Məhkəmə qərarları › İş №2-1(116)-1482/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1482/2022

05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1482/2022 05.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinə qarşı “xx.xx.2017ci il tarixli icarə müqaviləsi ilə icarəsində olan torpaq sahəsinə icarə müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq, icarə müddətinin uzadılması və qanunvericiliyə uyğun olaraq yenidən icarə hüququ əldə etməsi üçün özünün iştirakı ilə hərraca çıxarılmasının təmin edilməsi barədə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək “Zərdab rayon Yarməmmədbağı Bələdiyyəsinin mülkiyyətində olan Lələağacı kəndi ərazisində yerləşən, xx.xx.2017-ci il tarixdən icarənizdə olan 16.0 ha əkin torpaq sahəsinin xx.xx.2020-ci il tarixində icarə müddətinin bitməsi ilə əlaqədar, icarə müddətinin uzadılması üçün qanunvericiliyə uyğun olaraq yenidən icarə hüququ əldə etməsi üçün, həmin torpaq sahəsi üzərində ilkin olaraq bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, qanunvericiliyə uyğun olaraq, həmin torpaq sahəsinə dair bələdiyyə ilə aralarında icarə müqaviləsi tərtib olunub, notarial qaydada təsdiq olunaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə və ya İdarənin Zərdab rayon Şöbəsinə, qanuna müvafiq qaydada baxılması üçün təqdim edilməsi və ya 18 iyul 2017-ci il tarixdən icarəsində olan, xx.xx.2020-ci il tarixindən icarə müddəti bitən 16.0 ha əkin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun əmlakın dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra, hərrac yolu ilə icarəyə verilməsi, yenidən özünün icarə hüququ əldə etməsi üçün qısa müddətdə hərraca çıxarılmasının təmin edilməsi və həmin hərrac və müsabiqənin keçirilməsi ilə bağlı əvvəlcədən rəsmi məlumat verilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə “hüquqi yardımın gösətərilməsinə dair” məktub ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. İddiaçı, xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2017-ci il tarixli icarə müqaviləsi ilə icarəsində olan torpaq sahəsinə icarə müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq, icarə müddətinin uzadılması və qanunvericiliyə uyğun olaraq yenidən icarə hüququ əldə etməsi üçün özünün iştirakı ilə hərraca çıxarılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Hazırkı iddia üzrə cavabdehlə iddiaçı arasında yaranan hüquq münasibətləri mülki hüququn tənzimetmə predmetinə aiddir. Odur ki, hazırkı iddia tələbi üzrə işə inzibati deyil, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2020-ci il tarixədək icarəsində olmuş 16.0 ha torpaq sahəsi ilə bağlı icarə müddətinin uzadılmasına və həmin torpaq sahəsi üzərində yenidən icarə hüquqlarınızın əldə edilməsinə nail olmaqdır. Göründüyü kimi hazırkı mübahisənin mahiyyəti tərəflər arasında bağlanmış torpaq icarə müqaviləsinin müddətinin uzadılması barədədir. Mübahisə xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisədir və bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.2-ci bəndinə müvafiq olaraq eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Həmçinin iddiaçıya izah olunur ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün aidiyyəti üzrə müraciət etmək, yəni bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun 5.1.m.). Yuxarıda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməsi üçün iddiaçıya 10 gün müddətində vaxt təyin edilmişdir. İddiaçı, tələbini dəqiqləşdirilməsinə baxmayaraq, ilkin iddia ərizəsində olduğu kimi xüsusi hüquqla tənzimlənməli olan hüquq münasibətlərinə dair iddia ərizəsini yenidən məhkəməyə təqdim etmişdir Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinə qarşı “xx.xx.2017ci il tarixli icarə müqaviləsi ilə icarəsində olan torpaq sahəsinə icarə müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq, icarə müddətinin uzadılması və qanunvericiliyə uyğun olaraq yenidən icarə hüququ əldə etməsi üçün özünün iştirakı ilə hərraca çıxarılmasının təmin edilməsi barədə” iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar