Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1490/2025 02.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayon Qumlaq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarına əsasən iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının reyestrdə dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Torpaq sahəsinin Daşınmaz Əmlakın Reyestrində qeydiyyata alınmasını cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-3676/2024 nömrəli qərardadı ilə Oğuz rayon Qumlaq Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Oğuz rayon Qumlaq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarına əsasən iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının reyestrdə dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Oğuz rayon Qumlaq Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 14 saylı qərarı ilə ayrılan 1200 kv həyatyanı sahə üçün torpaq sahəsi İddiaçı məxsusdur. İddiaçının nümayəndəsi Nümayəndə həmin torpaq sahəsinin daşınmaz əmlak dövlət reyesterində qeydiyyata alınması ilə bağlı xx.xx.2024 cü il tarixli ərizəsinə baxılaraq qeydiyyata alınmasına imtina edilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, Oğuz rayonu, X2 Elvin Fizuli oğluna 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair 22 dekabr 2007-ci il tarixli 14 saylı qərarı “Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466- saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466- saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. A seriyalı 044837 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Oğuz rayon Qumlaq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarı ilə İddiaçı 1200 kv.m torpaq sahəsi ayrılmış, X6 kitabında xx.xx.2008-ci il tarixli 541 nömrə ilə uçota alınmışdır.
3. Oğuz RİH Memarlıq və tikinti şöbəsinin xx.xx.2007-ci il tarixli məktubundan görünür ki, Şöbə 0.12 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
4. xx.xx.2007-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Oğuz rayon Qumlaq Bələdiyyəsinin hesabına 344 AZN ödəniş edilmişdir.
5. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsinin məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-222/2025 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Oğuz rayon Qumlaq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarı ilə İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2007-ci il tarixli qəbzə əsasən Oğuz rayon Qumlaq Bələdiyyəsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-222/2025 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Oğuz rayon Qumlaq hədiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarı ilə ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********009 nömrəli plan ölçü sənədində göstərilmiş 0,12 hektar torpaq sahəsi, Oğuz rayonu Qumlaq kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qumlaq kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələri təyinatlı torpaqları, uqodiyası kənd təsərrüfatına yararsız, bələdiyyə mülkiyyətinə (ictimai tikililər) aid ərazidən ayrılmışdır. X3 X4 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası yararsız, bələdiyyə mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. Oğuz rayon Qumlaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 qərarı ilə ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********009 nömrəli plan ölçü sənədində göstərilmiş 0,12 hektar torpaq sahəsi, iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,24 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddia olunan 0,12 hektar torpaq sahəsi və faktiki naturada ölçülmüş 0,24 hektar torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsi daş və metal hasarla hasarlanmış qapalı həyət daxilindədir. Faktiki naturada ölçülmüş torpaq sahəsinin üzərində fərdi yaşayış evi və təsərrüfat tikilisi mövcuddur. İddiaçı Oğuz rayon Qumlaq hədiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 qərarı ilə ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********009 nömrəli plan ölçü sənədində göstərilmiş 0,12 hektar torpaq sahəsi faktiki istifadə olunan torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddia olunan (faktiki istifadə olunan və ya müvafiq sənəd əsasında ayrılmış) torpaq sahəsinin 2,0 metr məsafəsindən yüksək gərginlikli hava elektirik xətti (UnKv10) keçir. İddiaçı Oğuz rayon Qumlaq hədiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 qərarı ilə ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********009 nömrəli plan ölçü sənədində göstərilmiş 0,12 hektar torpaq sahəsinin 0,0180 hektar hissəsi, İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,24 hektar torpaq sahəsinin 0,0530 hektar hissəsi ərazidən keçən yüksək gərginlikli hava elektirik xəttinin (UnKv10) mühafizə zonasında yerləşir. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı yeganə dəlili ondan ibarət olmuşdur ki, xx.xx.2007-ci il tarixdən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilərdi. Alqı-satqı predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra alqı-satqı edə bilərdi.Lakin, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Odur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. (xx.xx.2019-cu il tarixli 2-1(102)-2626/2019 nömrəli iş üzrə oxşar inzibati mübahisədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası yuxarıda qeyd olunan hüquqi mövqedən çıxış etmişdir). Cavabdeh orqan tərtib etdiyi mütəxəssis rəyindən görünür ki,iddiaçının faktiki istifadəsinə 0,24 ha torpaq sahəsi vardır.Həmçinin,ayrılan torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən Torpaq sahəsinin plan-ölçüsü sənədi həmin koordinatların daxilində yerləşdir. Qeyd olunan qismən uyğunsuzluğa münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinin tələbləri baxımından torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. Odur ki, iddiaçının faktiki istifadəsində 0.12 ha torpaq sahəsi olduğundan A seriyalı 044837 nömrəli plan-ölçü sənədinin koordinatları ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz rayon Qumlaq Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 14 saylı qərarına əsasən iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə