Məhkəmə qərarları › İş №2-1(116)-147/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-147/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-147/2023 22.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. Onun 34 ilə yaxın (xx.xx.1976-xx.xx.2010) iş stajı vardır. Bunu iddiaçının əmək kitabçası təsdiq edir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********5 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-cimaddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən xx.xx.1976-cı il tarixli ИT-l ******* saylı əmək kitabçasının və əyani təhsil haqqında diplomunun surətlərinə əsasən sığorta stajı (xx.xx.1974-ci il tarixdən xx.xx.1976-cı il tarixədək əyani təhsil dövrü) 20 il 12 gün təşkil edir. xx.xx.1976-cı il tarixli ИT-l ******* saylı iddiaçının adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək “X8” ASC-də olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sözügedən qurumda xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək olan dövrlər iddiaçıya əmək haqqı ödənilmədiyi müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək məcburi dövlət sosial sığota haqlarının ödənilməsi X1 Sisteminin Pensiya altsistemində öz əksini tapmamışdır. İddiaçı əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-6567/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: İddiaçı iddia ərizəsində 24 may 1978-ci il tarixdən 02 mart 2010-cu il tarixədək X2 (Sənaye Kombinatı) (hazırda “X8” ASC) işlədiyini iddia edir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə qeyd edilən dövrlə bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin İsmayıllı filialına 25 aprel 2022-ci il tarixli **********4 nömrəli sorğu göndərilmiş və X10 filialının 06 may 2022-ci il tarixli 52 nömrəli cavab məktubuna əsasən 1978-1984-cü illər üzrə əmək haqqı cədvəlində 1978-ci ilin dekabr, 1979-cu ilin sentyabr, oktyabr aylarında, 1980-ci ilin yanvar, dekabr aylarında, 1981-ci ilin yanvar, 1983-cü ilin dekabr, 1984-cü ilin may, iyun, iyul, avqust, senytyabr, oktyabr, noyabr, dekabr aylarında əmək haqqı qeyd edilməmiş və 1985-ci il üzrə isə adı aşkar edilməmişdir. Həmçinin 1978-2006-cı illər üzrə işə qəbul, işdən azad olması barədə əmrlər və 1986-2006-cı illər üzrə İddiaçı X2 işləməsi və qazandığı əmək haqqını təsdiq edən sənədlərin arxiv fonduna təhvil verilməməsi səbəbilə araşdırmaq mümkün olmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixədək işə qəbul, işdən azad olması barədə əmrlər və əmək haqqı sənədləri arxiv fonduna təhvil verilmədiyi və qeyd edilən illər üzrə əmək haqqı ödənilmədiyi səbəbilə həmin dövr sosial sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqları müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə əmək pensiyası hüququ qanunvericiliklə nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə 63 il 6 ayla xx.xx.2018-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubuna əsasən İddiaçı sosial sığorta stajı 10 avqust 1976-cı il tarixdən 12 oktyabr 1977-ci il tarixədək (12 ay 2 gün), 20 dekabr 1977-ci il tarixdən 03 mart 1978-ci il tarixədək (2 ay 13 gün), 24 may 1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (13 il 7 ay 7 gün) olan əmək fəaliyyəti dövrləri və 01 sentyabr 1974-cü il tarixdən 30 iyun 1976-cı il tarixədək əyani təhsil dövrü daxil olmaqla 01 yanvar 2006-cı il tarixədək mübahisələndirilməyən sosial sığorta stajı 16 il 9 ay 21 gün olmaqla tələb edilən müddətdən (25 il) azdır. Əlavə olaraq İddiaçı fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tamamlanmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ 63 yaş 6 ayda, yəni xx.xx.2018-ci il tarixdə yaranmışdır. İş materiallarına əlavə edilmiş iddiaçıya aid B-İ seriyalı 006002 nömrəli diplomun notariat qaydada təsdiq olunmuş surətinə əsasən iddiaçı 1971-ci ildə “M.Əzizbəyov” adına X12 ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş xx.xx.1976-cı ildə tam kursu bitirmişdir. (xx.xx.1971-xx.xx.1976-cı illər üzrə təhsil müddəti 4 il 10 ay 5 gün) İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək X7 mexanik (1 il 2 ay 2 gün); xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək İsmayıllı rayon Qaz istismarı kontorunda çilingər (2 ay 13 gün); xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək İsmayıllı rayon İstehsalat kombinatının misgər sexləri üzrə mühəndis-texnoloq vəzifəsində işləmişdir. Həmin tarixdən iddiaçı Kombinatın misgər sexinə sex müdiri vəzifəsinə təyin edilmişdir (1 il 9 ay 9 gün). xx.xx.2010-cu il tarixdə X8 ASC-nin Lahıc misgər sexinin rəisi öz xahişi ilə işdən azad edilmişdir. İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 172 nömrəli məktubunda qeyd olunur ki, X3 (Sənaye Kombinatı) bütün fəaliyyət dövrünün əmr kitabları və 1985-ci ildən sonra fəaliyyətinə xitam verilənədək əmək haqqı ödənişi üzrə hesablaşma kitab və ya cədvəlləri arxiv fonduna təhvil verilməmişdir. İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 172 nömrəli məktubuna əlavə olunmuş iddiaçının adı qeyd olunan 1978-1984-cü illərin əmək haqqı ödənişi üzrə cədvəl və kitablarının vərəqlərinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 1978-ci ilin iyun ayından 1984-cü ilin aprel ayınadək əmək haqqı almışdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının pensiya işində olan xx.xx.2021-ci il tarixli aktda qeyd olunur ki, iddiaçının adına yazılmış əmək kitabçasının İsmayıllı rayon Dövlət Arxivində qarşılıqlı üzləşdirildikdə müəyyən edildi ki, iyun 1978-ci ildən may 1984cü il tarixə kimi əmək haqqı aşkar edildi. X9 fəaliyyəti dayananadək heç bir sənədi İsmayıllı rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün işə girib işdən çıxma əmrlərinin, 1986-cı ildən sonrakı dövrün əmək haqqını yoxlamaq mümkün olmamışdır. İddiaçı tərəfindən məhkəməyə əsli təqdim edilmiş xx.xx.2021-ci il tarixli 107 nömrəli İsmayıllı rayon Dövlət arxivinin arxiv arayışında eyni məlumatlar qeyd edilmişdir. İş materiallarına əsli təqdim edilmiş “X8” ASC-nin arayışında qeyd edilmişdir ki,İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi X2 sex müdiri işləməklə əmək haqqı almışdır. Arayışa əlavə olunmuş cədvəldə iddiaçının 1992-1996-cı illər üzrə əmək haqqı məlumatları öz əksini tapmışdır. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, xx.xx.2020-ci il tarixdən etibarən kişilər üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 65 yaşdır. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1954-cü il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olumasına hüquq verən yaş həddinə xx.xx.2018-ci il tarixdə çatmışdır. İddiaçıya münasibətdə pensiya hüququ verən yaş həddinin 63,5 yaş olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən verilmiş iddiaya etiraz ərizəsində də iddiaçıya yaşa görə əmək pensiyası hüququnun qanunvericiliklə nəzərdə tutulmuş şərtlər ödənildiyi təqdirdə 63 il 6 ayla xx.xx.2018-ci il tarixdə yaranması qeyd edilmişdir. İddiaçı həmin tarixdə artıq kişilər üçün müəyyən edilmiş yaş həddinə çatdığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının təhsil müddəti (4 il 10 ay 5 gün) + X7 mexanik işlədiyi müddət (1 il 2 ay 2 gün) + İsmayıllı rayon Qaz istismarı kontorunda çilingər işlədiyi dövr (2 ay 13 gün) + İsmayıllı rayon İstehsalat kombinatının misgər sexləri üzrə mühəndis-texnoloq vəzifəsində işlədiyi müddət (1 il 9 ay 9 gün) + xx.xx.1980-ci ildən xx.xx.1999-cu ilədək (əmək kitabçası və “X8” ASC-nin arayışına əsasən) işlədiyi dövr (18 il 10 ay 27 gün) nəzərə alınmaqla ümumilikdə 26 il 10 ay 26 gün iş stajı vardır. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrü mübahisələndirilməmiş, ondan sonrakı dövr mübahisələndirilmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrünün göstərilən şəkildə müahisələndirilməsi, məhkəmə araşdırması ilə iddiaçıya məxsus əmək kitabçası, iş materiallarına əlavə edilmiş arxiv arayışı və “X8” ASC-nin arayışına əsasən müəyyən edilmiş hallara zidd olumuşdur. Eyni zamanda cavabdeh iddiaçının təhsil dövrünün hesablanması zamanı səhvə yol verərək iddiaçının təhsil müddətini xx.xx.1971-ci ildən deyil xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı ilədək götürmüşdür. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş arayışlara əsasən müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında əks olunan əmək stajı arayılşla təsdiq edilən xx.xx.1999-cu il tarixədək nəzərə alındığı halda belə iddiaçı qanunvericiliklə müəyyən edilmiş ikinci şərti, yəni əmək stajına dair 25 illik müddət tələbini ödəmiş olur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe, həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-45/2021 nömrəli qərarı). Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 63 yaş 6 ayının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar