Məhkəmə qərarları › İş №2-1(116)-147/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-147/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-147/2021 11.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Yevlax rayonu Səmədabad kəndində yerləşən 12 sot torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinin, onun üzərində yerləşən fərdi yaşayış evinin həmin 12 sot torpaq sahəsinin içində göstərilməklə mərhum X3 adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Yevlax rayon Səmədabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında X3 mülkiyyətində 0,12 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuş, evin tikildiyi tarix 1989-cu il, ümumi sahəsi 90 kv.m, o cümlədən yaşayış sahəsi 48 kv.m yazılmışdır. Təsərrüfatda ailə başçısı kimi X11, ailə üzvü kimi arvadı X12 göstərilmişdir. Yevlax rayon Səmədabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında ailə başçısı kimi X2 mülkiyyətində 0,17 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuş, sənəddə xx.xx.2000-ci ildə X2 vəfatından sonra təsərrüfatda Hüseynova Köçxanım Şəki qızının qeydiyyatda olduğu yazılmışdır. Yevlax Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən xx.xx.1999-cu ildə təsdiq edilmiş "Yevlax rayonunun Səmədabad kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də 217-ci sırada X3 və X6 qanuni istifadəsində 0,12 ha, 219-cu sırada X2 qanuni istifadəsində 0,17 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən, 0,12 ha həyətyanı torpaq sahəsi ilə bağlı X3 və X6 adına xx.xx.2002-ci ildə JN-217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən, 0,17 ha həyətyanı torpaq sahəsi ilə bağlı X2 adına JN-219A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. X11 xx.xx.2012-ci ildə vəfat etmişdir. Yevlax rayon Səmədabad kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə X3 və X6 ümumi birgə mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. X8 xx.xx.2000-ci ildə vəfat etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Yevlax rayonu Səmədabad kəndində yerləşən 0,12 ha və 0,17 ha torpaq sahələrinə dair "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin ləğv edilərək, 0,12 ha torpaq sahəsinə və orda inşa edilmiş fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina edərək xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, müvafiq şəhadətnamələrin ləğvi məsələsinə məhkəmə qaydasında baxıla bilər. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "qeyd edilən şəhadətnamələr ləğv edilərək yeni şəhadətnamənin verilməsi və ev 12 sotun içində göstərilməklə yeni çıxarış verilməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, JN-217A kod 90112018 və JN-219A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lər ləğv edilərək onun adına yeni şəhadətnamənin verilməsi və ev 12 sotun içində göstərilməklə onun adına yeni çıxarış verilməsinə dair öhdəliyin icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Sonra o, məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə yenidən ərizə verərək, Yevlax rayonu Səmədabad kəndində yerləşən 12 sot torpaq sahəsinin və 12 sot torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin qeydiyyata alınması və həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evi 12 sotun içində göstərilməklə onun adına çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Daha sonra o, məhkəməyə yenə də iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Yevlax rayonu Səmədabad kəndində yerləşən 12 sot torpaq sahəsinin və 12 sot torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin qeydiyyata alınması və həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evi 12 sotun içində göstərilməklə X3 adına çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, 0,12 ha torpaq sahəsi atası X11 tərəfindən tikilsə də, ev atasının adına olan JN-217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də deyil, X2 adına olan JN- 219A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında iddianı qəbul etməyərək bildirmişdir ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin ləğv edilməsi, yaxud onlarda hər hansı düzəlişin edilməsi İdarənin səlahiyyətinə aid deyil, bundan başqa, xx.xx.2015-ci ildə JN-217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən, X9 və onun ailə üzvü X3 adlarına ümumi birgə mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh orqanın əməkdaşları tərəfindən tərtib edilmiş və məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, JN-217A kod 90112018 və JN-219A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərdə göstərilən torpaq sahələrinə yerində baxış keçirilmiş və müəyyən olumuşdur ki, JN-217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsi natura üzrə plan ölçüyə tam uyğundur, faktiki vəziyyətdə həmin torpaq sahəsinin üzərində hər hansı tikili və ya qurğu yoxdur. JN-217A kod 90112018 və JN-219A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərdə göstərilən ərazilər natura üzrə üst-üstə düşür, hər iki torpaq sahəsinin naturaya uyğun fiziki sərhədləri mövcuddur, hər biri ayrı-ayrılıqda təsərrüfatdır. Bundan başqa, cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli məktubda bildirmişdir ki, JN-217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən qeyd olunan 0,12 ha torpaq sahəsi boş ərazidir, üzərində hər hansı tikili və ya qurğu mövcud deyil, 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin içində göstərilməsi mümkün deyil. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən, 0,12 ha həyətyanı torpaq sahəsi X3 və X6 mülkiyyətinə verilmişdir. - İşdə olan, JN-219A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən, 0,17 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Yevlax rayon Səmədabad kəndində yerləşən 0,12 ha torpaq sahəsinə X3 və X6 ümumi mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********002 nömrəli iddiaya qarşı etirazdan görünür ki, JN-217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən, X15 və onun ailə üzvü X3 adlarına ümumbirgə mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 23/11 nömrəli arxiv arayışından görünür ki, Yevlax Rayon Səmədabad kənd sovetliyinin 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabının 1177-ci təsərrüfatında ailə başçısı kimi X11, ailə üzvləri kimi arvadı X12, qızları X7, X4 və X5 (hər üçü köçdüyünə görə adlarının üstündən xətt çəkilmişdir) göstərilmişdir. Yevlax rayon Səmədabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında X3 mülkiyyətində 0,12 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuş, evin tikildiyi tarix 1989-cu il, ümumi sahəsi 90 kv.m, o cümlədən yaşayış sahəsi 48 kv.m yazılmışdır. Təsərrüfatda ailə başçısı kimi X11, ailə üzvü kimi arvadı X12 göstərilmişdir. Yevlax rayon Səmədabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında ailə başçısı kimi X2 mülkiyyətində 0,17 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuş, sənəddə xx.xx.2000-ci ildə X2 vəfatından sonra təsərrüfatda Hüseynova Köçxanım Şəki qızının qeydiyyatda olduğu yazılmışdır. Yevlax rayon Səmədabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında İddiaçı ayrıca təsərrüfatının olduğu, təsərrüfatın xüsusi mülkiyyətində 0,08 ha həyətyanı torpaq sahəsinin olduğu yazılmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İşdən görünür ki, iddiaçı iddiasını sonuncu dəfə dəqiqləşdirdikdən sonra onun tələbi Yevlax rayonu Səmədabad kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə atası X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Müəyyən edildi ki, torpaq islahatından əvvəl iddiaçının valideynləri X3 və X6 qanuni istifadəsində 0,12 ha həyətyanı torpaq sahəsi olmuşdur. Torpaq islahatı zamanı göstərilən torpaq sahəsi həmin şəxslərin mülkiyyətinə verilmiş və onların adına bunu təsdiq edən JN-217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Bundan sonra xx.xx.2015-ci ildə göstərilən 0,12 ha torpaq sahəsinə X3 və X6 ümumi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində yerləşən evə də X3 mülkiyyət hüququnu qeydiyyata alınması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Yevlax rayon Səmədabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında X3 təsərrüfatında 1989-cu ildə tikilmiş fərdi yaşayış evinin olması göstərilsə də, hazırda həmin 0,12 ha torpaq sahəsində ev, yaxud başqa bir tikili və ya qurğu mövcud deyil. Bu hal cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktla təsdiq edilməklə yanaşı, bilavasitə məhkəmə tərəfindən həmin torpaq sahəsinə xx.xx.2021-ci ildə keçirilmiş yerində baxış zamanı da müəyyən olunmuşdur. Belə ki, məhkəmə tərəfindən torpaq sahəsinə keçirilən yerində baxış zamanı müəyyən edildi ki, JN-217A kod 90112018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsi naturadakı vəziyyətə tam uyğundur və faktiki olaraq həmin torpaq sahəsində hər hansı tikili və ya qurğu yoxdur. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, mövcud olmayan evə kiminsə mülkiyyət hüququnun qeydiyyata alınması mümkün deyil, cavabdeh iddiaçının müraciətini təmin etməməkdə haqlı olmuşdur və hazırda iddianın təmin edilməsi üçün əsas yoxdur. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Yevlax rayonu Səmədabad kəndində yerləşən 12 sot torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinin, onun üzərində yerləşən fərdi yaşayış evinin həmin 12 sot torpaq sahəsinin içində göstərilməklə mərhum X3 adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar