Məhkəmə qərarları › İş №2-1(116)-1481/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1481/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1481/2022 25.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Vüqar Musayev Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh SHXÇDX-nin Zərdab rayon bölməsinə qarşı “cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2700 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh SHXÇDX-nin Zərdab rayon bölməsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2700 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1481/2022 nömrəli qərardadı ilə X4 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının vəsatəti təmin edilməmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: o, 2014-cü ilin yanvar çağırışında Zərdab rayon Çağırış komissiyasının Hərbi-həkim komissiyasında tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlı bilinmiş, müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissədə əsgər kimi xidmət edərkən xəstələnməyi ilə əlaqədar olaraq əvvəlcə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, sonra N saylı hərbi hospitalda müayinə və müalicə almışdır. Ona, “hər iki ağ ciyərin aşağı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində, KB (-) mənfi. 15, 16 və 24-cü dişlərin kariyesi. Xroniki qastroduedonit, remissiya mərhələsində. Veqetativ damar distoniyası. Solterəfli 2-ci dərəcəli varikosele. Ümumi xəstəlikdir” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2009-cu il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 2 b maddəsinin 2-ci qrafasına uyğun olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı bilinərək xx.xx.2014-cü ildə N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək ehtiyata tərxis olunmuşdur. Xəstəliyi ilə bağlı məsələnin araşdırılması və ona hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsinə dair müxtəlif dövlət orqanlarına müraciət etmiş, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xəstəliyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən sığorta hadisəsi sayılmır. Həmçinin, araşdırma zamanı o hal da müəyyən edilmişdir ki, ağciyərində olan vərəm prosesi hərbi xidmətə daxil olmamışdan əvvəl yaranmış, xx.xx.2014-cü il tarixində 24 saylı döş qəfəsi orqanlarının flüroqramı onu şəhadətləndirən səlahiyyətli həkimlər tərəfindən diqqətli öyrənilməmiş, nəticədə o, 2014-cü ilin yanvar çağırışında faktiki olaraq hərbi xidmətə yararsız olduğu halda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12 və 15-ci maddələrinin tələblərinin pozulması ilə həqiqi hərbi xidmətə çağırılmışdır. Cavabdehin qanunazidd əməlləri nəticəsində onun qanunla qorunan hüquq və mənafelərinə ciddi ziyan vurulmuşdur. O, iddiasında göstərilən üçüncü şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair müvafiq orqanlara müraciət etmiş, ərizəsi Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırıldıqdan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı X1 02 iyun 2015-ci il tarixli Qərarı ilə üçüncü şəxslər barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə, qeyd edilən qərarla Zərdab rayon Çağırış Komissiyasının üzvü -hərbi həkim Komissiyasının sədri X4, həkim-fıtiziatrı X6 intizam məsuliyyətlərinə cəlb olunmaları üçün müvafiq təqdimatların verilməsinə dair məsələ qaldırılması qərara alınmışdır. Beləliklə, yuxarıda qeyd edilən qərarla həmin şəxslərin əməllərində cinayət tərkibinin olmadığı müəyyən edilsə də, onun əməlləri nəticəsində hüquqlarının pozuldması, mənafeyinə zərər vurulması müəyyən edilmişdir. Belə ki, əgər onlar tərəfindən qanunun tələblərinə uyğun olaraq düzgün şəhadətləndirilmiş olsa idi və həqiqi hərbi xidmətə yararsız olduğu təsdiq edilsəydi, o, hərbi hissədə deyil, öz evində ailəsi ilə yaşamağa, işləyərək hər ay əmək haqqı almağa, ailəsinin və özümün maddi ehtiyaclarını ödəməyə davam edəcəkdi. O, hərbi xidmətə çağırılanadək hazırki xəstəliyinin olmasından ümumiyyətlə xəbəri olmamışdır. Hərbi xidmətə getməsi və şəraitin belə kəskin şəkildə dəyişməsi onun xəstəliyimə təkan vermiş, vəziyyəti acınacaqlı hala gəlib çıxmışdır. O, müvafjq ərizə ilə cavabdehə müraciət edərək özünə dəymiş zərərin ödənilməsini xahiş etmiş, cavabdeh orqan ona hərbi xidmətə yollanarkən xidmətə yararlı olduğunu bildirilmiş və zərərin əvəzinin ödənilməsindən imtina edilmişdir. Hazırki məsələ ilə məsuliyyəti heç bir dövlət qurumu və ya həkim komissiyasının üzvləri üzərinə götürməsə də, inkar edilə bilməyən fakt odur ki, o, 9 ay ərzində hərbi xidmətdə olduqdan sonra xidmətə yararsız kimi hərbi biletində qeydiyyat aparılıb. O, özünə dəyən zərərin hərbi xidmətə çağırılması, hərbi xidmət keçməsi nəticəsində dəyməsini iddia etmir. O, özünün hərbi xidmətə yararsız olduğu halda həkim komissiyasının səhlənkarlığı, işinə etinasız yanaşması, vəzifə borcunu lazımınca yerinə yetirməməsi nəticəsində qanunsuz olaraq hərbi xidmətə göndərilməyi, 9 ay ərzində xidmətə yararsız olduğu halda hərbi xidmət keçməyi və 9 ay əziyyətindən sonra “xidmətə yararsız” kimi hərbi biletlə evə qayıtmağı ilə bağlı keçirdiyi emosional psixoloji sarsıntı nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edirəm. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı, tibbi şəhadətləndirmə zamanı xx.xx.2014-cü il tarixdə Zərdab rayon çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmiş, xx.xx.2014-cü il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılanlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi- həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqiarınm yoxlanılması üçün təkrar müayinədən keçirilirlər. Səhhətlərində hər hansı nasazlıq aşkar olunduqda həmin çağırışçı dərhal çağırıldığı Xidmətin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə ğeri qaytarılır. İddiaçı 2014-cü ilin yanvar ayında Xidmətin Zərdab rayon bölməsi tərəfindən hərbi hissəyə təhvil verilərkən geri qaytarılmaması, hərbi hissənin həkim mütəxəssislərinə təqdim olunan (döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal)) zəruri müayinələrə həkim mütəxəssisər tərəfindən baxılması, ancaq buna baxmayaraq çağırışçının təkrar müayinə olunduqdan sonra yararlı olması ilə bağlı qərarın qəbul edilməsi, həmçinin, İddiaçı və yaxınlarının Zərdab rayon çağırış komissiyası tərəfindən barəsində hərbi xidmətə yararlı olması ilə əlaqədar qəbul etdiyi qərara etiraz bildirməməsi, hərbi hissənin hərbi həkim komissiyasına səhhəti ilə bağlı şikayət etməməsi onun 2014-cü ilin yanvar ayında hərbi hissəyə sağlam olaraq təhvil verilməsi faktını təsdiqləyir. Odur ki, iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun şöbə prokuroru F.Qəhrəmanov tərəfindən 5/358-15 saylı araşdırma materialı üzrə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 02 iyun 2015-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış 5/358-15 №-li araşdırma materialı üzrə Zərdab rayon Çağırış komissiyasının sədri -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəisi polkovnik-leytenant X9, rayon Çağırış komişgiyasının üzvü hərbi-həkim komissiyasının sədri X4 və həkim- ftiziatrı X6 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən, Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən onların barəsində cinayət işinin başlanması rədd edilməsi, hərbi-həkim komissiyasının sədri N.Xancanovun və həkim-ftiziatrı F.İsayevin intizam məsuliyyətinə cəlb olunmaları üçün müvafiq təqdimatın verilməsinə dair məsələ qaldırılması qərara alınmışdır. İstinad olunan qərarda qeyd edilmişdir ki, İddiaçı Zərdab rayon Çağırış komissiyasının hərbi həkim komissiyasında tibbi müayinə olunarkən həmin komissiyanın həkim-ftiziatrı Fəyyaz İsayev “Tibbi şəhadətləndirmə zamanı müayinələrin aparılma metodikası haqqında” Təlimatın 20-ci maddəsinin tələblərini pozmuş, X11 X3 rayonuna ezam edilmiş Flüoromobildə xx.xx.2014-cü ildə çəkilmiş İddiaçı flüroqramında onun ağ ciyərlərinin aşağı payında ocaqlı dəyişikliklərin olması göründüyü halda etinasızlıq edərək həmin şəkli düzgün oxumamış və beləliklə də, onda olan “hər iki ağ ciyərin aşağı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində, KB(-) mənfi” xəstəliyini aşkar etməmiş, onun hərbi xidmətə yararlı olmasına dair yanlış rəy vermişdir. - N saylı hərbi hissənin iddiaçı barəsində tərtib edilmiş çıxarış epikrizindən və xx.xx.2014-cü il tarixli 451 №-li xəstəlik haqqında şəhadətnamədən görünür ki, SHÇÜDXnin Zərdab rayon şöbəsi tərəfindən təqdim olunmuş xx.xx.2014-cü il tarixli 24 saylı flüoqramma N saylı hərbi hissənin rentgenoloqu tərəfindən öyrənilmiş ağciyərlərin aşağı payında ocaqlı dəyişikliklərin aşkar olunduğu qeyd edilmişdir. - SX0155311 nömrəli hərbi biletdən görünür ki, xidmətə yararlı sayılaraq xx.xx.2014-cü il tarixdə hərbi hissəyə göndərilmiş, xx.xx.2014-cü ildə HHK-nın xx.xx.2014cü il tarixli 451 №-li XHŞ-si əsasında tərxis edilmişdir. HHK-sı tərəfindən xəstəliklər cədvəlinin İİ qrafasının 2 ”b” maddəsinə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2, 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia qismən əsaslıdır. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu: 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 6.2. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər. 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarından görünür ki, iddiaçı 2014-cü ilin yanvar çağırışında Zərdab rayon Çağırış komissiyasının Hərbi-həkim komissiyasında tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlı sayılıb müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. O, N saylı hərbi hissədə əsgər kimi xidmət edərkən əvvəlcə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında və sonra N saylı hərbi hospitalda müayinə və müalicə olunmuş, xx.xx.2014-cü ildə 451 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən "Hər iki ağ ciyərin aşağı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində. KB (-) mənfi. 15, 16 və 24-cü dişlərin kariyesi. Xroniki qastroduedorit, remissiya mərhələsində. Veqetativ damar distoniyası. Soltərəfli İİ dərəcəli varikosele. Ümumi xəstəlikdir” diaqnozu ilə Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə’’nin “Xəstəliklər cədvəlinin 2 b maddəsinin İİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı bilinərək ehtiyata tərxis olunmuşdur. Müəyyən edilmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti ilkin çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, xidmətə yararsız olduğu halda yararlı hesab edilərək xidmətə göndərilmişdir. Belə ki, xx.xx.2014-cü il tarixli 24 saylı flüoqrammada ağciyərlərin aşağı payında ocaqlı dəyişikliklərin aşkar olunmasına baxmayaraq, cavabdeh orqan tərəfindən sözügedən flüoqramma tam öyrənilməmiş və iddiaçı barəsində hərbi xidmətə yararlılıqla bağlı müsbət rəy verilmişdir. İddiaçının hərbi xidmətə gedərkən faktiki olaraq hərbi xidmətə yararsız olması işdə olan 358-15 saylı araşdırma materialı üzrə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 02 iyun 2015-ci il tarixli qərarı ilə də sübut olunur. Belə ki, həmin qərarda həkim-ftiziatrı Fəyyaz İsayev “Tibbi şəhadətləndirmə zamanı müayinələrin aparılma metodikası haqqında” Təlimatın 20-ci maddəsinin tələblərini pozması, X11 X3 rayonuna ezam edilmiş Flüoromobildə xx.xx.2014cü ildə çəkilmiş İddiaçı flüroqramında onun ağ ciyərlərinin aşağı payında ocaqlı dəyişikliklərin olması göründüyü halda etinasızlıq edərək həmin şəkli düzgün oxumaması və beləliklə də, iddiaçıda olan “hər iki ağ ciyərin aşağı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində, KB(-) mənfi” xəstəliyini aşkar etməməsi və iddiaçının hərbi xidmətə yararlı olmasına dair yanlış rəy verməsi qeyd edilmiş, hərbi-həkim komissiyasının sədri N.Xancanovun və həkim-ftiziatrı F.İsayevin intizam məsuliyyətinə cəlb olunmaları üçün müvafiq təqdimatın verilməsi qərara alınmışdır. Göründüyü kimi cavabdeh orqanın qanunazidd əməlləri ilə iddiaçıya dəymiş maddi və mənəvi ziyan arasında səbəli-əlaqənin olması aşkardır. İddiaçının cavabdeh orqana qarşı olan tələbi iki hissədən ibarətdir:

1. cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2700 manat məbləğində maddi zərərin ödənilməsi,

2. cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi. İddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr 2014-cü ilin yanvar ayından xx.xx.2014-cü ilədək, cəmi 9 aydır və maddi ziyan yalnız onun hərbi xidmətdə olduğu dövrü əhatə etməlidir. Maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ iddiaçının iddia tələbində qeyd etdiyi, yəni iddia ərizəsinin verildiyi tarixdə, yəni 2022-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır: 9 ay x 300 manat = 2700 manat. Minimum aylıq əmək haqqının məbləğinin artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. İddiaçı, mənəvi ziyanla bağlı tələbini cavabdehlərin təqsiri üzündən keçirdiyi fiziki və mənəvi iztirablar nəticəsində hərbi xidmətə yararsız olduğu halda həkim komissiyasının səhlənkarlığı, işinə etinasız yanaşması, vəzifə borcunu lazımınca yerinə yetirməməsi nəticəsində qanunsuz olaraq hərbi xidmətə göndərilməsi və bunun nəticəsində 9 ay ərzində xidmətə yararsız olduğu halda hərbi xidmət keçməsi və “xidmətə yararsız” hərbi biletlə evə qayıtması nəticəsində emosional psixoloji sarsıntı keçirməsi ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. İddiaçı, tələbində 5000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, mənəvi ziyan məbləğinin məhz 5000 manat məbləğində ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tələb edilən məbləğ ağlabatan məbləğ deyildir. Eyni zamanda iddiaçı, şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Ona görə də məhkəmə şikayətin bu dəlilini qismən əsaslı hesab edərək bildirir ki, cavabdehdən iddiaçının xeyrinə 1000 manat məbləğində mənəvi ziyan tutulmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin üzərinə 2700 (iki min yüz) manat məbləğində maddi ziyan, 1000 (min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsi öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar