Məhkəmə qərarları › İş №2-1(116)-1484/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1484/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1484/2023 23.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X8 Mərkəzi Filialına qarşı “xx.xx.2017-xx.xx.2022-ci il tarixlər arasında əlilliyə görə ödənilmiş 15353,44 manat pul məbləğinin iddiaçıdan geri tələb edilməsində ifadə olunan hərəkətlərin edilməsindən çəkinmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X8 Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlillik dərəcəsinin “X10”də etibarsız hesab edilməsi barədə qərarın ləğv edilməsi və ödənilməsi tələb olunan 15353,44 manat vəsaitin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, “xx.xx.2017-xx.xx.2022-ci il tarixlər arasında əlilliyə görə ödənilmiş 15353,44 manat pul məbləğinin iddiaçıdan geri tələb edilməsində ifadə olunan hərəkətlərin edilməsindən çəkinmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mərhum əri X6 xx.xx.1991-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmətdə olmuşdur. Mərhum əri X6 xx.xx.2015-ci il tarixdə avtomobil qəzasında həlak olmuşdur. Ərinin vəfatından sonra pensiya təyinatı üçün xidmət müddəti haqqında hesablama vərəqində onun imtiyazlı xidmət müddəti 31 il 10 ay 08 gün göstərilmişdir. Lakin ailə başçısının itirilməsinə görə iddiaçıya çox cüzi məbləğdə pensiya təyin olunmuşdur. 05 fevral 2022-ci il tarixdə ərinin ölümünə görə iddiaçıya hesablanmış pensiya məbləğinin artırılması və yenidən hesablanması üçün müvafiq köməklik göstərilməsini cavabdeh inzibati orqandan xahiş etmiş, müraciətinə cavab gecikdiyi üçün xx.xx.2022-ci il tarixdə eyni məzmunlu ərizə ilə yenidən müraciət etmişdir. Bundan sonra iddiaçıya 08 aprel 2022-ci il tarixli **********2 nömrəli və 27 may 2022-ci il tarixli **********8 nömrəli məktublar göndərilmişdir. Hər iki məktubda iddiaçıdan ailə tərkibi haqqında arayışın əslini və yenidən nikaha daxil olmamaqla bağlı arayışın əslini təqdim etmək xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçı həmin arayışları da cavabdeh inzibati orqana göndərmişdir. Lakin 3 aydan sonra iddiaçıya 12 sentyabr 2022-ci il tarixli ********** tarixdə xx.xx.2022-ci il nömrəli imtina məktubu göndərilmişdir. Həmin imtina məktubunda iddiaçıya nəinki əmək pensiyasının yenidən hesablanmasına köməklik göstərilməmiş, əksinə əvvəllər aldığı pensiyanın da qaytarılması tələb olunmuşdur. Bundan sonra iddiaçı yenidən cavabdehə müraciət edərək əlillik dərəcəsinin “X7 etibarsız hesab edilməsi barədə qərarın ləğv edilməsi və ödənilməsi tələb olunan 15353,44 (on beş min üç yüz əlli üç manat 44 qəpik) manat vəsaitin silinməsini xahiş etmişdir Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya göndərilmiş 31 yanvar 2023-cü il tarixli 3-17-1/2-Ə-188/2023 nömrəli məktubda tələbinin icra olunmasından imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmıdşır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Fondun Xüsusi X8 mərkəzi filialı tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş şəxsin atası, anası, əri, arvadı həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.2017-ci il tarixdə 5 il müddətinə ümumi xəstəliklə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. İddiaçının əlilliyi xx.xx.2020-ci il tarixdə etibarsız hesab edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubu əsasında İddiaçı əlilliyi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnaməyə uyğun olaraq əlillik vəziyyətinin qiymətləndirilməsi vətəndaşların iştirakı olmadan dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən aparılır. Qeyd olunanlardan aydın olduğu kimi iddiaçının iddia etdiyi əlilllik dərəcəsinin “X10”də etibarsız hesab edilməsi barədə qərarın ləğv edilməsi Fondun Xüsusi X8 mərkəzi filialının səlahiyyətləri xaricindədir. İddiaçıya xx.xx.2017- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15353,44 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubla həmin vəsaitin büdcəyə qaytarılması məqsədi ilə iddiaçıdan artıq ödənilmiş vəsaitin ödənilməsi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Belə ki, pensiya təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göründüyü kimi, filial tərəfindən xx.xx.2022-ci il tarixli **********6 nömrəli iddiaçıya məlumat xarakterli cavab məktubu göndərilmişdir. Bildirik ki, cavabdeh Fondun Xüsusi X8 mərkəzi filialı tərəfindən xx.xx.2017xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində artıq ödənilmiş 15353,44 manat pul vəsaitinin geri ödənilməsi barədə hər hansı bir qərar qəbul edilməmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır və təmin edilməməməlidir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi X8 Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının İİ dərəcə əlil olması ilə əlaqədar 15 may 2017-ci il tarixindən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən X4 vəfat etməsi ilə əlaqədar ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilmişdir. 15 may 2022-ci il tarixində əlilliyininin müddəti bitdiyindən pensiya ödənişi 1 iyun 2022-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı əlillik dərəcəsinin “X13”ndə etibarsız hesab edilməsi aşkar olunmuşdur. Qeyd olunanlara əsasən xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilmiş ümumilikdə 15353,44 manat məbləğində pul vəsaiti əlilliyi etibarsız hesab edilməsi ilə əlaqədar artıq ödənilmiş vəsait kimi qaytarılmalıdır. Buna görə də iddiaçıya artıq ödənilmiş vəsaiti könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş olunmuş, əks halda qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - V-ЖГ 459704 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X1 arasında xx.xx.1993-cü ildə nikah bağlanmışdır. - AZ-İ 769304 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2015ci il tarixdə vəfat etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddianın xüsusi bir növü olan “müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” iddia (İPM-in 2.2.4 və 34.2-ci maddələri) qismində mümkün iddiadır. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia inzibati orqanın inzibati akt olmayan əlverişsiz hərəkətlərini aradan qaldırmaq və ya onların qarşısını almaq məqsədi daşıyır. . Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir (34.3). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Həmin vəsaitin geri tələb olunması ilə bağlı hər hansı inzibati akt qəbul edilməsə də, inzibati orqanın gələcək publik-hüquqi davranışına münasibətdə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı sayılmalıdır. Belə ki, müvafiq pul məbləğinin iddiaçıdan tutulması ilə bağlı qəbul edilməsi gözlənilən inzibati aktlara münasibətdə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair qabaqlayıcı (preventiv) iddia, iddiaçının həyatını (mövcudluğunu) çətin vəziyyətə sala bilən və ya bərpası mümkün olmayan zərərin vurulması təhlükəsinin mövcud olduğu halları əhatə etməlidir. Çünki hazırkı iş üzrə iddiaçının gəlirlərinin qorunub saxlanılmasına böyük marağı var İş materiallarından görünür ki, cavabdeh orqan müvafiq pul məbləğinin geri tutulmasının mümkünlüyünü “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlamadan iddiaçıya xx.xx.2017xx.xx.2022-ci il tarixlərdə ödənilmiş 15353,44 manat vəsaiti geri tələb etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Cavabdeh orqan bildirir ki, iddiaçının İİ dərəcə əlil olması ilə əlaqədar 15 may 2017ci il tarixindən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən X4 vəfat etməsi ilə əlaqədar ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilmişdir. 15 may 2022-ci il tarixində əlilliyininin müddəti bitdiyindən pensiya ödənişi 1 iyun 2022-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı əlillik dərəcəsinin “X13”ndə etibarsız hesab edilməsi aşkar olunmuşdur. Bununla belə, iddiaçıya müvafiq ödənişlərin edildiyi zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya müvafiq vəsaitin təyin edilməsi və ödənilməsi onun təqsiri üzündən baş verməmişdir. Buna görə də iddiaçı, inzibat icraat hüququnun müddəaları baxımından əmlak vəziyyətinin qorunmasına layiqdir. Belə ki, iddiaçı ona ödənilmiş pul vəsaitini qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qala bilər ki, belə yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhvlərinin neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Cavabdeh orqan tərəfindən ödənilmiş vəsait geri tələb edilərkən iddiaçının həmin vəsaitlərin ödənilməsini nəzərdə tutan inzibati akta etimad hüququnun mövcudluğu nəzərə alınmamışdır. Nəzərə alınmalıdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması iddiaçının iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra həmin məbləği geri tələb etməyə haqlı sayılmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X8 Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2017-xx.xx.2022-ci il tarixlər arasında əlilliyə görə ödənilmiş 15353,44 manat pul məbləğinin iddiaçıdan geri tələb edilməsində ifadə olunan hərəkətlərin edilməsindən çəkinmək vəzifəsi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar