Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-149/2023 03.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Yevlax rayon Hürüuşağı Bələdiyyəsinə qarşı "xx.xx.2019-cu il tarixli 09 saylı və xx.xx.2019-cu il tarixli 21 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC cavabdeh Yevlax rayon Hürüuşağı Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Yevlax rayon Hürüuşağı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-9/2022 nömrəli qərarı ilə cavabdeh Yevlax rayonu Hüruuşağı bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 21 nömrəli qərarı ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(107)-121/2022 nömrəli qərardadı ilə cavabdeh Yevlax rayonu Hüruuşağı bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-9/2022 nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçının nümayəndəsi iddiaçı tələbini dəqiqləşdirərək, “xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 09 nömrəli qərarına əsasən, İddiaçı (bundan sonra mətndə - MMC) tərəfindən xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək 272232 manat dəyərində istehsal olunmuş qumun müqabilində Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin büdcəsinə qeyd olunan vergi ödəyicisi tərəfindən 92826 manat məbləğində mədən vergisi ödənilməsi tələbinin qoyulması qərara alınmışdır. Bundan sonra Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 12 nömrəli qərarına əsasən, "xxxx" MMC tərəfindən bələdiyyənin büdcəsinə ödəniləcək 92826 manat mədən vergisinin 10 gün müddətinə ödənilmədiyi üçün Yevlax Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi müraciət olunması qərara alınmışdır. Daha sonra Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 21 nömrəli "Məcburi icraya yönəldilməsinə dair qərar"ına əsasən, "xxxx" MMC-dən 92826 manat mədən vergisinin tutulması qərara alınmışdır. Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarı məcburi icra olunması üçün həmin bələdiyyənin xx.xx.2019-cu il tarixli 21 nömrəli məktubu ilə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Yevlax Rayon İcra və X4 Rayonu Hürüuşağı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 21 nömrəli qərarı üzrə xx.xx.2019-cu il tarixli "Tələbin könüllü icrası haqqında bildiriş"i iddiaçıya təqdim etmişdir. Həmin bildiriş təqdim edilənə qədər cavabdehin vergi tələbinə dair inzibati qərarından iddiaçının məlumatı olmamış və həmin qərar iddiaçıya rəsmi olaraq təqdim edilməmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli 21 nömrəli qərarı tamamilə əsassız və qanunsuzdur. Belə ki, həmin qərarda iddiaçının 2015-ci ilin aprel ayından 2018-ci ilin mart ayınadək qum-çınqıl istehsalı ilə məşğul olması, nəticədə 121977 kub.m satışa yararlı qum istehsal etməsi göstərilsə də, bu işlərə görə 92826 manat mədən vergisi hesablansa da, cavabdeh qeyd etdiklərini təsdiq etmək üçün heç bir sübuta istinad etməmiş, istehsalı və vergini hansı əsaslarla hesablamasını qərarda ümumiyyətlə əks etdirməmişdir. İddiaçı "xxxx" MMC cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinə qarşı "xx.xx.2019-cu il tarixli 21 nömrəli qərarın ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsi iddianı qəbul etməmiş və iddiaya qarşı xx.xx.2020-ci il tarixli 41 nömrəli etirazında bildirmişdir ki, bələdiyyənin ərazisində qum-çınqıl istehsalı ilə məşğul olan iddiaçı "xxxx" MMC fəaliyyət göstərdiyi xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək olan dövr üzrə Bələdiyyənin büdcəsinə 92826 manat mədən vergisi ödəməlidir, lakin həmin borcu ödəməkdən qəsdən yayınır və onun məhkəməyə göndərdiyi iddia ərizəsi də yalnız bu məqsədə xidmət edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-64/2021 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/1414 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, məhkəməmühasibat ekspertizası mühasibat sənədlərinin məlumatları əsasında aparılan tədqiqatdır. Lakin İddiaçı MMC-nin fəaliyyəti üzrə hesablanmalı olan vergi məbləğinin müəyyən edilməsi üçün iş materiallarında vəsatətdə də qeyd olunmuş mədən vergisinin hesablanmasına dair vergi ödəyicisinin bəyannamə məlumatları, satış sənədləri, istehsal edilmiş qum və çınqılın həcmi, satışı barədə mühasibat sənədləri və s. öz əksini tapmamışdır. Yuxarıda da göstərildiyi kimi, məhkəmə-mühasibat ekspertizası ilkin sənədlərin məlumatları əsasında aparılan tədqiqatdır. Qeyd etmək lazımdır ki, mühasibat uçotu mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. (“Mühasibat uçotu haqqında” AR Qanunu, maddə 2.1.6). İlkin uçot sənədlərinin rəsmiləşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ-hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. Qeyd edilir ki, mütəxəssis rəyində istehsal həcmi sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə isə vergi əməkdaşı tərəfindən mütəxəssis rəyi nəzərə alınmaqla vergilər hesablanmışdır. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, mütəxəssis rəyində istehsal həcmi sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə isə vergi əməkdaşı tərəfindən mütəxəssis rəyi nəzərə alınmaqla vergilər hesablanmışdır. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: Xammal və materiallar; Qaytarılmış tullantılar; Texniki məqsədlər üçün yanacaq enerci və su; İstehsal fəhlələrinin əsas əmək haqqı; İstehsal fəhlələrinin əlavə əmək haqqı; Sosial sığortaya ayırmalar; Avadanlığın saxlanması və istismarı xərcləri.o cümlədən amortizasiya; Ümumi sex xərcləri; Ümumi zavod xərcləri; Zay məhsul və itkilər; Sair istiehsalat xərcləri; Əmtəəlik məhsulun tam maya dəyəri. Məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. İş materiallarında müəssisə tərəfindən istehsal edilmiş məhsulun maya dəyəri və xərc maddələrinin kalkulyasiyası haqqında hesabat məlumatları və eləcə də istehsalat məsrəfləri və məhsulun maya dəyəri haqqında hesabatlar olmadığına görə yuxarıda qeyd edilən xərc maddələrindən konkret olaraq maya dəyərinə daxil edilmiş xərclərin səviyyəsini müəyyən etmək mümkün deyildir. Lakin buna baxmayaraq “MBA LTD”-dən mütəxəssis cəlb olunmuş və müəssisənin fəaliyyəti üzrə faktiki istehsal həcmi müəyyən olunmuş qum və çınqılın faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. “MBA LTD”-dən mütəxəssis cəlb olunmuş və müəssisənin fəaliyyəti üzrə faktiki istehsal həcmi müəyyən olunmuş qum və çınqılın faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bütün yuxarıda göstərilən səbəblərdən hazırkı ekspertiza tədqiqatı ilə səyyar vergi yoxlaması zamanı mütəxəssis rəyinə əsasən istehsal həcmi müəyyən edilmiş qum və çınqıla görə hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmur. - Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 105 nömrəli sərəncamdan görünür ki, Mingəçevir şəhər sakini X2 və İddiaçı MMC-nin müraciətləri nəzərə alınmış, 30,0 ha torpaq sahəsindən könüllü imtina etdiyi üçün həmin torpaq sahəsi üzərində X2 icarə hüququna xitam verilmiş, Yevlax rayonun istifadəsində və inzibati tabeçiliyində olan Hüruuşağı bələdiyyəsinin topraqları ilə həmsərhəd ərazidə “Kür” çayının kənarında yerləşən, dövlət mülkiyyətində olan 30 ha torpaq 15 il müddətində İddiaçı MMCyə icarəyə verilmiş, Yevlax şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında “Torpaq icarəsi müqaviləsi” bağlanaraq təsdiq edilmiş, qeydiyyata alınması üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinə göndərilmiş, İddiaçı MMC-nin adına torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin hazırlanıb verilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmiş, İddiaçı MMC-nin rəhbərliyinə torpaqdan istifadə zamanı torpaq icarəsi müqaviləsinin müddəalarına, təbiətin və mədəni irsin mühafizəsi haqqında normativ hüquqi aktlara uyğun olaraq torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə əməl olunması təmin edilməsi tapşırılmış, bu sərəncam imzanlandığı gündən Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 113 saylı sərəncamı, Şəhər İcra Hakimiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2005ci il tarixli 26 saylı icarə müqaviləsi və Torpaqdan müvəqqəti istifadə hüququna dair JN- 7975 (kod ********) şəhadətnamə qüvvədən düşmüş hesab edilmişdir. - Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli 1358 nömrəli məktuba əlavə edilmiş xx.xx.2007-ci il tarixli 187 nömrəli sərəncamından görünür ki, iddiaçıya qum karxanası açmaq üçün rayonun Hürüuşağı Bələdiyyəsinin torpaqları ilə həmsərhəd ərazidə, «Kür» çayının sahilində yerləşən dövlət mülkiyyətində olan 30,0 (otuz) hektar torpaq sahəsi 15 (on beş) il müddətinə cəmiyyətə icarəyə verilmişdir. Ayrılmış sahədən istifadə zamanı məlum olmuşdur ki, 30,0 hektar torpaq sahəsinin ancaq 3,0 (üç) hektarından qum karxanası kimi istifadə etmək olar. Ondan 27,0 hektarı kollu örüş olduğu üçün başqa məqsədlər (heyvandarlıq) üçün istifadə olunmalıdır. Cəmiyyətin rəhbərliyi göstərilənləri nəzərə alıb Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamında və Torpaq icarəsi müqaviləsində qismən dəyişiklik edilməsini xahiş edir. İddiaçı MMC-nin müraciəti ilə əlaqədar Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Aqrar məsələlər şöbəsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi ilə birlikdə göstərilən ərazidə olmuşdur. Müəyyən edilmişdir ki, həqiqətən İddiaçı MMC-yə 15 (on beş) il müddətinə icarəyə verilmiş 30,0 hektar torpaq sahəsinin ancaq 3,0 (üç) hektarından qum karxanası kimi istifadə etmək olar. 27,0 hektarı kollu örüş olduğu üçün başqa məqsədlər üçün (maldarlıqda) istifadə olunmalıdır. (bu barədə tərtib olunmuş akt sərəncama əlavə olunur.) Göstərilənlərə əsasən «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə uyğun olaraq İddiaçı MMC-nin müraciəti nəzərə alınmış, Komissiyanın xx.xx.2007-ci il tarixli aktına əsasən İddiaçı MMC-yə torpaq sahəsinin icarəyə verilməsi barədə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 26 may 2006-cı il tarixli 105 saylı Sərəncamında və Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC-nin arasında bağlanılmış 26 may 2006-cı il tarixli, 55 saylı Torpaq icarəsi müqaviləsində qismən dəyişiklik edilmiş, İddiaçı MMC-yə icarəyə verilmiş 30,0 hektar torpaq sahəsinin 3,0 hektarından qum karxanası kimi, 27,0 hektarından isə heyvandarlıqda istifadə edilməsi qərara alınmışdır. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publi hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1122/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Hürüuşağı bələdiyyəsinin “X1 Uçotu informasiya Sistemi”ndə mövcud olan xəritəsinə əsasəsn iddiaçının nümayəndəsinin naturada göstərdiyi 3.0 ha torpaq sahəsinin 1.13 ha hissəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar (alt kateqoriyası sənaye təyinatlı torpaqlar), uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyətçisi dövlət (Yevlax rayonu inzibati ərazisi sərhəddi daxilində) mülkiyyəti, qalan 1.87 ha hissəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası təmiz örüş, mülkiyyətçisi dövlət (Mingəçevir şəhər inzibati ərazisi sərhəddi daxilində) mülkiyyəti. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi idarəsinin səlahiyyətinə aid deyil. - Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 09 nömrəli qərarından görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək 272232 manat dəyərində istehsal olunmuş qumun müqabilində Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin büdcəsinə qeyd olunan vergi ödəyicisi tərəfindən 92826 manat məbləğində mədən vergisi ödənilməsi tələbinin qoyulması qərara alınmışdır. - Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 12 nömrəli qərarından görünür ki, "xxxx" MMC tərəfindən bələdiyyənin büdcəsinə ödəniləcək 92826 manat mədən vergisinin 10 gün müddətinə ödənilmədiyi üçün Yevlax Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi müraciət olunması qərara alınmışdır. - Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 21 nömrəli "Məcburi icraya yönəldilməsinə dair qərar"ından görünür ki, "xxxx" MMC-dən 92826 manat mədən vergisinin tutulması qərara alınmışdır. - Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 21 nömrəli məktubundan görünür ki, həmin bələdiyyənin xx.xx.2019-cu il tarixli qərarı məcburi icra olunması üçün Yevlax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2023cü il tarixdə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərarlar xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə qəbul edilmişdir. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində...qaldırıla bilər. İddiaçı, Yevlax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 21 nömrəli qərarı üzrə xx.xx.2019-cu il tarixli "Tələbin könüllü icrası haqqında bildiriş"i təqdim etməsini və həmin bildiriş təqdim edilənə qədər cavabdehin vergi tələbinə dair inzibati qərarından məlumatı olmadığını bildirir. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən və cavabdeh orqan mübahisələndirilən qərarların daha əvvəl iddiaçıya təqdim edilməsi ilə bağlı sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbinin irəli sürülməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmamışdır. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi yerli vergilərin tərkibinə aid edilmişdir. 3 dekabr 2021-ci il tarixli 408-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək 8.0.3-cü maddə ləğv edilmişdir. Müvafiq dəyişiklik edilənədək Vergi Məcəlləsinin 217.5-ci maddəsində yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla mədən vergisinin dövlət büdcəsinə ödənilməsi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməsi nəzərdə tutulmuş və yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kiramid gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik çınqıl xammalı aid edilmişdir. İstinad olunan dəyişikliklərdən sonra isə Vergi Məcəlləsinin 217.5-ci maddəsi yeni redaksiyada verilmiş və mədən vergisinin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulmuşdur. Odur ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci və Vergi Məcəlləsinin 217.5-ci maddəsində müvafiq dəyişikliklər edilənədən mədən vergisi yerli əhəmiyyətli tikinti qumlarına münasibətdə bələdiyyə büdcəsinə ödənilməli olan vergi növü olaraq qanunvericilikdə təsbit edildiyindən, torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasından asılı olmayaraq hər bir halda mədən vergisi yerli vergi olaraq bələdiyyə büdcəsinə ödənilməli idi. Mübahisələndirilən qərar “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli 408-VİQD nömrəli Qanunun qüvvəyə minməsindən əvvəl qəbul edildiyindən, cavabdeh orqan bələdiyyə büdcəsinə ödənilməsini təmin etmək məqsədilə iddiaçıya münasibətdə 1.13 ha torpaq sahəsi ilə bağlı hissədə mədən vergisinin hesablanmasına səlahiyyətli olmuşdur. Belə ki, iş materiallarında olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddiaçıya mədən vergisinin hesablandığı torpaq sahəsinin 1.13 ha hissəsi dövlət mülkiyyətində olmaqla Yevlax rayonu inzibati ərazisi sərhəddi daxilindədir. Qalan 1.87 ha hissəsi isə dövlət mülkiyyətində olmaqla Mingəçevir şəhər inzibati ərazisi sərhəddi daxilində yerləşir. Belə olan halda cavabdeh orqan ümumiyyətlə Yevlax rayonu inzibati ərazisi sərhəddi daxilində olmayan 1.87 ha torpaq sahəsinə münasibətdə mədən vergisini hesablaya bilməzdi. Beləliklə, 3 dekabr 2021-ci il tarixdə qanunvericiliyə edilmiş dəyişiklikdən sonra mədən vergisinin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulduğundan, həmin tarixədək bələdiyyənin müvafiq qərarı qəbul etməyə qismən subyektiv hüququ olmuş, lakin verginin hesablanması ilə bağlı inzibati icraatın aparılmaması və verginin məbləğinin düzgün hesablanmaması iddiaçı barəsində qanunsuz əlverişsiz inzibati aktın qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq: “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanun: Maddə 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Maddə 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Maddə 12.1. Yerli vergilərin və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına nəzarət bələdiyyələrin müvafiq komissiyaları, habelə seçkili orqanlarda, bələdiyyə qulluğunda işləməyən, yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyaları tərəfindən həyata keçirilir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə (Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmişdir): Maddə 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; ... Maddə 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Maddə 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Maddə 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Maddə 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Maddə 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Maddə 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Yuxarıda istinad olunan hüquq normalarının məzmunundan göründüyü kimi müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, həmin vergilərin və ödənişlərin alınması ilə bağlı qaydalar “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.3, 5.5, 5.6, 5.7 və 5.8-ci bəndlərində öz əksini tapmışdır. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli 09 №-li qərar qəbul olunan zaman mübahisə predmeti olan vergilərin və ödənişlərin iddiaçıdan tələb olunması ilə bağlı qeyd edilən normalarda göstərilən qaydalara riayət edilməmiş və qərarın qəbulu zamanı qanunla müəyyən edilmiş qaydada inzibati icraat aparılmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bələdiyyə həmin qərarı qəbul edərkən Bərdə Regional Ədliyyə İdarəsinin xx.xx.2019-cu il tarixli 1-132 №-li təklifini nəzərə almışdır. Həmin təklifin məzmunu ilə müəyyən olunur ki, vergi borcunun hesablanması zamanı Vergilər Nazirliyinə müraciət olunmuş və sonuncunun “MBA LTD”-dən cəlb etdiyi mütəxəssisin sərf edilmiş elektrik enerjisinə əsasən müəssisənin fəaliyyəti üzrə faktiki istehsal həcminin müəyyən olunması ilə bağlı rəyinə istinad edilmişdir. Belə ki, sözügedən rəydə orta dənəvər qumun istehsal həcmi 121977 kub.m, satış qiyməti 272 232 AZN hesablanmışdır. Yəni, bələdiyyə tərəfindən inzibati icraat aparılmamış və yalnız Bərdə Regional Ədliyyə İdarəsi tərəfindən təqdim edilmiş məlumatlarla kifayətlənərək mübahisələndirilən qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Bələdiyyə tərəfindən inzibati akt inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının icraatda iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmişdir. Cavabdehin öz qərarının əsası kimi Bərdə Regional Ədliyyə İdarəsi tərəfindən təqdim edilmiş təklifə və ona əlavə edilmiş sənədlərə istinadı onu həmin hallarla bağlı inzibati icraat aparmaq vəzifəsindən azad etmir. Başqa sözlə, cavabdeh vergi ödəyicisi barəsində qərarı yalnız qanunla müəyyən edilmiş qaydada və əsaslarla aparılmış inzibati icraat nəticəsində qəbul edə bilərdi. Hazırkı halda bu, baş vermədiyindən cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün şərtlər mövcuddur. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə qum və çınqılın faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/1414 nömrəli ekspert rəyindən görünür ki, “MBA LTD” tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən istehsal həcmi müəyyən edilmiş qum və çınqıla görə hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmur. Yəni, cavabdehin mübahisələndirilən qərarının qəbul edilməsinə əsas olmuş Bərdə Regional Ədliyyə İdarəsinin xx.xx.2019-cu il tarixli 1-132 №-li təklifinə əlavə edilmiş vergi borcunun hesablanması barədə sənədlərin özləri də mötəbər olmamış və cavabdeh orqan, Bərdə Regional Ədliyyə İdarəsinin təqdim etdiyi əsassız sənədlərin məzmununa uyğun olaraq iddiaçı barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. İddia ərizəsində mübahisələndirilən cavabdeh orqanın "tələbin məcburi icraya yönəldilməsi” barədə xx.xx.2019-cu il tarixli 21 №-li qərarına münasibətdə isə məhkəmə qeyd edir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci və 82.2-ci maddələrinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Bundan başqa, həmin Qanunun 82.3-cü maddəsində tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün konkret şərtlər müəyyən edilmişdir. Göstərilən maddədə deyilir ki, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Lakin iş materialları ilə müəyyən edilir ki, cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsi bu şərtlərə riayət etməmişdir. Belə ki, Bələdiyyə özünün xx.xx.2019-cu il tarixli 09 nömrəli qərarı ilə iddiaçı tərəfindən 92826 manat məbləğində mədən vergisinin ödənilməsi tələbinin qoyulmasını, xx.xx.2019-cu il tarixli 12 nömrəli qərarı ilə iddiaçı tərəfindən 92826 manat mədən vergisinin 10 gün müddətinə ödənilmədiyi üçün Yevlax Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi müraciət olunmasını qərara alsa da, bu qərarların surətlərinin xx.xx.2019-cu ildən əvvəlki vaxtda iddiaçıya təqdim olunması barədə sübut yoxdur. Belə olan halda, Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin tələbin icraya yönəldilməsi haqqında xx.xx.2019-cu il tarixli 21 nömrəli qərarı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə zidd olmuşdur. Odur ki, iddiaçı, cavabdeh orqanın hər iki qərarını mübahisələndirməkdə haqlı olmuşdur. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Yevlax rayon Hürüuşağı Bələdiyyəsinin iddiaçı "xxxx" MMC-dən “92826 manat məbləğində mədən vergisinin tutulması” barədə xx.xx.2020-ci il tarixli 09 №-li və həmin məbləğin tutulması ilə bağlı "tələbin məcburi icraya yönəldilməsi” barədə xx.xx.2019-cu il tarixli 21 №-li qərarları ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-149/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-149/2023
03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver