Məhkəmə qərarları › İş №2-1(116)-1479/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1479/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1479/2021 27.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı "Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməyinə dair sənədinin yenilənərək bərpasına və müharibə iştirakçılarına dövlət tərəfindən verilən aylıq təqaüdün ona verilməsinə dair qətnamə çıxarılması" barədə iddia ərizəsinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı "Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməyinə dair sənədinin yenilənərək bərpasına və müharibə iştirakçılarına dövlət tərəfindən verilən aylıq təqaüdün ona verilməsinə dair qətnamə çıxarılması" barədə iddia ərizəsi Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bundan başqa, həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Lakin hazırkı iddia ərizəsində cavabdeh inzibati orqanın adı və hüquqi ünvanı göstərilməmiş, eyni zamanda, maraqlı şəxs kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi göstərilmişdir, halbuki Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində "maraqlı şəxs" statusu nəzərdə tutulmamışdır. Bundan başqa, iddia tələbinin nədən ibarət olması tam aydın deyil. Belə ki, İddiaçı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsinə dair sənədinin yenilənərək bərpasını tələb etsə də, bu sənədlərin konkret olaraq nədən ibarət olmasını bildirməmişdir. Müharibə iştirakçılarına dövlət tərəfindən verilən aylıq təqaüdün verilməsi tələbində isə bu təqaüdü hansı müddət üçün tələb etdiyini göstərməmişdir. Digər tərəfdən, müharibə iştirakçılarına aylıq təqaüdün verilməsi tələbinə sosial təminat orqanları cavab verməli olduğu halda, digər tələbin həmin orqanlara aidiyyəti yoxdur. Bu səbəbdən də tələblər bir-birindən ayrıca verilməli və hər bir tələbə cavab verməli orqan ayrılıqda cavabdeh kimi qeyd olunmalıdır. Bundan əlavə, hər iki tələb öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə onların mümkünlük şərtlərindən biri bundan ibarətdir ki, iddiaçı əvvəlcə eyni tələblərlə müvafiq inzibati orqanlara yazılı şəkildə müraciət etməli, həmin orqanlar isə bu tələbi təmin etməkdən imtina etməlidirlər. Yalnız belə olan halda, iddiaçı inzibati orqana qarşı iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmənin 30.09.2021-ci il tarixli məktubu ilə bu çatışmazlıqlar iddiaçının diqqətinə çatdırılaraq onların aradan qaldırılması üçün 10 gün müddət təyin edilmiş, eyni zamanda, izah edilmişdir ki, həmin çatışmazlıqlar iddianın mümkünlüyünü istisna edir. Məhkəmənin məktubu poçt vasitəsilə göndərilmiş və iddiaçıya 11.10.2021-ci ildə çatdırılmışdır. Lakin təyin olunmuş müddət ərzində və ondan sonra ötən günlərdə iddiaçı yuxarıda göstərilən çatışmazlıqları aradan qaldırmamış, nə də məhkəmənin yardım məktubuna yazılı münasibət bildirməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddianın mümkün sayılması üçün əsaslar mövcud deyil. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı "Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməyinə dair sənədinin yenilənərək bərpasına və müharibə iştirakçılarına dövlət tərəfindən verilən aylıq təqaüdün ona verilməsinə dair qətnamə çıxarılması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar