Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1491/2024 29.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “cavabdehin imtinasını əsassız hesab edərək bu Komissiyanın verdiyi xx.xx.2023-cü il tarixli məktubun ləğv edilməsi, hərbi qərarda baş beyin travması barədə məlumatın qeyd edilməsi və hazırkı psixi vəziyyətin (diaqnoz: davranış pozuntuları özünə xəsarət yetirmələrlə, baş beynin üzvi xəstəliyi, şəxsiyyət pozğunluğu, yaddaş zəifliyi, 1993cü ilin müharibə vaxtı barotravma) hərbi səbəb əlaqəsinin təsdiqlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin imtinasını əsassız hesab edərək bu Komissiyanın verdiyi xx.xx.2023-cü il tarixli məktubun ləğv edilməsi, hərbi qərarda baş beyin travması barədə məlumatın qeyd edilməsi və hazırkı psixi vəziyyətin (diaqnoz: davranış pozuntuları özünə xəsarət yetirmələrlə, baş beynin üzvi xəstəliyi, şəxsiyyət pozğunluğu, yaddaş zəifliyi, 1993-cü ilin müharibə vaxtı barotravma) hərbi səbəb əlaqəsinin təsdiqlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - o, Ucar RHK tərəfindən 1992-ci il tarixində hərbi xidmətə çağrılmış və Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ilin oktyabr ayında alın nahiyəsindən ağır qəlpə yarası almışdır. Bu qəlpə yarası ilə xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı ona “Odlu silah qəlpə yaralanmalarından sonra başın alın nahiyəsinin sol yarısında üç ədəd köhnə çapıq toxumalar hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozu qoyulmuşdur. İddiaçıya aid 743 nömrəli xx.xx.2019-cu il tarixli səbəb əlaqəsi haqqında bu qərar xx.xx.2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Hərbi-həkim və tibbi şəhadətləndirmə” altsisteminə salınmışdır. Kəllə-beyin travmasından dəfələrlə ambulator və stasionar müalicələr almışdır. İddiaçıya əsas xəstəlik “Baş beyin üzvi xəstəliyi (F07.2), davranış pozuntuları ilə (F60.3), əsas xəstəliyin ağırlaşması isə yaddaş və intellektin enməsi (F07.2), özünü kəsmələrlə (F60.3)” diaqnozu qoyulub. Bu diaqnozla hərbi səbəbdən əlilliyin qiymətləndirilməsi üçün forma 88 tərtib olunaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş rəsimləşdirilmiş və xx.xx.2021-ci il tarixdən ona ümumi səbəbdən beş il müddətinə (xx.xx.2026-cı il tarixədək) 3-cü dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra ümumi səbəbdən olan əlilliyin hərbi səbəbdən əlilliyə keçirilməsi üçün rəsmi qaydada müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkimləri tərəfindən əyani müayinədə olmuşdur. Bu müayinədən sonra Agentlik tərəfindən iddiaçıya imtina verilmiş xx.xx.2021-ci il tarixli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtinasında göstərilmişdir ki, “Hərbi qərarda baş beyin travması barədə məlumat qeyd edilməmiş, baş travmasını təsdiq edən instrumental kranial müayinələr aparılmamışdır. Hazırda psixi vəziyyətinin hərbi səbəbəlaqəsi təsdiqlənməmişdir. Bundan irəli gələrək hərbi səbəbdən diaqnoz əlillik əlaməti təyin etməmişdir. Bu səbəbdən 743 nömrəli xx.xx.2019-cu il tarixli hərbi qərarın dəyişdirilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, lakin onun bu müraciətinə müsbət cavab verilməmişdir. Yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə bu müraciətinə imtina verilmişdir. Bu imtinada göstərilmişdir ki, “10.1993-cü ildə aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi rəyinə əsasən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır'” kimi xx.xx.2019-cu il tarixdə düzgün təyin edilmiş və dəyişdirilməsi üçün heç bir əsas yoxdur”. Göründüyü kimi iddiaçı 1993-cü ilin oktyabr ayında baş nahiyəsindən ağır qəlpə yarası ilə yaralanaraq kəllə-beyin travması almışdır. Bunu təsdiq edən kifayət qədər sübutları var. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının HPK-nın verdiyi diaqnozdan görünür ki, 1993-cü ildə müharibə vaxtı barotravma xəsarəti almışdır. Eyni zamanda Mingəçevir Psixo-Nevroloji Dispanserinin və Respublika Psixiatriya Xəstəxanasının çıxarışlarından görünür ki, həqiqətəndə iddiaçıya baş beyin travması diaqnozu qoyulmuşdur. Həmçinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, 1993-cü ilin oktyabr ayında alın nahiyəsindən ağır qəlpə yarası almış və aldığı odlu silah qəlpə yaralanmalarından sonra başın alın nahiyəsinin sol yarısında olan üç ədəd çapıq toxumalar Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travmadır. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli yardım məktubu iddiaçıya ünvanlanmış Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə əsasən izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddiaçının cavabdeh orqana qarşı yönəlmiş tələbləri aşağıdakılardan ibarətdir
1. cavabdehin xx.xx.2023-cü il tarixli məktubunun ləğv edilməsi,
2. qərarda baş beyin travması barədə məlumatın qeyd edilməsi,
3. hazırkı psixi vəziyyətin (diaqnoz: davranış pozuntuları özünə xəsarət yetirmələrlə, baş beynin üzvi xəstəliyi, şəxsiyyət pozğunluğu, yaddaş zəifliyi, 1993-cü ilin müharibə vaxtı barotravma) hərbi səbəb əlaqəsinin təsdiqlənməsi. İddia tələbinin “cavabdehin xx.xx.2023-cü il tarixli məktubunun ləğv edilməsi” hissəsinə münasibətdə izah olunmuşdur ki, həmin informativ xarakterli məktub iddiaçının müraciətinə cavab olaraq verilmişdir. Sözügedən məktub iddiaçının hər hansı hüququnun pozulmasına yönəlmiş hərəkət kimi nəzərdən keçirilə bilməz. Belə ki, müvafiq məktub məcburilik xüsusiyyəti daşımır və inzibati akt xüsusiyyətlərinə malik deyil. Odur ki, iddiaçı üçün hər hansı hüquq və vəzifə yaratmadığından, eləcə də hüquqlarının hər hansı şəkildə məhdudlaşmasına səbəb olmadığından, inzibati məhkəmə araşdırmasının predmeti ola bilməz. İddia tələbinin “hərbi qərarda baş beyin travması barədə məlumatın qeyd edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi də qeyri-müəyyən formada ifadə edilmişdir. Bununla belə iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının nail olmaq istədiyi nəticə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 743 №-li qərarının məzmununda “baş beyin travması barədə məlumat”ın qeyd edilməsidir. Həmin qərarın məzmunundan görünür ki, döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin oktyabr ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın alın nahiyəsinin sol yarısında üç ədəd köhnə çapıq toxumalar” olaraq müəyyən edilmişdir. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə ... vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. “Hazırkı psixi vəziyyətin (diaqnoz: davranış pozuntuları özünə xəsarət yetirmələrlə, baş beynin üzvi xəstəliyi, şəxsiyyət pozğunluğu, yaddaş zəifliyi, 1993-cü ilin müharibə vaxtı barotravma) hərbi səbəb əlaqəsinin təsdiqlənməsi” tələbinə münasibətdə isə izah edilmişdir ki, iddiaçının sağlamlıq vəziyyətində dəyişikliklər baş verdiyi halda yenidən Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 743 №-li qərarının məzmununa müvafiq diaqnozun əlavə edilməsinə lüzum yoxdur. Sözügedən qərar başın alın nahiyəsinin sol yarısında odlu silah qəlpə yaralanmalarının mövcudluğunu, bunun hərbi travma olmasını və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmasını təsdiq etmişdir. İddiaçının sağlamlıq vəziyyətinizin hazırkı vəziyyətinə qoyulmuş diaqnozun “başın alın nahiyəsinin sol yarısında odlu silah qəlpə yaralanması”nın ağırlaşması (fəsadı) olaraq ortaya çıxmasına, yəni aldığı xəsarətlə səbəbli əlaqənin mövcud olub-olmamasına hüquqi qiymət vermək Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;... Odur ki, iddiaçı, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-in xx.xx.2021-ci il tarixdə iddiaçıya 5 il müddətinə təyin etdiyi 3-cü dərəcəli əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsini arzu edirsə (“ümumi” səbəb-dən – “xüsusi” səbəbə - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar), təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciə edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir. Hüquqi yardım məktubu xx.xx.2024-cü il tarixdə alınmasına baxmayaraq, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “ cavabdehin imtinasını əsassız hesab edərək bu Komissiyanın verdiyi xx.xx.2023-cü il tarixli məktubun ləğv edilməsi, hərbi qərarda baş beyin travması barədə məlumatın qeyd edilməsi və hazırkı psixi vəziyyətin (diaqnoz: davranış pozuntuları özünə xəsarət yetirmələrlə, baş beynin üzvi xəstəliyi, şəxsiyyət pozğunluğu, yaddaş zəifliyi, 1993-cü ilin müharibə vaxtı barotravma) hərbi səbəb əlaqəsinin təsdiqlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev.