Məhkəmə qərarları › İş №2-1(116)-148/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-148/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-148/2022 25.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və üçüncü şəxs X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarına əsasən İsmayıllı rayonu Diyallı kəndində iddiaçıya verilmiş 0,39 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarına əsasən İsmayıllı rayonu Diyallı kəndində iddiaçıya verilmiş 0,39 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarına əsasən İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0,39 ha torpaq sahəsi iddiaçıya verilmişdir. Həmin torpaq sahəsinə dair iddiaçının adına JN-029F nömrəli şəhadətnamə verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək sözügedən torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********72 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilmiş Diyallı kəndi üzrə torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 029 sıra nömrəsi iddiaçının adına deyil, X1 və ailə üzvlərinin adına qeyd olunmuşdur. Bu səbəbdən JN-029F kod 40707018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0,39 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyil. Cavabdeh xx.xx.2021-ci il tarixli **********59 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, ləğv edimiş Dövlət Torpaq və Xəritəçəkınə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş Diyallı kəndi üzrə torpaqdan pay almaq hüququ olan subyektlər siyahısında “029” sıra nömrəsi X6 və ailə üzvlərinin adları qeyd olunmuşdur. JN-029 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X6 və ailə üzvlərinin adına hazırlanmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, JN-029 F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə elektron baza xəritəsində öz əksini tapmışdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, İddiaçı ilə ərazi idarəsinin əməkdaşları torpaq sahəsinə baxış keçirməyə və çöl ölçmə işlərinin aparılması ilə bağlı torpaq sahəsinin yerləşdiyi ünvanda olmuşdur. Torpaq sahəsindən faktiki olaraq iddiaçının qardaşı X9 istifadə edir və aralarında mübahisə var. Ərazi İdarəsinin əmakdaşlarına torpaq sahəsinə baxış keçirməyə və çöl ölçmə işlərinin aparılmasına maneçilik törədildi və imkan verilmədi .Bu səbəbdən də iddia edilən torpaq sahəsi barədə müfəssəl məlumatlar əldə etmək mümkün olmamışdır. Bu barədə müvafiq akt tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında'' Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-148/2022 nömrəli qərardadı ilə X10 və X6 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-148/2022 nömrəli qərardadı ilə X4 məhkəmə icraatına üçüncü şəxs qismində cəlbetməsi zəruri qaydada cəlb etməyə dəyişdirilmiş, X1 üçüncü şəxs qismində iş üzrə iştirakına xitam verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarına əsasən İsmayıllı rayonu Diyallı kəndində iddiaçıya verilmiş 0,39 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşdə olan: Cavabdehin etiraz məktubuna əlavə olunmuş JN-029F kod 40707018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayon AİK-nın xx.xx.1999-cu il tarixli 99 saylı qərarı ilə 0,39 ha həyətyanı torpaq sahəsi iddiaçı X5 verilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş JN-029A kod 40707005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayon AİK-nın xx.xx.1999-cu il tarixli 99 saylı qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi X2 verilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş JN-027F kod 40707018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayon AİK-nın xx.xx.1999-cu il tarixli 99 saylı qərarı ilə 0,39 ha həyətyanı torpaq sahəsi X7 verilmişdir. Həmin şəhadətnamənin planı və sərhədlərinin ölüçsündə sxematik şəkildə torpaq sahəsinin iddiaçının iddia etdiyi JN-029F nömrəli nömrəli şəhadətnamə verilmiş torpaq sahəsi ilə qonşu olduğu göstərilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş X8 verilmiş JN-030F kod 40707018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, iddia edilən JN-029F nömrəli şəhadətnamə verilmiş torpaq sahəsi həmin torpaq sahəsi ilə də qonşuluqda yerləşir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********61 nömrəli məktubunda qeyd olunur ki, İsmayıllı RAİK-nın xx.xx.1999-cu il tarixli, 99 saylı qərarı arxivdə aşkar edilməmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********61 nömrəli məktubuna əlavə olunmuş subyektlər siyahısının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı X5 xəritədə nömrəsi 29 olan torpaq sahəsi verilmişdir. İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 13 nömrəli məktubuna əlavə olunmuş 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında iddiaçı X3 adının qeyd olunduğu müəyyən edilir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********14 nömrəli məktubuna əlavə olunmuş şəhadətnamələrin qeydiyyatı kitabının səhifəsinin təsdiq olunmuş surətindən görünür ki, siyahıda iddiaçı X3 adı qeyd olunmuş və JN029F nömrəli şəhadətnamə göstərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********14 nömrəli məktubuna əlavə olunmuş şəhadətnamələrin qeydiyyatı kitabının səhifəsinin təsdiq olunmuş surətindən görünür ki, siyahıda iddiaçı X4 adı qeyd olunmuş və JN027F nömrəli şəhadətnamə göstərilmişdir. xx.xx.2022-ci il tarixli **********07 nömrəli məktubua əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, JN-029F saylı (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçı X3 mülkiyyətinə verlmiş 0,39 ha torpaq sahəsi İsmayıllı rayonu Diyallı kənd inzibati ərazi sərhəddi daxilində, yaşayış məntəqəsi torpaqlarına aiddir, uqodiyası çoxillik əkmələrdir. JN-029F saylı (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçı X3 mülkiyyətinə verilmiş 0,39 ha torpaq sahəsi sənəd üzrə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür və X4 istifadəsindədir. İddiaçı X3 nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş torpaq sahəsi JN-029F saylı şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0,39 ha torpaq sahəsinin yerləşdiyi ərazi ilə eynidir. Mərkəzin elektron baza məlumatlarında JN- 029F saylı şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0,39 ha torpaq sahəsinin yerləşmə yeri və sahəsi yerquruluşu planı üzrə göstərilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddia tələbində qeyd edilən 0,39 ha torpaq sahəsinə dair iddiaçının adına hüquqmüəyyənedici sənədlər mövcuddur. Belə ki, İsmayılı rayon AİK-nın müvafiq qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında iddiaçının adı qeyd edilmiş, həmçinin torpaq sahəsinin xəritədə nömrəsi 29 olaraq qeyd olunmuşdur. Bunun əsasında AİK-nın xx.xx.1999-cu il tarixli 99 saylı qərarı ilə həmin həyətyanı torpaq sahəsinə dair JN-029F nömrəli şəhadətnamə tərtib edilərək iddiaçının mülkiyyətinə verilmişdir. Mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, JN- 029F saylı (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçı X3 mülkiyyətinə verilmiş 0,39 ha torpaq sahəsi sənəd üzrə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür, faktiki naturada ölçülmüş torpaq sahəsi JN-029F saylı şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0,39 ha torpaq sahəsinin yerləşdiyi ərazi ilə eynidir. Mərkəzin elektron baza məlumatlarında JN-029F saylı şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0,39 ha torpaq sahəsinin yerləşmə yeri və sahəsi yerquruluşu planı üzrə göstərilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarına əsasən İsmayıllı rayonu Diyallı kəndində iddiaçıya verilmiş 0,39 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarına əsasən İsmayıllı rayonu Diyallı kəndində İddiaçı verilmiş 0,39 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar