Məhkəmə qərarları › İş №2-1(116)-148/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-148/2024

22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-148/2024 22.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, cavabdehin nümayəndəsi X1 ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarın iddiaçıya aid hissədə ləğv edilməsi və xx.xx.2021ci il tarixdə təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdeh PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ikinci dərəcəli əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Nümayəndə xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarın ləğv edilməsi və xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-1574/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul olunmuşdur. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında yenidən tələbini dəqiqləşdirərək, cavabdehin xx.xx.2022-ci il tarixli “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1962-ci il tarixdə Zaqatala rayonu, Əliabad qəsəbəsində anadan olmuşdur. Ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. İddiaçıya xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən İİİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. İddiaçiya İİİ dərəcə əlilliyə görə verilmiş sosial müavinət xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. İddiaçı İİİ dərəcə əlilliyə görə təyin olunmuş sosial müavinətin hansı səbəblərə əsasən dayandırıldığı üçün müvafiq qrumlara müraciət etmişdir. Müraciətinə xx.xx.2022-ci il tarixli cavab məktubu ilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi idarə heyyətinin sədr müavini Mətanət Məmmədova tərəfindən cavab verilmişdir. Cavab məktubunda qeyd olunur ki, göndərişdə qeyd edilən diaqnoz “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, neyro densor ağır eşitmə İV dərəcə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarioxli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə”nin 2.5.20-ci bəndinə müvafiq olaraq müddətsizİİİ dərəcə əlilliyin təyininə əsas verir. Cavabdeh orqanlara İİİ dərəcə əliliyə görə təyin olunmuş sosial müavinətin verilməsinin bərpa olunması üçün iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə müraciət olunmuşdur. Müraciətinə xx.xx.2023-cü il tarixdə imtina verilmişdir. İmtina məktubunda qeyd olunur: Eşitmə xəstəlikləri üzrə şübhə doğuran əlillik təyinatlarının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə araşdırılması çərçivəsində təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barənizdə “Diaqnoz Əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Cavabdeh orqanın vermiş olduğu cavabı və İİİ dərəcə əliliyə görə təyin olunmuş sosial müavinətin dayandırılmasını əsassız hesab edərək məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçıya inzibati orqan tərəfindən verilmiş imtina xx.xx.2021-ci il tarixdə olmuşdur. Qanunvericilikdə nəzərdə tutulmuş müddət keçmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-4/2-A-4685/2023 nömrəli imtina məktubu, Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələri (Akt nömrələri: xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0008, xxxxxxx0009), cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-4/2-27150/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 3- 17-4/2-1954/2024 nömrəli məktubları, cavabdehin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarı, Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, lakin iddiaçıya təqdim edilməmişdir. Odur ki, hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, sözügedən qərarın mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmamışdır. Mübahisələndirilən qərar iddiaçıya xx.xx.2021-ci il tarixdə təyin edilmiş, qüvvədə olan müddətsiz üçüncü dərəcəli əlilliyin ləğvinə yönəldiyindən iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olmuşdur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Qanun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqanın xx.xx.2022-ci il tarixli əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarının özünə aid hissədə ləğvinə nail olmaqdır. Belə ki, sözügedən qərar iddiaçıya əlillik təyinatı barədə tibbi ekspert komissiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədədir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Tibbisosial ekspert komissiyası tərəfindən xx.xx.2021-ci ildə qiymətləndirilmiş və ona müddətsiz (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) üçüncü dərəcəli əlillik təyin edilmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Yəni, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı işin hallarından göründüyü kimi cavabdeh orqan 2017-2021-ci illərdə qulaq xəstəlikləri üzrə rəsmiləşdirilmiş əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etmişdir. Həmin araşdırma ilə bağlı olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-yə müraciət etmiş, lakin sonuncu, xx.xx.2021-ci il tarixli cavab məktubunda texniki problem nəticəsində bir sıra sənədlərin yararsız vəziyyətə düşməsi və əlavədə adları qeyd edilməyən vətəndaşların təkrar müayinə olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə cavab məktubu göndərərək 138 nəfərə aid göndərişlərin əsaslı olduğu, 1268 nəfər barəsində tərtib edilmiş göndərişlərin isə əsassız olduğu bildirmişdir. Həmin siyahıda iddiaçının adı olmadığından cavabdeh orqan müxtəlif risk qrupları üzrə göndərişlərin araşdırılması və əlillik təyinatı zamanı əsas götürülmüş tibbi rəylərin həqiqətən Respublika Eşitmə, Səs və X2 tərəfindən verilib-verilməməsini müəyyən etmək məqsədilə inzibati icraat başlamışdır. Göründüyü kimi cavabdeh orqan iddiaçıya əvvəllər təyin edilmiş üçüncü dərəcəli əlilliklə bağlı qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlara malik olmamış, iddiaçının adının da, daxil olduğu digər 1268 nəfərə aid sənədlərin yarasız vəziyyətə düşməsi ilə bağlı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞnin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məktubları əsasında iddiaçının əyani müayinəsini həyata keçirmiş və hazırda mübahisələndirilən qanunsuz əlverişsiz inzibati aktı qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilir. Cavabdeh PHŞ-nin xx.xx.2022-ci il tarixli “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarı iddiaçıya aid hissədə ləğv edilir. Cavabdeh PHŞ-nin üzərinə xx.xx.2021-ci il tarixdə İddiaçı təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar