 22.12.2021-ci il tarixli iclas protokolunun qərardadına əsasən icraata qəbul etməkdən imtina edilmişdir. Şəki İnzibati Məhkəməsinin 02.12.2021-ci il tarixli 2-1(116)-1467/2021 nömrəli qərardadı ilə X9 və X5 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, islahat dövründən əvvəl uzun illərdir ki, müqavilə üzrə istifadəsində olan torpaq sahəsi Şəki İnzibati-İqtisadi Məhkəmənin qərarı ilə haqsız olaraq əlindən alaraq qanunsuz saxta islahat qərarı ilə ikinci dəfə pay torpağı almış X9 və X2 ailəsinə verilmişdir. Həmin torpaq sahəsi hazırki iş üzrə Cavabdeh2 verdiyi saxta sənədlər əsasında üçüncü şəxsin adına keçirilmişdir. Mübahisəli torpaq sahəsi Şəki rayonu Baş Göynük bələdiyyəsi tərəfindən onun və ailə üzvlərinin istifadəsinə icarə müqaviləsi əsasında verilib. Bələdiyyə işçiləri aldadaraq ona pul ödətmişlər. Belə ki, o, həmin torpaq sahəsinə hər il müqavilə üzrə ödəniş etmişdir. Bələdiyyə nümayəndələri onun əlindən alınmış ərazinin müqavilə ilə icarəsində olan ərazi olduğunu deyiblər. Eyni yaşayış yerindən pay torpağı 1 ailəyə bir dəfə verilməli olduğu halda, uzun illərdir əziyyət çəkib saldığı fındıq bağını əlindən alıb X9 və X2 ailəsinə veriblər. X9 və X5 isə saxta yollarla Baş Göynük kəndinə 2-ci dəfə qeydiyyata düşüb və qanunsuz şəkildə 2 dəfə pay torpağı alıblar. Buna görə də hazırki iddia tələbini məhz həmin cavabdehlərə qarşı yönəlmişdir. Məhkəmə iclasında İddiaçı2 İddiaçı1 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiq etdi. Cavabdeh Baş Göynük Bələdiyyəsinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçılarla aralarında icarə müqaviləsi bağlanan ərazi faktiki olaraq onun hal-hazırda istifadə etdiyi ərazidir. İddia ərizəsində tələb edilən X2 mülkiyyətinə verilmiş 1,48 ha torpaq sahəsinin iddiaçılara heç bir adiyyatı yoxdur. Bələdiyyə tərəfindən iddiaçılara müqavilə əsasında verilən torpaq sahəsi üçüncü şəxs X2 ümumi birgə mülkiyyətində olan 1.48 ha torpaq sahəsinin yanında yerləşsə də, həmin torpaq sahəsinə aid deyil. Ümumiyyətlə iddia olunan 1.48 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmadığına görə həmin torpaq sahəsi üzrə icarə müqaviləsi bağlana da bilməzdi. İddiaçıların icarəsinə verilmiş torpaq sahəsi onların istifadəsindədir və buna görə də vergi ödəyirlər. Lakin, hər hansı plan-ölçü sənədi tərtib edilməyib. Yalnız ərazinin sxemi mövcuddur. Göstərilənləri nəzərə alaraq iddianın mümkün sayılmamasını xahiş etdi. Cavabdeh Şəki rayonu Baş Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, islahat zamanı torpaq sahəsi AİK qərarı əsasında verilib və icarə müqaviləsi də bələdiyyə ilə iddiaçılar arasınında bağlanıb. Şəki rayonu Baş Göynük kənd ƏİD üzrə İcra nümayəndəliyinin ümumiyyətlə mübahisəyə aidiyyəti yoxdur. İddiaçıların onlara qarşı yönəldiyi tələbinin nədən ibarət olması aydın deyil və hazırda cavabdeh qismində icra nümayəndəliyinin işə cəlb edilməsinin səbəblərini bilmir. Odur ki, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ********** qeydiyyat nömrəli DƏDR-dən çıxırışdan görünür ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən 1.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə X9 və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. - müvafiq torpaq sahəsinə dair 10.07.2019-cu il tarixli plan-ölçü sənədində həmin sənədin tərtib edilməsinə əsas olan sənəd olaraq - DTXK Şəki rayon şöbəsi tərəfindən tərtib edilmiş 20.02.2009-cu il tarixli A 045100 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədi qeyd edilmişdir. - DTXK Şəki rayon şöbəsi tərəfindən tərtib edilmiş 20.02.2009-cu il tarixli A 045100 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəki rayon AİK-nın 23.07.2002-ci il tarixli 05 №-li qərarı ilə Şəki rayonu Baş Göynük kəndində yerləşən 14800.03 kv.m torpaq sahəsi üzrə hüquq sahibi olaraq X9 qeyd edilmişdir. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs X9 məhkəmə hazırlıq iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materialları ilə iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi maraqlarının nədən ibarət olması tam aydın olmasa da, tərəflərin izahatlarından və işdəki sənədlərdən məlum olur ki, iddiaçıların məqsədi Şəki rayon AİK-nın 23.07.2002-ci il tarixli 05 №-li qərarı əsasında üçüncü şəxslərin mülkiyyətinə verilmiş, Şəki rayonu Baş Göynük kəndində yerləşən 1.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadələrinə qaytarılmasına, bu mümkün olmadıqda isə müvafiq torpaq sahəsinə görə ödədikləri pul məbləğinin və dəymiş ziyan məbləğinin Baş Göynük Bələdiyyəsi tərəfindən onlara ödənilməsinə nail olmaqdır. Belə ki, iddiaçılar həmin torpaq sahəsinin üçüncü şəxslərin adına işlənməsi ilə bağlı sənədləri qanunsuz hesab edir və həmin torpaq sahəsinin bələdiyyə tərəfindən icarə müqaviləsi əsasında özlərinin istifadəsinə verildiyini iddia edirlər. Belə olan halda iddiaçılar ilk növbədə hüquqi maraqlarına uyğun olaraq, mübahisələndirdikləri torpaq sahəsi ilə bağlı üçüncü şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınmasına səbəb olan sənədləri mübahisələndirməlidirlər. Bundan başqa, iddia ərizəsinin Şəki rayonu Baş Göynük kənd bələdiyyəsinə qarşı irəli sürülən tələblərlə bağlı hissəsində iddiaçılar irəli sürdükləri alternativ tələbləri dəqiqləşdirməmiş, qaytarılmasını tələb etdiyi rüsum məbləğini, o cümlədən dəymiş ziyan dedikdə hansı məbləğdə ziyanı nəzərdə tutmasını konkret qeyd etməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana (Baş Göynük bələdiyyəsi) müraciət edib-etməməsini və müraciətinin təmin edilməsindən cavabdeh inzibati orqanın imtina etməsi (yaxud müraciəti cavabsız saxlaması) barədə sənədləri təqdim etməmişlər. Belə ki, Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-in 2.2.7-ci maddəsi) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İMP-in 34.1-ci maddənin 2-ci cümləsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İddia ərizəsinin Şəki rayonu Baş Göynük kənd İƏD-si üzrə İcra nümayəndəliyinə qarşı irəli sürülən tələblərlə bağlı hissəsi aydın və konkret deyil, yəni iddia tələbində cavabdeh tərəfindən iddiaçıların hansı hüquqlarının pozulması, hüquqlarının pozulmasına səbəb olmuş hansı inzibati aktın qəbul edilməsi və ya inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlərin edilməsi (və ya edilməməsi), o cümlədən bilavasitə hüquq və azadlıqlarını pozan hansı qanunsuz müdaxiləyə yol verilməsi müəyyən edilmir. İddiaçının nail olmaq istədiyi məqsədlə bağlı həmin inzibati orqan ümumiyyətlə cavabdehlik daşımır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddia tələbinin mümkünsüzlüyü ilə bağlı məhkəmənin hüquqi mövqeyi iddiaçıya göndərilmiş hüquqi yardımla bağlı məktubda, həmçinin iş üzrə keçirilən məhkəmə hazırlıq iclasında izah edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki rayonu Baş Göynük bələdiyyəsi və Cavabdeh2nə qarşı “Baş Göynük bələdiyyəsi ilə bağlanmış müqavilə üzrə icarələrində olan torpaq sahəsinin müqaviləsinin qanuni olması, həmin ərazi özgəyə məxsus olduğu halda onların uzun illər ödədikləri rüsumların qaytarılması və dəymiş ziyanın ödənilməsi, Baş Göynük kənd İcra nümayəndəliyinin geri tarixə qeydiyyata salaraq saxta sənədlərlə onların yetişdirib istifadələrində olan fındıq bağının özgəsinə pay torpağı adında rəsmiləşdirilməsi faktının araşdırılması, verilmiş islahat aktının və arxiv sənədlərinin saxta olub-olmamasının ekspertizasının keçirilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-1467/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1467/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver