Məhkəmə qərarları › İş №2-1(116)-147/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-147/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-147/2025 08.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun 110 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,05 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarşın və Plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun və 110 nömrəli qərarına əsasən İddiaçı satılmış 0,05 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarşın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-3301/2023 nömrəli qərardadı ilə Yevlax rayonu Havarlı bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-876/2024 nömrəli qərardadı ilə X3 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb edilmişdir. İddia ərizəsinə əsasən Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun 110 nömrəli qərarı ilə 0,05 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. İddiaçı, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı, tələb hüququnu sözügedən torpaq sahəsinin ona bələdiyyə qərarı ilə satılması, satılan torpaq sahəsinin dəyərinin ödənilməsi və satıldığı vaxtdan faktiki istifadəsində və sahibliyində olması ilə əsaslandırmışdır. Cavabdeh imtinasını iddia olunan torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüququnun qeydə alınması ilə əsaslandırmışdır Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edimişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hüquqi marağı Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun 110 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,05 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarşın və Plan-ölçü sənədinin verilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis rəyi tələb etmişdir. Təqdim olunan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Yevlax rayonu, Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 110 saylı qərarı ilə İddiaçı Yevlax rayonu, Havarlı kəndi ərazisindən ayrılmış 0.05 ha torpaq sahəsinin sxemində (ilkin torpaqayırma sənədləri) torpaq sahəsinin dəqiq ölçüləri və koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından torpaq sahəsinin xüsusiyyətləri barədə məlumatların verilməsi mümkün olmadı. Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X2 Uçotu informasiya Sistemi”ndəki xəritəsinə əsasən, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqlar, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi - Mingəçevir bələdiyyəsidir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi JN- 304İ nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X1 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 110 saylı qərarı ilə İddiaçı Yevlax rayonu, Havarlı kəndi ərazisindən ayrılmış 0.05 ha torpaq sahəsinin sxemində (ilkin torpaqayırma sənədləri) torpaq sahəsinin dəqiq ölçüləri və koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin eyni olub-olmamasını müəyyən etmək mümkün olmadı. Təqdim olunan mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, iddia olunan torpaq sahəsi üzərində X1 mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı verilmiş torpaq sahəsinin yerləşdiyi 0.05 ha torpaq sahəsinin təqdim etdiyi sənədlərdə koordinatların olmadığından müəyyən etmək mümkün deyil. Göründüyü kimi Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun 110 nömrəli qərarına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmadığından iddia olunan torpaq sahəsinin xüsusiyyətləri barədə rəy təqdim edilmişdir. Rəyə əsasən həmin torpaq sahəsi JN- 304İ nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X1 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.Sonuncu tərəfindən Şəhadətnamə əsasında təkrar mülkiyyət hüququnun qeydə alınması barədə hazırkı cavabdehə müraciət edilmiş,N.Tağıyevin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ təkrar qeydə alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra X3 mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə 08 oktyabr 2025-ci il tarixinə məhkəmə iclası təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilmişdir. Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4№-li qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım qaydasında izah edildir ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə JN- 304İ nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə mübahisələndirilə və ya torpaq sahəsinin yerləşmə vəziyyətinin TEKUİS-ə uyğunlaşdırılması üçün cavabdehə müraciət edilə bilər.İddiaçıa bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinin koordinatları müəyyən edilməsə də hazırda iddia olunan torpaq sahəsi üzərində qeydə alınmış hüquq mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun 110 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,05 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarşın və Plan-ölçü sənədinin” verilməsi tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar