Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-147/2022 15.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, mülkiyyətlərində olan 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Göyçay Rayon Aqrar İslahat Komissiyasının 17.09.1998-ci il tarixli 42 nömrəli qərarına əsasən, Göyçay rayon Qarabaqqal kəndində yerləşən 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, İddiaçı1 (iddiaçı), İddiaçı2 (iddiaçı), X11, X5 və X4 mülkiyyətinə verilmiş və onların adına JN-1437 kod 40806018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Sənəddən görünür ki, həmin torpaq sahəsi 6785 kv.m, 3328,88 kv.m və 6208,8 kv.m ölçüdə olan 3 ayrı-ayrı hissədən ibarətdir. X17 11.01.2005-ci ildə vəfat etmiş, Göyçay Rayon Aqrar İslahat Komissiyasının 17.09.1998-ci il tarixli 42 nömrəli qərarı ilə verilmiş 1,63 ha torpaq sahəsinin ona məxsus hissəsi onun oğlu İddiaçı1 miras qalmış və o, həmin miras əmlaka 06.12.2016-cı il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" almışdır. Həmin torpaq sahələrindən 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı1 2/6 hissə olmaqla, İddiaçı2, X11, X5 və X6 isə hər birinə 1/6 hissə olmaqla mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 20.12.2016-cı ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Eyni zamanda, göstərilən 0,6783 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə də İddiaçı1 2/6 hissə olmaqla, İddiaçı2, X11, X5 və X6 isə hər birinə 1/6 hissə olmaqla mülkiyyət hüquqları 20.12.2016-cı ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin 0,6783 ha torpaq sahəsi ilə bağlı X11 adına A-181035 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. İddiaçı1, İddiaçı2, X18, X12 və X13 həmin 0,6783 ha torpaq sahəsini 01.08.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, mülkiyyətlərində olan 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerində tanıdılaraq koordinatlarının müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh 22.02.2021-ci il tarixli **********15 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, aparılmış elektron uçotun nəticələri emal olunaraq sistemləşdirildikdən və təsdiq edildikdən sonra həmin torpaq sahəsinin yerinin tanıdılması ilə bağlı müraciətinizə baxıla bilər. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, mülkiyyətlərində olan 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerində tanıdılaraq koordinatlarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Onlar iddia tələbini belə əsaslandırmışlar ki, cavabdehin əməkdaşları torpaq sahəsini ölçərkən torpaq sahəsinin böyük hissəsinin üçüncü şəxs X8 hasarladığı əraziyə düşdüyünü müəyyən edib hasarın əks tərəfində keçmək hüquqlarının olmadığını bildirərək ölçü işlərini dayandırmışlar. Məhkəmənin yardım məktubundan sonra iddiaçı cavabdehə yenidən ərizə ilə müraciət edərək mülkiyyətlərində olan 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib edilməsini xahiş etmiş, lakin cavabdeh 11.10.2021-ci il tarixli **********44 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, ərizənin icrası ilə bağlı aparılan araşdırma zamanı sözügedən torpaq sahəsi ilə bağlı Şəki İnzibati Məhkəməsinin icraatında 2-1(116)-1120/2021 nömrəli inzibati işin olduğu məlum olmuş, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçılar məhkəməyə iddianın dəyişdirilməsi barədə 30.11.2021-ci il tarixli ərizə verərək, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, mülkiyyətlərində olan 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. Məhkəmənin 09.12.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı 04.08.2021-ci il tarixli **********52 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Cavabdeh məhkəməyə verdiyi 07.09.2021-ci il tarixli arayışda bildirmişdir ki, iddiaçıların və onların ailə üzvlərinin adına olan JN-1437 kod 40806018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş koordinatlarda yerləşən 6208,8 kv.m torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və kadastr elektron baza DWG məlumatlarına əsasən, digər şəxsə məxsus hər hansı sənədlə üst-üstə düşmə halı yoxdur. Üçüncü şəxs X14 iddiaya qarşı 27.07.2021-ci ildə məhkəməyə göndərdiyi etirazında bildirmişdir ki, iddiaçıların 0,62 ha torpaq sahəsi yerindədir. İddiaçıların iddia etdiyi torpaq sahəsini isə o, başqa şəxsdən almışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-1437 kod 40806018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının 17.09.1998-ci il tarixli 42 nömrəli qərarına əsasən, Göyçay rayon Qarabaqqal kəndində yerləşən 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, İddiaçı1 (iddiaçı), İddiaçı2 (iddiaçı), X11, X5 və X4 ümumi mülkiyyətinə verilmişdir, torpaq sahəsi 6785 kv.m, 3328,88 kv.m və 6208,8 kv.m ölçüdə olan 3 ayrı-ayrı hissədən ibarətdir. - İşdə olan, 06.12.2016-cı il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, X17 11.01.2005-ci ildə vəfat etmiş, Göyçay Rayon Aqrar İslahat Komissiyasının 17.09.1998-ci il tarixli 42 nömrəli qərarı ilə verilmiş 1,63 ha torpaq sahəsinin X15 məxsus hissəsi onun oğlu İddiaçı1 miras qalmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı1 2/6 hissə olmaqla, İddiaçı2, X11, X5 və X6 isə hər birinə 1/6 hissə olmaqla mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 20.12.2016-cı ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,6783 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə də İddiaçı1 2/6 hissə olmaqla, İddiaçı2, X11, X5 və X6 isə hər birinə 1/6 hissə olmaqla mülkiyyət hüquqları 20.12.2016-cı ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, A-181035 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, 0,6783 ha torpaq sahəsi ilə bağlı X11 adına "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. - İşdə olan, 01.08.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı2, X18, X12 və X13 0,6783 ha torpaq sahəsini X1. - İşdə olan, cavabdehin 07.09.2021-ci il tarixli məktubundan görünür ki, 6208,8 kv.m ölçüdə olan torpaq sahəsi X15 və onun ailə üzvlərinə məxsus olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Ərazi İdarəsinin kadastr elektron baza DWG məlumatlarına əsasən, üst-üstə düşmə halı yoxdur. Sözügedən torpaq sahəsi təsdiq edilməmiş elektron uçot nəticələrində 0,3717 ha kimi qeyd edilmişdir. - İşdə olan, cavabdehin 12.01.2022-ci il tarixli **********79 nömrəli etiraz məktubundan görünür ki, 0,62 ha torpaq sahəsinin başqa şəxs tərəfindən hasarlandığı məlum olduğuna görə iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə görə, bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Sadalanan normalardan göründüyü kimi, hüquqların dövlət qeydiyyatının aparılması üçün digər sənədlərlə yanaşı, "Torpaq sahəsinin planı və ölçüsü" də qeydiyyat orqanına təqdim edilməlidir. Hazırkı işdə İddiaçı1 və ailə üzvlərinin adına 0,62 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat, "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmədən aparılmışdır. Cavabdeh qeyd olunan torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilməməsini bununla əsaslandırır ki, iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsi başqa şəxs tərəfindən hasarlanmışdır. Ona görə məhkəmə tərəfindən cavabdehə sorğu edilərək JN-1437 kod 40806018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 6208,08 kv.m torpaq sahəsinin koordinatlarının sənəd üzrə elektron bazada təyinatı, uqodiyası, mülkiyyətçisi və digər şəxsə məxsus hər hansı sənədlə üst-üstə düşüb-düşməməsi barədə məlumat tələb olundu. Cavabdehin 07.09.2021-ci il tarixli cavab məktubundan aydın oldu ki, 6208,8 kv.m ölçüdə olan torpaq sahəsi X15 və onun ailə üzvlərinə məxsus olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir, Ərazi İdarəsinin kadastr elektron baza DWG məlumatlarına əsasən, üst-üstə düşmə halı yoxdur və sözügedən torpaq sahəsi təsdiq edilməmiş elektron uçot nəticələrində 0,3717 ha kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçılara məxsus olan 0,62 ha torpaq sahəsinin "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş koordinatları başqa şəxslərə, o cümlədən üçüncü şəxs X9 məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Həmin torpaq sahəsinin bir hissəsinin qanuni əsas olmadan başqa şəxs tərəfindən hasarlanması isə iddiaçıları torpaq sahəsi üzərində mülkiyyət hüququndan məhrum edə bilməz və bu hal iddiaçıların adına "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib edilməməsinə əsas vermir. Cavabdeh həmin sənədi tərtib etməkdən imtina etməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2, X11, X5 və X6 ümumi mülkiyyətində olan, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində 20.12.2016-cı ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,62 ha torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-147/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-147/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver