Məhkəmə qərarları › İş №2-1(116)-1474/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1474/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1474/2022 25.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizəsini dəyişərək cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialını qeyd etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(116)-1474/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak zamanı əlil olduğunu, 2-ci qrup əlilliyinin müəyyən edilərək müvafiq vəsiqə verildiyini bildirərək “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə uyğun olaraq birdəfəlik maddi yardımın ödənilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan qeyd olunan maddədə göstərilən kompensasiyaların (birdəfəlik maddi yardım, hər il müalicə üçün birdəfəlik müavinət) verilməsi qaydalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmjn qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları” ilə müəyyən edilməsini və Qərarın qüvvədə olduğu 13 sentyabr 2006-cı ilədək həmin Qaydalarla tənzimlənməsini, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar sözügedən Qərar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 2006cı il 13 sentyabr tarixli 204 nömrəli Qərarı ilə qüvvədən düşmüş hesab edilməsini, Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi müəyyən olunmasını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - hal-hazırda qüvvədə olan qanunvericiliklə Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa) aşağıdakı ödənişlər həyata keçirilə bilər: - Pensiya (yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya) - Sosial müavinət (aylıq: dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş Joəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət və s.; birdəfəlik: radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət.) - Prezident təqaüdü: (Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü və müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü və s.) Pensiyanın növləri, təyin edilməsi şərtləri və qaydaları “Əmək pensiyaları haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə, sosial müavinətlərin növləri, təyin edilməsi şərtləri və qaydaları ‘‘Sosial müavinətlər haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli. 311 №li Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması yə saxlanılması Qaydaları” ilə tənzimlənir. İddiaçı xx.xx.2011-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi tərəfindən müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət (237 manat məbləğində) təyin edilmişdir. İddiaçı xx.xx.2011 -ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar müharibə əlillərinə İİ qrup aylıq təqaüd təyin edilmişdir. Hal-hazırda hər hansı növ sosial müavinətlərin, kompensasiyaların və bu kimi maddi yardımların verilməsi “Sosial müavinətlər haqqında” Qanunda nəzərdə tutulan normalarla tənzimlənir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” xx.xx.2006-cı il tarixli 204 №li qərar ilə “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №li qərarı qüvvədən düşmüş hesab edilmişdir. Belə ki, İddiaçı ona “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanuna və “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №-li qərarına müvafiq olaraq birdəfəlik kompensasiyanın, maddi yardımın verilməsini iddia etməsinə baxmayaraq “Sosial müavinətlər haqqında” Qanuna müvafiq olaraq Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 №li fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərində hər hansı bir maddi yardımın verilməsi nəzərdə tutulmamışdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı A. Rəhimovun hər hansı subyektiv hüququ cavabdeh orqan tərəfindən pozulmamış, ona Qanunvericiliklə nəzərdə tutulan ödənişlər (pensiya, sosial müavinət və prezident təqaüdü) təyin edilmişdir. Belə olan halda iddiaçı A.S.Rəhimovun “birdəfəlik kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 1987-ci il Çernobıl AES-da qəza nəticələrinin aradan qaldırılmasında iştirak edənin vəsiqəsindən görünür ki, iddiaçıya A seriyalı 3654 nömrəli vəsiqə verilmiş, əliilik – 2-ci qrup, verilmə tarixi xx.xx.2011-ci il qeyd edilmişdir. Vəsiqəni təqdim edən üçün Azərbaycan Respublikası və MDB respublikaların qanunvericilikləri ilə müəyyən edilmiş imtiyazlar və güzəştlər hüququna malikdir. Vəsiqə müddətsiz olaraq bütün Azərbaycan Respublikası və MDB respublikaların ərazisində etibarlıdır. Vəsiqə verən müəssisə - Azərbaycan Respublikası Çernobıl İttifaqı. - cavabdeh orqanın iddia tələbinə etiraza əlavə etdiyi pensiya alt sistemindən çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.2011-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi tərəfindən müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası, 01.01,2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət (237 manat məbləğində), xx.xx.2011-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən radiasiya qəzası nəticəsində Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar müharibə əlillərinə İİ qrup aylıq təqaüd təyin edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Vətəndaşların kateqoriyaları Bu Qanun aşağıdakı vətəndaşlara şamil olunur:

1. Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər ... Maddə 14. Əlilliyi olan şəxslərin səhhətinə və başçısını itirmiş ailələrə vurulmuş ziyana görə kompensasiya Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən əlilliyi olan şəxslərin səhhətinin pozulmasına səbəb olmuş ziyana görə onlara aşağıdakı məbləğlərdə birdəfəlik maddi yardım göstərilir: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə —minimum əmək haqqının 30 misli məbləğində; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə —minimum əmək haqqının 20 misli məbləğində; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə —minimum əmək haqqının 15 misli məbləğində. Onlara habelə hər il müalicə ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğlərdə birdəfəlik müavinətlər verilir. Səhhətinə vurulmuş ziyana görə əlilliyi olan şəxslərə və başçısını itirmiş ailələrə birdəfəlik kompensasiya Azərbaycan Respublikasının büdcəsi hesabına verilir. Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi qaydalarının təsdiqi barədə Qərar. № 406 Bakı şəhəri, 28 noyabr 1994-cü il. «Çernobıl qəzasının ləğvinda iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Çernobıl AES qəzası nəticələrinin ləğvinin iştirakçılarına pul kompensasiyalarının verilməsi qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Maliyya Nazirliyinə tapşırılsın ki, kompensasiyaların ödənilməsi üçün vəsait ayrılmasını təmin etsin.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, kompensasiyaların ödənilməsi üçün zəruri olan təşkilati işləri görsün. Cavabdeh orqanın iddia tələbinə etirazının dəlili - “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” xx.xx.2006-cı il tarixli 204 №li qərar ilə “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydalarının təsdiqi barədə” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №li qərarı qüvvədən düşməsi, “Sosial müavinətlər haqqında” Qanuna müvafiq olaraq Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yalnız hər il müalicə üçün birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulması və iddiaçıya həmin vəsaitin ödənilməsi ilə bağlıdır. Məhkəmə cavabdeh orqanın həmin dəlillərini əsassız hesab edir. Belə ki, “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №li qərarı ilə təsdiq edilmişdir. Sözügedən qərarın «Çernobıl qəzasının ləğvinda iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq qəbul edilməsi istinad olunan qərarın giriş hissəsindən aydın şəkildə görünür. Beləliklə, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun 14-cü maddəsi “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsinin birbaşa hüquqi əsasını təşkil edir və həmin hüququn həyata keçirilməsini tənzimləyən Qaydaların sonradan qüvvədən düşməsi iddiaçının həmin Qanunda göstərilən birdəfəlik yardımı almaq hüququnu aradan qaldırmır. Yəni, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun 14-cü maddəsi tələbdə qeyd edilmiş hüququn yaranmasını, “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları isə yaranmış hüququn realizəsini tənzimləyir (hazırda qüvvədə deyil). Cavabdeh orqanın hüququn realizəsi qaydalarının qüvvədən düşməsinə istinad etməklə, iddiaçının istinad olunan Qanunun 14-cü maddəsinə əsasən birdəfəlik yardım almaq hüququnun olmamasını bildirməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi məqsədilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı yaradılmışdır. Cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, hazırda iddiaçıya müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası və hər il müalicə üçün birdəfəlik müavinət cavabdeh orqan tərəfindən faktiki olaraq ödənilir. Odur ki, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsinin tərkib hissəsi olaraq sözügedən Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə minimum əmək haqqının 20 misli məbləğində birdəfəlik maddi yardımın ödənilməsi də cavabdeh orqan tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin X1 Filialının üzərinə İddiaçı Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı səhhətinə dəymiş ziyana görə birdəfəlik kompensasiyanın hesablanıb verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar