Məhkəmə qərarları › İş №2-1(116)-1485/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1485/2021

19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1485/2021 19.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsildə X1rşı "Türkiyə Respublikası Atatürk Universitetindən 16.10.2020-ci ildə verilmiş, 81545 nömrəli diplom üzrə "biokimya" ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Türkiyə Respublikası Atatürk Universitetindən 16.10.2020-ci ildə verilmiş, 81545 nömrəli diplom üzrə "biokimya" ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi 29.09.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra – “İPM”) 13-cü maddəsinə müvafiq olaraq 07.10.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq, bildirilmişdir ki, İPM-in 01.10.2021-ci il tarixədək qüvvədə olmuş 8.1.2-ci və 8.1.4-cü maddələrinə əsasən iddiaya cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalı olduğundan, iddia ərizəsi iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsildə X2 yerləşdiyi yer - Bakı şəhəri Q.Qarayev prospekti 2B ünvanı nəzərə alınmaqla, baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İddiaçıya göstərilənlərə əsasən işin ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi məsələsinə münasibət bildirməsi təklif olunmuşdur. Məhkəmənin yardım məktubu 19.10.2021-ci il tarixdə qəbul edilmiş, lakin iddiaçı tərəfindən münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini iş materialları və iddiaçının münasibəti ilə birlikdə araşdıraraq hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı iddia tələbi İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri olan inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara, yəni öhdəliyin icrası haqqında iddialara aiddir. “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 9 iyul 2021-ci il tarixli 365-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanunun 1.1-ci maddəsi Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edildiyindən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən hazırkı iddiaya münasibətdə İPM-in 8-ci maddəsinin 01.10.2021-ci il tarixədək qüvvədə olmuş redaksiyasında nəzərdə tutulan qaydalar tətbiq olunur ki, həmin Məcəllənin: 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.4-ci maddəsinin tələbinə əsasən isə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Normanın tələbindən də göründüyü kimi, öhdəliyin icrası haqqında iddialara, əgər həmin iddialar daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı deyildirsə, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibəti ilə bağlı deyildirsə, Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı deyildirsə, cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yeri olmadığı hallarda olduğu yerin və ya axrıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır və aidiyyətlə bağlı sadalanan istisnalar iş üzrə müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Həmin qanunun 43-cü maddəsinə görə inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddiaya ərazi aidiyyatı üzrə cavabdehin yerləşdiyi yerin məhkəməsində, yəni hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 2b olduğundan, Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli qərarının 15.7-ci bəndinə əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 8, 16.3 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsildə X1rşı “Türkiyə Respublikası Atatürk Universitetindən 16.10.2020-ci ildə verilmiş, 81545 nömrəli diplom üzrə “biokimya” ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar