Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1489/2025 25.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsi, dalan 6, ev 8) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (yerləşdiyi yer: Qəbələ şəhəri, Z.Əliyeva küçəsi 16) (üçüncü şəxs – Oğuz rayonu Bucaq bələdiyyəsi inzibati məhkəmə icraatına cəlb olunmaqla yerləşdiyi yer: Oğuz rayonu, Bucaq kəndi) qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Oğuz rayonu Calud bələdiyyəsinin 28 iyul 2006-cı il tarixli 30 saylı iclasının protokolu (qərarı) ilə sahibkarlıq məqsədilə həmin bələdiyyənin ərazisində yerləşən 300 kv.m torpaq sahəsi İddiaçı satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair X7 kitabında 8 fevral 2007-ci il tarixdə 038 nömrə ilə uçota alınmaqla “Torpaq sahəsinin kadastr planı” tərtib edilmişdir. İddiaçı həmin qərar əsasında ona ayrılmış 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 26 aprel 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını torpaq sahəsinin alqı-satqısına dair aktın, yerləşmə sxeminin və rəyin olmaması ilə əsaslandırmışdır. İddiaçı cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Qeyd olunmalıdır ki, «Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında» Azərbaycan Respublikasının 18 oktyabr 2024-cü il tarixli Qanununun 39-cu bəndinə əsasən Oğuz rayonu üzrə Baş Daşağıl, Bucaq, Calut və Muxas bələdiyyələrinin əhatə etdiyi Baş Daşağıl, Bucaq, Calut və Muxas kəndlərində Bucaq bələdiyyəsi yaradılmışdır. Məhkəmənin 13 dekabr 2024-cü il tarixli qərardadı ilə Oğuz rayonu Bucaq bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırır ki, Oğuz rayonu Calud bələdiyyəsinin 28 iyul 2006-cı il tarixli iclasının protokolu (qərarı) ilə ona satılmış torpaq sahəsinin reyestrdə qeydiyyata alınmasından cavabdeh imtina etmişdir. Halbuki, həmin torpaq sahəsinin kadastr planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən təsdiqlənmiş və bunun əsası kimi Calud bələdiyyəsinin həmin qərarı götürülmüşdür. Cavabdehin imtinasında göstərilən alqı-satqı aktı, yerləşmə sxemi və rəylə bağlı DƏDKRin müvafiq idarəsinə müraciət edilsə də, həmin sənədlər arxivdə aşkar olunmamışdır. Hesab edilir ki, Oğuz rayonu Calud bələdiyyəsinin 29 iyul 2006-cı il tarixli 29 saylı qərarı ilə ona ayrılan 300 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Cavabdeh iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, İddiaçı Oğuz rayonu Calud bələdiyyəsinin 29 iyul 2006-cı il tarixli qərarı ilə ona satılmış 300 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı İdarəyə müraciət etmiş, lakin o, həmin torpaq sahəsinə dair sənədlərin əsillərini Ərazi İdarəsinə təqdim etməmişdir. Həmçinin Ərazi İdarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar İdarədə mövcud olan baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdurki, Oğuz rayonunun Bucaq kəndində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə faktiki torpq sahəsinin məkan göstəriciləri ilə müqayisədə uyğunsuzluq mövcuddur. Həmin torpaq sahəsinin yerləşdiyi ərazi mövcud olan baza xəritəsində iddia olunan Oğuz rayonunun Calud kəndində yerləşən torpaq sahəsinin yerləşdiyi torpaq sahəsinin 0,0044 ha hissəsi dövlət mülkiyyətində olan torpaq sahəsində, 0,0256 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd edilmişdir. Bu səbəbdən də İdarə tərəfindən faktiki torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq mövcud reyestrdən çıxarış və plan-ölçü sənədinin verilməsi mümkün deyil. Həmçinin iddiaçı X1 iddia etdiyi 0,06 ha torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası ilə üst-üstə düşür. Qeyd olunan torpaq sahəsində qeyri-yaşayış binası mövcuddur. Sözügedən torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən məlum olur ki, torpaq sahəsinin alq-satqısına dair akt tərtib olunmamışdır. Qeyd edilən torpaq sahəsi ilə bağlı DTXK Qəbələ rayon şöbəsinin və Qəbələ RİH başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin rəyləri, ayrılmış torpaq sahəsinin təhvil-təslim aktı Ərazi İdarəsinə təqdim olunmamışdır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Oğuz rayonu Bucaq bələdiyyəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 6 yanvar 2025-ci il tarixli 1 saylı və 24 iyun 2025-ci il tarixli 100 saylı məktublarında bildirilir ki, «Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında» Azərbaycan Respublikasının 18 oktyabr 2024-cü il tarixli Qanununun 39-cu bəndinə əsasən Oğuz rayonu üzrə Baş Daşağıl, Bucaq, Calut və Muxas kəndlərində Bucaq bələdiyyəsi yaradılmışdır. Lakin bu kəndlərdə birləşmə 29 yanvar 2025-ci il tarixdə bələdiyyə seçkilərindən sonra reallaşacaq və Calud bələdiyyəsi hal-hazırda fəaliyyətini davam etdirir. İddiaçı 300 kv.m torpaq sahəsinin ayrılmasına dair Oğuz rayonu Calud bələdiyyəsi 29 iyul 2006-cı il tarixdə qərar qəbul etmişdir. Ləğv olunmuş Calud bələdiyyəsi yeni yaradılmış Bucaq bələdiyyəsinə son 5 ilin (2020 – 2025-ci illər) sənədlərini təqdim etdiyinə görə, İddiaçı aid bələdiyyədə heç bir sənəd aşkarlanmamışdır. Məhkəmə icraatında məhkəmənin sorğusu üzrə DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin 25 avqust 2025-ci il tarixli məktubu ilə göndərilmiş və hazırkı iş üzrə təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar bildirilmişdir: - Oğuz rayonu Calud bələdiyyəsinin 29 iyul 2006-cı il tarixli 29 saylı iclasının qərarı ilə İddiaçı ayrılmış, DTXK tərəfindən tərtib edilmiş **********0006 nömrəli plan-ölçü sənədində göstərilmiş 300 kv.m torpaq sahəsi və iddia olunan faktiki naturada ölçülmüş 0,03 ha qeyri-yaşayış tikilisinin (avtomobil təmir sexi) yerləşdiyi torpaq sahəsi, Oğuz rayonu Calud kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Oğuz rayonu Calud kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası tikintialtı (ictimai tikililər) olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. X2 X3 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası şərti yararsız, bələdiyyə mülkiyyətində olan ərazi kimi göstərilmişdir. Həmçinin faktiki naturada ölçülmüş 0,03 ha qeyri-yaşayış tikilisinin yerləşdiyi torpaq sahəsi ərazidən keçən qaz kəmərinin mühafizə zolağında yerləşir. Torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi yerquruluşu planlarında göstərilmişdir. Faktiki naturada ölçülmüş 0,03 ha qeyri-yaşayış tikilisinin yerləşdiyi torpaq sahəsi Oğuz rayonu Calut bələdiyyəsinin 29 iyul 2006-cı il tarixli 29 saylı iclasının qərarı ilə İddiaçı ayrılmış, DTXK tərəfindən tərtib edilmiş **********0006 nömrəli plan-ölçü sənədində göstərilmiş 300 kv.m torpaq sahəsi ilə 263 kv.m hissədə üst-üstə düşür. Faktiki naturada ölçülmüş 0,03 ha qeyri-yaşayış tikilisinin yerləşdiyi torpaq sahəsi Oğuz rayonu Calut bələdiyyəsinin 29 iyul 2006-cı il tarixli 29 saylı iclasının qərarı ilə İddiaçı ayrılmış, DTXK tərəfindən tərtib edilmiş **********0006 nömrəli plan-ölçü sənədində göstərilmiş 300 kv.m torpaq sahəsi ilə 37 kv.m hissədə üst-üstə düşmür. Torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi yerquruluşu planlarında göstərilmişdir. İddia olunan ərazinin ortofoto görüntüsü təqdim edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs (nümayəndələri) gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, bildirdi ki, iddiaçı 2006-cı ildə müvafiq torpaq sahəsini almışdır. Sahədə obyekt inşa olunmuşdur. Lakin bu günədək sənədləşmədə çətinliklər yaranır. Sənəd əldə etmək mümkün deyil, RİH-ə, bələdiyyəyə və arxivə müraciət edilsə də, ləğv edilmiş DTXK-nın sənədləri tapılmamışdır. Torpaq sahəsinə hüququn qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət olunsa da, cavabdeh məsələnin həllini təmin etməmişdir. Obyekt işləyir, hər hansı uyğunsuzluq iddiaçının təqsirindən olmamışdır. Məhkəmə iclasına mütəxəssis qismində çağırılmış DƏDKR 9 saylıı Qəbələ Ərazi İdarəsinin şöbə müdiri X6 bildirdi ki, işlə bağlı müvafiq araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, həmin ərazidən qaz xətti keçir və torpaq sahəsi xəttin mühafizə zonasında yerləşir, sahənin 37 kv.m hissədə üst-üstə düşməməsi ölçü xətasıdır, həmin vaxt müasir ölçü avadanlıqları olmamışdır. Üst-üstə düşməyən hissə başqa şəxslərin mülkiyyətində deyil. Sahədə tikili olmasaydı, uyğunlaşdırma aparılması mümkün olardı. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Oğuz rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Oğuz rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin iddiaçıya Oğuz rayonu Calud bələdiyyəsinin 28 iyul 2006-cı il tarixli 30 saylı iclasının protokolu (qərarı) ilə satılmış 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İş materiallarından görünür ki, Oğuz rayon Dövlət Arxivinin müvafiq sorğuya cavab olaraq Şəki İnzibati Məhkəməsinə ünvanlanmış 23 dekabr 2024-cü il tarixli 3-49-36RA2- 45/2024 saylı məktubu ilə Calud bələdiyyəsinin İddiaçı torpaq sahəsi ayrılması məsələsinin müzakirə olunması və müsbət qərar qəbul olunmasını əks etdirən 30 saylı protokolunun surəti təqdim olunmuş və həmin məktubda aşağıdakılar bildirilmişdir: - İddiaçı adına torpaq sahəsi verilməsi haqqında qərar Calud bələdiyyəsinin 30 saylı iclas protokolunda qeyd edilmişdir. Sorğuda qeyd edilən digər sənədlər (torpaq sahəsinin ayrılması ilə bağlı digər hüquqi və texniki sənədlər) Dövlət Arxivinə təhvil verilməmişdir. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.3-cü maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Oğuz rayonu Calud bələdiyyəsinin 28 iyul 2006-cı il tarixli 30 saylı iclasının protokolu (qərarı) həmin dövrdə Calud bələdiyyəsinin ərazisində yerləşən 300 kv.m torpaq sahəsinin hazırkı İddiaçı mülkiyyətində olmasını təsdiqləyən inzibati aktdır. Oğuz rayonu Calud bələdiyyəsinin 28 iyul 2006-cı il tarixli 30 saylı iclasının protokolu (qərarı) ilə bağlı «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı həmin qərarla ayrılmış 300 kv.m torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar ləğv edilmədiyindən, geri çağırılmadığından və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, Oğuz rayon Calud bələdiyyəsinin 29 iyul 2006-cı il tarixli 30 saylı iclas protokolunun arxiv nüsxəsi Oğuz Rayon Dövlət Arxivindən aşkar olunmuşdur. Cavabdehin özü də həmin qərarın həqiqiliyini şübhə altına almamış, yəni sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Qurumun imtina əsası kimi istinad etdiyi dəlil odur ki, iddia olunan torpaq sahəsinə dair DTXK-nın yerli qurumu tərəfindən təsdiq edilmiş “Torpaq sahəsinin alqı-satqına dair akt”, həmin qurumun rəyi və yerləşmə sxemi, Oğuz RİH-in rəyi, sahənin təhvil-təslim aktı təqdim edilməmişdir, torpaq sahəsinin faktiki və sənəd üzrə məkan göstəricilərində fərq var (37 kv.m), sahənin böyük hissəsi kənd təsərrüfatı təyinatlıdır, sahə qaz xəttinin mühafizə zonasında yerləşir. Birinci dəlillə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Oğuz rayonu Calud bələdiyyəsinin mötəbər sayılan 28 iyul 2006-cı il tarixli 30 saylı qərarına (iclas protokoluna) əsasən iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ əldə etdiyindən cavabdehin hüququn qeydiyyatını həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Bundan başqa, məhkəmə icraatında alınmış və tədqiq olunmuş mütəxəssis rəyi ilə mübahisə obyekti olan torpaq sahəsinin ayrılan dövrdə bələdiyyə mülkiyyətində olması təsdiqlənir. Həmin rəydə göstərilən digər xüsusatlara gəldikdə isə məhkəmə qeyd edir ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olsa da, şərti yararsızlığı “kənd təsərrüfatına yararlı” kimi qəbul oluna bilməz. Bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin qaz xəttinin mühafizə zonasında yerləşməsini qanunvericilik onun üzərində hüququn qeydiyyat alınmasından imtina kimi nəzərdə tutmur. Belə hal hüququn qeydiyyat alınmasına maneə kimi yalnız «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na istinadən hüquqların qeydiyyatı zamanı çıxış edə bilər. Hazırkı işdə isə iddiaçıya iddia etdiyi torpaq sahəsi bələdiyyə tərəfindən ayrılmışdır. Rəydə qeyd olunan “sənəd üzrə və faktiki torpaq sahələrinin qismən üst-üstə düşməsi” halı isə, üst-üstə düşməyən hissə başqa şəxslərin mülkiyyətində olan sahələr olmadığından Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının müddəaları əsasında cavabdeh inzibati orqanın özü tərəfindən aradan qaldırıla bilər. Hazırkı işin hallarına görə məhkəmə vurğulayır ki, İddiaçı Oğuz rayonu Calud bələdiyyəsinin 28 iyul 2006-cı il tarixli 30 saylı iclasının protokolu (qərarı) ilə ayrılan torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin alqı-satqısına dair akt” tərtib olunmasa da, həmin aktı tərtib etməli olan qurumların, yəni Oğuz rayonu Calud bələdiyyəsinin və DTXK Oğuz rayon şöbəsinin bununla əlaqədar alınmış mövqeləri sonradan da olsa məlum olmuşdur və bu mövqelər razılıq əlamətləri daşımışdır: Calud bələdiyyəsi qərar qəbul etmiş, DTXK Oğuz rayon şöbəsi isə “torpaq sahəsinin kadastr planı”nı hazırlamışdır. “Torpaq sahəsinin alqısatqısına dair akt”ın tərtibi və təsdiqi torpaq sahəsinin ayrılmasından sonrakı icraatın nəticəsi kimi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Oğuz rayonu Calud bələdiyyəsinin 28 iyul 2006-cı il tarixli 30 saylı qərarının (iclas protokolunun) qəbulu üzrə DTXK-nın yerli qurumu tərəfindən alqısatqı aktının tərtib edilməməsi, habelə torpaq sahəsinin ayrılması ilə bağlı həmin yerli qurumun, eləcə də Oğuz RİH-in müvafiq şöbəsinin qabaqcadan alınmalı rəyləri inzibati akt kimi 29 iyul 2006-cı il tarixli 30 saylı həmin qərarın hüquqi qüvvəsinə təsir etmir. Torpaq sahəsinin kadastr planının hazırlanması yerləşmə sxemini də əhatə etmiş olur. Torpaq sahəsinin təhvil-təslim aktının tərtibi isə, iddiaçının iradəsindən asılı hal deyil və ötən müddət ərzində sahədən mübahisəsiz istifadə olunması belə sənədin zəruriliyini aradan qaldırmış olur. Bununla da belə nəticə əldə olunur ki, İddiaçı Oğuz rayonu Calud bələdiyyəsinin 28 iyul 2006-cı il tarixli 30 saylı iclasının protokolu (qərarı) ilə ona satılmış 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üzrə əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsi İddiaçı müraciəti üzrə torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ona Oğuz rayonu Calud bələdiyyəsinin 28 iyul 2006-cı il tarixli, 30 saylı iclas protokoluna əsasən sahibkarlıq məqsədilə satılmış 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı ona Oğuz rayonu Calud bələdiyyəsinin 28 iyul 2006-cı il tarixli, 30 saylı iclas protokoluna əsasən sahibkarlıq məqsədilə satılmış 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №2-1(116)-1489/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1489/2025
25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver