Məhkəmə qərarları › İş №2-1(116)-1475/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1475/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1475/2023 23.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X7 kitabında xx.xx.2010-cu il tarixdə 3243 nömrə ilə uçota alınmış A 265880 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının faktiki istifadəsində olan torpaq sahəsinə uyğunlaşdıraraq 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X7 kitabında xx.xx.2010-cu il tarixdə 3243 nömrə ilə uçota alınmış A 265880 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin sxemində yol verilmiş texniki səhv düzəldilərək həmin sxemi onun faktiki sahibliyində olan torpaq sahəsinə uyğunlaşdıraraq 633,44 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, “X7 kitabında xx.xx.2010cu il tarixdə 3243 nömrə ilə uçota alınmış A 265880 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının faktiki istifadəsində olan torpaq sahəsinə uyğunlaşdıraraq 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli 433 №-li qərarı ilə Mingəçevir şəhərində yaşayan Əfqanıstanda həlak olanların ailələrinə, əmək qabiliyyətini itirmiş hərbçi-beynəlmiləlçilərə kömək məqsədilə X1 Azərbaycan Respublikası Ərazi Birliyinə Mingəçevir şəhəri Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən Havarlı arxının cənub hissəsindən 10 (on) ha torpaq sahəsi ayrılmışdır. Bundan sonra X2 Birliyi ümumi iclas keçirərək birliyin ümumi istifadəsində olan 10 ha torpaq sahəsinin 0.06 hektardan Birliyin siyahı üzrə 151 nəfər üzvünə ayrılması və pasportlaşdırılması üçün dövlət orqanlarına müraciət olunması barədə 10 iyun 2006-cı il tarixli (protokol №04) qərar qəbul etmişdir. Həmin qərardan sonra iddiaçının adına 10 iyun 2006-cı il tarixli “Əfqan” Kollektiv bağçılıq təsərrüfatının pasportu tərtib olunmuş və verilmişdir. Pasportda torpaq sahənin ölçüsü 600 kv.metr nömrəsi 67 qeyd olunub. Daha sonra, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən həmin torpaq sahəsinə iddiaçının adına fərdi bağ sahəsi kimi 633.44 kv.metr ölçüdə A seriyalı 265880 №-li Torpaq sahəsinin Planı və ölçüsü işlənmiş və X7 Kitabında xx.xx.2010-cu il tarixdə 3243 nömrə ilə uçota alınmışdır. İddiaçı, X2 Birliyinin üzvüdür. Belə ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü həyat yoldaşı baş çavuş X6 xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək Əfqanıstan Respublikasında həqiqi hərbi xidmətdə olmuş, bu səbəbdən ona müharibə veteranı statusu verilmişdir. Bundan sonra isə həyat yoldaşı X10 Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatında xx.xx.1992-ci il tarixdə şəhid olmuşdur. Hal-hazıradək 16 ildir ki, iddiaçıya ayrılmış torpaq sahəsi onun qanuni istifadəsindədir. Qanuni istifadəmdə olan, habelə mülkiyyət hüquqlarımın qeydiyyata alınmasına gözlənti hüququ olan həmin torpaq sahəsi üzərində mülkiyyət hüququmun qeydiyyata alınaraq adına Çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pııblik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsində işə mahiyyəti üzrə baxılarkən özünə məxsus A 265880 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar daxilindəki torpaq sahəsinin 179 kv.m hissəsi yol (ümumi istifadədə olan) ilə, qalan 454.44 kv.metr hissəsi isə başqa vətəndaşların istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmişdir. Lakin, uzun illər naturada, faktiki istifadə etdiyim 0.06 ha torpaq sahəsi qonşularla əhatə olunur, qarşı hissəsi ümumi yoldur, heç bir kəsin torpaq sahəsi ilə üstüstə düşmür. Yəni, iddiaçıya məxsus A 265880 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü'ndə göstərilən tcrpaq sahəsinin sxemi texniki səhvə yol verilərək özünə ayrılmış və faktiki istifadəsində olan torpaq sahəsinin yerləşdiyi yerə uyğun tərtib edilməmişdir. Bundan sonra, o, yenidən ümumi qaydada cavabdeh orqana ərizə ilə müraciət edərək X7 kitabında xx.xx.2010-cu il tarixdə 3243 nömrə ilə uçota alınmış A265880 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin sxemində yol verilmiş texniki səhvin düzəldilərək həmin sxemi uzun illər özünün faktiki sahibliyimdə olan torpaq sahəsinə uyğunlaşdırılaraq 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınıb çıxarış verilməsini xahiş etmi, lakin müraciəti yenə də təmin edilməmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı Mingəçevir şəhərində yerləşən A 265880 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən sxemdə yol verilmiş texniki səhvin düzəldilərək 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi barədə ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüququ şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Sənəddə göstərilən 633.44 kv.m torpaq sahəsinə dair A seriyalı 265880 nömrəli torpaq sahəsinin planı və ölçüsü ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən verildiyi üçün, müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin və dəyişiklərin edilməsi və ya həmin sənədin ləğv olunması 17 saylı Yevlax Ərazi idarəsinin səlahiyyətinə aid deyil. Əlavə olaraq bildirilmişdir ki, hazırkı inzibati mübahisə üzrə Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 38-ci maddəsi ilə nəzərədə tutulmuş iddia müddəti kifayət qədər ötürülmüşdür. Belə olan halda iddia tələbinin mümkünlüyü və əsassızlığına münasibət iki halda bildirilir: -İddia tələbi prosessual baxımdan mümkünsüzdür ona görə icraata qəbul edilə bilməzdi -Əgər mümkünlük qaydasında baxılırsa da iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin mövcud tələblərini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin əsassız olduğu üçün təmin olunmamasını xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2021-ci il tarixli 346 nömrəli arxiv arayışından görünür ki, Mingəçevir şəhəri XDS icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 433 nömrəli qərara əsasən X1 Azərbaycan Respublika ərazi birliyinin sədri M.İsgəndərov yoldaşın 15 noyabr 1990-cı il tarixli 135 №-li məktubunu nəzərə alaraq Mingəçevir şəhərində yaşayan Əfqanıstanda həlak olanların ailələrinə, əmək qabiliyyətini itirmiş hərbiçi-beynəlmiləlçilərə maddi yardım etmək məqsədi ilə X1 Azərbaycan Respublika ərazi birliyinə Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən Havarlı arxının cənub hissəsindən 10 ha torpaq sahəsi ayrılmışdır. - xx.xx.2006-cı il tarixli 04 nömrəli protokoldan görünür ki, X2 Birliyinin ümumi istifadəsində olan torpaq sahəsini 6 sotdan olmaqla bərabər səviyyədə bölünməsi, siyahı üzrə 151 (yüz əlli bir) nəfərə ayrılması və pasportlaşdırılması üçün dövlət orqanlarına müraciət olunması qərara alınmışdır. Əlavə edilmiş siyahıda 67 sıra nömrəsinin qarşısında iddiaçının adı qeyd edilmişdir. - “Əfqan” kollektiv bağçılıq təsərrüfatının pasportundan görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il 433 nömrəli qərarına əsasən Mingəçevir İSZ-nin “Əfqan”kollektiv bağçılıq təsərrüfatında torpaq sahəsinin nömrəsi - 67, ölçüsü - 0,06 ha, mülkiyyətçisi İddiaçı qeyd olunmuşdur. - A 265880 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına əsasən İddiaçı adına 633.44 kv.m torpaq sahəsinə plan-ölçü sənədi tərtib edilmişdir. - İV-ЖГ 396660 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X4 arasında xx.xx.1987-ci il tarixdə nigah bağlanmışdır. - AZ-İ 068674 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2021-ci il tarixli 625 nömrəli arayışdan görünür ki, iddiaçının mərhum həyat yoldaşı xx.xx.1962-ci il təvəllüdlü çavuş - X6 həqiqətən xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, xx.xx.1992-ci il tarixdən X6 “Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilir. - cavabdehin xx.xx.2022-ci il tarixli **********58 nömrəli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, İddiaçı Mingəçevir şəhəri Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsində, Havarlı axının cənub hissəsindən iddiaçıya ayrılmış 633.44 kv.m torpaq sahəsinə verilmiş A265880 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar daxilindəki torpaq sahəsinin 179 kv.m hissəsi yol (ümumi istifadədə olan) ilə, qalan 454.44 kv.m hissəsi başqa vətəndaşların istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının naturada göstərdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan “X3 X5“nə əsasən iddiaçının naturada göstərdiyi 0,06 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı, uqodiyası bağlar (meyvə bağları), mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi torpaq sahəsi Migəçevir bələdiyyəsinin mülkiyyətində aid olan torpaq sahələri ilə üst-üstə düşür. - Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamından görünür ki, Mingəçevir şəhəri İcra Hakimiyyəti başçısının 11 fevral 2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın yekun aktını nəzərə alaraq qərar alınmışdır:

1. Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilsin.

2. Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən aidiyyəti yerli orqanların iştirakı ilə yerində, təsdiq olunmuş siyahıya uyğun, müasir topogeodeziya ölçü alətləri vasitəsilə aparılmış uçot-inventarizasiya işlərinə dair hazırlanmış yerquruluşu planı təsdiq edilsin.

3. Təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hüquqi sənədlərin hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilsin. - Mingəçevir şəhər X2 Birliyinin üzvlərinə icarəyə verilən torpağın bölgü siyahısından görünür ki, İddiaçı adı 67-ci sırada qeyd edilmişdir.

Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddia tələbindən görünür ki, iddiaçı, faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinin ona “Əfqan” kollektiv bağçılıq təsərrüfatı tərəfindən ayrıldığını bildirir. İş materiallarında olan Mingəçevir şəhər X2 Birliyinin üzvlərinə icarəyə verilən torpağın bölgü siyahısı ilə müəyyən edilir ki, iddiaçının adı 67 sıra nömrəsinin qarşısında qeyd edilmişdir. xx.xx.2006-cı il tarixli 04 nömrəli protokol əsasında İctimai Birliyinin ümumi istifadəsində olan torpaq sahəsini 6 sotdan olmaqla bərabər səviyyədə bölünməsi, siyahı üzrə 151 (yüz əlli bir) nəfərə ayrılması və pasportlaşdırılması üçün dövlət orqanlarına müraciət olunması qərara alınmışdır. İddiaçının “Əfqan” kollektiv bağçılıq təsərrüfatının üvü olması iş materialları ilə sübuta yetirildiyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinin tələbləri baxımından onun iddia olunan 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması üçün qanuni əsas olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiya vətəndaşlara, idarə, müəssisə və təşkilatlarda DƏDRX-nin Mingəçevir bölməsində olan sənədlərə istinad edərək ilkin siyahıda dürüstləşdirmə aparmış, ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, atasının adı dəqiləşdirərək, vətəndaşların istifadələrində olan bağ torpaq sahələrinin qanuni ölçülərini müəyyənləşdirməklə yekun siyahı hazırlamış, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilmişdir. Göründüyü kimi müvafiq plan-ölçü sənədinin hazırlanmasına əsas olmuş Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı, sonuncunun xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın tərtib etdiyi aktı və yekun siyahını təsdiqləmişdir ki, həmin aktda da yekun siyahıda adları olan vətəndaşların istifadələrində olan bağ torpaq sahələrinin qanuni ölçülərinin müəyyənləşdirildiyi qeyd olunur. Odur ki, istinad olunan sərəncam verilənədək iddia olunan torpaq sahəsi qanuni əsaslarla iddiaçının icarəsinə verildiyindən A 265880 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin iddiaçının adına tərtib edilmişdir. Həmin sənəddə torpaq sahəsinin koordinatlarının 179 kv.m hissəsinin yol (ümumi istifadədə olan) ilə, qalan 454.44 kv.m hissəsi başqa vətəndaşların istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı mütəxəssis rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində X3 X5nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X3 X5ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Odur ki, istinad olunan Fərmanın tələbləri baxımından iddiaçının texniki sənədlərindəki (plan-ölçü) məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsi olduğundan, iddiaçı, A 265880 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq qeydiyyatın aparılmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə “X7 kitabında xx.xx.2010-cu il tarixdə 3243 nömrə ilə uçota alınmış A 265880 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının faktiki istifadəsində olan torpaq sahəsinə uyğunlaşdıraraq 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar