Məhkəmə qərarları › İş №2-1(116)-1482/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1482/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1482/2023 20.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixdən ödənilməsi dayandırılmış pensiyanın İİ Qarabağ hərbi əlili kimi qanunsuz olaraq dayandırıldığı vaxtdan ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən ödənilməsi dayandırılmış pensiyanın İİ Qarabağ hərbi əlili kimi qanunsuz olaraq dayandırıldığı vaxtdan ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində iki fərqli inzibati orqan cavabdeh qismində göstərilmiş və xx.xx.2022-ci il tarixdən ödənilməsi dayandırılmış pensiyanın İİ Qarabağ hərbi əlili kimi qanunsuz olaraq dayandırıldığı vaxtdan ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərarın qəbul olunması tələb edilmişdir. Lakin inzibati mühakimə icraatı qaydasında müxtəlif cavabdehlərə qarşı eyni tələb üzrə iddia qaldırılması yolverilməzdir. Hüquqi yardım məktubunda həmçinin qeyd edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtina məktubundan da görünür ki, iddiaçının müraciəti əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı olmuş və ona müvafiq imtina cavabı verilmişdir. Həmin imtinaya əsasən müəyyən edilmişdir ki, Agentlik tərəfindən iddiaçıya münasibətdə xx.xx.2022-ci il tarixli müayinənin nəticəsi olaraq “Tam reabilitasiya olunma” barədə qərar qəbul edilmişdir. İddiaçıya məhkəmə tərəfindən həmin qərarı mübahisələndirmək hüququ izah edilmiş və nəzərinə çatdırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş cavabdehin imtinası hazırkı iddia tələbi ilə bağlı olmamışdır. Yardım məktubunda iddiaçıya inzibati məhkəmə icraatı çərçivəsində fərqli cavabdehlərə qarşı irəli sürülən tələblərə dair iddialara bir icraat çərçivəsində baxılması yolverilməz, bu növ iddialar mümkün hesab edilməməli olduğundan, eyni zamanda hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə təsdiqini tapmaması səbəbindən iddia mümkün sayılmamalı olduğundan yuxarıda göstərilənlərə münasibət bildirməsi və ya iddia tələbini müvafiq şəkildə düzgün cavabdehə qarşı konkret tələb göstərilməklə dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçı hüquqi yardım məktubunu aldıqdan sonra məhkəməyə yeni iddia ərizəsi ünvanlamış və həmin ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini göstərməklə “xx.xx.2022-ci il tarixli “tam reabilitasiya haqqında” cavabdehin qərarının ləğv edilməsi və ikinci qrup Qarabağ əlili kimi qanunsuz olaraq 2023-cü ilin yanvar ayının 1-dən dayandırılmış pensiyasının dayandırıldığı vaxtdan ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etsə də, müəyyən olunmuşdur ki, iddia ərizəsi İddiaçı tərəfindən imzalanmadan məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iddia ərizəsini, həmçinin iddiaçının xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə iki müxtəlif cavabdehlərə qarşı iddia qaldırmış, məhkəmənin yardım məktubunu aldıqdan sonra yenidən tərtib edərək məhkəməyə təqdim etdiyi ərizəsində müəyyən düzəlişlər edilməklə yeni, fərqli tələb üzrə iddia ərizəsi ilə müraciət etsə də, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmadan məhkəməyə təqdim olunmuşdur. İPM-in 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı qeyd edilmiş göstərişlərdə ərizənin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, Məcəllənin 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən qeyd olunmalıdır ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Prosessual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin müəyyən edilməsi baxımından zəruridir. Beləliklə, məhkəməyə imzalanmadan, yenidən tərtib edilmiş iddia ərizəsinin təqdim edilməsi iddiaçı tərəfindən məhkəmənin müvafiq hüquqi yardımına cavab verilməməsi kimi qiymətləndirilir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İddiaçı iddia tələbi üzrə düzgün şəkildə tərtib edilmiş iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət edə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixdən ödənilməsi dayandırılmış pensiyanın İİ Qarabağ hərbi əlili kimi qanunsuz olaraq dayandırıldığı vaxtdan ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar