Məhkəmə qərarları › İş №2-1(116)-1472/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1472/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1472/2022 19.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X5 və X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “cavabdehin 06 aprel 2022-ci il tarixli 321/Ü nömrəli əmrinin ona münasibətdə olan hissədə ləğv edilməsi, işdən azad edildiyi dövr üçün ona məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqı ödənilməklə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoruna aparıcı məsləhətçi vəzifəsinə işə bərpa olunması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 06 aprel 2022-ci il tarixli 321/Ü nömrəli əmrinin ona münasibətdə olan hissədə ləğv edilməsi, işdən azad edildiyi dövr üçün ona məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqı ödənilməklə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoruna aparıcı məsləhətçi vəzifəsinə işə bərpa olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1996-cı ildə X1 bitirmişdir. Həmin ildə Ağdaş şəhər “M.Şeyxzadə” adına internat məktəbinə mühasib vəzifəsinə işə qəbul olunmaqla əmək fəaliyyətinə başlamışdır. İddiaçı 15 sentyabr 2000-ci ildə başqa işə keçdiyinə görə “M.Şeyxzadə” adına internat məktəbinin mühasib vəzifəsindən işdən azad olunmuş və həmin tarixdə Dövlət Əmək Nazirliyinin Ağdaş rayon şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2006-cı il il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi Departamentinin 209 k saylı 20 dekabr 2006-cı il tarixli əmri ilə 3 ay sınaq müddətinə Nazirliyin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin monitorinqi sektorunun Ağdaş rayonu üzrə İİİ qrupuna məsləhətçi ixtisası üzrə dövlət qulluğuna qəbul olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 06 aprel 2022-ci il tarixli 321/Ü nömrəli əmri ilə iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 4/2222-09 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2022-cı il tarixli 135/Ü nömrəli Əmrinə əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə audit tədbirləri həyata keçirilmişdir. Audit araşdırılması zamanı X7 mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun əməkdaşı olan iddiaçı tərəfindən tərtib edilmiş aktların yalnız baş vermiş ekoloji pozuntularla əlaqədar olduğu, “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları”na uyğun olaraq ekoloji sferalar üzrə, demək olar ki, monitorinq aparılmadığı, xidməti ərazi üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi işlərinin həyata keçirilmədiyi ətraf mühitə olan təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin elmi əsaslarla müşahidəsi və proqnozlaşdırılması istiqamətində qanunamüvafiq işlər görülmədiyi aşkar edilmişdir Qeyd edək ki, yuxarıda göstərilən məqsədlərin həyata keçirilməsi üçün 8 saylı RETSİ-nin strukturu daxilində Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoru mövcuddur. Lakin 8 saylı RETSİ-nin aparıcı məsləhətçi-müfəttişi İddiaçı Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun əməkdaşı olmasına baxmayaraq, onun tərəfindən ətraf mühitin ekoloji vəziyyətinin qiymətləndirilməsi, ətraf mühitə olan təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin elmi əsaslarla müşahidəsi və proqnozlaşdırılması məqsədilə monitorinq aktları tərtib edilməmişdir. Nazirliyin 20 avqust 2015-ci il tarixli, 507/Ü saylı Əmri ilə təsdiq edilmiş İnzibati vəzifələr üzrə vəzifə təlimatlarına əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi - müfəttişinin qulluq funksiyaları sırasında Xidməti ərazidə ətraf mühitin və əlverişli ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi, ətraf mühit üzrə çirkləndirici mənbələrin uçotunun aparılması, onların ekoloji zərərlilik dərəcəsinin müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı müddəalar müəyyən edilmişdir. Lakin 8 saylı RETSİ-nin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi-müfəttişi İddiaçı İdarədə əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə öz vəzifələrini layiqincə yerinə yetirməmişdir. Belə ki, İdarə tərəfindən ətraf mühitə dair qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini araşdırmaq, yəni öyrənmək, tədqiqat və müşahidələr aparmaq və bununla əlaqədar təkliflərin təqdim edilməsi məqsədilə İddiaçı müvafiq sərəncamlar verilmişdir. Lakin İddiaçı monitorinq adı altında tərtib etdiyi aktlar inzibati xəta hadisələrinin mövcudluğu ilə əlaqədar tərtib edilmişdir. Onu da qeyd edək ki, Xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunmasına, müvafiq qanunvericilik aktlarının tələblərinə riayət olunmasına nəzarət edilməsi və bununla əlaqədar sektor müdirinə müvafiq təkliflərin təqdim edilməsi İddiaçı işlədiyi vəzifənin qulluq funksiyaları sırasında qeyd edilmişdir. Buna baxmayaraq İddiaçı tərəfindən antropogen təsirlər nəticəsində ətraf mühitin yaranmış mövcud vəziyyətinin qiymətləndirilməsi, eyni zamanda, gələcəkdə baş verə biləcək təhlükəli proseslərin proqnozlaşdırılması məqsədilə tədbirlər həyata keçirilməmiş, müşahidə və tədqiqatlar aparılmamışdır. Məlumat üçün bildirilir ki, daha əvvəl 8 saylı RETSİ-nin 30 iyul 2021-ci il tarixli, 48 nömrəli Əmri ilə X7 mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun monitorinq üzrə aparıcı məsləhətçisi İddiaçı işə davamiyyətində gecikmə hallarına yol verdiyi üçün töhmət verilmişdir. Göründüyü kimi İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoruna aparıcı məsləhətçi vəzifəsində işlədiyi müddətdə dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməmiş, həvalə olunmuş vəzifələrini yerinə yetirməmişdir. Nəticədə Nazirliyin 285/Ü saylı, xx.xx.2022-ci il tarixli Əmri ilə həvalə olunmuş vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyinə görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi, İİ dərəcə dövlət qulluqçusu İddiaçı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir. "Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 iyul 2004-cü il tarixli, 90 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi sisteminə atmosfer havasının monitorinqi, su obyektlərinin monitorinqi, torpaqların monitorinqi, mineral-xammal ehtiyatlarının monitorinqi, bioloji ehtiyatların monitorinqi, atmosfer yağıntılarının (yağış, qar) monitorinqi, radıoaktıvliyin monitorinqi, ətraf mühitə zərərli fiziki təsirlərin monitorinqi, tullantıların monitorinqi sanitariyaepidemioloji monitorinq, ekzogen geoloji və seysmogeodinamik proseslərin ətraf mühitin vəziyyətinə təsirinin monitorinqi və xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqi daxildir. Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" Qanununun 25.1-ci maddəsinə əsasən Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə, bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında” Qanununun 18.0.3-cü maddəsinə əsasən Dövlət qulluqçusu dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməlidir. Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında" Qanununun 25.2.6-cı maddəsinə əsasən Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində intizam tənbeh tədbiri qismində dövlət qulluğundan azad edilmə tətbiq edilə bilər. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: İddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Cavabdeh tərəfindən mübahisəli qərarın iddiaçıya təqdim olunmasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş əmrin surətinin sonuncu vərəqinin arxasında “xx.xx.2022-ci il tarixdə təhvil verdim” qeydi aparılmış, L.A.Əsgərova tərəfindən imzalanmışdır. Həmin qeyddən əmrin və ya digər sənədin kimə təhvil verilməsi müəyyən olunmur. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.1.3-cü bəndinə (əmək münasibətlərindən irəli gələn mübahisələr) əsasən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmiş, Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən mediasiya prosesinə başlanılmış, tərəflərə xx.xx.2022-ci il tarixdə mediasiyaya dəvət məktubu ünvanlanmış və mediasiya prosesi xx.xx.2022-ci il tarixinədək davam etmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış xx.xx.2022-ci il tarixdə verilmiş, iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə 30 günlük müddət ötürülmədən məhkəməyə ünvanlanmış və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması və ona təqdim olunması (və ya elan olunması) iş üzrə mötəbər sübutlarla təsdiq edilməyən əmrin mübahisələndirilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddətin ötürüldüyü müəyyən edilməmişdir. İş materiallarında olan: Cavabdehin xx.xx.2022-ci il tarixli 4/2222-09 nömrəli etiraz məktubuna əlavə olunmuş xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmrin təsdiq olunmuş surətində qeyd olunmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2022-ci il tarixli 135/Ü nömrəli Əmrinə əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə audit tədbirləri həyata keçirilmişdir. Audit araşdırılması zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. İdarə tərəfindən yoxlama dövrü ərzində cərimələrin könüllü ödənilməməsinə baxmayaraq, əksər işlər üzrə məcburi icra edilməsi üçün iş üzrə materialların aidiyyəti orqanlara göndərilməsi təmin edilməmişdir. İdarənin əməkdaşları tərəfindən aktların tərtib edilməsi zamanı bir sıra nöqsanlara yol verilmiş, eləcə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin məsuliyyət müəyyən edən maddəsi düzgün tətbiq edilməmiş, nəticədə təbiətə dəymiş ziyan düzgün hesablanmamışdır. X7 mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun əməkdaşları tərəfindən tərtib edilmiş aktlar yalnız baş vermiş ekoloji pozuntularla əlaqədar olmuş, “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarfna uyğun olaraq ekoloji sferalar üzrə, demək olar ki, monitorinq aparılmamış, xidməti ərazi üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi işləri həyata keçirilməmiş, ətraf mühitə olan təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin elmi əsaslarla müşahidəsi və proqnozlaşdırılması istiqamətində qanunamüvafiq işlər görülməmişdir. İdarə tərəfindən ekspertiza rəylərinin icrasına nəzarət edilməmiş, bir sıra məcburi göstərişlər üzrə, o cümlədən, tibbi tulantıların daşınması üçün müqaviləsi olmayan 19 tibbi müəssisəsi barəsində heç bir tədbir görülməmiş və müvafiq məcburi göstəriş verilməmişdir. Dislokasiya üzrə 350 sayda müəsssisəyə qarşı cəmi 86 müəssisə tərəfindən 2TG hesabatı təqdim edilmişdir. Hesabat təqdim etməyən müəssisələr barəsində heç bir tədbir görülməmişdir. Eyni zamanda, yerin təki üzrə cəmi 3 monitorinq aktı və 1 inzibati xəta haqqında protokol tərtib edilmiş, faydalı qazıntı yataqlarına nəzarət tələb olunan səviyyədə həyata keçirilməmişdir. Araşdırma zamanı bir sıra əməkdaşların fəaliyyətinin qeyri-qənaətbəxş olduğu, həvalə olunmuş əmək funksiyalarını lazımi şəkildə yerinə yetirilmədiyi müəyyən edilmişdir. Bununla da, iş ahəngi pozulmuş, İdarənin fəaliyyətində qarşıya qoyulmuş məqsədlərə çatmaq mümkün olmamışdır. Mübahisələndirilən əmrin 2-ci bəndində qeyd olunur ki, həvalə olunmuş vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyinə görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi, İİ dərəcə dövlət qulluqçusu İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilsin. Cavabdehin xx.xx.2022-ci il tarixli 4/2222-09 nömrəli etiraz məktubuna əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən görülmüş işlərin, idarənin saxlanması və tədbirlərin görülməsinə yönəldilmiş büdcə və digər mənbələr üzrə yaranmış vəsaitlərin istifadə edilməsi vəziyyətinin araşdırılması istiqamətində audit tədbirlərinin keçirilməsi haqqında 21 fevral 2022-ci il tarixli aktından xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunur ki, ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunda 2021ci il ərzində monitorinq işləri üzrə işçilərinin sayı 2 nəfər olmaqla il ərzində cəmi 118 monitorinq aktı tərtib olunmuşdur. O cümlədən fauna üzrə 55 akt, yaşıllıq 36 akt, tullantılar üzrə 22 akt, yerin təki üzrə 3 akt, çirkab sular üzrə 1 akt, atmosfer üzrə 1 akt tərtib edilmişdir. Tərtib edilmiş aktlar yalnız baş vermiş ekoloji pozuntularla əlaqədar olmuşdur. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarına uyğun olaraq ekoloji sferalar üzrə monitorinq aparılmamış, xidməti ərazi üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi işləri həyata keçirilməmiş, ətraf mühitə olan təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin elmi əsaslarla müşahidəsi və proqnozlaşdırılması istiqamətində qanunamüvafiq işlər görülməmişdir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli 48 nömrəli “intizam tənbeh tədbirinin tətbiqi haqqında” əmrinin təsdiq olunmuş surətindən görünür ki, X7 Mühafizəsinə Nəzarət və Ekoloji Monitorinq sektorunun aparıcı məsləhətçisi İddiaçı işə davamiyyətində gecikmə hallarına görə töhmət verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(014)-119/2021 nömrəli qərarına əsasən müəyyən edilmişdir ki, İddiaçı X3 ətraf mühitə vurulmuş ziyanla bağlı 54,08 manat ödəniş cədvəli təqdim etməli olduğu halda, cədvəldə 100 manat məbləğində ödəmə yazaraq Aqşin Hüseyinova təqdim etmiş, lakin 14 sentyabr 2020-ci il tarixdə İddiaçı Aqşin Hüseyinovdan aldığı 150 manat məbləğində pulu Aqşin Hüseyinovun əmisi Rauf Hüseyinovun adından ətraf mühitə vurulmuş zərərlə bağlı ödəmə kimi dövlət hesabına ödəmiş və nəticəoə İddiaçı Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə onun barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə tərəfindən inzibati xətanı törətməsinə dair İddiaçı barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən həmin faktın baş verməsinə dair video görüntü məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında video görüntüyə baxış keçirilmişdir. İddiaçı izahatında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı onun fəaliyyətinin 2,8 olaraq qiymətləndirildiyini bildirmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə 20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti: 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.11. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Maddə 30-1. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi 30-1.1. Dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilir. 30-1.2. Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçularının, stajçı kimi və sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin, habelə təqvim ilinin sonunadək müvafiq vəzifədə faktiki olaraq 6 aydan az müddətdə qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilmir. 30-1.3. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçirilir. 30-1.4. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qiymətləndirilmə forması əsasında aparılır. Qiymətləndirilmə forması dövlət qulluqçusunun təqvim ili ərzində yerinə yetirməli olduğu tapşırıqlar (hədəflər) və bu Qanunun 30-1.6-cı və 30-1.7-ci maddələrində göstərilən meyarlar, habelə əmək intizamı nəzərə alınmaqla tərtib edilir. Tapşırıqların (hədəflərin) və meyarların mühümlük dərəcəsi bilavasitə rəhbər tərəfindən müəyyən edilir. 30-1.5. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun il ərzində icra etməli olduğu mühüm işlərdir. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun qulluq keçdiyi struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun və dövlət qulluqçusunun qulluq funksiyaları çərçivəsində olmalıdır. Tapşırıqların (hədəflərin) icra müddəti dəqiq müəyyən edilməli, ölçülə və yerinə yetirilə bilən olmalıdır. Hər bir tapşırığın (hədəfin) icra edilməsindən gözlənilən nəticə müəyyən edilməlidir. 30-1.6. Dövlət qulluqçusunun il ərzində xidməti fəaliyyəti aşağıdakı meyarlar əsasında qiymətləndirilir: 30-1.6.1. peşə bilikləri; 30-1.6.2. qulluq (xidməti) vəzifələrinə münasibəti; 30-1.6.3. təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı; 30-1.6.4. yaradıcılıq və təşəbbüskarlıq; 30-1.6.5. iş təcrübəsi və onu bölüşmə; 30-1.6.6. kollektivdə işləmək və ünsiyyət bacarığı. 30-1.7. Rəhbər vəzifə tutan dövlət qulluqçularının fəaliyyəti bu Qanunun 30-1.6-cı maddəsində göstərilənlərə əlavə olaraq aşağıdakı meyarlar əsasında qiymətləndirilir: 30-1.7.1. proqnozlaşdırma; 30-1.7.2. idarəetmə; 30-1.7.3. kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı; 30-1.7.4. komanda qurmaq bacarığı. 30-1.8. Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı şəkildə qiymətləndirilir: 30-1.8.1. əla; 30-1.8.2. yaxşı; 30-1.8.3. kafi; 30-1.8.4. qeyri-kafi. 30-1.9. Dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən yekun qiymətin 50 faizi tapşırıqların (hədəflərin) icra səviyyəsinin qiymətləndirilməsinə, 40 faizi meyarlar əsasında qiymətləndirilməyə, 10 faizi isə əmək intizamı əsasında qiymətləndirməyə əsaslanır. 30-1.10. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdirilir. Dövlət qulluqçusunun fəaliyyəti bütün tapşırıqlar (hədəflər), meyarlar, eləcə də əmək intizamı üzrə qiymətləndirilir və verilmiş qiymətlər əsaslandırılır. Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticəsi ilə razılaşmadıqda xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə onun rəyi əlavə edilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri onun şəxsi işində saxlanılır. 30-1.11. Dövlət qulluqçusunun xidməti fəaliyyəti üzrə yekun qiymət müəyyən edildikdən sonra onunla müsahibə keçirilir. Müsahibə zamanı dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən qiymət və şərhlər müzakirə olunur. Müsahibə zamanı növbəti qiymətləndirilmə ili üçün tapşırıqlar (hədəflər) və onların mühümlük dərəcəsi müəyyən edilə bilər. Maddə 33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında” Əsasnaməyə əsasən: 1.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suların bioloji sərvətlərindən səmərəli istifadə, onların qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan və yerüstü təbii sərvətlərdən, mineral xammal ehtiyatlarından səmərəli istifadə, onların bərpası, Azərbaycan Respublikasında yerin təkinin geoloji öyrənilməsi, mühafizəsi, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi (bundan sonra – torpaqların monitorinqi), bioloji müxtəlifliyin (flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (o cümlədən balıq və digər su bioloji resursları), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri), atmosfer havasının mühafizəsi, ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsi və onlardan istifadə, tullantılarla bağlı fəaliyyət, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, habelə geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və xəritəçəkmə sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur... 5.1. Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanı Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. 5.2. Nazirliyin strukturunu, onun Aparatının və strukturuna daxil olan qurumların aparatının işçilərinin say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. 5.3. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri (bundan sonra – nazir) rəhbərlik edir. Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün nazir şəxsən məsuliyyət daşıyır... 5.5. Nazir: 5.5.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; ... 5.5.7. Nazirliyin Aparatının, Nazirliyin strukturuna daxil olan regional bölmələrin işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxslər istisna olmaqla), digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür; ... 5.5.10. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir, habelə Nazirliyin qəbul etdiyi normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir; ... Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı işlədiyi dövrdə vəzifələrin icrası zamanı mütəmadi olaraq pozuntulara yol vermişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən Göyçay rayonu Cəyirli kəndində tərtib olunmuş xx.xx.2022-ci il tarixli 06 nömrəli, Göyçay rayonu Potu kəndində tərtib olunmuş xx.xx.2022-ci il tarixli 07 nömrəli, Göyçay rayonu Hüngütlü kəndində tərtib olunmuş xx.xx.2022-ci il tarixli 08 nömrəli, Göyçay rayonu Qarabaqqal kəndində tərtib olunmuş xx.xx.2022-ci il tarixli 09 nömrəli Monitorinq aktlarında idarənin xx.xx.2021-ci il tarixli 67 nömrəli əmrinə istinad olunmuş və monitorinqin aparılması müvafiq əmrlə əsaslandırılmışdır. Məhkəmə tərəfindən AR ETSN 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli 67 nömrəli əmrinin araşdırılması zamanı müəyyən edilmişdir ki, əmr Azərbaycan Respublikası ərazisində 2021-2022-ci illərdə Ov mövsümünün başlanması ilə əlaqədar İdarənin xidməti ərazisində heyvanat alıminin, quşların (o cümlədən Şahin quşlarının) mühafizəsi, brokonyerlik hallarının qaşrısının alınması və bu sahədə ciddi nəzarətin həyata keçirilməsi məqsədi ilə verilmişdir. Lakin iddiaçı tərəfindən tərtib edilərək imzalanmış Monitorinq aktları müvafiq olaraq ağacların kəsilməsi və zibil poliqonunda müşahidənin aparılması ilə bağlı olmuşdur. İddiaçıya münasibətdə mübahisələndirilən əmrin qəbul edilməsinə əsas olmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən görülmüş işlərin, idarənin saxlanması və tədbirlərin görülməsinə yönəldilmiş büdcə və digər mənbələr üzrə yaranmış vəsaitlərin istifadə edilməsi vəziyyətinin araşdırılması istiqamətində audit tədbirlərinin keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli aktından Çıxarışda (13. Monitorinq aktlarının icrası barəsində) göstərilmişdir ki, ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunda 2021-cı il ərzində monitorinq işləri üzrə işçilərinin sayı 2 nəfər olmaqla il ərzində cəmi 118 monitorinq aktı tərtib olunmuşdur. O, cümlədən fauna üzrə 55 akt, yaşıllıq 36 akt, tullantıları üzrə 22 akt, yerin təki üzrə 3 akt, çirkab sular üzrə 1 akt, atmosfer üzrə 1 akt tərtib edilmişdir. Tərtib edilmiş aktlar yalnız baş vermiş ekoloji pozuntularla əlaqədar olmuşdur. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarına uyğun olaraq ekoloji sferalar üzrə monitorinq aparılmamış, xidməti ərazi üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi işləri həyata keçirilməmiş, ətraf mühitə olan təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin elmi əsaslarla müşahidəsi və proqnozlaşdırılması istiqamətində qanunamüvafiq işlər görülməmişdir. İddiaçı idarənin “Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoru”nun aparıcı məsləhətçisi olmuşdur. Yuxarıda qeyd edilən Monitorinq aktlarında da iddiaçının vəzifəsi qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının vəzifəsindən azad edilməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə görə, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “cavabdehin 06 aprel 2022-ci il tarixli 321/Ü nömrəli əmrinin ona münasibətdə olan hissədə ləğv edilməsi, işdən azad edildiyi dövr üçün ona məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqı ödənilməklə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektoruna aparıcı məsləhətçi vəzifəsinə işə bərpa olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar